Azərbaycanca

Rusiyanın milli maraqlarında Ermənistan

14.03.2014 | 16:38

1394800706_russia_armenia_flags_album_300512Bu gün Qafqaz müxtəlif hərbi, siyasi və təhlükəsizlik maraqlarını və güc mərkəzlərini özünə cəlb edən strateji məkana çevrilib. SSRİ dağıldıqdan sonra Rusiya tərəfindən əkilmiş düşmənçilik toxumları cücərmiş və silahlı münaqişələrə çevrilmişdir. Çoxetnoslu tərkibi ilə seçilən Qafqaz regionu Rusiyanın eksperimentlərinin qurbanına çevrilmiş, istər Şimali, istərsə də Cənubi Qafqaza SSRİ dağıldıqdan sonra bir neçə münaqişə miras qalmışdır. Qanlı münaqişələrin yaranması və etnik problemlərin davamlı şəkildə qızışdırılması bəzi qüvvələrin məsuliyyətsiz hərəkətləri ilə birlikdə regionu yeni çətinliklərə və mübahisələrə qərq etdi. SSRİ süquta uğradıqdan sonra Cənubi Qafqaz müxtəlif siyasi qüvvələrin və dövlətlərin rəqabət mərkəzinə çevrildi. SSRİ-nin dağılmasından dərhal sonra Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühiti dəyişdi, bu mühitə təsir edən regional və beynəlxalq aktorlararası münasibətlər kəskinləşməyə başladı. Bölgənin böyük ölkələri (Rusiya, Türkiyə, İran), regiondan kənar aparıcı dövlətlər (ABŞ, Çin və s.), regionun kiçik ölkələri (Ukrayna, Azərbaycan, Gürcüstan, Orta Asiya ölkələri, Ermənistan və s.), transmilli geosiyasi, hərbi geostrateji və geoiqtisadi aktorlar (BMT, ATƏT, Avropa Birliyi, NATO, MDB, İƏT, TDB, nəhəng neft-qaz, nəqliyyat, rabitə şirkətləri və s.) arasında maraq dairələrinə uyğun yeni münasibətlər formalaşmağa başladı.

Tarixdən də bildiyimiz kimi Rusiyanın bir dünya gücü olmağa başladığı illərdən bu yana xarici siyasətində Cənubi Qafqazın önəmi mövcud olmuşdur. Bunun əsas səbəbi isə Rusiyanın “isti dənizlərə” birbaşa çıxışının olmamasıdır. Belə ki, Rusiyanın isti dənizlərə çıxışı əsas olaraq, üç ana istiqamətdədir. Bunlardan birincisi, Balkanlar yolu ilə İstanbul və boğazlarını əldə tutmaqla Egey və Aralıq dənizlərinə hakim olmaqdır. İkincisi, Qafqaz bölgəsini ələ keçirməklə və keçid bölgəsi kimi istifadə etməklə Şərqi Anadolunu ələ keçirməklə Aralıq dənizinə enmə imkanını əldə etməkdir. Üçüncüsü isə yenə Qafqaz bölgəsini ələ keçirməklə İran üzərindən Hind okeanına çıxış imkanının əldə edilməsidir. Cənubi Qafqaz Rusiya üçün həm Avropa ilə Orta Asiya arasında bir körpü, həm də Qara dəniz və Xəzər dənizinə çıxışa malik olmaqla vacib geosiyasi regiondur. Bundan başqa, Cənubi Qafqazın Rusiya üçün iki fərqli xüsusiyyəti də vardır. Biri, Asiyadakı rəqibləri olan Türkiyə və İranla qovuşma nöqtəsi olması, digəri isə Qafqazın Orta Asiyanın qapısı rolunu oynamasıdır.

