Azərbaycanca

Sabiq müdafiə naziri: “Ermənistan ordusu heç bizim bir korpusumuza da qalib gələ bilməz”

27.06.2014 | 10:13

1403849615_dadas-rzaysdfRespublika Veteranlar Şurasının sədri, sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin “KarabakhİNFO.com”a eksklüziv müsahibəsini təqdim edirik. 

-Dövlət tərəfindən veteranlara lazımi  diqqət və qayğı göstərilirmi?

 

– Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra 1994-cü ildə  iyunun 28-də veteranlar haqqında fərman imzaladı. Bu fərmanla veteranların bütün hüquqları bərpa edildi. Bu günə kimi də o fərmanın əsasıdır ki, veteranlar həmişə dövlətin nəzarətindədir. Hazırda Prezident İlham Əliyevin veteranlara qayğısı çox böyükdür. Bildiyiniz kimi bu il aprelin 30-da dövlət başçısı 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzaladı. Eyni zamanda veteranlara 5 mənzil, 4 avtomobil verildi.

 

Bu yaxınlarda biz Moskvaya getmişdik. Keçmiş SSRİ-nin əksər veteranları ora təntənəli şəkildə toplaşmışdı. Orada çıxışlarda gördüm ki, Azərbaycan veteranları onların hamısından yüksək təmin olunur. Bizim veteranların orta aylıq pensiyası 550 dollardan artıqdır. Heç bir respublikada veteranlar bu məbləğdə pensiya almırlar. Yeri gəlmişkən, Prezidentin tapşırığı ilə  biz yeni ofislə təmin olunmuşuq. Yaxın günlərdə yeni ofisimizə köçəcəyik.

-Bir veteran kimi müasir Azərbaycan ordusu ilə nə dərəcədə fəxr edirsiz?

 

– Azərbaycan müstəqillik əldə edəndən sonra ilk olaraq ordu quruculuğuna başlanıldı. Birinci addımlarda çox çətinliklər, hərc-mərclik var idi. Ordunun adı var idi, amma özü yox idi. Nəhayət ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra əsl ordu quruculuğu başlandı. O zaman ulu öndər vaxtının çox hissəsini ordu quruculuğuna sərf edirdi.  Birinci növbədə ordu qurmaq üçün kadrlar lazım idi. Ulu öndərin çağırışı ilə rus ordusunda xidmət etmiş zabitlər orduda  xidmətə gəldilər. 1994-cü ildə atəşkəs elan olunandan sonra ordu quruculuğu prosesi daha da  aktivləşdi. Ordunu elm əsasında qurmaq lazımdır. Azərbaycanda ən qabaqcıl dövlətlərin  təcrübəsindən istifadə edildi, eyni zamanda NATO standartları əsasında ordu quruculuğuna başlandı. İndi də bu proses sürətlə davam etdirilir.

Azərbaycan ordusunun gələcəyini görən ulu öndər 70-ci illərdə Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bugünkü generallarımızın demək olar ki, 80 faizi o liseyin müdavimləridir.

 

Sabiq müdafiə naziri: “Ermənistan ordusu heç bizim bir korpusumuza da qalib gələ bilməz”Bu gün xaricdən ən müasir silah-sursatlar alınır. Bunlar hamısı gələcəyə hesablanmış hərbi texnikadır. Həmçinin Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ən müasir  silahlar istehsal edir. Biz artıq beynəlxalq hərbi sərgilərdə iştirak edirik. Qısa bir tarixdə Azərbaycan ordusu Cənubi Qafqazda və MDB ölkələri arasında ən güclü orduya çevrilib.

 

-Bu gün bizim ordumuz Ermənistan ordusuna tam qalib gəlməyə qadirdimi?

 

– Ermənistan ordusu heç bizim bir korpusumuza da qalib gələ bilməz. Bizim ordumuz elm əsasında formalaşıb və inkişaf edir. Ona görə bizim ordu ən müasir ordu olmaqla Ali Baş Komandanın hücum əmrini gözləyir. Əmr verilsə bizim ordu işğal olunan Dağlıq Qarabağ və ətraf 7 rayonu azad edəcək və ərazi bütövlüyümüz bərpa olunacaq. Bu da ermənilərə bir dərs olacaq ki, Azərbaycanla zarafat etmək olmaz.

 

– Orduda aparılan son islahatları necə qiymətləndirirsiz?

 

-Mən indi çox sevinirəm ki, bizim ordu belə bir yüksək səviyyəyə çatıb. Silahlı qüvvələrimiz istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Yeni müdafiə naziri gələndən sonra islahatlara başladı. Onun bu addımlarını alqışlayıram. Müdafiə naziri orduda çox böyük işlər görür. Bu da öz bəhrəsini verir. Mən çox məmnunam ki, nazir düzgün strategiya seçib. İslahatlar aparır, əsasən də işini döyüş hazırlığına yönəldib.

 

-Sizcə, növbəti Qarabağ müharibəsi gözlənilirmi?

 

-Ordu həmişə döyüş hazırlığı ilə məşğul olmalıdır.  Mən siyasətə qarışmıram, ancaq birmənalı deyə bilərəm ki, əgər sülh danışıqları müsbət nəticə verməsə, müharibə qaçılmazdır. Biz torpaqlarımızı ermənilərə verə bilmərik. Hörmətli Prezidentimizin dediyi kimi Azərbaycan xalqı heç vaxt razı olmaz ki, ərazisində ikinci erməni dövləti yaradılsın.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com” 

27.06.2014 10:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*