Müharbə illərində mən bir şeyə qəti əmin oldum ki, qeyrətli oğullarımız hətta ölümündən sonra da düşməndən qisas alırlar. Vətən uğrunda şəhid olanlar sanki ölmür. Müqəddəs savaşda gözəgörünməz İlahi qüvvə ölümdən sonra da onlardan öz köməyini əsirgəmir. İndi sizə şahidi olduğum qeyri-adi hadisə haqqında söz açacağam. Hadisələrə heç bir əlavə etməyəcəm. Olduğu kimi siz oxuculara çatdıracam.
1993-ci ilin soyuq dekabr günlərindən biri idi. Ağdərə bölgəsində iki istiqamətdə döyüş gedirdi. Hər iki tərəfdən itkilər vardı. Döyüşlər bir qədər səngimişdi. Bir ay idi döyüş bölgəsində neytral ərazidən ermənilərin və bizim şəhidlərimizin meyitlərini dəyişmək üçün danışıqlar aparılırdı. Hər iki istiqamətdə meyit dəyişmə əmalliyatı başlanmışdı. Ortakənd deyilən ərazidə bizim bir təcili yardım maşınımız ermənilər tərəfindən vurulmuş, iki əsgərimiz şəhid olmuşdu. Onlardan biri Bəylər, təcili yardım maşınının sürücüsü, tibb bölüyünün əskəri idi. O valideyinləri ilə qərbi Azərbaycandan qaçqın düşüb Gəncədə məskunlaşmışdı. Digəri isə hərbi hospitalda santexnik vəzifəsində çalışan mənim yaxın dostum Ağdamlı Miron idi. Onların meyitlərini biz tərəfdəki erməni meyitləri ilə dəyişməliydik. Bunu etmək üçün əvvəlcə Ağdərə bölgəsində ermənilərlə danışıqlar aparmaq lazım idi. Onun üçün erməni Karlenlə əlaqə yaratmalı idik. Bu rabitə əlaqəsini mən öz üzərimə götürdüm. Karlenlə əlaqə saxladım, danışıb razılığa gəldik.Ortakənddə neytral ərazidə ermənilər tərəfindən vurulmuş təcili yardım maşınının yanında gözləyəcəyini bildirdi. Erməni Karlen sözünü bitirməmiş əlavə etdi ki; Ara türk, mənim səndən bir xahişim olacaq. Gələndə mənə bir şüşə Göy-göl konyakı, biraz da nəşə gətir.
Mən istər-istəməz Karlenlə razılaşmalı oldum. Onun istəklərindən birini əldə etmək üçün Tərtər rayonuna yola düşdüm. Göy-göl kanyakını alıb, Ağdərəyə qayıtdım. Qaldı ki, nəşəni əldə etmək asan idi. Erməni meyitlərinin hansının cibinə baxsaydın, mütləq nəşə tapardın. Bir də ki, ermənilər Ağdərə rayonunun “Sıx meşə” ərazisində xeyli çətənə əkmişdilər. Hələ bəzi yerlərdə çoxlu xaşxaş kollarına da rast gəlmək olurdu. Ona görə də Karlenin istəyini həll etmək asan idi. Karlenlə rabitə əlaqəsi saxladım və görüşümüzün vaxtını təyin etdim. Mən mütləq bu barədə hərbi hissənin komandirinə məlumat verməliydim. Ona görə də hospitalın komandiri Qurban Camaloviçin yanına gedib məsələni ona olduğu kimi söylədim. Təcili tibbi yardım maşını lazım olduğunu bildirdim. Həmin vaxtlar hərbi hospitala kömək üçün mülku xəstəxanalardan təcili yardım maşınları göndərilirdi. Qurban Camaloviç əməliyyatın həyata keçirilməsi üçün mənə maşın ayırılması haqqında göstəriş verib mənə uğurlar arzuladı. Mən təcili yardım maşını ilə neytral əraziyə yola düşdüm. Axırıncı keçid məntəqəsində dayanıb əsgərlərimizlə vidalaşmalıydım. Riskə getməyimdən, ehtiyatlanan dostlarım İslam, Vaqif, Zakir, Adil, Bayram, Yaqub, Hümbət, Eldəniz, Pəhlivan, Arif, İradə xanım dönə-dönə mənə ehtiyatlı olmağımı tövsiyə etdilər:”Əli bəy, Ermənilər namərddirlər, səni əsir götürə bilərlər, ehtiyatlı ol.”