Bu istiqamətdə Rusiya əsas istinadı Ermənistana edir.Yaranmış vəziyyətdə ortaya belə bir sual çıxır; Rusiyanın yardımı ilə Ermənistan Respublikası kimə qarşı silahlanır? Nə təbii, nə də insan ehtiyatlarına malik olmayan Ermənistan bu regionda   başqasının iradəsini yerinə yetirmək rolunu oynayır. İndi Rusiya Ermənistana 50-ci illərdə Amerikanın İsrailə baxdığı kimi baxır. Təsadüfü deyil ki, ABŞ-dakı erməni lobbisi Ermənistanı “Qafqazın İsraili” adlandırırdı və hələ ki o, özünün sifarişçilərinin iradəsini yerinə yetirir, Ermənistan yaşayır. Bəs sonra?

Ermənistanın ikinci vasitəsi ümumi dövlət, ümummilli terrorizimdir. İndi erməni terrorçuları dünyanın bütün terror mərkəzlərində təlim keçirlər.

Erməni terrorizmi bu siyasi məqsədə nail olmaq üçün dövlət separatizmidir. Bu öz əksini Qarabağdan başlayaraq, Abxaziyada, Cənubi Osetiyada, Çeçenistanda, Serbiyada, Kosovada, Makedoniya və b. yerlərdə tapırdı.

Hamıya məlumdur ki, müasir beynəlxalq terrorizmin mənbəyi hara aparır, onlardan biri də Ermənistandır. Amma Qərb onu terrorçu dövlətlər siyahısına daxil etməkdə müqavimət göstərir. Ermənistan parlamentində spikerin və baş nazirin güllələnməsi və qatillərin cəzasız qalması, erməni terrorçularının türk vətəndaşlarına və azırbaycanlılara qarşı törətdikləri vəhşiliklərin cəzasız qalması Rusiya, Avropa və ABŞ-da terrorizmin ayaq açması səbəblərindən biridir. Bəlkə indi Qərbdə və əsasən də ABŞ-da bir çox senatorlar Dağlaq Qarabağda terror-separatist rejimini müdafiə etməkdənsə başa düşələr ki, Azərbaycan torpaqlarını kim işğal etmişdir!

Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya və Amerika firmaları arasında əsas mübahisə neftin nəqli yolu uğrunda gedir. Söhbət geniş həcmdən və Rusiyanın Xəzər sahilində nəzarətindən gedir. Söhbət müxtəlif formalarda, müxtəlif rəqabətdən və əldə ediləcək gəlirdən gedir. Bu isə onu göstərir  ki, Azərbaycan Rusiya və ABŞ-ın rəqabət meydanına çevrilir.

ABŞ Xəzər neftinin Qərbə nəqli yolu kimi Ceyhanın tərəfdarıdır, Rusiya Novorossiyski yolu şimal istiqamətinin tərəfdarıdır. Burada Rusiya və Amerikanın iqtisadi və siyasi maraqları tam aydındır.

Rusiya burada da xristian dövləti kimi əsas istinadı Ermənistana edir. Rusiyalı politoloq alim A.İ.Utkin yazır ki, “dünya müharibəsi olmasın deyə, mütləq Vladivostokdan San-Fransiskoyadək xristianlar birləşməlidirlər”.

Onun suverenliyini kim pozmaq isətyir? Rusiya və Ermənistanın hərbi əməkdaşlıq haqqında razılaşması və bu ölkəyə 1997-1998-ci illərdə bir milyard dollardan çox müasir silah verilməsi Cənubi Qafqazda sülhə xidmət etmir. Rusiyanın bu yardımını faktiki olaraq, dövlətin yüksək vəzifəli şəxsləri o, cümlədən keçmiş prezident B.Yeltsin, keçmiş baş nazir B.Çernomırdin, keçmiş müdafiə naziri İ.Rodionov, Dövlət Duması müdafiə komissiyasının sədri general Roxlin və b. təsdiq etdilər. Rusiyanın rəhbərliyi ilə Rusiya, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli komissiya yaradıldı ki, həmin silahlar Rusiyaya qaytarılsın. Nəticəsi necə oldu? Rusiya sadəcə olaraq, bu birgə qərarı kənar etdi. Və bundan sonra qarşılıqlı inam haqda nə danışmaq olar? Az sonra ATƏT-in İstanbul sammitinin qərarına müvafiq olaraq, Rusiya Gürcüstandan – Axalkələkidən çıxardığı hərbi bazaları Ermənistan ərazisində yerləşdirməyə başladı.

