Azərbaycanca

Şəhid Etibar Əliyevin həyat yolu haqqında xanımı danışır

16.03.2013 | 12:15

1363421513_mansetna2Etibarlı sevgi

 

–                     Ana, niyə mənim adım Əliyev Etibar Etibar oğludu?  Atamın da Etibardı, mənim də?

–                     …

–                     Sinifdəki uşaqların adları atalarının adı ilə eyni deyil axı…

–                     

–                     Heç atam da gəlmədi. Bəs deyirdin sən məktəbə gedəndə gələcək?

–                     

–                     Anaaa…

O, illərdi bu sualın ona veriləcəyini gözləyirdi. Gec-tez cavabını söyləməliydi. Amma necə? Altı ildə bircə dəfə də olsun balasını adı ilə çağırmamışdı. Çağıra bilməmişdi. Baxmayaraq ki, həmin ad da, yarımçıq sevgisi də artıq daha böyük sevgi, övlad sevgisində kök atmışdı. Amma o sevgini unutdura bilməmişdi. O sevgini ki, bir vaxtlar dillər əzbəri olmuşdu.

Deyirlər müharibədə məhəbbət də, nifrət də iştirak edir. Düşmən üzərinə hücum edənlər həm də sevgi ilə silahlanırlar. Vətən sevgisi ilə. Amma müharibədə sevgilər də həlak olur. Bu dəfə Şəhid Əliyev Etibar İslam oğlunun sevgisindən yazmaq istədik. Bizə onun həyat yolunu qələmə almaqda köməklik göstərən isə onunla cəmi bir il birgə həyat sürdüyü xanımı Qətibə Əliyeva oldu.

Əliyev Etibar İslam oğlu 1966-cı ildə Cəbrayıl rayonunda anadan olub. Hərbi xidmətini Almaniyada başa vurduqdan sonra Cəbrayıl rayonunda bankda çalışıb. Müharibə başlayandan könüllü olaraq döyüşə yollanıb.

Həyat yoldaşı Qətibə Əliyevanın dediklərindən: “Mən onu 1992-ci ildə tanımışam və elə həmin ilin avqust ayının 15-də evləndik (düz bir il sonra avqustun 15-i Etibar ömrünün ən xoşbəxt gününün ildönümündə şəhid olacaqdı N.Q.). Biz ailə quranda o könüllü olaraq döyüşə gedirdi. Cəbrayıl rayon bankında işləyirdi. Gecə növbəsində olurdu, səhər açılan kimi də döyüşə gedirdi. Hərdən mən narazılıq edirdim, dəfələrlə olurdu ki, səhər açılan kimi onun iş yerinə gedirdim, görürdüm  artıq geyinib döyüşə getməyə hazırlaşır.  1992-ci ilin aprel ayında isə həqiqi hərbi xidmətə çağırdılar, ondan sonra isə mütəmadi olaraq döyüşlərdə idi. Daha çox elə CəbrayılIn kəndlərində döyüşürdü, Daşbaşı yüksəkliyinin müdafiəsində olub, hansı ki, elə orada da şəhid oldu. O, topçu idi deyə, yüksəkliklərin qorunması üçün onun iştirakı vacib idi. 1992-ci il döyüşlərin qızğın  getdiyi bir vaxt idi, o zaman Etibar elə olurdu ki,  günlərlə evə gəlmirdi. Qazanzəmi kəndində döyüşlər gedəndə bir aydan artıq evə gəlmədi. Gələndə də dedi ki, mənim yerimi dəyişiblər, top komandiriyəm daha evə tez-tez gələ bilməyəcəm”.

Hara gedirdisə, hansı döyüşdə iştirak edirdisə, hamı onun qəhrəmanlığından söz açırdı. Döyüş yoldaşları Etibarın silah-sursat dolu yeşiyi qayanın başına tək çıxarmasından, topu necə cəldliklə idarə etməsindən ağızdolusu danışırdılar . Hamı həm də onların sevgisindən danışırdı…

 

Şəhid Etibar Əliyevin həyat yolu haqqında xanımı danışırToyunun ildönümündə cənazəsi gəldi

 

… Cəbhəyə yollanan avtobus yerindən tərpənmək üzrədir. Amma o hələ də ayrılmaq istəmir. Ailəli döyüşçüləri hamının gözü önündə xanımlarının yola salması rayon yerində birmənalı qarşılanmasa da, o, avtobusa minənədək Etibardan ayrılmırdı. Avtobus gözdən itənədək arxasınca baxırdı. Hətta bir çoxları həyəcanla deyirdi ki, Allah eləməsin ki, bu oğlanın başına bir iş gələ, yoxsa…