Bu zaman hərbi polisin rəis müavini, Mahir Əkbərov hərbi polisə məxsus UAZ markalı maşınla keçid məntəqəsinə yaxınlaşdı. Mənimlə görüşüb, elə onunla da keçirəcəyim əməliyyat haqqında söhbət edirdim ki, erməni Karlen məni bu an rabitə ilə çağırdı. Mən ona erməni dilində gəlirəm deyə-cavab verdim.
Mahir müəllim hərbi polis olmağına baxmayaraq dəfələrlə erməni ərazisindən yaralı və şəhid gətirib, hərbi hospitala çatdırıb. O bu yolun nə qədər təhlükəli olduğunu yaxşı bilirdi.Ona görə də bu yolda ehtiyyatlı olmağım barədə bilgilər verdi və mənə uğurlar arzuladı. Gözləyəcəyini də əlavə etdi. Mahir müəllimlə görüşüb, keçid məntəqəsini piyada keçdim. 200 metr neytral əraziyə tərəf getmişdim ki, üç tərəfdən Karlen və onun əsgərləri 150 metrdən mənə tərəf gəlməyə başladılar. Həmişə olduğu kimi, bu dəfə də silahsız görüşdük. Neytral ərazidə bizim əsgərlər tərəfindən öldürülmüş çoxlu erməni meyiti gördüm. Təqribən 40-45 meyit olardı. Mən bunların bəzilərinin ciblərinə baxmışdım. Yuxarıda qeyd etdiyim kimi erməni meyitlərindən nəşə tapmaq asan məsələ idi. Meyitlərin birindən üç kibrit qutusu nəşə götürə bilmişdim. Nəhayət ki, mən Karlenə tərəf yaxınlaşdım. O, salamsız-kəlamsız mənə dedi:
-Ara, türk, dediyimi gətirdinmi?
-Gətirmişəm, deyə, cavab verdim.
Əlimi ani olaraq qoynuma saldım. Konyak şüşəsindən tutmuşdum ki, erməni Karlen yanındakı əsgərlərə qışqırdı:
-Yerə uzanın!
Onların hər üçü qarın üstünə uzandılar. Mən onların bu hərəkətinə mat-məttəl qalmışdım. Konyak şüşəsini qoynumdan çıxartdım. Erməni Karlenə dedim:
-Ara niyə uzanmısınız? mən sizə kanyaq verirəm, qunbara atmıram.
Erməni Karlen və iki əsgər uzandıqları yerdən ayağa qalxdılar. Karlen əlimdəki konyak şüşəsini görən kimi, dərindən köks ötürdü və mənə dedi:
-Ara, sən az qala bizi öldürmüşdün. Mən elə bildim ki, sən əlini qoynuna atanda, əl qumbarasını çıxaracaqsan. Ona görə də qorxdum.
Mən ona dedim:
-Bizdə namərdlik adət deyil. İndiyə qədər dəfələrlə görüşmüşük, meyitlər dəyişmişik.
-Ara, mən nə bilim. Mənim babam mənə deyirdi ki, türkün yaxşısı yoxdur.Türklərə inanma, etibar eləmə. Türk erməni millətinin düşmənidir
-Karlen, uzun danışma, gəl meyitləri dəyişək. Sənin o baban durur, yoxsa ölüb
-Ölüb.
-Ölüb demə, de ki, mənim babam gəbərib. Elə bu zülmü bizə verən, sənin baban kimiləri deyilmi?
-Ara, mən nə bilim, mən türklərdən narazı deyiləm. Gətirdiyin o konyakdan biraz iç, sonra mən içərəm. Mən də sənə Ararat konyakı verəcəm.
