Azərbaycanca

Rus və ermənilərin törətdikləri 31 mart soyqrımı

30.03.2013 | 11:31

1364628519_31-mart-zaur4“…Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir…”

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların

soyqırımı” haqqında 26 mart 1998-ci il tarixli Fərmanından.

“Böyük Ermənistan” yaratmaq xülyası, ermənilərin fikrincə, iki istiqamətdə həyata keçirilməlidir. Birincisi, ermənilərin göz dikdiyi türk torpaqlarının, o cümlədən də, Azərbaycan ərazilərinin müharibə, yaxud dinc yolla işğal edilib Ermənistana qatılması siyasətidir. İkincisi, buna nail olmadıqda milli qırğın törətmək yolu ilə türk xalqlarına, eləcə də azərbaycanlılara qarşı soyqırım siyasətinə həyata keçirməkdən ibarətdir”.

1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmıŞ, təhqir və işgəncələrə məruz qalmışdır. Tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkaranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə qocaya, nə cavana, nə də körpələrə aman verilməmiş, adamları vəhşicəsinə qətlə yetirilmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab edilmişdir. 1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir neçə gün ərzində şəhərin azərbaycanlılara məxsus hissəsini viranəyə çevirib əhaliyə divan tutan erməni daşnak dəstələri bolşeviklərlə əlbir hərəkət edirdilər. Bəs bu hadisələrin kökü hardan qaynaqlanırdı. Məlum olduğu kimi Azərbaycanı iki hissəyə bölən İran-Rusiya anlaşması olan Türkmənçay  müqaviləsinin 15-ci maddəsi Qacarlar dövlətinin ərazisində yaşamış ermənilərə aid idi. Bu maddədə deyilirdi ki, şah Azərbaycan adı ilə tanınan ərazidə (Cənubi Azərbaycan nəzərdə tutulur) Rusiya imperatorunun tərəfini saxlamış şəxsləri cəzalandırmayacaq, onlara 1 il müddətində yaşadıqları torpaqları tərk edib, Rusiya imperiyasının ərazisinə keçməyə maneçilik törətməyəcək, daşınmaz əmlaklarını satmaq üçün bu şəxslərə 5 il vaxt verəcəkdir.

Rus və ermənilərin törətdikləri 31 mart soyqrımı Beləliklə, erməni ailələri Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan, Şəki və Şamaxı xanlıqlarının ərazilərinə köçürülməyə başlayır. Ermənilərin Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında yerləşdirilməsi Azərbaycanı Gürcüstan və Türkiyədən təcrid etmək, Cənubi Qafqazda ermənilərin kompakt yaşadıqları vilayəti yaratmaq məqsədini güdürdü. XIX əsr rus tarixçisi V.Potto yazırdı ki, Rusiya hakim dairələri “Rusiyanın rəhbərliyi altında Asiyada güclü Ermənistan dağlıq dövlətini yaratmaq…” fikirlərindən əl çəkmirdi, “Ermənistan İran, Türkiyə və Rusiya ilə həmsərhəd, Xəzər dənizində limana malik ölkə olmalı idi.

Qeyd edək ki, Hələ XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun  imzaladıqları Kü­rəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azər­bay­can xanlıqları işğal edildi. İşğalın nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu.

Ermənilərin Qafqaza böyük planlı köçürülmələri müasirin dili ilə desək, “bütün Zaqafqaziyanı qana boyamışdı”. Saray müşaviri V.F.Maevski yazırdı: “Daşnaksütyun” və ona bənzər cəmiyyətlər istər Türkiyədə, istərsə də Qafqazda erməni xalqının əsas bəla mənbəyidir”.11 Maraqlıdır ki, “Daşnaksutyun” partiyasının yaradıcıları və liderlərindən biri O.Kaçaznuni 1923-cü ildə yazırdı: “Qəddar taledən şikayət etmək və bizim bədbəxtçiliyimizin səbəbinin bizdən kənarda axtarmaq acıdır – bu bizim milli psixologiyamızın xarakterik cəhətlərindən biridir”. Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi XX əsrin əvvəllərində də davam edirdi. Onlar artıq istər Qərb dövlətləri, istərsə də Rusiyanın siyasətinin əhəmiyyətli alətinə çevrilirdilər.

Qafqaz cəbhəsində hərbi əməliyyatlar zonasından çoxlu sayda erməni Cənubi Qafqaza gəldiyi bir zamanda Qafqaz canişini Qafqazda torpaq islahatı aparmağı düşünürdü. Bu islahatın məqsədi barədə Rusiya Dövlət Şurasının üzvü A.M.Eristov “Birjevıe vedomosti” qəzetində dərc edilmiş məqaləsində yazırdı: “Görməmək mümkün deyildir ki, söhbət yalnız başdan-başa bircə erməni ərazisi yaradılması haqqında gedir”.

