Azərbaycanca

“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” kitabı üç dildə təqdim olunub

15.12.2014 | 18:34

tedbir11Dekabrın 15-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimat mərasimi keçirilib. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, vəsait “Sərsəng harayı” layihəsi çərçivəsində hazırlanılıb. Azərbaycan, ingilis və fransız dillərində çap olunan kitabda Sərsəng su anbarında yarana biləcək humanitar fəlakətdən bəhs olunur. Tədbirin təşkilatçılarından olan Vəli Əlibəyov tədbirlə bağlı bunları deyib:

 

 

“3 nəfərdən ibarət yaradılan işçi qrup ekoloji fəlakətin yaşana biləcəyi Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Yevlax rayonlarında araşdırmalar aparıb və kitabdakı məlumatlar real faktlara söykənir”.

 

 

Hüquqşünas və işçi qrupunun üzvlərindən olan Nazir Quliyev isə bildirib ki, işğal altında olan Sərsəng su anbarı bir su hövzəsindən daha çox cəmiyyətə təhlükə kimi yadda qalıb. Nazir Quliyev söyləyib ki, ermənilərin su hövzəsini çirkləndirməsi nəticəsində anbarın suyundan istifadə edən bölgələrdə doğum azalıb, insanların səhhətində problemlər yaranıb: “Təmsil etdiyimiz işçi qrupu Sərsəngin cəmiyyətə vurduğu zərəri araşdırıb və su hövzəsinin qonşuluğunda yerləşən rayonlarda müxtəlif görüşlər keçirilib. Tədqiqatlar təsdiq edir ki, Ermənistanın su anbarından istifadə edərək bir sıra çirkli maddələri Sərsəng vasitəsilə axıtması insanların sağlamlığının pozulmasına gətirib çıxarıb. Su anbarının işğalçı dövlətin nəzarəti altında olması cəmiyyətin həyatına, təsərrüfatına böyük təhdidlər yaradır. Ona görə də bu fakt beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır”.

 

 

Təşkilatçilar həmçinin təhsil, səhiyyə və kənd təsərrüfatında yaranan böhrana da diqqət çəkiblər.

 

 

Arzu Səyyad
“KarabakhİNFO.com”

 

 

15.12.2014 18:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*