Azərbaycanca

Səttarxanın qatili Yeprem xan haqqında

02.11.2013 | 16:10

1383394079_1I Dünya müharibəsi başa çatdıqdan sonra beynəlxalq münasibətlər sistemindəki mövcud  gərginliyin aradan qaldırılması məqsədilə bir sira konfranlar təşkil edildi. Daha çox qalib dövlətlər tərəfindən düzənlənən beynəlxalq əhəmiyyətli konfranslarda əsas məqsəd dünyanın müharibədən sonrakı siyasi mənzərəsini yenidən nizama salmaq idi. 1922-ci ilin noyabrında İsveçrənin Lozanna şəhərində təşkil edilmiş sülh konfransında da bir sıra vacib məsələlərlə yanaşı Şərqi Anadoluda müstəqil erməni dövlətinin yaradılması məsələsi də konfransın gündəliyinə daxil edildi. Lakin türk nümayəndə heyətinin təzyiqləri qarşısında iri dövlətlərin erməni kartından imtina etməsi erməni diaspor təşkilatlarını daha da hiddətləndirdi.    

     Qeyd edək ki, 1922-ci ilin noyabrında İsveçrənin Lozanna  şəhərində təşkil edilmiş sülh  konfransından sonra daşnaqların ABŞ ilə Avropa dövlətlərinə bağladıqları ümidlər tamamilə puça çıxdıqdan sonra, İran erməni millətçilərinin əsas fəaliyyət meydanına çevrildi. Ararat-Erməni hökumətinin süqutundan sonra erməni millətçiləri Təbrizə üz tutaraq bu şəhəri daşnaq partiyasının ən mühüm fəaliyyət mərkəzinə çevirdilər. Onlar İran daxilində bir çox mühüm vəzifələrdə, hətta parlamentdə və orduda özlərinə mövqe tutmuş, həmçinin İranda bir çox nüfuzlu təşkilatların sayəsində buraya mühacirət etmişdilər. Məhz bu dövrdən başlayaraq icmalar şəkilində formalaşan diasporun İranda mühüm təşkilatları, milli-mədəni müəsisələri, iqtisadi və ictimai təşkilatları, erməni dilində məktəbləri, teatr binaları və qəzetləri yaranmağa başladı. Qeyd etmək lazımdır ki, hər il daşnaq partiyasının Təbrizdə müntəzəm qurultayı çağırılmış və həmin qurultaylarda Avropa və Qafqazda yaşayan millətçi erməni nümayəndələri yaxından iştirak etmişlər.      

  1383394180_21925-ci ildə İranda Qacarlar sülaləsi devrildikdən sonra erməni diaspor təşkilatlarının fəaliyyətində müəyyən qədər canlanma hiss olunmağa başladı. Xüsusilə, milliyətcə erməni olan Davudyanın SSRİ-nin Tehrandakı səfiri təyin edilməsindən sonra erməni millətçiləri Cənubi Azərbaycanda iqtisadi və ticarət sahəsində hegemonluğu ələ keçirməyə təşəbbüs göstərdilər. Qısa zaman içərisində iqtisadi-ticarət sahələri erməni millətçilərinin əlinə keçməyə başladı. Bu haqda görkəmli İranşünas alim Seyidağa Onullahi yazır: “Təbrizdə fəaliyyət göstərən daşnaqların bir hissəsi Avropada olduğu kimi daşnaq partiyasından ayrılaraq erməni “Arur” təşkilatı yaratdılar. Mühacir ermənilərdən təşkil edilmiş “Arur” təşkilatı Cənubi Azərbaycanda bütün sovet idarələrini ələ almış, Təbriz, Urmiya, Marağa, Xoy və. s şəhərlərdə müxtəlif ticarət, nəqliyyat və iqtisadi müəsisələr təşkil etmişlər. Hətta milli Ermənistanın istiqlaliyyət günü (28 may 1918-ci il) İrandakı bütün ermənilər tərəfindən təntənəli surətdə qeyd edilməklə yanaşı, müxtəlif milli erməni və sovet məktəblərində, teatrlarda və mətbuatlarında milli erməni ruhu və milli erməni istiqlal məfkurəsi qüvvətləndirilmişdir”. Daha sonra müəllif fikirlərini davam  etdirərək yazır: “Qeyd etmək lazımdır ki, ermənilərin fəaliyyəti İranda getdikcə siyasi mahiyyət alır, ona yeni rəng və boyalar verilir. Onlar qədim ifratçı, şovinist millətçi, təcavüzkar əməllərini İran şəraitində qüvvətləndirirlər. Belə ki, Rza xan hakimiyyətə keçdikdən sonra İran mətbuatından bəzisi, o cümlədən “Təbriz”, “Pərvəreş” və s. mətbuat ermənilərin bu millətçilik fəaliyyətlərini müdafiə edir və onların məqalələrini fars dilində nəşr edib yayırlar. Hətta Rəşt şəhərində “Alik” adlı erməni qəzetinin nəşrinə icazə verilmişdir. Bu da erməni millətçilərinin İran mətbuatına getdikcə daha çox nüfuz etməyə başladıqlarını sübut edir. Rza şah dövründə belə mətbuatdan biri də Rəşt şəhərində nəşr olunan “Pərvəreş” qəzeti idi. Məlumat üçün qeyd edək ki, həmin qəzetin 291-ci sayında Türkiyə ermənilərindən olan və İranda fəaliyyət göstərən G. Yegigiyanın imzası ilə “Yaddəşt bə təmame İraniyane donya”-“Bütün dünya iranlılarına müraciət” ünvanı ilə 17 maddədən ibarət müraciətnaməsində daşnaq partiyasının əsas proqramı şərh edilmişdir. Maraqlıdır ki, G. Yegigiyan və xüsusilə daşnaq partiyası bir tərəfdən kürdləri  ermənilərlə eyni irqdən və qan qohumu ariyailər cərgəsinə daxil edir. Ariyailərlə birlikdə türklərə, o cümlədən. Azərbaycan türklərinə qarşı birləşməyə və ittifaq yaratmağa çağırır, digər tərəfdən türk milləti ilə kürdləri birgə qırmağa və məhv etməyə çalışır. Bu məqsədlə daşnaq partiyasının qərargahı Afinadan Tehrana köçürülmüş və doktor İnayətulla Rza Tehran ilə İrəvan arasındakı münasibətlərin nizama salınmasında yaxından iştirak etmişdir.      

