Azərbaycanca

Sərsəng su anbarına dair qətnamə təklifi məruzə üçün Avropa Şurasının Sosial Məsələlər Komitəsinə yönləndirilib

16.04.2014 | 17:07

1397653570_mg_0919Aprelin 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Strasburqda cənab Süleymanov və Avropanın 11 ölkəsini təmsil edən digər 27 Assambleya üzvü tərəfindən irəli sürülən “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” başlıqlı qətnamə təklifini müzakirə edib. İrəli sürülən təklifin məruzə üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə yönləndirilməsi barədə təklif Assambleya Bürosu tərəfindən yekdilliklə qəbul edilib. Qərar Büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənib.

Təklifdə Azərbaycanın 6 cəbhəyanı rayonunda (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtər) yaşayan 400.000-dən artıq Azərbaycan vətəndaşının kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi və ekoloji problemlərlə üzləşdiyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Uzun illərdir ki, təmir edilməyən, 125 metr hündürlükdə olan Sərsəng su anbarının texniki problemlərinin Azərbaycanın qeyd edilən altı rayonunda gözlənilməz və kütləvi daşqına səbəb olacağı, o cümlədən 400.000 əhalinin həyatını təhlükəyə atacağı vurğulanıb.

Bu səbəbdən AVCİYA (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) 2013-cü ilin mayında problemin həlli istiqamətində geniş layihəyə start verib. Layihənin əsas məqsədi müxtəlif beynəlxalq təşkilatlarda problem barədə məlumatlılığı artırmaq və bu təşkilatların qəbul etdiyi məruzə və qətnamələr vasitəsilə konkret qərarlara nail olmaqdı.

Azərbaycanın AŞPA-dakı Nümayəndə heyətinin üzvü kimi, Sərsəng su anbarının vəziyyəti haqda bir neçə qətnamə təklifi irəli sürmüşəm.Təklif əsasında məruzə hazırlanması ilə bağlı ilk iki cəhd təəssüf ki, uğursuzluqla nəticələndi. Təkliflər ciddi qərəz və hətta etinasızlıqla qarşılandı. Lakin Sərsəng məsələsi və həmin 400.000-dən artıq vətəndaşın dözülməz vəziyyəti mənim üçün böyük önəm kəsb etdiyindən, 2014-cü ilin martında yeni təklif irəli sürdüm.

Avropanın 11 ölkəsinin 27 deputatı tərəfindən imzalanan bu təklif ilk dəfə aprelin 6-da Strasburqda AŞPA-nın Sədarət Komitəsində müzakirə edildi. Bu dəfə Sədarət Komitəsinin məsələyə dair tam məruzə hazırlanması barədə rəyi ilə təklifə aprelin 11-də AŞPA Bürosunda baxıldı. Büro məsələnin məruzəyə hazırlanması üçün AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə yönəltmək barədə qərar verdi. Prosesdə növbəti addım kimi, mayın 12-də Kiprdə, Nikosiyada  Sosial Məsələlər Komitəsi həmin qərarı nəzərə alaraq məruzəçi təyin edəcək.

Avropa institutlarının mövqeyindən irəli gələn ikili standartları sual altına qoyaraq Rusiya ilə Ukrayna arasındakı cari böhranı nəzərə alsaq, AŞPA-nın Sərsəng su anbarının vəziyyəti barədə məruzə hazırlamaq qərarında qəti element, şübhəsiz ki, Azərbaycanın Avropaya sərt reaksiyası oldu.

Hesab edirəm ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəli qeyri-sabitlik mənbəyidir. Bu gün Qarabağ problemi Ukraynadakı böhranla eyni diqqətə layiqdi. Odur ki, beynəlxalq təşkilatlar və Avropa institutları öz qərarlarına hörmətlə yanaşmalı və qəbul etdikləri qərarları yerinə yetirməlidirlər.

Lakin beynəlxalq təşkilatlar hər vəchlə Ermənistanın müdafiəsində durur, ona havadarlıq edir. İşğala son qoyulması istiqamətində heç bir ciddi addım atmaq niyyətində deyillər. Yalnız qətnamələr qəbul etməklə kifayətlənirlər. Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən beynəlxalq qurumlar hətta işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında heç bir fərq qoymur.

Bu gün bütün qərb institutları görünməmiş sanksiyalar tətbiq edərək, hətta sanksiyaları daha da artırmaqla təhdid edərək, Rusiyanı kəskin pisləyirlər. Aprelin 10-da AŞPA Rusiyanı ilin sonuna qədər səsvermə hüququndan məhrum edərək ona assambleyanın aparıcı qurumlarında təmsil olunmağa qadağa qoydu. Belə sanksiyalar nə üçün işğalçı Ermənistana qarşı tətbiq edilmir?

Bu günə qədər Dağlıq Qarabağ genosidi ilə bağlı qəbul edilən bir neçə qətnamədən yalnız beynəlxalq institutların arxivlərini doldurmaq məqsədilə istifadə olunur. Heç bir nəticə isə əldə edilmir. Dağlıq Qarabağın qanunsuz işğalı məsələsi qaldırıldıqda və bir çox deputatlar buna etiraz etdikdə, hətta qəzəblə cavab verdikdə münasibət açıq-aydın hiss olunur.

Nəhayət ki, Sərsəng su anbarı ilə bağlı AŞPA məruzəsi və qətnaməsi vasitəsilə Azərbaycan üçün yeni bir imkan yaranıb. Əgər mövcud durumla bağlı həqiqətlər olduğu kimi məruzədə əksini taparsa və bunun həyata keçirilməsinə nail olarıqsa, bu məruzə tarixi sənədə çevrilə bilər. Ola bilsin ki, o, dərhal tarixə çevrilməsin, amma vaxtı çatanda zaman onun əhəmiyyətini sübut edəcək. Əlbəttə ki, bir milyon qaçqından savayı, işğal altında olmayan, lakin bu işğaldan əziyyət çəkən 400 000 sakinin vəziyyəti barədə konkret nümunələr əsasında məruzənin hazırlanması dərhal öz təsirini göstərəcək. Azərbaycan torpaqlarının işğal altında olması faktını yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq.

AVCİYA 2013-cü ildə Sərsəng layihəsinə start verildikdə dözülməz vəziyyətin şahidləri tərəfindən bir sıra beynəlxalq təşkilatlara minlərlə məktub göndərildi. Göndərdikləri məktubların cavabsız qalmasına məyus olanların vəziyyətini də başa düşmək olar. Təəssüflə qeyd edirəm ki, Azərbaycanda da Sərsəng məsələsinə kifayət qədər diqqət yetirilməyib.

Bu səbəbdən bütün Azərbaycan mediasını, vətəndaş cəmiyyətini, siyasi partiyaları və bütün Dünya azərbaycanlılarını Sərsəng məsələsinə yerli və beynəlxalq səviyyədə diqqət yetirilməsinə həmrəylik nümayiş göstərməyə çağırıram. Biz birlikdə dünyaya göstərməliyik ki, erməni təcavüzkarlığı təkcə bir milyon vətəndaşımızın qaçqın düşməsinə səbəb olmayıb, eyni zamanda ətraf rayonlarda məskunlaşan 400 000 sakini əzaba və təhlükəli həyat yaşamağa düçar edib.

Elxan Süleymanov

AVCİYA-nın prezidenti,

Millət vəkili

“KarabakhİNFO.com”

 

16.04.2014 17:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*