 Rusiya siyasi rəhbərləri bildirdilər ki, bu Ermənistandakı rus bazalarının yeniləşdirilməsidir. Bu aydındır. Bəs köhnə silahları neyləməli? Rusiya Ermənistanda möhkəmlənməklə özünün burada nüfuzunu saxlamağa cəhd edir. Qafqazda öz nüfuzunu saxlamaq məqsədilə Rusiya burada məlum münaqişəni törətdi. Rusiya Ermənistanla yaxşı münasibətlərdə olmaqla və Azərbaycanın işğal  edilmiş Dağlıq Qarabağ vilayəti ilə birbaşa əlaqələr qurub Azərbaycana təzyiq göstərmək istəyir. Rusiya münaqişənin həllinə dair ATƏT Minsk qrupunda iştirak etməklə bərabər Ermənistana bir milyard dollar həcmində silah verir və bir müddət bundan əvvəl onun hərbçiləri Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etdilər. İndi Rusiyanın MDB ölkələrində yerləşən 100 minlik ordularının yarışı, yəni 40 min nəfəri   Ermənistanda, yəni 15 min nəfəri və 14 min nəfəri isə Gürcüstandadır.

Utkin unudur ki, XX əsrdə baş vermiş və 60 mln. insanın hayatına son qoymuş birinci və ikinci dünya müharibələrini müsəlmanlar yox, xristianlar törətmişlər; dünyada birinci atom bombasından xristianlar istifadə etmişlər, Vyetnam və Əfqanıstanı xristiyanlar zəbt etdilər.

Rusiya keçmiş SSRİ-nin mövcud olan atom yükünə arxayın olub, yeni dövrdə – yaxın 10 ildə Qərbin meydan oxumasına cavab verə bilməzdi.

Məlum olduğu kimi, “Marşal planı” – ümilikdə 17 mlrd. dollar təşkil edirdi. Bu Amerikanın 1988-1995-ci illərdəki məcmu gəlirinin təxminən 2 faizini təşkil edirdi, həmin illərdə ABŞ-ın Rusiyaya yardımı 0,005 faiz təşkil etmişdir.

Bu gün Qərb Çin Xalq Respublikasına 60 mlrd. dollar investisiya qoyub, Rusiyaya isə cəmi 5 mlrd.

İndi NATO ölkələrinə dünya VVP-nın 45% – i, Rusiyaya isə 2,4%-i düşür.

NATO silahlı qüvvəllərinin sayı 7,5 mln. nəfər, Rusiya hərbi qüvvəllərinin sayı isə 1,7 mln. nəfərdir. Əgər bura silahların ümumi vəziyyəti və Rusiya ordusunun döyüş qabiliyyətini əlavə etsək, onda Qərblə müqayisədə kəskin ziddiyyət yaranar. MDB dövlətləri arasında Amerikanın yardımı Ukraynaya daha çoxdur, nəinki Rusiyaya. Ukraynaya 800 mln. dollar, Rusiyaya isə 140 mln.dollar yardım etmişdir.

1998-ci ildə Rusiyanın nüvə obyektlərinin monitorinqi və hərbi silahların konvensiyasına ABŞ – 453 mln. dollar, Avropa İttifaqı isə 104 mln. dollar ayırmışdı. Daha 34 mln. dollar isə Rusiya nüvə mütəxəssislərinin ölkədən çıxarılmaması üçün ayrılmışdı.

 1991-ci ildən 1999-cu ilədək Rusiya 99 mlrd. dollar borc almışdı ki, bu dövr ərzində  Rusiyadan 103 mlrd. çıxarılıb aparılmışdır.

Yəqin Yaxın 20-25 il ərzində aparıcı dövlətlər sırasında Rusiyanın adı çəkilməyəcəkdir.MKİ-nin proqnozlarına görə, 2020-ci ildə Çində VNP – 2 trilyon dollar, ABŞ –13,5, Yaponiya – 5, Hindistan-4,8, İndoneziya –4,2, Cənubi Koreya – 3,4, Tailand – 2,4 və s. təşkil edəcəkdir. Göründüyü kimi bu hesabla Tailand və İndoneziya Rusiyadan çox qabaqdadır. Bundan başqa, Rusiya neft və qazdan sonra ikinci gəlir mənbəyi kimi dünyada silah ixracatında tutduğu mövqeyini itirir.