Hərbi əməliyyatların gedişində Cənubi Qafqaza gələn ermənilər yenə də əsasən azərbaycanlılara məxsus torpaqlara yerləşdirilirdilər. Erməni qaçqınlara yardım üzrə Mərkəzi Komitəsinin fəxri sədri yepiskop Mesrop ermənilərə yardım kampaniyasına başlayan Petroqrad şəhər başçısına 100 min Türkiyə ermənisini Qafqaz diyarında yerləşdirmək ümidində olduğunu yazırdı. Ermənilərin yerləşdirilməsi iri şəhərlərdə münasibətləri kəskinləşdirdiyindən Bakı general-qubernatorunun təqdimatı ilə onların Bakı şəhərinə kütləvi yerləşdirilməsi qadağan edildi. 1915-ci ilin yanvar ayında İrandan Qafqaza köçürülən ermənilərin sayı 20 min nəfər idi.

Rus və ermənilərin törətdikləri 31 mart soyqrımı“Baku” qəzeti “Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan erməni əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdiril­miş­lər. 1915-ci ilin martın­da keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Bundan sonra ermənilərin Azərbaycan əraizlərində silhalı hücumları daha geniş miqyas almağa başladı.  Bu illərdə baş verən qanlı hadisələrdən çox insan zərər gördü.  1905-1907-ci illər hadisələri göstərdi ki, XX əsrin əvvəllərinədək Azərbaycan torpaqlarını “dinc” üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirdilər. Bununla belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala bilmişdilər.

1912-ci ildə Rusiya imperiyası Xarici İşlər Naziri S.D.Sazonov Nazirlər Kabinetindəki məruzəsində “Rusiyanın məqsədi, nəyin bahasına olursa-olsun, türklər, kürdlər və bizim tatarlar arasında oları səddi -Ermənistanı yaratmaqdır” söyləməklə ermənilərlə bağlı plan və məqsədlərini açıqlamışdır.

Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, Tatevos Əmirov və başqaları kimi daşnak cəlladların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər arasında üzvi bir əlaqə vardır. Bu qanlı cinayətlərin bir, məqsəd- “Böyük Ermənistan” sərsəmləməsi naminə törədildiyi və vahid mərkəzdən-Rusiyadan idarə olunduğu arxiv, sənədləri işıq üzü gördükcə daha çox aşkara çıxır. Əks təqdirdə, “Türkiyə Ermənistanı haqqında” Rusiya Sovet hökumətinin 29 dekabr 1917-ci il tarixli-dekreti ilə “türklərin zülmü altında inləyən” erməni qardaşlarının dadına çatmaq,

Bakıda mart soyqırımı planı Erməni Milli Komitəsi və “Daşnaksütyun” partiyası tərəfindən hələ 1917-ci ildən hazırlanırdı. Qeyd edək ki, hadisələrin Türkiyə ərazisində də aparılması planlara daxil idi.  25 dekabr 1917-ci il tarixində XKS Sədri V.İ.Lenin Erməni Komissiyasının üzvü Teryanla görüşündə aşağıdakı səpkidə danışıqlar aparmışdır:

 Lenin:

«Ermənilər nə istəyirlər? Rusiya ilə birlikdə olmağımı, yoxsa Rusiyadan ayrılmağımı?»

Teryan:

«Rusiya erməniləri ayrılmaq istəmirlər, amma Türkiyədəki ermənilər müstəqillik tələb edirlər».

 Lenin:

«Bu necə olacaq? İki hissəyəmi bölünəcəksiniz?»

Teryan: «Hələlik bu cür olacağını düşünürəm. Rusiyanın himayəsi altında idarə ediləcək hər iki Ermənistanın sonradan birləşəcəyinə əminəm»

 Oktyabr inqilabından sonra rus ordusu müharibə ərzində əldə etdiyi  mövqelərini ermənilərə təhvil verməyə başladı. Lakin türk ordusu Ərzincanı (13.02.1918), Trabzonu (24.02. 1918), Ərzurumu (12.03.1918) geri aldıqadan sonra planı pozulan ermənilər soyqrımı ancaq Azərbaycan daxilində etməyi qərara alırlar.

 O, vaxt bolşevik-daşnak qüvvələrinin birləşdiyi və qatı şovinist Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin sərəncamında əksəriyyəti ermənilərdən ibarət 20 min nəfərlik siyasi qüvvə var idi.  Manaf Süleymanovun yazdığına görə “”Bu dövrdə Bakıda böyük sayda silahlı dəstələr toplanmışdı:

1) bolşeviklər tərəfindən yaradılan 3500 nəfərlik Qırmızı Qvardiya;

 2) “Daşnaksütyun” partiyasına tabe olan 4500 piyada  və süvari əsgərlərdən ibarət erməni milli qvardiyası hissələri;

3) ruslardan və slavyanlardan  ibarət olan beynəlmiləl alayın hissələri;

4) hərbi donanma dənizçilərinin ayrı-ayrı qruplarının  tabe olduqları menşeviklərin və eserlərin silahlı dəstələri””

Bu dəhşətli soyqırımları törətməkdə Şaumyanın və onun ətrafında birləşmiş Andronik, Mikoyan, Lalayan, Namazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azərbaycanlıları son nəfərinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq. Erməni silahlı qüvvələri öz çirkin niyyətlərini həyata keçirmək üçün

Beləliklə, 1918-ci il martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır – münaqişə qığılcımı alovlanır. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər.