1383394195_3 (1) Bildiyimiz kimi, 1907-ci ildə daşnaqların Vyanada çağırılmış IV qurultayında daşnaq partiyası İranda fəaliyyət göstərən bütün təşkilatlarına və üzvlərinə göstəriş vermişdir ki, “erməni məsələsi”ni həll etmək üçün daşnaq partiyasının məramnaməsi əsasında İranda gedən azadlıq hərəkatlarında fəal iştirak etsinlər. Yeprem de həmin göstərişi Ənzəli, Rəşt, Qəzvin və Tehranda yerinə yetirdi. Beləliklə, daşnaqlar azadlıq pərdəsi altında İrandakı məşrutə inqilabında iştirak etməyə başladılar. Günlərin birində Tehranın mərkəzindəki Atabək parkında Yeprem xanın açdığı sərrast atəş nəticəsində Səttarxan ayağından ağır yaralanmış və bir il sonra həmin yaradan vəfat etmişdir. Lakin Tehran hökuməti cinayətkarı tutmaq əvəzinə Yeprem xanı Tehran şəhər polis rəisi vəzifəsinə təyin etmişdir. Məhz bundan sonra onun vasitəsilə yüzlərlə məşrutəçi azərbaycanlı türkü Tehranın Atabək parkında gülləbaran edilmişdi.

1905-1911-ci illər İranda alovlanan Məşrutə inqilabının əsas rəhbəri sərdari-milli Səttərxanın aradan götürülməsində çar Rusiyasının əsas tapşırıqlarını yerinə yetirən Yeprem xan əslində kim idi? hansı qüvvələrin maraqlarına xidmət edirdi? Nəyə nail olmağa can atırdı? Bu və ya digər maraqlı suallara aydınlıq getirməyə çalışacağıq.

Daşnaq Yeprem xan 1868-ci ildə Gəncə yaxınlığında Bedarsun kəndində anadan olmuşdur. O, Gəncədə erməni məktəbində təhsil almış, 21 yaşında ikən 3 nəfər erməni ilə Tiflisə gedərək, orada daşnaq partiyasını yaradanlardan biri olmuşdur. O, daşnaq partiyasına mənsub Sarkis Ququtyanın dəstəsinə qoşulur və orada erməni partizanlarının hərbi rəhbəri olur. O, ermənilərə kömək məqsədilə Osmanlı-Türkiyə ərazisinə keçmək istərkən Qarsda tutulub Tiflisə gətirilib, burada həbsə alınıb. Çar Rusiyası özünün sonrakı əks-kəşfiyyatçısını tərbiyə etmək üçün Sibirə sürgün edir, oradan Yaponiyaya, sonra da 1898-ci ildə Təbrizə göndərir. Yeprem oradan Salmasa gedir. Qarabağın Ağaxan kəndində Nahidə adlı bir erməni qadınla evlənir. Nahidə Ənzəli, Rəşt və Qəzvində fəaliyyət göstərən daşnaqlara Bakıdan gizli halda silah daşımaq və xəbər aparıb-gətirməklə məşqul idi.

