Azərbaycanca

Şəhid Fərid Əhmədov haqqında film çəkilib

13.01.2014 | 14:02

1389608070_ferid_ehmedov-d0bad0bed0bfd0b8d18fFərid Əhmədov 1986 – cı il yanvarın 19 – da Cəlilabad rayonunda anadan olub. 2003 – cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008 – ci illərdə Təlim – Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008 – 2009 – cu illərdə Gəncədə zabit kimi hərbi xidmətdə olub.

2010-cu il sentyabrın 3-dən 4-ə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyidi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.

Bu Yeni il ərəfəsində  yolumuzu Fəridin doğulub boya-başa çatdığı Cəlilabad rayonunda yerləşən ata evindən saldıq. Elə rayondakı küçələrdən biri də Fəridin adını daşıyır. Oxuduğu 1 nömrəli orta məktəbdə bir yerdə şəhid olduğu həmyerlisi Əhməd Abdullayevlə birlikdə hər ikisinə abidə ucaldılıb.

Bizi Fəridin nənəsi Həvva xanım və bibisi Tahidə xanım qarşıladı. Anası Nərgiz xanım bakıda yaşayan qızına dəyməyə getdiyi üçün onunla görüşə bilmədik.

Şəhid Fərid Əhmədov haqqında film çəkilibBizim hər günümüz Fəridi ağlamaqla keçir…

 

– Bibisi Tahidə xanım bizə onları yada saldığımıza görə, təşəkkür etdi. O, “bizim elə hər günümüz Fəridi ağlamaqla keçir” – deyərək, göz yaşlarına hakim ola bilmədi. Elə biz də onları Fərid haqda danışdırıb kövrəltdiyimizə görə, üzr istədik.

Bibisi Tahidə xanım o günləri belə xatırlayır…

 

– Ailədə bir qardaş və bir bacı idilər. Atası həyətdə Fəridə təzə ev tikmişdi. 2006-cı ildə atası ürək tutmasından vəfat etdi. Atasının tikdiyi evdə yaşamaq qismət olmadı Fəridə. Fərid bizim üçün qardaşımın bircə nişanəsi idi, o da  şəhid oldu!

 Milli Qəhrəman Ramil Səfərovun tələbəsi…

– Fərid, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursant olarkən, Ramil Səfərovun dərs verdiyi qabaqcıl kursantlardan biri olub.

  

Söhbətimizə Həvva nənə də qoşulur…

 

– Axırıncı dəfə iyul ayında gəlmişdi evə. Biz heç bilməzdik ki, bu belə eləyər. Həmin vaxtı Mübariz şəhid olmuşdu. Onun cəsədi ermənilər tərəfdə qalmışdı. Gördüm telefonda nəyəsə baxır.

– Dedim : – ay Fərid, nədi o baxırsan?

– Dedi: – nənə, Mübariz budur bax, gedəcəm sağ gəlsəm özüm gətirəcəm, ya da meyidim onunla gələcək.

– Elə bildim sözdü də deyir, belə eləməz.

Gəldi evdə üç gün qaldı. Dostlarıyla Lənkərana dənizə getdi. Sən demə, bu bizimlə görüşməyə gəlibmiş. Biz heç nə bilmirdik. Dostlarına and verib ki, evdə heç nə deməsinlər. Deyib ki, gedirəm, əgər sağ qayıtsam, gəlib qurban kəsəcəm. Amma elə olmadı, Fəridin meyidinin ermənilərdən alınıb gətirilməsinə görə biz qurban kəsdik.

İki ay bu həyətdə Fəridi gözlədik…

Şəhid Fərid Əhmədov haqqında film çəkilib– İki ay bu həyətdə Fəridi gözlədik. Buraya gəlib – gedən adamların ardı-arası kəsilmirdi. İki ay biz bu həyətdə nə çəkdik, bir Allah bilir. Dodaqlarımız partlamışdı susuzluqdan. Heç nə boğazımızdan keçmirdi. Fərid özü də döyüşə gedən vaxtı oruc tutmuşdu. İbadət eləyirdi. Çox sağ olsun Prezidentimiz İlham Əliyev. O, Fəridgilin meyidini düşmən əlində qoymadı. “İgidliyə görə” ordenlə təltif elədi. Amma çox istəyərdim Fəridə də Milli Qəhrəman adı versin. Qoy onun adı əbədi yaşasın.

Fərid haqda film çəkilib…

– Bibisi Tahidə xanım bildirdi ki, noyabr ayında rayonda Fərid haqda filmin təqdimatı oldu. Bizi də dəvət etmişdilər. Filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, Fərid rolunun ifaçısı Elvin Qasımovdur. Film Fəridin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Fərid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırıldı. Fəridin anası Nərgiz xanım göstərilən diqqətə görə, yaradıcı kollektivə təşəkkürünü bildirdi. Fəridlə birlikdə şəhid olmuş Əhməd Abdullayev haqda da film çəkiləcək.

Sonda Şəhidin ailəsinə Allahdan səbr diləyib, bizim üçün çəkdikləri əziyyətə görə, təşəkkürümüzü bildirib, oradan ayrıldıq.

Vasif Əlihüseyn

 

“KarabakhİNFO.com”

– See more at: http://karabakhinfo.com/sahidler/2426-frid-haqda-film-ckilib.html#sthash.0eLbZE3k.dpuf

13.01.2014 14:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*