O, konyakı çıxarana qədər mən Göy-göl konyakından biraz içmişdim ki, Erməni Karlen əlimdən konyak şüşəsini aldı. Öz gətirdiyi konyakdan bir az içib mənə uzatdı və dedi:
-İndi arxayın içə bilərsən. O, Göy-göl konyakını acgözlüklə başına çəkib içdi və qurtardı. Konyak şüşəsinin arxasından öpdü dedi:
-Ey gözəl konyak, bal dadırsan. Heyif ötən günlərdən….
Mən dilləndim:
-Karlen, ötən günlərin qədrini bilsəydiniz aləmi belə qan gölünə döndərməzdiniz.
Erməni mənim bu sözlərimdən bərk əsəbləşdi:
-Siz də bizim torpaqları davasız – şavasız özümüzə qaytarsaydınız……
-Karlen, unutma ki, bura mənim vətənim, bu torpaqlar da bizim azərbaycanlılarındır. Bu cəfəng fikirləri sizin başınıza dolduranlar tarixin lənətini qazanmış şeytan törəmələridir. Vaxt gələcək tökdüyünüz qanları sizlərə öz gələcək nəsliniz belə bağışlamayacaq.
Karlen mənim bu sözlərimin qarşısında nədənsə heç bir söz demədi, sadəcə əlini mənə uzadıb qəribə boğunuq bir səslə dedi:
-Ararat konyakının dadına bax.
Mən konyakdan bir qurtum aldım və udmadan yerə tüpürdüm.
-Tüpür, tüpür, bizim konyak Göy-göl konyakı deyil ki – deyə, Karlen əlini mənə uzatdı və biraz da gətirdiyin nəşədən ver çəkim hallanım.
Mən nəşə dolu 3 kibrit qutusunu ona uzatdım.O, ayaq üstə kibrit qutusunun birini Kazbekə doldurub çəkməyə başladı və mənə uzatdı. Ancaq mən nəşə çəkməkdən imtina etdim və dedim:
-O mənlik deyil.
Karlen nəşədən bir neçə qullab alıb, qalanını yanındakı əsgərlərə ötürdü. Bayaqdan qarın üstündə büzüşən əsgərlərin üzünə sanki gün doğdu.
Karlen mənə tərəf dönüb dedi.
-Ara, türk sizin burda iki meyiddən əlavə bir meyitiniz də var. Amma, o meyit yuxarıda, orada yatıb.
Lağ edib güldü:
-Gedim onu durğuzum. – deyib
Karlen yuxarıya doğru yollandı. Mən erməni meyitini gətirmək üçün geri döndüm. İki erməni meyitinin üzərindən silahları götürüb nişan qoyduğum yerdə saxladım. Qarın üstü ilə bu meyitləri bir-bir çəkib Karlenin əsgərlərinə yaxınlaşdırdım. Erməni əsgərləri təcili yardım maşınında olan azərbaycanlı döyüşçülərinin meyitlərini mənə tərəf gətirdilər. Bu vaxt erməni əsgərləri nəhayət ki, mənə yaxınlaşdılar. Təngənəfəs olan erməni əsgərləri biri iki avtomat silahı boynundan çıxarıb yerə uzatdı və Karlenin arxasınca söyüşlər etməyə başladılar Mən soruşdum.:
– Niyə söyürsünüz, Karlenə?
Onlar dedilər ki, niyə də söyməyək, ara türk, əziyyəti biz çəkirik xeyrini onlar görür. Ara Karlenə ölmüş türk əsgərlərinin silahlarını gətirib veririk, onlar da götürüb hardasa aparıb satırlar. Hələ Karlendən başqa bir zabit də var. Onun adı Aşotdu. Onunla birlikdə silahları satıb, içkiyə verir, rus və erməni qızları ilə əyyaşlıq edirlər.
Mən onlarla danışa–danışa arada Karlenin getdiyi tərəfə baxırdım. O bizim əsgərə yaxınlaşdı, əvvəl meyitin başına bir neçə təpik vurub, içdiyi konyakın təsirindənmi, yoxsa nəşənin kefindənmi hərdənbir yıxılırdı.
Mən erməni əsgərlərinə tərəf dönüb soruşdum:
– Ara, siz bu meyitlərinizin hamısını niyə aparmırsınız?
