Azərbaycanca

Rusiyanın Şərqi Anadolu Siyasətində Eçməzdin Kilsəsinin Rolu (1828-1915)

22.05.2012 | 17:20

1337689160_davutkilicDavut Kılıç

Çar Rusiyası, isti dənizlərə enmə siyasətini həyata keçirməkdə ona mane olan Osmanlı Dövlətini yıxa bilmək üçün uzun illər planlı siyasət həyata keçirmişdir. Bu planlardan biri də; Qafqazlar və Şərqi Anadolu üzərindən İskəndərun Körfəzinə enməkdir. Bunun üçün Rusiya, bölgədə yaşayan İran və Osmanlı Ermənilərini imperialist mənfəətləri istiqamətində yönəltməyə çalışmışdır. Hələ XVIII. əsrdə Rus Çarı I. Pyotr, Şərq ticarətindən faydalanmaq üçün ermənilərdən istifadə etməyi düşünmüş və onları rus torpaqlarına dəvət edərək, onlara dini və dünyəvi hər cür imtiyazı verməyə hazır olduğunu bildirmişdir. Ermənilərin Rusiyaya bağlanması və onlardan dəstək alacağına ümid etməsi, rusların Qafqaz bölgəsinə reallaşdırdıqları ilk səfərlərdən başlayaraq inkişaf etmiş, get – gedə daha da artmışdır. Bu vəziyyət Rusiyanın, Qafqaz və Şərqi Anadoluya yönələn fəaliyyətlərində həm siyasi, həm də hərbi strategiyanın müəyyənləşdirilməsində təsiredici amillərdən birinə çevrilmişdir. 20 İyun 1804 – cü il tarixində İranla aparılan ilk müharibədən sonra İran Şahının bölgədəki nüfuzu zəifləmiş və Rusiya Eçməzdinlə qonşu olmuşdur. Ermənilər bu tarixdən etibarən aralarında irq və məzhəb fərqi olmasına baxmayaraq, xristian Rusiyaya qarşı olan maraqlarını gizlətməyiblər. Rusiya, Qafqazda icra etdiyi müstəmləkəçi siyasətin əsas tərkib hissəsi kimi Bizans dövründən etibarən tarixi Azərbaycan torpaqlarında dağınıq halda yaşayan Erməni əhalisinin və Ermənilər tərəfindən müqəddəs sayılan Eçməzdin Kilsəsinin yerləşdiyi torpaqların, İrəvan xanlığının əlindən alaraq (73.8 % – in müsəlman olduğu), “Ermənistan Vilayətinə” çevrilməsini qarşısına əsas hədəf kimi qoymuşdur. Rus İncil Cəmiyyəti, 1815 – ci ildə Sankt – Peterburqda 15 min ədəd ermənicə İncil nəşr etdirmişdir. Bununla kifayətlənməyən cəmiyyət daha sonra Osmanlı Ermənilərinin böyük əksəriyyətinin türkcə danışdığını nəzərə alaraq 1822 – ci ildə türkcə İncil nəşr etdirib ermənilərə paylamışdır. Yenə elə həmin il Rus hökumətinin Eçməzdin kilsəsinə göstərdiyi yaxın marağı bəhanə edən Katolikos Ephraim (Efraim), bölgədə cərəyan edən Osmanlı-İran müharibəsində Rusiyanın qorumasına sığınaraq sülh imzalanana kimi Çarın zəmanəti altında qaldı. Bu hərəkətdən məmnun olan Rusiya, hədəfinə çatmaq üçün Qafqaz və digər şərq bölgələrində yaşayan ermənilərə qarşı fəaliyyətlərini artırdı. İran ermənilərinin Rusiyanın təbəəlliyinə girmək istəmələri, XIX. əsrin ilk illərində onsuz da bölgədə yayılmaq arzusunda olan rus ordusunu hərəkətə keçirdi. Araz çayı boyunca irəliləyən Rus hərbi birləşmələri ermənilər üçün müqəddəs olan Eçməzdin bölgəsinin də içərisində olduğu İrəvan bölgəsini işğal etdi. 5 Mart 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi imzalandı. O zamana kimi İranın əlində olan Eçməzdin kilsəsinin də olduğu torpaqlar Rusiyanın əlinə keçdi. Eyni ilə Gürcüstan və Krım hadisəsində olduğu kimi işğal edilən bölgələr əvvəl Rusiyanın himayəsində olan “müstəqil” bir Ermənistan kimi elan edildi. Qısa bir müddətdən sonra Rusiyanın torpaqlarına daxil edildi. Çar I. Nikolay, 21 Mart 1828 – ci ildə imzaladığı əmrnamə ilə “Erməni əyalətləri” kimi qeyd olunan yeni ərazilərin İmperatorluğun torpaqlarına daxil etməyi əmr etdi və özünü həm də “Ermənistanın kralı” elan etdi. Rus – İran müharibəsində İran erməniləri İrana qarşı, rus ordusunda döyüşdükləri kimi Rus əsgərlərinə komandirlik də etdilər. Beləliklə, Rus ordusu Urmiyyə və Ərdəbili ələ keçirdi. Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra bölgədə yaşayan ermənilər bir il içərisində mal və mülklərini sataraq İrəvan bölgəsinə köçürüldü. Beləliklə, Rusiya, İrəvan xanlığını Ermənistan Vilayətinə çevirmə layihəsini də yavaş – yavaş həyata keçirməyə başladı. 40 min nəfər erməni müqavilənin on beşinci maddəsindən yola çıxaraq, köçmək məcburiyyətində qaldı. Köçən ermənilər, Rus hökuməti tərəfindən müsəlman əhalinin sıxlıqda yaşadığı İrəvan bölgəsinə yerləşdirildi. Çar I. Nikolay bu davranışı ilə tarixi regiondakı coğrafi stiuasiyaya müdaxilə edərək, bölgədəki demoqrafik quruluşu xristianların lehinə pozmaq üçün fəaliyyət göstörməyə başladı. Bu baş verənlər sayəsində, Osmanlı təbəəsi olan qriqoryan ermənilərin üzərindəki Rusiyanın təsir və istiqamətləndirmə gücü daha da artdı. Beləliklə, şərq və qərb türkçülüyünün əlaqəsi kəsiləcək və süni bir Ermənistan dövləti yaradılacaqdı. Məhz bütün bunlar Erməni kilsələri içərisində ən uca ruhani mövqe olaraq tanınan Eçməzdinin rus sərhədlərinə qatılaraq Rusiyanın əmr və idarəsi altına girməsi ilə başlamış oldu. Ruslar, Qafqazı ələ keçirdikdən sonra Erməni cəmiyyəti ilə olan münasibətlərini də ən üst səviyyəyə çıxartdılar. Buna Erməni cəmiyyətinin içində olduğu geostrategiya da uyğun idi. Çünki aralarında məzhəb (inanc) və irq fərqi olmasına baxmayaraq Rusiyadan başqa yaxınlaşacaqları bir xristian dövlət yox idi. Bu vəziyyət başda Eçməzdin kilsəsi olmaqla Erməni macəraçılar tərəfindən də xoş qarşılandı. Erməni gənclərinin bir çoxuna Rusiyadakı universitetlərdə oxuma hüququ tanındı. Bu universitetlərdə yetişən gənclərdən bəziləri də İmperatorluğun seçmə və hərbi təbəəsi içərisində yerini aldı. Ruslar, Sankt Peterburqdakı İmperatorluq Elmlər Akademiyasında “Erməni tarixi və ədəbiyyatı” haqqında mətn və tərcümələr nəşr etməyə başladı. Daha da əhəmiyyətlisi Ruslar “Pan – Slavizm” təbliğatıyla Osmanlı Dövlətini daxildən vurmağı hədəflədikləri kimi, Anadolu cəbhəsində də xristianlıq təbliğatı ilə ordularına erməniləri, köməkçi qüvvə kimi istifadə etmək istəyirdi. Başlanğıcda rusların bundan məqsədi qurduqları Ermənistanı iki İslam dövlətinə, Osmanlı və İrana qarşı tampon bölgə kimi istifadə etmək idi. Lakin bu iki İslam dövlətinin heç cür yığışdıra bilmədiyini görən Rusiya, öyrətdiyi erməni gənclərinin bir qisimini Osmanlı Dövlətinə qarşı istifadə etmək üçün rus ordusunda saxlamaq məcburiyyətində qaldı. Bir qismini də təşkilatlandıraraq Osmanlı ermənilərini qiyama qaldırdırmaq üçün Şərqi Anadoluya göndərdi. Rusiya, Şərqi Anadoludakı imperialist əməllərini reallaşdırmaq üçün Osmanlı Dövləti ilə müharibə vəziyyətinə gəldi. 1828-ci ildə Rus hərbi qüvvələri Paskeviç komandanlığında Ərzuruma doğru irəliləməyə başladı. Yol boyunca Ermənilər Rus ordusunu sevinc içərisində qarşılayırdılar. Qars və Çıldırdakı Ermənilər, Osmanlı-Rusiya müharibəsinin başlaması ilə Rusiya hərbi qüvvələri daxilində vuruşmağa başladılar. Hətta Ruslar Qarsda ələ keçərdikləri silahları bunlara paylayıb bir qisimini Rus ordusuna qəbul etdilər. Osmanlı – Rus müharibəsi nəticəsində bağlanan (1829) Ədirnə müqaviləsi ilə Şərq Anadolunun bir qismi Rusların əlinə keçdi. Bu vəziyyət Rus ordusundakı ermənilərlə, Osmanlı