Azərbaycanca

Şərqdə ilk xalq cumhuriyyəti və onun qurucuları

27.05.2013 | 16:48

  1369658186_azerbaycan-bayragi-ve-gerbi-1710112009-cu ildə Rumıniyada Avropa İttifaqının maliyyə və təşkilati dəstəyi ilə baş tutan bir tədbirdə iştirak edirdik. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri ora getməyimiz və tədbirdə ölkəmizi təmsil etməyimiz üçün bizə dəstək olmuşdular. Əlimizdə Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı kifayət qədər material – bukletlər, broşürlər, kitabçalar, filmlər var idi.  Ölkəmizi təbliğ etmək üçün əlimizə çox yaxşı imkan düşmüşdü. Çünki tədbirin mahiyyəti də xalqların mədəni – tarixi irsinin təbliğinə söykəndiyindən bu, bizə bir o qədər çətinlik yaratmadı. Həvəslə və coşqu ilə ölkəmizi təmsil edirdik. Hamı maraqla Azərbaycan həqiqətləri ilə bağlı onlara verdiyimiz hədiyyələrə baxırdı. Hər kəs ölkəmizdən bəhs edən filmlərə, video-roliklərə tamaşa edirdi. İştirak edən səkkiz Avropa ölkəsinin nümayəndələrinin hər birini bir sual düşündürürdü : Zəngin tarixi və mədəni dəyərlərə sahib olan və inkişaf etməkdə olan ölkə barədə niyə az bilirik?  Lakin hamını xüsusilə təəcübləndirən və Azərbaycana sonsuz maraq oyadan başqa bir səbəb də var idi: ölkəmizin Şərqin  ilk demokratik respublikası olması. Təkcə bu faktı dilə gətirmək özü bizi nə qədər qürurlandırırdı. Çünki, bu  Azərbaycan tarixidir, Vətənimizin qızıl hərflərlə yazılmış tarixi… Düz 71 il bu tarixə ləkə salmağa çalışanlar başa düşmədilər ki, “ qızılı örtsə də qara torpaqlar, yenə də qiymətini özündə saxlar”.

Şərqdə ilk xalq cumhuriyyəti və onun qurucuları         Bəli, düz 95 il bundan əvvəl – 1918-ci ilin mayın 28-də Gürcüstanın Tiflis şəhərində o dövrün böyük ziyalıları və ictimai xadimləri sayılan  M. Ə. Rəsulzadə, F.X. Xoyski, Ə. Topçubaşov, N. Yusibbəyli, M. Y. Cəfərov, H. Ağayev, Ş. Rüstəmbəyli  və digərlərinin gərgin əməyi, tarixi cəsarəti sayəsində Şərqdə ilk demokratik üsul-idarəyə əsaslanan cumhuriyyət quruldu.

          Kim idi onlar birdən-birə dövlət yaratmaq iddiasına, eşqinə düşənlər? Bu insanların  hər birinin maraqlı tərcümeyi-halı var. Fətəli xan Xoyski, M. Ə. Rəsulzadənin, Ə. Topçubaşovun və digər cumhuriyyət liderlərinin məzarlarının bu gün məmləkətdən kənarda – qəriblikdə olması da hər şeyi bəlli edir. Onlar həyatlarını milli mübarizəyə həsr etmiş böyük insanlar idi. Böyük insanlar da ali məqsədlər uğrunda savaşmış hər zaman.  Onlar əqidələri və amalları uğrunda kiçik hisslərin qurbanı olmamış və öz nəfsani istəklərinin yerini Vətən eşqi, yurd sevgisi ilə əvəzləyə bilmiş, millət, xalq aşiqi olmağı bacarmışlar. Şübhəsiz, dövlət quran insanların taleyi həmişə kəşməkəşli olur. Necə ki, həmin ictimai-siyasi xadimlərimizin şəxsi taleyi kimi. Didərgin düşmək, təqib olunmaq, hər an ölüm təhlükəsi altında milli mübarizə aparmaq və ya ömrün ən qaynar vaxtında öldürülmək. Bunların hamısını yaşadı o kişilər. Bax buna görə də millətimiz və dövlətimiz bu gün bu insanları dəyərləndirir, onları yaşadır. Çünki, yaşayan o kəslərdir ki, onların mübarizəsində və fəaliyyətində daim səmimilik olur. Milli təəssübkeşlikdən savayı qeyri bir məqsədləri olmur.

Şərqdə ilk xalq cumhuriyyəti və onun qurucuları          AXC xalqın cumhuriyyəti idi. Öz xalqının milli şüurunu bərpa edən, ana dilini dövlət dili elan edən, mənəvi dəyərlərini qorumağı vacib bilən, inkişafa, tərəqqiyə aparan çətin yolu seçən, milli bayraq, milli himn, milli gerb kimi vacib dövlət atributlarını yaradan, vətəndaşların hüquqlarını qoruyan, onun problemlərini həll etməyi hədəf götürən ilk parlamentli respublika quran, milli ordumuzu ərsəyə gətirən, ali təhsil ocağı təsis edən, gəncləri xaricə təhsil almaq üçün göndərən, mətbuatın inkişafına yardım edən və müstəqilliyi de-fakto tanınan və de-yure tanınmağı da qarşısına məqsəd qoyan məhz Azərbaycan Xalq Cumhuriyyəti idi.

