Azərbaycanca

Rusiya sülh istəmir…

04.05.2013 | 09:55

1367237268_11183_538476290Azərbaycan və Ermənistan  münasibətləri, Qarabağ müharibəsi və onun həlli yönündə görülən işlər, bu məsələlər  ətrafında cərəyan edən prosseslər haqqında tanınmış politoloq Vəfa Quluzadənin fikirlərini öyrəndik. İlk sual Rusiyanın bu məsələdə rolunu dəyərləndirilməsi ilə bağlı oldu. Politoloq müsahibələrinin  birində belə bir fikir səsləndirmişdi ki, Qarabağ müharibəsi Rusiyanın parçalanmasından sonra öz həllini tapacaq. Amma məlumdur ki, Rusiya regionda söz sahibidir. Ona görə də sual olunur belə bir parçalanma nə qədər gözləniləndir?

–      Rusiya 90-cı illərin əvvəllərində parçalanardı, amma ABŞ qoymadı. Niyə? Çünki o vaxt Rusiya parçalansa bu boyda regionda hərcmərclik olacaqdı. Böyük müharibələr ola bilərdi bütün xalqlar arasında, nüvə silahı kiminsə əlinə keçərdi və s. Ona görə də Amerika nə qədər marağındadır ki, Rusiya yarımcan vəziyyətində qalsın, o elə də qalacaq. Bizim də xeyrimizədir ki, yarımcan olsun çünki doğurdan da imperiyanın çökməsinin ağır nəticələri ola bilər. Bəli bütün imperiyalar çökür və parçalanır. Rusiya da çöküb amma, parçalanması indi təhlükəli ola bilər.

 

–     Qarabağ məsələsi Rusiyadan aslıdırsa  açar kimin əlindədir?

 

–     Qarabağ məsələsini yaradan da Rusiya imperiyası olub. Pyotrdan sonra Rusiya imperiyası öz ərazisi hesab etdiyi Azərbaycana yaxın şərqdən erməniləri gizli və açıq yollarla köçürüb məskunlaşdırmağa başlayıblar. Onlara cənubi qafqazda xristianlıq dayağı lazım idi. Buna məhşur bir misal var: Rusiyanın  məhşur yazıçısı Qriboyedov bilirsiniz 19-cu əsrin əvvəllərində İranda səfir idi. O, erməniləri gizli şəkildə İrandan Azərbaycana köçürürdü və elə alınır ki, İran şahının hərəmxanasından erməni qadınları da köçür. İran şahı qəzəbindən Qriboyedovu da öldürtdürür. Ümumiyyətlə, rus səfirliyinin bütün işçilərini qılıncdan keçirtdirir. Bu ona sübutlardan biridir ki, onları bizim torpaqlara Rusiya köçürüb. Erməni – Türk düşmənçiliyini yaradan Rusiya imperiyasıdır. Türkiyə ilə müharibə zamanı ruslar erməniləri öz tərəflərinə çəkiblər və onlar da gözəl şəraitdə yaşadıqları Osmanlı dövlətinə xəyanət edərək Rusiya tərəfindən Türkiyəyə qarşı vuruşublar. Dinc əhalini də onlar qırmağa başlayıblar, soyqırımı da onlar başlayıblar, özü də ruslarla bərabər. Türk osmanlı imperiyası da o zaman onları deportasiya edib, digər qismini də qırıblar. Ermənilər soyqırım ideyasını da burdan götürüblər. Amma soyqırm məsələsini özləri başlayıblar. Türkləri qadınlı uşaqlı doğrayırdılar. Sonra da bunu Azərbaycanda etdilər. Bakıda, Qubada, Gəncədə və s. Rusiya bu cür erməni dövləti yaratdı bizim torpaqlarda, üstəlik düşmənçilik də yaratdı. Sovet ittifaqı yaranan da Rusiya Azərbaycan torpaqlarını Ermənistana verdi. Naxçıvanı orada izolyasia edərək Zəngəzuru Ermənistana verdi o məqsədlə ki, sonradan onu da Ermənistana calaşdırsın. Plan budur ki, Azərbaycanı tədricən məhv etsin. Rusiya imperisyasının əsas ideyası budur. Amma indiki dövrdə Rusiya imperiyası çökmə prosesindədir. Amerika və Avropanın maraqları Rusiyanın maraqlarına ziddir. Rusiya bizi bu münaqişə ilə məhv etmək fikrindədir, Amerikanın məqsədi isə Azərbaycanda demokratiyanı inkişaf etdirməklə bu  regionda ona istinad etməkdir.  Əsas ziddiyyət burdan yaranır.  Burda qalib Amerika çıxır çünki, dünyanın aparıcı dövlətidir, Rusiyanın isə Amerikadan asılılığı artır və onlar da Amerika siyasətinin çərçivəsində fırlanacaq. Ona görə də, bəli, Rusiya açar dövlət olsa da  amma açar onların  əlində deyil. Bəli, rusiya yaradıb amma baxın görək bu məsələ ilə kim məşğul olur? ATƏT. Bəli Rusiyanın orda bir səsi var. Amma, qərbin 2 səsi var. Mən hesab edirəm ki, vaxtı gələndə Qarabağ məsələsini  ABŞ, ATƏT, Avropa  Beynəlxalq hüquq normaları çərçivəsində həll edəcək.