O dövrdə Bakıda olmuş başqa bir xarici səyyah isə qeyd edirdi ki, ancaq azərbaycanlılar yaşayan məhəllələrə hücum edən ermənilər adamları öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evləri yandırır, usaqları yanan evlərə atır, diri-diri yandırırlar. Üç-dörd günlük südəmər uşaqları süngüyə taxırdılar. Onlarda, bir sözlə, nə uşağa, nə qocaya, nə də qadına rəhm etmək yox idi.

 Nərimanov həmin günləri belə təsvir edir: «Müsəlman hətta bolşevik olsaydı, ona aman vermirdilər. Daşnaqlar deyirdilər: Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olması kifayətdir»

Erməni vəhşiliyini gözləri ilə görən şahid nəql edir ki, öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq çılpaq bir şəkildə küçələrə sürüyür, bədənlərinə tüfəngin qundağı ilə zərbə endirirdilər. Heç kimə rəhm etmirdilər, uşaqlar kimi ixtiyarlara da aman yox idi.

V.Nuhoğlu adlı Türkiyəli şahidin sonradan yazdığı məqalədə qeyd olunan bu fikirlər hadisələrin nə qədər dəhşətli olmasını göstərir:

 

 «Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanmışdır. Mıx körpənin düz ürəyinin iistündən vurulmuşdur; bir yığın qızılı. oğlanlı uşaq ölüləri, üzərində qocaman çoban köpəkləri, onlardan biri məsum bir körpəni gəmirir…, çılpaq bir qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir».

1918-ci ilin mart qırğınlarından bəhs edən mənbələrin birində (H.Baykara, «Azərbaycan istiqlal mübarizəsi tarixi») yazılır: «Türklərin mağazaları talan edildi, evlər yandırıldı. Bu barədə mənim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər… törədildi.

Hadisələrlə bağlı 21 oktyabr 1918-ci il tarixli «Azərbaycan» qəzetində yazılırdı: «Biz, Şamaxı əksinqilabçılarının başına nə gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist «Əmirov və Lalayev» olmaqla qırmızı sosialist dəstəsi Şamaxıdakı bütün müsəlman əhalisini kəsib doğramış, kəndləri dağıtmışdılar. Lalayevin Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzində gördüklərimiz bütün dəhşətləri kölgədə qoydu».

Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bu rəqəmi təkzib edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında Mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi”, – tarixçi alim əlavə edib.

Rus və ermənilərin törətdikləri 31 mart soyqrımı1918-ci ilin mart-apreldə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub.

1918-ci ilin mart-may aylarında Qubada tikinti ilə əlaqədar qazıntı işləri aparıldığı zaman iki iri quyuda tapılmış saysız-hesabsız insan sümükləri erməni vandalizmini təsdiqləyən

əyani nümunələr, faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərəməxsus olduğu müəyyən edilmişdir. Qubanın özündə Hamazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qiymətli daş-qaş və beş milyon manatlıq əşya-mal, iyirmi beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan həbs edilərkən (öz məsləkdaşları ilə birlikdə) onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur. Təkcə Qubanın özündə Hamazaspın dəstəsi 105 ev yandırmışdır.

1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi bütün məscidləri, məktəbləri, qədim memarlıq abidləri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar.

Əhməd Hulki Saralın “Erməni məsələsi” yazılır:

“1) 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə götürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir.

2) Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və kişiləri qırmışlar.

3) 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini qırmışlar.

4) 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraça, Danqal, Mulanıs, Murcahet, Padızka, havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdi. Arpaçay üzərindəki Baçoğluilə İrəvanın şimali şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər yandırılıb dağıldılmışdır.”

31 mart tariximizin ən ağrılı-acılı səhifələrindən biridir. Bu, Azərbaycana qarşı erməni daşnaklarının XX əsr ərzində törətdiyi ikinci qırğının tarixidir. Ermənilər 4 dəfə Azərbaycana qarşı soyqırım və deportasiya siyasəti həyata keçiriblər. Hər hansı bir tarixi proses baş verən zaman ermənilər bundan məharətlə istifadə ediblər. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

“KarabakhİNFO.com”

30.03.2013 11:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*