Azərbaycanca

Sənin baban kim olub ?

06.06.2014 | 13:40

1231685_629995827034377_1459992561_nÖtən əsrin 90-cı illərinin əvvəllərində belə bir jurnal var idi: “Sənin baban kim olub?”.

Milli-vətənpərvərlik duyğularının gücləndirilməsinə hesablanan, tarixi şəxsiyyətlərimizi, fatehlərimizi bizə tanıtmağa xidmət edən və sevdirən şəkildə yayımlanırdı. Orada Şəmsəddin Eldəniz, Nadir şah, Şah İsmayıl Xətai, Uzun Həsən və digər şanlı sərkərdə və hökmdarlarımızın şəkli və barələrində dolğun, bizi qane edəcək səviyyədə məlumatlar var idi. Lakin sonralar bu jurnalın davamı olmadı. Oldusa da başqa adla, başqa səviyyədə oldu. Daha dəqiq desək onun yerini bayağı

mövzuları əhatə edənlər tutdu. Boşluğu doldurmağa hesablanan tək-tükləri isə ya çox bezdirici səviyyədə hazırlanırdı, ya rəng, ya şəkillər, ya da birtərəfli tarixi münasibət əks olunurdu. Nə idisə dəqiq deyə bilmirəm, amma əvvəlki jurnalın yerini verə bilmədi. Onun qədər təsirli olmadı. Bilirsiniz ki, tarix mürəkkəb elmdir. Tarixi mənimsəməyi, oxumağı, dərk etməyi gənc nəsildən kor-koranə tələb etmək, onları niyə tariximizi öyrənməməkdə ittiham etmək çox asandır. Bu çətin və mürəkkəb işi onların sevməsi üçün axı yollar axtarıb tapmaq lazımdır. Keçmiş Komunist partiyasının plenum iclaslarının materiallarını xatırladan indiki əksər tarix dərsliklərini mənimsəmək həqiqətən bir yeniyetmə və gənc üçün müşkül məsələdir. Doğrudur, Azərbaycanın Yaponiyadan Malayziya və İndoneziyadan lap elə ABŞ-dan inkişaf, ərazi və əhali azlığı baxımından çox böyük fərqi ola bilər. O da doğrudur ki, bizim tarix nə ABŞ tarixi kimi 1607-ci ildə indiki Virciniya ştatında anqlo-sakson məskənlərinin salınmasından, nə Kanadanın elə həmin illərdən ingilis-fransız koloniyasına çevrilib 1867-ci ildə müstəqillik əldə etməsindən, nədə ki, Yaponiya tarixi kimi samurayların şıltaqlıqlarından və son 150 ildən etibarən çiçəklənən dövründən başlamır. Və yaxud da Malaziya və İndoneziya tarixi kimi islamın ora gəlişindən əvvəli qürub etmiş günəşin qaranlığını xatırlatmır. Azərbaycan nə az nə çox 5000 ilə yaxın dövlətçilik institutunun yarandığı bir məkandır. Azərbaycan bəşəriyyət tarixində ən vacib siyasi düyünlərin bağlanıb açıldığı, möhtəşəm dövlətlərin və imperiyaların yarandığı və yola salındığı məkanlardan biri rolunu oynamışdır. Tarixin ən möhtəşəm fatehləri olan Makedoniyalı İskəndərdən, Pompeydən, Alp Arslandan, Çingiz xandan, Əmir Teymurdan, Sultan Səlimdən, Şah İsmayıldan, Pyotrdan və nəhayət Nadir şahdan tutmuş, ən böyük ərazilərə sahib olan Midiya, Əhəminlər, Hun imperiyası, Xəzər xaqanlığı, Ərəb xilafəti, Səlcuq dövləti, Osmanlılar, Səfəvilər və digər dövlətlərə qədər nələr yaşamış, kimlər görmüş bu məmləkət bir Allah bilir və birdə bu torpağın hər bir dağı-daşı. Hələ nəzərə alsaq ki, bu dövlətlərin bəzilərinin ümumiyyətlə nüvəsi məhz Azərbaycanda yerləşmişdir. Bu baxımdan intriqalar, üsyanlar,qarşıdurmalar, tarixin çarxının hərəkətə gətirildiyi möhtəşəm döyüşlər, qələbələr sevinci, məğlubiyyətlər acısı bu məmləkətin keçmişinin hər anını maraqlı edir. Şübhəsiz ki, keçmişin aynası sayılan proseslərin gedişatını izləyən mütəxəssislər bu xırdalıqların hər birini öyrənməkdə və yazmaqda israrlı olur. Bəşəriyyət tarixinin başlandığı sıfır nöqtələrindən birini öyrənmək artıq tarixçilər üçün bir növ vacib məşğuliyyətə çevrilmişdir. Yəni anlayırıq və fəxr edirik ki, bizim tariximiz əksəriyyət ölkələrin keçmişindən çox maraqlı və çox zəngindir. Amma gəlin bir həqiqəti birdəfəlik anlamağa çalışaq ki, uşaqlar, yeniyetmələr və gənclər hələ mütəxəssis deyil, tarixə araşdırmaçı təfəkkürlə yanaşmırlar. Biz bu ağır tonajlı materialları onlara yüklədikcə, onlar daha çox kitablara sarılmaqdan qaçırlar. Onları qınamayaq, çünki, dərketmə çətinləşir, ağırlaşır və hətta mümkünsüzləşir. Biz tarix elmini öyrənməyin fundamentini məktəblərdən başlayırıq. Məncə bu bağçalardan başlanmalı lakin alternativ yüngül materiallardan maksimum istifadə edilməlidir ki, uşaqlar tariximizi öyrənməkdən, babalarını düzgün tanımaqdan usanmasınlar. Yəni olmazmı ki, tariximizi rahat öyrənmələri üçün uşaqların qarşısında duran bu əngəlləri aradan qaldıraq? Məncə düşünməyə dəyər… Hər bir hadisəni irihəcmli, dolaşıq formada, çətin anlaşılan səviyyədə təqdim etməkdənsə bir elm kimi tariximiz yeniyetmə nəslimizə əsas sütunları, vacib prosesləri və ən dəyərli şəxsiyyətləri ilə lakonik şəkildə öyrədilməlidir. Yalnız bu halda bir uşaqdan, yeniyetmədən, gəncdən sənin baban kim olub soruşduqda əsl vətənpərvər cavabı eşidəcəyik. Daha doğrusu, qürurlanmaq istədiyimiz sözləri eşidəcəyik. Bu arada Həzrəti Məhəmməd peyğəmbərin bir fikrini xatırlatmaq yerinə düşər. O buyurur: “Ən asan iş sevilərək edilən işdir.” Bəli, bu məntiqlə yola çıxıb tariximizi sevdirməliyik ki, işlərimiz də asan olsun !

 

Anar TURAN

“KarabakhİNFO.com” 

06.06.2014 13:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*