 

      ATƏT-in minsk qrupunun fəaliyyəti nə qədər zəruridir?

 

–      O qurumun bütün işlərini Rusiya əngəlləyir. O vaxt 2 plan verilmişdi. Kazimirov hazırlamışdı, ümumi dövlət prinsipi ortaya atılmışdı. Amma o vaxt qərb başa düşürdü ki, sözünü deməyin vaxtı deyil. Ona görə oyuna gedirdi. Rusiya nə deyirdi? Deyirdi  mən bilirəm ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq lazımdır. Amma mən nə edə bilərəm Ermənistan münaqişə tərəfi kimi razılaşmır v.s. Bunların hamısı yalandır. Çünki,  Ermənistanın heç bir mövqeyi yoxdur. Onu Rusiya idarə edir. Amma artıq ermənilər başa düşüb ki, onlar heç vaxt işğal olunmuş əraziləri özlərinin dövlətlərinə qata bilməyəcəklər. 20 il keçib amma, baxın onların diasporası nə qədər güclü olsa da kim, hansı dövlət tanıyıb Dağlıq Qarabağı? Dəfələrlə Amerika bəyanat verib ki, biz onu tanımırıq. O ərazilər Azərbaycan torpaqlarıdır, NATO sammiti bəyanat verib ki, biz onu tanımırıq və s. Rusiya da artıq görür ki, bu məsələdə heç bir divident yoxdur. Eyni zamanda Rusiyanın marağı da Azərbaycana qarşı azalıb. Bizim Rusiya ilə münasibətlərimiz soyuqdur, lakin  Azərbaycan bu soyuqluğu istəmir. Azərbaycan özünü Rusiyanın  ağuşuna atmağa hazırdır, amma Rusiya qəbul etmir.

 

     Vəfa müəllim, uzun müddətdir ki,  danışıqlar aparılır biz nəticələri görəcəyik?

 

–      Mənim fikrimcə,  vaxt gələndə  Amerika ayağını dirəyəcək ki, bəsdir. Çünki, ABŞ-ın Ermənistana təsiri güclənib. O dərəcədə güclənib ki, bir gün ermənilər Rusiyaya deyəcək  səni tanımıram. Rusiya da buna yol verməmək üçün özü deyəcək ki, bəli, gəlin artıq bu məsələni həll edək. İş  buna doğru gedir.

 

–      Qarabağ məsələsinin həllində İran və Türkiyə də vasitəçilik etmək istəyir. Onların vasitəçiliyi mümkündürmü?

