Azərbaycanca

Rusiyanın “Qafqazda erməni dövləti” planını əngəlləmiş xan

22.04.2014 | 10:42

1398148764_xanliqlarTarixi səpkidə yazılmış bədii əsərlər milli şüurun formalaşmasına, ictimai fikrin yönlənməsində güclü təsirə malikdir. Sovet-sosialist ideologiyasının hakim olduğu dövrlərdə milli düşüncənin formalaşmasına Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər yazarların yaratdığı əsərlərin böyük təsiri olub. Bu əsərlərin bəzilərində tarixi bilgisizlikdən müəyyən nöqsanlar olsa da, bütövlükdə xalqın milli yaddaşının oyanmasında böyük əhəmiyyətə malik idilər. Lakin son illər yazılan tarixi səpkili əsərlərdə müəllif subyektivizminə daha çox rast gəlinir, tarixi faktların təhrifinə yol verilir. SSRİ dövründə tarixin ideologiyaya uyğunlaşdırılması tendensiyası vardısa, hazırda senzura deyil, məzhəb, region təəssübkeşliyi var.

 

Son illər yazılan bir sıra əsərlərdə 18-ci əsrdə yaranmış Qarabağ xanlığına və onun hökmdarlarına qarşı yumşaq desək qərəzli münasibətə rast gəlmək mümkündür. Tarixi romanlar müəllifi, istedadlı yazar Əlisa Nicatın (onu da qeyd edim ki, biz 80-90-cı illər nəslinin dünyagörüşünün, milli vətənpərvərlik hisslərinin  formalaşmasında Əlisa Nicatın yazılarının  böyük təsiri vardı) bir neçə əsərində Qarabağ xanlarına qarşı ən yaxşı halda ögey münasibət müşahidə edilir. Bu əsərlərdən belə anlaşılır ki, Qarabağ xanlığının separatçılığı olmasaydı, mərkəzi Təbriz olan Böyük Qızılbaş dövləti zəifləməz, Rusiya imperiyası Qafqazı ilhaq edə bilməz, Azərbaycan xanlıqları birləşərdi. Əlisa Nicat (Bakı,2011) “Dünya sərkərdələri” kitabında hətta Qarabağ xanı İbrahim Xəlil xanı təhqir etməkdən çəkinmir: “Gürcülərə yaxşı bələd olan Cavad xan onların öhdəsindən asanlıqla gələ bilərdi. Amma gürcülərin müttəfiqi buna imkan vermirdi. Bu müttəfiq namərd Qarabağ xanı İbrahim Xəlil xan idi.”  (“Qarabağın namərd xanı İbrahim xan da yox ha, məhz “namərd Qarabağ xanı”)

 

Bir neçə il bundan öncə ekranlarda yayımlanan “Cavad xan” filmində də ideoloji qüsurlar vardı. Təəssüf ki, bu filmdə də Qarabağ xanı İbrahim Xəlil xan rus qoşunlarının Gəncəyə hücumu ərəfəsində Azərbaycan xanlarının birliyinə mane olan əsas qüvvə kimi göstərilir. Filmdə baş rolu oynayan aktyor filmin təsiri ilə özəl telekanalların birində yayımlanan tok-şouda az qala Qarabağ xanını düşmən elan edəcəkdi. Tarixi faktlara nəzər yetirdiyimizdə isə başqa mənzərə canlanır. Və böyük bir təəssüf hissi ilə demək istəyirsən: Kaş ki, Qarabağ xanlığı təsəvvür edilən gücdə olsaydı.

 

Tarixdən bəllidir ki,  1747-ci ildə Avşar hökmdarı Nadir xanın öldürülməsindən sonra Azərbaycan və İran ərazilərində feodal pərakəndəliyi yaranmış, müstəqil xanlıqlar elan olunmuşdu.  Sarıcalı tayfasından olan Pənahəli xan Qarabağa qayıdaraq xanlığın əsasını qoymuşdu. Qarabağ xanlığı yeganə feodal dövləti idi ki, hansısa şəhərdə elan olunmamışdı. Müdafiə qalaları yox idi. Xanlığın Boyat, Şahbulaq, Şuşa qalaları sonradan inşa edilmişdi. Pənah xanın zamanında möhkəmlənmiş xanlıq onun oğlu İbrahim Xəlil xanın dövründə daha da güclənərək nüfuzlu dövlətə çevrildi.  Bəhs edilən dövr Cənubi Qafqaz, İran bölgəsi üçün mürəkkəb bir dövr idi. Bölgədə iri və xırda feodal dövlətləri vardı. Qonşuluqdakı böyük imperiyalar: Osmanlı və Rusiya bölgəni ilhaq etməyə çalışırdılar. Belə bir mürəkkəb vəziyyətdə ağıllı qərarlar vermək çox çətin idi. Güney Azərbaycanı, Farsı, Həmədanı, Astarabadı (bütün İranı) birləşdirib mərkəzi hakimiyyət yaratmış Qacarlar da şimali Azərbaycanı özlərinə  birləşdirməyə can atırdı.  Şimali Azərbaycan xanlıqlarında bəziləri Qacarların bu siyasətinə dəstək verirdi. Bu sırada Gəncə, İrəvan, Bakı xanlarını misal çəkmək olar. Onların hər üçü Qacarlarla qohum idi. Şəki, Avar xanları isə Qarabağ xanlığının birləşdirici hərəkatın başına keçməsini istəyirdi. Bu baxımdan Qarabağ xanının qacarlarla rəqabətə baş vurması gözlənilən idi. Bəhs edilən dövrdə Tehran, Tiflis kimi Şuşa da mühüm qərarların qəbul edildiyi siyasi mərkəz idi. Sonrakı tarixi hadisələr göstərdi ki, (Qacarların fars mədəniyyətinə meylli, İranpərəst siyasəti sonda türklərin qurduğu Qızılbaş dövlətinin farsları əlinə keçməsinə səbəb oldu-müəll.) Azərbaycanın şimalı və cənubu Qarabağ, Quba və ya digər şimal xanlıqları ətrafında birləşsə, daha yaxşı olardı.