Erməni əsgəri cavab verdi:
–Ermənistana ölü yox, diri əsgərlər lazımdır. Çünki zabitlər ölüləri diri kimi qələmə verirlər. Onların adlarına gələn ərzağı və pulları mənimsəyə bilirlər. Bizim zabitlər ölülərdən də pul qazanmağin yolunu tapıblar. Onların nə vecinə ki, kim harada öldü qaldı.
Əsgər sözünü bitirməmiş uzaqdan Karlenin qışqırıq səsi gəldi:
– O, türkə deyin ki, gedib bir erməni meyidi də gətirsin.
Onun dediklərini eşitdim və başa düşdüm. Mən geriyə dönüb erməni meyidi gətirmək üçün təzəcə yerimdən 10-15 metr irəliləmişdim ki, iki, üç güllə səsi eşitdim. Bu atəş səsləri qəflətən olduğundan, qarın üzərinə uzandım. Sağa, sola baxıb atəşin hansı tərəfdən açıldığını anlamağa çalışdım. Başımı qaldırıb sağ tərəfə baxdım. Karlenə tərəf iri addımlarla irərləyən erməni əsgərlərini gördüm. Onların arxasıyca xeyli baxdım. Nəhayət onlar Karlenin yanında dayandılar. Bir azdan erməni əsgərlərinin hər ikisi mənə tərəf baxaraq əl eyləyib çağırdılar. Mən hələ nə baş verdiyindən xəbərdar deyildim. Karlen nədənsə arxası üstə yerdə hərəkətsiz uzanmışdı. Mən yerimdən qalxıb erməni meyidi gətirmək üçün geriyə deyil, onlara tərəf getməyə başladım. Çünki onlar özləri də nədənsə yerə uzanmış Karlenin başı üzərində dayanmışdılar. Mən gəlib onlara yaxınlaşdım.Hər ikisinin üzündə çaşqınlıq ifadəsi var idi. Nə baş verdiyini soruşanda onlardan biri dili tutar – tutmaz Karlen ölüb dedi. Mən əyilib Karlenin yarasına baxdım. Sinəsində yan-yana üç güllə yarası var idi.Karlen ölmüşdü.
Əsgərlərdən biri deyinirdi:
–Bu türk Karleni öldürdü.
Əvvəl erməni əsgərinin dediyinə təccübləndim.
Sən demə Karlen ölmüş azərbaycanlı əsgərin əlindəki avtomatı almağa çalışan zaman avtomatın qundağından deyil, lüləsindən yapışıb avtomatı özünə doğru çəkir. Şəhid əsgərimizin əlindəki avtomat açılmış, Karleni cəhənnəmə vasil etmişdi. Bu möcüzə qarşısında donub qalmışdım. Elə bu vaxt ermənilər tərəfdən bir nəfər də nə baş verdiyini öyrənmək üçün əlindəki ağ parça bağlanımş çubuğu yelləyə-yelləyə uzaqdan bizə yaxınlaşırdı. O, gəlib bizə çatan kimi nə baş verdiyini soruşdu. Yanımızda olan erməni əsgərlərindən biri ona hadisəni danışdı. Barmağı hələ də tətikdə olan şəhid əsgərimizi göstərdi. Şəhidin üzünə diqqətlə baxan erməni qəfildən nə isə xatırlamış kimi dilləndi:
–Bu türkün üzünü mənə tərəf çevirin diqqətlə baxım.
Erməni əsgərinin murdar əlinin şəhidimizə toxunmaması üçün mən tələsik əyilib əsgərin hər yerinə baxdım və onun avtomatında donmuş barmağını zorla tətikdən araladım. Sanki ölmüş yox, diri adamdan silahı zorla almış kimi zənn etdim. Elə təsəvvür etdim ki, bu əsgər mənə kömək çıxacaqdı. Hər tərəfinə baxdım. Onun heç bir yerində güllə yarası yox idi. Sifətini çevirib erməniyə göstərdim. Gələn erməni əyilərək onun sifətinə və əlindəki avtomatın qundağına baxdı. Qundaqda erməni dilində “Armen” sözü yazılmışdı. O, yazını oxuyan kimi dilləndi: Bu türkün dizdən aşağı ayaqlarına baxın. Təpik yerləri olsa onda bu həmin əsgərlərdən biridir, – deyə, göstəriş verdi.