“Həmin gecəni səhər saatlarına qədər yatmadı. Bağı, bostanı suladı, həyətdəki bəzi görülməli işləri gördü. Səhərə yaxın yatağına uzandı. Nə vaxt ayıldım, gördüm gözünü zilləyib üzümə baxır, gözünü çəkmirdi. Özü də elə bil nəsə hiss etmişdi. Mən də qəribə olmuşdum. Hazır idim sanki, bilirdim ki, artıq bu onun sonuncu gəlişidi. Səhərə yaxın yatdı. Demişdi məni tez oyadarsan, mən oyatmadım ki, heç olmasa bir gün istirahət etsin. Yuxudan duran kimi gördü ki, gecikib, uşaqlara çata bilməyəcək, maşınla getdi. Sonuncu gedişi heç vaxt yadımdan çıxmaz. Elə bil ürəyimdən nəsə qırılıb düşdü. Bəlkə də elə ürəyim idi… Bu iyirmi ildə onun haqqında ən çox fikirləşdiyim o məqam olub. Həmişə də öz-özümə sual verirəm ki, necə ola bilər ki, mən bu hissi yaşadım, amma onu saxlaya bilmədim.  Onu həmişə arxayınlıqla yola salırdım və sağ-salamat qayıdırdı. Amma sonuncu dəfə elə ürəksiz idim. İndi də özümü qınayıram ki, kaş həmin gün onu saxlaya biləydim…

Axşama qədər döyüş getdi. Evimiz döyüş gedən əraziyə yaxın idi eşidirdik. Atəş səsləri bütün gecəni də kəsmədi. Səhərə yaxın səslər kəsildi. Məlum oldu ki, bir gecədə 19 nəfər döyüşçü şəhid olub. Biz tərəfdən döyüşən 20 nəfərdən cəmi biri sağ qalmışdı, onun da dili batmışdı, bir müddət danışa bilmədi. Sonra elə ondan öyrəndik ki, həmin döyüşdə ən sonda ölən Etibar olub. Sağ qalan döyüşçü deyirdi ona “səngərdən çıxma” deyə qışqırsam da faydası olmadı. Əvvəl ayağından vurublar. Görünür xeyli sürünübmüş, paltarına tikan, quru ot yapışmışdı. Sonra boğazından vurmuşdular. Onun meyitini bir az uzaqdan tapmışdılar. Ermənilər digər döyüşçülərin cəsədini isə üst-üstə yığıb bağlamışdı.  Xəstəxanada o qədər meyit var idi ki, Etibarı çətinliklə tapmışdılar. Gecə səngərdə soyuq olurdu deyə, yay olsa da formanın altından qalın jaket geyinirdi. Jaketindən tanımışdılar…

Avqustun 15-i toyumuzun 1 ilinin tamamında cənazəsi gəldi. Sonra olanlardan isə xəbərim yoxdu. Heç nə xatırlamıram. Amma yadımdadı ki, dəfnindən bir gün sonra onun qəbri üstünə getdik. İlk və son gedişim oldu. Ermənilər rayonun bir hissəsini artıq işğal etmişdilər. Elə həmin gün evimizi tərk etdik. Məzarından da uzaq düşdüm…”

 

Şəhid Etibar Əliyevin həyat yolu haqqında xanımı danışır“Bütün olanlarımı verərdim, təki o bircə günlük gələydi”

 

Dəfələrlə intihar etmək istəyir. Imkan vermirlər. Gözdən qoymurlar.  Onun bu hərəkətinin qarşısını dadını təzəcə hiss etməyə başladığı övlad sevgisinin işartıları da kəsə bilmirdi. Günlər keçdikcə Etibarın son arzusunu xatırlayır və elə bu arzusuna sığınaraq “yaşamalıyam, yaşatmalıyam” deyir Qətibə.

Zaman onu bir Etibarından uzaqlaşdırdıqca, digərinin yaranışına yaxınlaşdırırdı.  Hələ dünyaya gəlməyinə 6 ay var idi: “Etibar çox sevinmişdi bu xəbərə. Bir az da gec olmuşdu deyə səbirsizliklə gözləyirdi. Məni sanki hazırlayırmış kimi deyirdi əgər başıma bir iş gəlsə, övladımı heç kəsə arxayın olma. Üstündə həmişə bir dənə ehtiyat güllə saxlayırdı ki, əsir düşsəm özümü öldürəcəm. Mən də soruşdum ki, sənə nəsə olsa mən nəyə gərəyəm ki? Dedi sən mənim övladıma görə yaşamalısan. Tez-tez deyirdi ki, sənə həmişə inanmışam, güvənmişəm, bilirəm ki, sən mənim övladımı istədiyimiz kimi böyüdəcəksən”.