 

Ruslara qarşı mübarizədə Gəncəyə tam dəstək verməyən  Qarabağ xanının ehtiyatkar siyasəti də bununla bağlı idi. Qacarların qalib gələcəyi təqdirdə Qarabağ xanlarının aqibəti heç də yaxşı olamayacaqdı. Çünki sülalənin başçısı Ağa Məhəmməd şahın başı Şuşada kəsilmişdi.

 

Qarabağ xanlığının ehtiyatlı siyasəti bir də “Xəmsə” məliklərinin separatçı niyyəti ilə bağlı idi. 7-8-ci əsrlərdə islam dini bölgəyə yayılarkən tarixin üzüdönüklüyü nəticəsində Şimali Azərbaycanın bir qisim əhalisi xristianlıq inancını saxladı. Özəllikdə dağlıq ərazilərin türk, iran dilli əhalisi “ata-baba inancını” qoruyub saxlaya bildi. Dağlıq Qarabağın etnik kökəncə qıpçaq (türk)-albanları da xristianlığı saxlamışdılar. Lakin qriqorian kilsəsinin təsiri ilə onlar qriqorianlaşmış və yerli türk-müsəlman əhali tərəfindən “kafir”, bəzən erməni olaraq adlandırılırdılar. Onlar etnik baxımdan türk olsalar da, inanc etibarilə xristian idilər və xristianlarla ittifaq qurmağa can atırdılar. Qarabağ xanlığı qurulandan “Xəmsə” məlikləri adlanan xırda xirstian siyasi birlikləri Rusiya imperiyası ilə əlaqələr yaratmışdılar. Birinci Pyotrun Qafqazı ələ keçirmə planına uyğun olaraq bölgədə xristian dövlətinin yaradılması qarşıya məqsəd qoyulmuşdu. Qarabağın Xəmsə məlikləri bu planın alətinə çevrilmişdilər. Tarixçi alim Tofiq Mustafayev “Qarabağ xanlığı” əsərində (Bakı, “Sabah” 2010)  yazır ki, 1780-ci ildə Peterburqda olan erməni İvan Lazarev və İosif Arqunski, 1781-ci ildə qarabağlı məlik Bəyləryan “Alban çarının övladları” adından Qarabağ xanı İbrahimxəlil xana qarşı ordu göndərib Qarabağı tumaq məqsədi ilə II Yekaterinaya və A.V Suvorova bir neçə gizli məktub yollamışdı. Rusiya imperiyası da Osmanlı və Qacara qarşı xristian bufer dövlət yaratmaq arzusunu gizlətmirdi. Bölgədə yaradılacaq xristian dövləti Rusiyanın Qafqazda dayağı olmalı idi.

 

Qarabağ xanının ehtiyatlı siyasəti Rusiyanın bu planını əngəllədi. 1805-ci ildə Rusiya imperiyası ilə bağlanmış Kürəkçay sülhü xristian məliklərinin Qarabağda dövlət qurmaq planını puça çıxardı. Qafqazda erməni dövləti yalnız 1918-ci ildə qurula bildi.

 

Cənubi Qafqazın ilhaqı məsələsinə gəlincə, burada nə Qarabağ xanının, nə də başqa xanların ciddi nöqsanı yox idi. Dövrün nəhəng dövləti olan Rusiya imperiyasına qarşı Osmanlı və Qacar dövlətləri dayana bilərdi. Onların isə belə bir niyyəti və gücü  yox idi.

 

Sonda Qarabağ xanının türk-islam dünyasına xain olmadığı faktı onun rus mayor Lisaneviç tərəfindən amansızlıqla qətlə yetirilməsi də təsdiq edir. Dövrün rus müəllifləri yazır ki, ruslar xana inanmır, onun Osmanlı və ya Qacarla birləşib ruslara zərbə vuracağından ehtiyat edirdilər.

 

Dövrün nüfuzlu feodal dövlətini qurmuş, sonda Qarabağ xanlığını türk-müsəlman dövlət qurumu kimi Rusiyaya birləşməsinə imza atmış, rusların Qarabağda erməni dövləti qurmaq planını əngəlləmiş bir  xan nəslinə-Cavanşirlərə qarşı qərəzkar münasibətə son qoyulmalıdır.

 

 

Elman Cəfərli

 

 

“KarabakhİNFO.com”

 

 

22.04.2014 10:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*