Mən yenidən əyilərək əsgərimizin üstündəki didilmiş, cırılmış şalvarın balağını çətinliklə də olsa dizlərinə qədər çəkdim və gördüyüm dəhşətdən gözlərim böyüdü. Əsgərimizin hər iki ayağı əsgər çəkmələri ilə vurulmuş, işkəncələrə məruz qalaraq çoxsaylı zərbələrdən gömgöy göyərmiş, bəzi hissələri isə qap-qara qaralmışdı.
-Hirsindən zəncir çeynəyən erməni. Bu həmin əsgərlərdən biridir. O, bizim poliqonda beş nəfərlə birlikdə iki ay idi ki, əsir idilər. Üç gündür ki, onlar növbədə duran üç əsgərimizi öldürüb, avtomatını da götürüb qaçmışdılar. – dedi;
Bu sözləri deyən erməni əlləri ilə başını tutub, hirsli halda mənə baxıb dedi: Ara türk, mən səni belə buraxa bilmərəm. Bu Karleni alırsan kürəyinə bizimlə birlikdə gedirik bizimkilərin yanına orda deyirsən ki, Karlenin ölümünə səbəb mən olmuşam. Guya, Karlen türk meyidlərinin birindən avtomat götürmüşdü avtomatı yoxlamaq üçün sənə verib. Sən də avtomatın qoruyucusunu yoxlayan zaman avtomatdan açılan atəş Karlenə dəyib.
– Karlenin ölümünə səbəb mənəm. Sən bunu desən bizim canımız qurtular. Yoxsa, qalxıb qarnını yırtıb yerinə daş dolduracam:
-deyə üstümə bərk bağırdı və əlavə etdi ki, sənə 3 dəqiqə vaxt verirəm.
O, erməni əsgərlərinə dedi;
–Mənə bir siqaret yandırın, başım çatlayır.
Elə həmin an əsgərlərdən biri dilləndi;
– Komandir bu türk – Karlenə 3 kibrit kutusu narkotik gətirmişdi, birini Karlenlə birlikdə çəkdik. Onun cibində 2 qutu da olmalıdı icazə ver onu götürüm doldurum,birini çək, başının ağrısını sakitləşdirsin.
Aşotun gözləri güldü. Mənə baxıb dedi:
– Bu türkün belə yaxşı işləri də var? Halal olsun sənə türk. Sən yaxşı oğlansan, çox heyif ki, türksən. Ara əsgər, doldur çəkim.
Bu əskərlər ölmüş erməni Karlenin ciblərini axtarıb kibrit qutularını tapdılar tələm -tələsik Kazbek qutusunu çıxarıb yanındakı əsgərə verib dedi, saxla. Qoy əllərimı qızışdırım, sonra yaxşıca doldura bilim. Mən ayaq üstdə dayanıb bunların hərəkətlərinə baxırdım. Nəhayət ki, erməni əsgəri Kazbeki doldurub qurtardı. Buyur komandir. O, siqareti dodağına qoyan kimi dedi;
-Ara, yandır papirosumu.
Əsgər kibrit dənəsini bir neçə dəfə yandırmaq isdəsə də yandıra bilmədi. Aşot hirislənib, kibriti əsgərdən aldı. Özü də bir iki dəfə yandıra bilmədi, sonra yandırdı və dedi:
–Andıra qalmış kibrit nəmdi.
Aşot bu siqareti elə somurudu ki, tüstüsünün haradan çıxdığını görə bilmirdim. Elə bilki, bu adamın ciyəri yanırmış kimi dalbadal somururdu. Aradan 10-1 dəqiqə keçmişdi ki, birdən Aşot dayanıb dedi:
-Ara, türk, mənə tərəf bax, deyəsən gətirdiyinin təsiri güclüdür. Bunu haradan almısan? Mənə düzünü desən yaxşı olar.