Əgər SSRİ 1987-ci ildə 30 mlrd. dollarlıq silah satmışdısa, Rusiya 1992-1993-cü illərdə cəmi 2,7 mlrd. dollarlıq silah satmışdır. Mən nə üçün bu rəqəmlərə müraciət edirəm? Ona görə ki, Rusiya da başa düşməlidirlər ki, ənənəvi qonşularla sülh və razılaşma olmadan Rusiyanın da inkişafı və sabitliyi olmayacaqdır.

Digər tərəfdən, Qarabağ probleminin həlli Rusiya və Ermənistana imkan verəcək ki, inteqrasiyanın bütün meyarlarından istifadə etsinlər. Məlumdur ki, təbii sərvətlər baxımından Ermənistan kasıb ölkədir. İndi Ermənistanda heç bir müəssisə işləmir. Demək olar ki, Ermənsitan iki mənbəyə əsasən mövcuddur:

1)Erməni diasporunun vəsaiti. Onlar elə vəziyyətdədirlər ki, əgər onun hamısını satsalar Rusiyaya olan borcun 10%-ni ödəməz.

2) Ermənistan ərazilərində hərbi bazalar yerləşdirmək əvəzinə ödənilən Rusiya vergiləri. Ermənistan özü bir qırıcı təyarrə almaq iqtidarında deyil. Rusiya son zamanlar Ermənistanın hava müdafiəsini, onun dövlət sərhədlərinin müdafiəsini, erməni ordusunun silahla təchizini öz üzərinə götürmüşdür. Ancaq  əsrlərlə öz himayəçilərinin vergisi və yardımı ilə yaşamaq olmaz, əksinə əsrlərlə qonşu olduğu dövlətlə əməkdaşlıq etməyin yolları və formalarını axtarıb tapmaq lazımdır. Bu  istənilən dövlət üçün aksiomadır. Rusiya və Azərbaycan təbii ehtiyatlarına görə çox varlıdır və Ermənistansız yaşaya bilərlər.

Moskvanın qazancı Ermənistanı özünün bir əyalətinə çevirməsi və Cənubi Qafqazı təsir dairəsində saxlaması olub. Son vaxtlar isə Azərbaycanın işğal altında olan ərazilərini geri qaytarmaq barədə səsləndirdiyi bəyanatlar, eləcə də Qəbələ Radiolokasiya Sistemi ilə bağlı Moskva və Bakı arasında yaranmış fikir ayrılığı Kremli Cənubi Qafqaza təsir dairəsini artırmağa sövq edib. Təbii ki, bu dəfə də Moskva erməni kartından yararlanmağa üstünlük verib. Belə ki, Moskvanın təşəbbüsü ilə yaradılan və Ermənistana hərbi yardım etməklə regiondakı qüvvələr balansını Rusiyanın xeyrinə dəyişməyə xidmət edən Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının Yerevanda akademiyasının yaradılması qərara alınıb. Sözügedən akademiyanın məhz Yerevanda yaradılması Rusiyanın məkrli planını təsdiqləmiş olur. Xüsusilə, burada maraqlı məqam ondan ibarətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda açılacaq akademiyası yalnız təhsil ocağı olmayacaq.

Həmçinin bu akademiyanın təşkilatdan kənar xüsusi hərbi birləşmələri olacaq ki, həmin hərbi birləşmələr də məhz Yerevanda yerləşəcək. Başqa diqqət çəkən məqam isə ondan ibarətdir ki, Rusiya Qəbələ Radiolokasiya Sisteminə oxşar bir sistem də Ermənistanda yaratmaq istəyir. Məlumata görə, rəsmi Bakı ilə aparılan məsləhətləşmələrdən müsbət bir nəticənin əldə edilməməsi Kremli belə bir addım atmaq məcburiyyətində qoyub. Lakin bu məsələdə də Moskvanın daha çox Yerevanın maraqlarından çıxış etdiyi şübhəsizdir. Hərbi ekspertlərin qənaətincə, Qəbələ RLS-ə oxşar sistemin Ermənistanda yaradılması ideyasının arxasında da Azərbaycana təzyiq dayanır. Belə ki, yeni yaradılacaq bu sistem Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycanın hərbi təyyarələrini asanlıqla zərərsizləşdirə və Ermənistanın hava sərhəddini tamamilə mühafizə edə bilər.