Yeprem xan Qarabağda erməni dilində məktəb təşkil edir və burada idman müəllimi işləyir. Sonra gizli olaraq Ermənistana gedir, orada daşnaq partiyasının rəhbərləri ilə görüşür. Öz vəzifəsini davam etdirən Yeprem 1901-ci ildə Təbriz şəhərinə gəlib sakin olur, bir müddət orada qaldıqdan sonra Rəştə gəlib daşnaq partiyasının mərkəzi komitəsinin Rəşt nümayəndəliyini təmsil edir. Daşnaq partiyasının Rəştdə şöbəsini təşkil edən Yeprem, Səttarxanın adından sui-istifadə edərək Ənzəlidə daşnaq partiyasının “Səttar” komitəsini, Rəştdə isə Həydərəlioğlunun adından sui-istifadə edərək “Heydərxan bərqi” adı ilə “Bərq” komitəsini yaradır. Valeko, Dadiko və Sergey Orcanikidze Yepremin başçılığı ilə həmin daşnaq komitəsini təşkil etdilər. Bu komitəyə daşnaq partiyasında Yeprem, Nerses Sanasariyan, gürcü Valiko daxil idi. Daşnaqların əsas qarşılarına qoyduqları vəzifə xəyali “dənizdən dənizə Böyük Ermənistan” yaratmaq və onun sərhədlərini Qara dəniz, Xəzər dənizi və Aralıq dənizinə qədər genişləndirmək idi. Ona görə də daşnaqlar əsas inqilabi mərkəzləri Təbrizi, Rəşti, Ənzəlini, Qəzvini və Tehranı özlərinə dayaq seçmişdilər.

Qeyd etmək lazımdır ki, 1911-ci ilin noyabrın 29-da Rusiyanın Tehrandakı səfiri Poklovski İran dövlətinə rus dövlətinin ultimatumunu təqdim edir. Tələblər aşağıdakılardan ibarətdir:   1. Amerika maliyyə müsavirləri İrandan qovulmalı; 2. Bundan sonra İran dövləti əcnəbi ölkələrdən mütəxəssis və müşavir qulluğa götürdükdə İngiltərə və çar Rusiyası hökumətləri ilə qabaqcadan razılaşdırılmalıdır; 3. İrana gətirilmiş çar Rusiyasının qoşunlarının xərci İran dövləti tərəfindən ödənilməlidir. Ultimatumda tələblərin 48 saat ərzində qəbul olunmayacağı təqdirdə Rəştə gətirilmiş çar Rusiyası qoşunlarının Qəzvinə doğru hərəkət edəcəyi qeyd edilirdi. Yeprem başda olmaqla çar ordusu Rəştdən Qəzvinə hücum etdi. Seyidağa Onullahi yazır: “Həmin ultimatum 1911-ci ilindekabrın 1-də İran parlamentində müzakirə edilərkən ilk dəfə Şeyx Məhəmməd Xiyabani çox cəsarətlə ultimatuma qarşı etirazla çıxış edərək demişdir: “Biz öz əlimizlə istiqlaliyyətimizi özgələrə təqdim etməyə haqlı deyilik”. Nəticədə, dekabrın 24-də İran parlamenti buraxılır. Daha sonra Səmsaus-səltənə İranı Çar Rusiyasının müstəmləkəsinə çevirən ultimatumu qəbul edir.

Yeprem xan qarşısında 3 əsas məqsəd qoymusdu:

1383394281_41. Müsəlman azərbaycanlı türklərini məhv etmək; 2. Cənubi Azərbaycanı və Gilanı, o cümlədən, Xəzər dənizi sahili boyu Astara çayına qədər olan ərazini İrandan ayırıb Rusiya əraziləri tərkibinə qatmaq; 3. İranda ruspərəst adamı hakimiyyətə gətirmək.

Beləliklə, qərbin və çar Rusiyasının maddi və mənəvi dəstəyi sayəsində İranda erməni diasporu və onun rəhbəri Yeprem xanın qanlı fəaliyyəti nəticəsində dinc sakinlərə, azərbaycanlı türklərə qarşı misilsiz vəhşiliklər və talanlar törədilməkdə idi. Bu cinayətlərə İran hökumətinin biganə münasibəti hadisələrin daha da şiddətlənməsinə səbəb oldu.

 

 

  Taleh Cəfərov  

 

“KarabakhİNFO.com” 

02.11.2013 16:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*