Boğazım qurumuşdu, cavab verə bilmirdim. Özümü ələ aldım, var gücümü toplayıb əyilib yerdən biraz qar götürüb yedim, boğazım yaşlandı. Aşot qəzəblənib qışqırdı:
– Ara türk, dillənsənə! Durub səni gəbərdəcəm.
Handan hana dilləndim:
– Aşot mən bu narkotikləri sizin ölmüş əskərlərin ciblərindən götürmüşəm.
Erməni Aşot qəhqəhə çəkib güldü. Mən belə də bilirdim ki, yaxşı şey yalnız biz ermənilərdə ola bilər. Türk nə qanır narkotik nədir. Siqaretini çəkməyə davam etdi. Məni isə dərd götürmüşdü ki, bu erməni meyitini mənim belimə yükləyəcəklər və aparmağa məcbur edəcəklər. Bu barədə başımda plan hazırlayırdım ki, bunların hansını necə vurum. Belə hal birinci dəfə olduğundan biraz çətinə düşmüşdüm. Birdən Aşot əsgərlərinə tərəf baxıb gülə-gülə dedi:
–Mənim qoçularım, sizcə bu türkü aparsaq yaxşı olar, yoxsa aparmasaq?
Əsgərlərdən biri dilləndi.
– Komandir, mən bu türkü 8 aydır ki, tanıyıram. Bu rəhmətdik Karlen həmişə bu türkü tərifləyirdi. Deyirdi ki, bu çox qoçaq oğlandır. Bu olmasa bizə lazım olan erməni meyitini götürə bilmərik. Amma yenə də qərar sizindir.
Aşot bir anlıq fikirləşib dedi:
– Düz deyirsiniz, bu türk bizə lazım olacaq. Ara, türk, sən Kareni yaxından tanıyırdın? O, öləsi oğlan deyildi. Bizim yaxşı oğlanlar öldülər. Mən də bilmirəm bu ölümlər kimə lazımdır?
Başını bulayıb erməni əsgərlərinə dedi:
-Orda komandirlərə deyərsiniz ki, türklər snayperlə Karleni vurdular.
-Oldu komandir,
-Baş üstə – deyib, meyitlərini götürüb uzaqlaşdılar. Mən hər üç şəhidimizi neytral sahədən ərazimizə keçirə bildim. Yoldaşlarım da gəlib mənə çatdılar. Onu da qeyd edim ki, şəhidlərimizin silahlarını ermənilər götürdülər. Mirona silahı mən təhvil vermişdim. Mən hospitala məxsus silahlara baxırdım. Bu AK – 74- 4636713 nömrəli silah hospitalda Mirona məxsus idi. Ermənilər tərəfindən götürülmüşdü. Düz bir aydan sonra döyüş bölgəsinə getmişdim. Orada Erməni meyidinin üzərindən Mirona məxsus avtomat silahı tapdım. Gətirib hərbi hissənin komandiri Qurban Camalova göstərib sənədləşdirib, hərbi hissənin silah anbarına təhvil verdim. Erməni əsirliyindən qaçdıqdan sonra işgəncələrdən zəifləmiş bədəni donaraq ölən, amma ölüsü belə düşməndən qisas alan bu əsgərin tarixçəsini danışsam da onun kimliyini müəyyən etmək üçün xeyli zaman keçdi. Mən ərazimizə keçirdiyim hər şəhid əsgərimizin foto şəklini çəkib əbədiləşdirməyə çalışmışam. Çünki gələcək nəsil onları tanımalı, unutmamalıdırlar. Bu şəhid eloğlumuz Quba rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış 1973-cü il təvəllüdlü A. Həsənovdur Tərtər bölgəsində N saylı hərbi hissədə qulluq etmiş və döyüş tapşırığını yerinə yetirərəkən əsir düşmüşdür. Hal-hazırda doğma torpağı olan Quba rayonunda Şəhidlər xiyabanında uyuyan bu vətən oğlunun ruhu qarşısında baş əyirəm və Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Ən uca məqama şəhidlik zirvəsinə qovuşmaq Allahın bir lütfüdür ki, müqəddəs Allah onu yalnız xoşbəxt insanlara bəxş edir.
Əlövsət Qasımov
“KarabakhİNFO.com”