Bu problemi həll etməklə geoperspektivdə Qafqaz ümumi bazarı təşkil etmək olar ki, burada sonradan Türkiyə, İran, Orta Asiya dövlətləri və Qazaxıstan da daxil ola bilər.

Nəzərə alınsa ki, burada geniş enerji ehtiyatları nəqliyyat infrastukturu, Böyük İpək Yolu, telekommunikasiya və b. yerləşir, bura xarici investorları cəlb etmək mümkündür.

Qafqaz ümumi bazarının təşkil edilməsi Avropa İttifaqı kimi Qafqazda da inteqrasiya proseslərinə təsir edə bilər. Belə siyasət Qafqazda və bütün regionda sabitliyə və sülhə təsir göstərə bilər.

Amma Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsi üçün ilk növbədə Rusiya, Azərbaycan və Gürcüstanda münaqişə ocaqlarını söndürmək lazımdır; ikincisi, “Qafqaz” anlayışına daxil olan bütün dövlətlərin ərazi bütövlüyü qeyd şərtsiz təmin edilməlidir. Rusiya Federasiyası prezidenti V.Putin Bakıya səfəri zamanı (yanvar, 2001) Azərbaycan mərhum prezidenti H.Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyü təmin olunmadan dörd dövlətin iqtisadi əməkdaşlığı mümkün deyildir. Amma sülh və dinc yanaşı yaşamağa mane olan əsas səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir. Azərbaycan torpaqlarının tam azad olunması və qaçqınların öz doğma ocaqlarına qayıtması baş verməyincə Qafqazda iqtisadi və siyasi əməkdaşlıqdan söhbət gedə bilməz.

Beləliklə, Rusiya Federasiyasının Cənubi Qafqaz strategiyası ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrindən sonra dəyişmiş beynəlxalq şəraitə uyğun olaraq, transformasiya olunsa da, bu region Rusiyanın “xüsusi maraqları və təsir dairəsi” zonası olaraq qalmaqdadır. Antiterror kompaniyasında fəal iştirak edən Azərbaycan rəhbərliyi öz xarici siyasət fəaliyyətində Rusiyaya və Qərbə münasibətdə balanslaşdırılmış siyasi xətt yeritməli, Rusiya-İran və İran-Ermənistan yaxınlaşmasına imkan verməməli, ABŞ və Avropa ölkələrini  Rusiyaya alternativ kimi qoyulmalı və bunların arasındakı ziddiyyətlərdən istifadə etməli, Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələri dinamik şəkildə inkişaf etdirməlidir.

Yekun olaraq qeyd etmək lazımdır ki, Qafqazda bütün tərəfləri birləşdirən kollektiv, birgə təhlükəsizlik anlaşmasının yaradılması mahiyyətinə görə ləng, tədrici bir prosesdir. Bunun üçün addımbaaddım yanaşma, eləcə də region daxilində, onun qonşuluğunda və kənarında yerləşən bütün tərəflərin konkret müsbət, fəal siyasətləri və fəaliyyətləri tələb olunur. Regiondakı ümumi siyasi və psixoloji əhvali-ruhiyyənin hərbi vasitələrdən siyasi, diplomatik vasitələrə və yollara, qarşıdurmadan əməkdaşlığa dəyişməsi hələ ilkin mərhələdədir və bütün maraqlı tərəflər onu siyasi, iqtisadi və təhlükəsizlik sahələrində dəstəkləməlidirlər.

Zaur Əliyev,

AMEA-nın əməkdaşı, 

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

  

“KarabakhİNFO.com”

 

14.03.2014 16:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*