Erməniləri arasındakı əlaqələri daha da intensivləşdirdi. Belliklə, ermənilərlə ruslar arasında həm dini, həm də siyasi münasibətlərin əsası qoyulmuş oldu. Döyüşdən sonra rus ordusu ilə birlikdə hərəkət edən Qars və Ərzurum bölgəsindəki bir çox erməni etdiklərinə qarşılıq kimi müsəlmanların təzyiqlərindən və Osmanlı Dövlətinin mühakiməsindən qorxduqları üçün bölgədən Axıskaya köçdülər. Çar Nikolay, İranla bağladığı müqavilədə olduğu kimi Osmanlı Dövləti ilə bağladığı müqavilədə də, Rusiyaya köçmək istəyən erməni və digər xristianlara tam sərbəstlik verilməsini ilk şərt kimi irəli sürdü. Beləliklə, 1830 – cu ildə Rusiyaya gözləniləndən daha çox erməni köçdü. Ruslar 1830 – cu illərdə Osmanlı torpaqlarından çəkiləndə də eyni şeyi edib, bərabərində apardıqları erməni immiqrantlarını İrəvan vilayətinə və Axıska bölgəsinə yerləşdirdilər. Beləliklə, Rus Hökuməti, Azərbaycan və Anadolu Türklüyü arasına hörmüş olduğu divarı daha da möhkəmləndirdi. Erməni immiqrantlarının uşaqları və gənclərinə Rus məktəblərində təhsil almaq və hərbi qüvvələrində xidmət etmək hüququ verildi. Bu da Rus Hökumətinin Osmanlı erməniləri üzərindəki təsirini sürətləndirdi. Zamanla rusların siyasətinə uyğunlaşan ermənilərə, “rus tərəfdarı ermənilər” də deyildi. Çar Rusiyası, hakimiyyəti altına aldığı ermənilərin inanclarını 1836 – cı ildə rəsmi olaraq tanıı və Eçməzdin Katolikoslarını daha rahat idarə edə bilmək üçün “Pologenia” adı verilən qanun çıxartdı. Bütün bu fəaliyyətlərlə Rusiya, Osmanlı torpaqlarında yaşayan ermənilər üçün Eçməzdini cazibə mərkəzi halına gətirməyi qarşısına hədəf kimi qoymuşdu. Çar beləliklə, ermənilərin Katolikoslarını sərbəst seçməsinə icazə verirdi. Ancaq bu seçki, Eçməzdində olan sinod (məclis) tərəfindən keçiriləcək, kənarda yaşayan Qriqoryan ermənilər isə nümayəndələr vasitəsiylə seçkidə iştirak edəcəkdilər. Nəticədə seçilən iki Katolikosdan birini Çar təsdiqləyəcəkdi. Beləliklə, Rus hökuməti, qriqoryan erməniləri himayəsi altına alaraq, bir mənada İngiltərə və Amerikanın Şərqi Anadoludakı fəaliyyətlərinə mane olmaq istəyirdi. Bir də verilən əmrdə, Çar hökuməti tərəfindən Sinoda ‘Çinovnik – Prokuror’ ünvanı ilə bir məmur qoyuldu. Bu hökumət məmuru təsdiqləməmiş Katolikos və Sinod heç bir iş görə bilməyəcəkdi. Aparılan seçkinin nəticəsinin Çarın təsdiqinə təqdim edilməsi, onu özünə tərəfdar bildiyi bir kimsəni seçmə hüququna sahib edirdi. Rus hökuməti daxili siyasətində ermənilərlə bu şəkildə əylənərkən, diqqətlərini kənara yönəltmələrinə heç də laqeyd yanaşmırdı. Rusiya, Osmanlı ermənilərinə, Rusiya səfiri vasitəsiylə Rus Ortodoks Kilsəsi ilə birləşmələrini arzu və tövsiyə edən bir bəyannamə təqdim etdi. Ermənilərə bu bəyannnamə vasitəsi ilə Ortodoks məzhəbinə girmələri halında himayəyə məzhər olacaqları bildirilirdi. Bundan isə məqsəd, Osmanlı torpaqlarında olan erməniləri, Eçməzdin kilsəsinin əli ilə təsr dairəsinə almaq idi. Amma müəyyən bir vaxt keçəndən sonra hədəfinə çatmadığını görən Rusiya, əsas məqsədini açıq – aşkar bildirməkdən çəkinmədi. Rusların əsas məqsədi ermənilərə müstəqilliyini qazandırmaq yox, əksinə öz sərhədləri içərisində olan erməniləri ortodokslaşdırmaq, Osmanlı ermənilərini də Babı – Aliyə qarşı öz mənfəətlərini təmin edəcək tərzdə istifadə etməkdən ibarət idi.

 

I yazının sonu

 

Tərcümə: Oktay Hacımusalı

 

 

22.05.2012 17:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*