          23 ay bir millətin nələrisə əldə etməsi baxımından çox qısa bir zaman kəsiyidir. Dövlətlər var ki, onillərlə, hətta yüzillərlə mövcuddurlar lakin öz xalqlarının taleyində ciddi dönüş etməyin proqramını belə tutmurlar. Lakin AXC 95 il bundan öncə yarandığı  28 may günündən etibarən xalqın milli şüurunda dönüş yaratmağı bacardı. Öz milli kimliyini ümmət mənsubiyyəti ilə qarışdıran cəmiyyətə milli özünüdərketməyə şans verdi. AXC ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu. Bundan əvvəl, Azərbaycan adı yalnız tarixi mənbələrdən keçirdisə, indi ilk dəfə hüquqi status əldə etmişdi. Demokratik dəyərlərə söykənməsi baxımından isə dünyada nadir dövlətlərdən biri idi. AXC-nin tolerant mühitininin olması elə bundan görünürdü ki, parlamentdə tarixi düşmənimiz olan ermənilərin 21 nümayəndəsi vardı. Ruslara, yəhudilərə, gürcülərə yer ayrılmışdı. Bütün millətlər qanun qarşısında cavabdehlik daşıyırdı. AXC o zaman Şərqdə, müsəlman dünyasında ilk dövlət idi ki, qadınlara seçki hüququ verirdi. Millətimiz bütün bu nailiyyətlərin hamısına cəmi 23 ay müddətində sahib oldu. Azərbaycan Xalq Cumhuriyyətinin apardığı bütün bu islahatlar çox çətin yaşam şərtləri daxilində, ermənilərlə müharibə şəraitində, şimaldan rus, qərbdən ingilis, cənubdan İran təhlükəsi ilə qarşı-qarşıya qalaraq həyata keçirilirdi. Yəni, o müdrik insanlar, Vətən mücahidləri olan ziyalılar heç nədən çəkinməyərək gələcəyimiz üçün vacib olan qətiyyətli addımları atmağı bacardılar.

        1920-ci ilin 28 aprelində bolşevik işğalı nəticəsində min bir əziyyətlə qurulan bu dövlət yıxıldı. Nəticədə bütün qurucu dövlət xadimlərimiz Vətəndən didərgin düşdü. Baş nazir Fətəli Xan Xosyki 1920-ci ildə Tiflisdə bir erməni tərəfindən güllələnərək şəhid oldu, onun xələfi sayılan hökumət başçımız Nəsib bəy Yusifbəyli də elə həmin il qətlə yetirildi. Hansı ki, bu günə qədər harada və kim tərəfindən öldürüldüyü sirr olaraq qalır. Daxili işlər nazirimiz Behbud xan Cavanşir, parlamentin sədr müavini Həsən bəy Ağayev də həmçinin Tiflisdə erməni terrorçular tərəfindən güllələnərək şəhidliyə qovuşdular. Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Əlimərdan bəy Topşubaşov və digərləri ömürlərinin sonunadək Vətən həsrəti ilə qürbətdə mühacirət həyatı yaşamağa məcbur edildilər.

Şərqdə ilk xalq cumhuriyyəti və onun qurucuları        Cumhuriyyətimizin qurulması yolunda malını-mülkünü el malı kimi xərcləyən millət atası Hacı Zeynalabdin Tağıyevin ailəsi aclıqla baş-başa qaldı. Hər şey tari-mar oldu. Lakin təkcə bir nüans öz mövcudluğunu tərk etmədi — milli məfkurə. Bu da quruluşların gəldi-gedər olduğunun amma ideologiyanın həmişəyaşarlığının sübutu idi. 71 il sovet təbliğat maşını Azərbaycan xalqının milli məfkurəsini, mənəvi ideallarını yox etmək üçün var-gücü ilə çalışdı. Minlərlə insanımız fiziki işgəncələr və amansız qətllərlə müşayiət olunan repressiyalara məruz qaldı. Lakin milli və mənəvi məfkurə məhv olmadı. Həqiqətin həmişə nazilsə də, qırılmadığı kimi, milli dövlət qurma instinktimiz zəifləsə də, tamam yox olmadı. Çünki, vaxtında təməl atılmışdı. Xalq müstəqilliyin, azadlığın tamını dadmışdı və bu müqəddəs yaşam tərzinin ona yenidən qaytarılacağına əmin idi… Və bu layiqli gün yetişdi. 1991-ci ilin 18 oktyabrında 71 il öncə 28 may günü qurulan cumhuriyyət yenidən bərpa olundu. Azərbaycan bir kərə yüksələn bayraq bir daha enməz şüarının ölməzliyini sübut etdi. İndi artıq 22 ildir ki, müstəqilliyimizin bəhrələrini görürük. Xalqın heç bir arzusu onun azad yaşamaq hissini üstələyə bilməz. Biz artıq 95 il bundan əvvəl qazandığımız azadlığın davamını, növbəti ildönümünü yaşayırıq. “28 May”ı Azərbaycan respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün kimi hər zaman xatırlamalıyıq. Sözsüz ki, həmin gün həm də o insanlar ki, canlarını bu yolda fəda ediblər onları xatırlamalıyıq. Yadda saxlamalıyıq ki, 28 Mayda Azərbaycan Şərqin ilk demokratik əsaslara söykənən cumhuriyyəti olaraq tarixə öz möhürünü vurmuşdur. Gəlin hamılıqla belə əzəmətli günümüzü, qürurverici tariximizi xalqımızın daim yaşaması, sevinməsi üçün birgə hərəkət edək, bərabər addımlayaq. Yalnız onda üçrəngli bayrağımız başımız üzərində daima dalğalanacaqdır! Yalnız bu birliyin sayəsində !

Anar TURAN,

tədqiqatçı-jurnalist,

AMEA- Tarix İnstitutunun dissertantı,

“OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyyətinin üzvü

KarabakhİNFO.com

 

 

27.05.2013 16:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*