Etibarın son arzusu Qətibə xanımın sonrakı taleyini də həll etmiş olur. 19 yaşından ağır həyatının çətinliklərinə çiynlərini dayaq verərək olacaqları gözləyir. Atacağı bütün addımlarının kökündə isə Etibarın arzusunu yerinə yetirmək dayanırdı. Hələ dünyaya gəlməmiş körpəsini necə böyüdəcəyini düşünürdü.

“1994-cü il fevralın 5-i qarlı bir gündə oğlum dünyaya gəldi. Xəstəxanaya qaynım və əmisi oğlu gəlmişdi. Palatadakı xəstələrdən biri məndən soruşdu ki, həyətdə gözləyən yoldaşındı? Dedim mənim yoldaşım şəhid olub. Amma sonra dediyimə peşman oldum. Çünki, həmin vaxtlarda onu o qədər yaxında hiss edirdim ki, elə bil dediyim sözdən ayıldım.

Sonra isə qərara gəldim ki, Etibarın adını oğluna verməklə həm də onun adını yaşatmış olaram. Belə də etdim. Elə hey fikirləşirdim ki, görəsən onu atasının adına layiq böyüdə biləcəyəmmi? Ona süd verəndə də bu fikirlər  yadımdan çıxmırdı, həmin dəqiqə elə bil uşaq nə düşündüyümü hiss edirdi üzümə baxıb köks ötürürdü. Qaynanam deyirdi  yenə nə fikirləşirsən ki, uşaq köks ötürür?”

Gecə-gündüz işlədim, çalışdım, onu istədiyim kimi, sağlam övlad kimi böyütdüm, təhsil verdim, bir valideyn olaraq xeyir işini etdim. Məncə Etibar da oğlunu elə bu cür görmək istəyərdi. Oğlum mənim fəxrimdi, qürurumdu. Etibarda nəyi görmək istəyirdimsə, onu da gördüm. İndi mənim ev-eşiyim, işim, özümə görə normal yaşayışım var. Amma bütün olanlarımı verərdim, təki o bircə günlük dönə biləydi…

Bir il birgə yaşadım onunla, o da gözləyə-gəzləyə. Elə ondan sonra da ömür boyu onu gözlədim. Həmişə elə bilmişəm ki, hardasa bir gün gələcək. İki dəfə isə onun hökmən gələcəyinə inanmışam. Bir dəfə Etibar dünyaya gələndə, bir dəfə də onun toyunu edəndə… Toy bitənədək gözüm axtardı. Fikirləşirdim ki, harada olur-olsun toyun sonunadək özünü çatdıracaq.

Elə bilirdim ki, həmin günlərdə o hökmən qayıdacaq. Qayıtmalıdı…

 

Şəhid Etibar Əliyevin həyat yolu haqqında xanımı danışır“Qəhrəmanlığına qiymət verilmədi”

 

“Onun şəhidliyi hamımız üçün fəxrdi, amma ona qiymət verilməməsi, mənə təsir edir. Etibarın işi-gücü, ailəsi, normal yaşayışı var idi. Özü könüllü olaraq hər şeyindən imtina edib döyüşə getmişdi. Amma ölümündən sonra onun qəhrəmanlığına qiymət  verilmədi. Heç olmasa rayon səviyyəsində doğum günündə, yaxud şəhid olduğu gündə hansısa tədbir keçirib, xatırlaya bilərdilər.

Bu yaxınlarda eşitdim ki, Biləsuvar rayonunda 4 saylı qəsəbədə Cəbrayıl rayonundan olan şəhidlərin xatirəsinə “Şəhidlər” abidə kompleksi tikilib. Kompleksdə Qarabağ müharibəsində şəhid olmuş 392 cəbrayıllının şəkli mərmər lövhəyə köçürülüb. Xəbər tutan kimi getdik ora. Etibarın da şəkli var orada. Təsəvvür edin, uzaqdan görən kimi onu tanıdım dörd yüzə yaxın şəklin içindən elə bil mənə baxıb gülürdü. Ətrafımdakılara da dedim ki, görmürsüz Etibar mənə baxıb gülür. Sonra başa düşdüm ki, onun o gülüşünü görən təkcə mənəm…”

Təxminən bir saatlıq müsahibə ərzində gözüm bu qadının üzünə baxsa da, gördüyüm başqa səhnə idi. Başına gələnləri tamlığı ilə dərk etməyən 18 yaşında gənc bir xanım dayanıb 20 il sonrakı müdrik bir qadının qarşısında sanki hesabat verir. Amma sınaqlardan alnıaçıq, üzüağ çıxdığını isbatlamağa çalışmır. Çünki yaşananlar göz önündədir. İsbata ehtiyac yoxdu. Bu Qarabağ müharibəsində həyat yoldaşını itirən oxşar taleli yüzlərlə qadından birinin keçdiyi ömür yoludu.

 

Naibə Qurbanova

KarabakhİNFO.com

 

 

 

 

16.03.2013 12:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*