Azərbaycanca

Şəhid atası Əlizadə Dövlət: “Vətən sağ olsun!” – EKSKLÜZİV

20.02.2013 | 13:24

1361352008_shehidlogo“Çox tələsirdi hərbi xidmətə getməyə”

 

 

Qeyd edək ki, atəşkəs müqaviləsinin imzalanmasından 19  il keçməsinə baxmayaraq erməni silahlı qüvvələri bu gün də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günədək cəbhə boyu sayca minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.

Təkcə 2011- ci ilin əvvəlindən başlayaraq ermənilər tərəfindən açılan atəş nəticəsində Azərbaycan ordusunun 4 hərbçisi şəhid olub.  Fevralın 5-də erməni silahlı qüvvələrinin Xocavənd rayon Kuropatkino kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində ordumuzun zabiti Zaqatala rayonunda doğulmuş leytenant Tural Nadir oğlu Əsgərov və ordumuzun əsgəri Cəlilabad rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Əlizadə Sənan Dövlət oğlu şəhid oldu.

Biz,” KarabakhİNFO.con”-un əməkdaşları  fevralın 15-də Əlizadə Sənan Dövlət oğlunun doğulub boya başa çatığı Cəlilabad rayon Alar kəndinə getdik. Bizi şəhidin atası Dövlət kişi, əmisi Emin və şəhidin yaxın qohumları qarşıladı.

 

 

– Dövlət dayı, bu gün Sənanın şəhid olmasından düz 15-gün ötür, Allahdan şəhidimizə rəhmət, sizə isə səbr diləyirik. Siz bizə Sənan barədə ətraflı məlumat verərdiniz zəhmət olmasa.

 

– Əvvəlcə onu qeyd edim ki, üç oğlan və iki qız atasıyam və Sənan ikinci övladım idi ailədə. Böyük oğlum Siruz Gəncə şəhərində hərbi xidmətini başa vurduqdan sonra, ötən ilin iyul ayında  Sənanı da hərbi xidmətə çağırdılar. Siruzla Sənanın arasındakı belə qısa vaxtı nəzərə alan Cəlilabad rayon Hərbi Komissarlığı Sənana üç ay da güzəştə getmək qərarında idı. Lakin, Sənan razı olmadı. O, israr etdi ki, vaxtında hərbi xidmətimə getməliyəm.

Şəhid atası Əlizadə Dövlət: “Vətən sağ olsun!” - EKSKLÜZİV   Sənan 1994-cü il yanvarın 1-də doğulub.

Alar kənd 2 saylı orta məktəbini bitirdiyi cəmisi bir ay idi. Çox tələsirdi hərbi xidmətə getməyə.  O, hərbi komissarlıqdakı işçilərdən birinin mobil nömrəsini alıb hər gün telefon əlaqəsi saxlayırdı. Sənan çox möhkəm uşaq idi, idmanla məşğul olurdu və öz zirənkliyi ilə tay-tuşlarından seçilirdi. Həmişə  belə deyirdi; “ Şəhid olmaqdır arzum”

Elə oldu ki, iyul ayının 3-də  Sənan hərbi xidmətə yollandı və xidmətinin ilk günlərini Ağcəbədi rayon yuxarı Qiyamədinli kəndindən başladı.

 

– Bu vaxt ərzində siz Sənanın yanına getmişdiniz?

 

– Avqust ayında and içmə mərasimi oldu onda yanına getdim, hər şeydən razılıq edirdi. Sonra elə oldu ki, Xocavənd rayon Kuropatkino kəndi yaxınlığında xidmətə başladı. Sənanın xidmətini nəzərə alan komandirləri onu 45-günlük Ağcəbədi rayonuna Snayper kurslarına yolladılar. Kursu bitirdikdən sonra  o,yenidən Xocavəndə yollanaraq, artıq “Snayperçi” kimi xidmətə başladı. Sənanla həftədə iki dəfə telefon əlaqəsi saxlayırdıq və bunların hamısını o, telefon vasitəsi ilə mənə deyirdi. Artıq xidmətinin yeddi ayını başa vuran Sənana, komandiri tərəfindən fevralın 3-də on günlük məzuniyyət verildi. Bizimlə telefon əlaqəsi saxladı ki, ayın 16-dan sonra gəlməyi planlaşdırır.  Çünki, dayısı qızının toyu olacaqdı. Amma… Təəsüflər olsun ki, fevralın 5-i gündüz saat 15.05 radələrində ermənilərin atəşkəsi pozması nəticəsində Sənan və leytenant Tural Nadir oğlu Əsgərov şəhid oldu.

 

– Sizə hadisə barədə məlumat hardan verildi?

 

– Biz hadisəni televizordan izlədik, amma dəqiq ad açıqlanmadı. Bizə fevralın 6-sı səhər saatlarında dəqiq məlumat verildi. Günorta saatlarında Sənanı komandiri və hərbiçi yoldaşları gətirdilər və elə həmin gün dəfn etdik. Bütün qurumlardan gəldilər, hamısına təşəkkürümü bildirirəm ki, bizi bu günümüzdə yalnız buraxmadılar.

 

– Dövlət dayı, bu gün bir şəhid atası kimi siz hansı hissləri yaşayırsınız və bu barədə nə demək istəyərdiniz?

 

– Bu gün torpaqlarımızın 20 % -ni işğal edən erməni birləşmələri həmişə olduğu kimi müharibənin şərtlərinə əməl etmir. Atəşkəs elan olunmasına baxmayaraq, yenə də qarşı tərəf icazəsiz atəş açaraq bizim əzab əziyyətlə böyütdüyümüz övladlarımızı yaralayır və ya həyatlarına son qoyurlar. Onu da deyim ki, biz tək ermənilərlə yox, ermənipərəst terrorçu qüvvələrlə vuruşuruq və bu gündə övladlarımızın ölümünə onlar səbəbkardı. Onlar olmasa, erməni kimdi bizim övladlarımızı qətlə yetirə. Bu gün mənim bir  şəhid atası kimi dövlətimdən umacağım bir şey yoxdu. Bircə istəyim torpaqlarımızın düşmən tapdağından azad olmasıdır ki, buna da İnşallah nail olacağıq. Mən fəxr edirəm ki, oğlum vətən yolunda şəhid oldu! Vətən sağ olsun!

 Şəhid atası Əlizadə Dövlət: “Vətən sağ olsun!” - EKSKLÜZİV 

 

 

Biz Sənanla bağlı anası Yenigül anayla da danışmaq istədik, lakin özünü yaxşı hiiss etmədiyindən onunla danışa bilmədik. Yenigül anaya və Dövlət ataya baş sağlığı verib oradan ayrıldıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Vasif Əlihüseyn

 

KarabakhİNFO.com

 

   

20.02.2013 13:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*