 

–      İran vasitəçi ola bilməz.  Çünki, o əslində vasitəçilik yox beynəlxalq izolyasiyadan çıxmaq istəyirdi ki, Minsk qrupuna üzv olsun və sərbəstlik qazansın. Amma İran bunu bacarmadı. İran Qarabağ münaqişəsində hər hansı uğur əldə etmək istəyəndə Rusiya onu vurdu. Məsələn, o vaxt Yaqub Məmmədov prezident vəzifəsini icra edirdi, Rəfsəncaninin rəhbərliyi ilə  İranda Ter-Petrosyanla sülhə imza atarkən rusların əliylə erməni ordusu  Şuşanı  işğal etdi. Bu da onu sübut etdi ki, Ter-Petrosyan yalançı prezidentdir. O vaxt ermənilər nə Şuşanı, nə Kəlbəcəri tutmaq fikrində deyildilər. Bunu  açıq şəkildə ermənilərin yüksək rütbəli şəxsləri adlarını çəkmək istəmirəm, deyirdilər ki, bizim ağlımıza da  gəlmirdi Kəlbəcəri zəbt edək. Ona görə siz ruslarla danışıq aparın. O ki qaldı Türkiyəyə onlar  NATO – nun üzvüdür və bu məsələdə maraqlıdır. Türkiyə bu məsələdə cəhdlərini artıracaq.

 

–      Bəs Türkiyə Ermənistan sərhədlərinin açılması nə qədər realdır? Və əgər açılarsa bu məsələnin həllində hansı rolu oynaya bilər?

 

–      Sərhədlər Rusiyaya görə açılmır, ruslar ermənilərə icazə vermir. Ona görə ermənilər Türkiyəyə soyqırım ittihamları və ərazi iddiaları edir. Üstəlik də Ermənistan bizim torpaqları işğal edib.  Bu şəraitdə türklər necə sərhədləri açsın? Ermənistan Rusiyanın caynağından çıxandan sonra bütün məsələlər rahatca öz həllini tapacaq. 1998 ci ildə Ter- Petrosyan məsələni həll etməyə hazır idi və mərhələli sülh ideyasını irəli sürdü Heydər Əliyev də bunu dəstəklədi. Yəni 7 rayon azad edilirdi, Dağlıq Qarabağın statusu qalırdı gələcəyə, Azərbaycan və Türkiyə sərhədləri açır və əməkdaşlıq başlanırdı. Rusiya təbii ki, bunu istəmir və Ter-Petrosyanı vəzifəsindən uzaqlaşdırılır. Vəziyyət budur.

 

–       Ermənistanda son prezident seçkilərindən sonra bəyan  edildi ki, edilən təklif paketlərindən imtina ediləcək. Bu o  deməkdir ki, münaqişənin həlli uzanacaq?

 

–       Nə qədər uzanacaq bunu deyə bilmərəm. 1999-cu ildə Azərbaycan Ermənistanın bütün tələblərini təmin etməyə hazır idi. Amma ruslar buna imkan vermədi ki, burda sülh bağlansın. Ona görə Ermənistan parlamenti güllələndi və məsələ İstanbul sammitinin gündəliyindən çıxarıldı. Bilirsiniz əgər hətta biz desək ki, gəlin bütün Qarabağı veririk gəlin sülhə imza ataq Rusiya gəlib bu dəfə Ermənistan prezident aparatını güllələyər, amma imkan verməz. Rusiya sülh istəmir. Onlar deyir ki, nə hərb. nə sülh vəziyyəti mənə lazımdır. Çünki, belə vəziyyətdə  regionu nəzarətdə saxlaya bilirəm. Bu səbəbə görə Rusiya sülhə imkan verməyəcək.

 

–      Əgər müharibə elan edilsə, yəni Azərbaycan müharibəyə qərar verərsə Rusiya buraya  müdaxilə edə bilərmi?

 

–      Mən hesab edirəm, Azərbaycan bu yolu seçməz və seçə bilməz. Ona görə ki, iqtidara münasibət necə olursa olsun, müharibə elan edilərsə Rusiyanın bu əraziləri tutması deməkdir. Bunu heç kim istəməz. Ona görə nə Azərbaycan nə də Ermənistan müharibəyə başlamaz.

 

 

Ülviyyə Bəylərqızı
Məhəbbət Hacıyeva

KarabakhİNFO.com

 

 

04.05.2013 09:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*