Azərbaycanca

Şahid danışır…

22.05.2012 | 13:54

1337676809_306648_3735172748662_1556388463_61625240_12104748_nOrucova Xədicə Həsən qızı. 1968 – ci ildə Xocalıda anadan olub. Əsgəran rayon Xocalı kənd 8 saylı orta məktəbini bitirib. Hal – hazırda müalicə məqsədi ilə İstanbuldadır

 

 

Xocalı 2 il idi mühasirə vəziyyətində yşayırdı. Son 7 ayda isə işığı da kəsmişdilər. Çörək yox idi. Çörək dükanında hər evə bir kündə xəmir verirdilər. Gün ərzində gediş – gəliş vertolyotla idi. Son 7 ayda isə çörək və unu vertolyotdan atırdılar. İşğaldan 2 ay əvvəl bir vertolyot gəldi. Tələm – tələsik qadınları və qocaları çıxartmaq üçün gəlmişdi. Ondan sonra gələn vertolyotu isə ermənilər vurduğu üçün daha vertolyot da gəlmədı. Insanlar vahimə içində idi. Bütün məhəllələrdə qazma kimi bir şey qazıb üstünü əlimizə nə gəldi örtmüşdük. Dəmir parçaları ilə, beton hissələrlə. “Alazan” raketləri atılanda gizlənirdik orda. Sonra atəş dayanandan sonra gedirdik evə. Bir də Gəncədə “Krakadil” deyilən vertolyot vardı. Mərhum Əlif Hacıyev öz xərci ilə ruslara rüşvət verir və həmin vertolyotla Gəncədən un və digər ərzaqlar gətirirdi. Son yeddi ayda Xocalı Əlif Hacıyev və onun dəstəsinin səyi ilə ayaqda qalırdı. O gecə mən bibim qızı Gülbaharın yanında poçtda oturmuşdum. Poçt bizim evin yanında olduğundan bibim qızının növbəsi olanda mən onun yanına gedirdim. Həmin gecə hava qaralmağa başlayanda Əlif Hacıyev, Tofiq Hüseynov və digər komandirlər tez – tez onun yanına gəlir, həyəcanla: “Bakıya, Ağdama, Şusaya xəbər ver, Xocalıya bu gecə hücum edəcəklər. Bizə heç olmasa kömək etsinlər ki, arvad – uşağı bir təhər burdan çıxaraq” – deyirdilər. Amma bibim qızı Gülbahar hara zəng edir, SOS siqnalları göndərirdisə cavab gəlmirdi.

Bircə dəfə Şuşadan Rəhim Qazıyevlə danışa bildi və o dedi ki, narahat olmayın. Bir neçə dəqiqədən sonra raket atəşləri ilə sizə yardım edəcəyik. Onlar Xankəndini atəşə tutsaydılar Xocalıdakı adamların heç olmasa sağ qalmaq ehtimalı olardı. Amma daha sonra ordan da zənglərə cavab verilmədi. 11: 00 – da gurultu qopdu. Mən divardakı saata baxanda 11 – dən böyük əqrəb bir neçə dəqiqə aralanmışdı və o zamandan mən həmin vaxtı göstərən saata baxa bilmirəm. Həmişə canımda bir qorxu olur saatın əqrəbləri 11 və 12 rəqəmlərinin üstünə yaxınlaşanda.

Biz həyətə qaçdıq, ordan da evimizə yüyürdüm. Evdə heç kim yox idi. Anam təndirdən çıxartdığı iki çörəyi eləcə sərili qoymuşdu. Çörəklər isti idi. Balaca manqalın üstündə qazan qaynayır, kələm dolmasının ətri evi bürümüşdü. Kosalar kəndində gəlin olan bacım Sənəm də iki körpə qızı ilə bizdə qalırdı. Çünkı Kosaların kişiləri əllərinə keçən avtomatlarla Xocalının müdafiəsinə gəlirdilər və həmin gecə onun əri də postda durmuşdu. Od – ocaq olmadığından və işıq kəsildiyindən hamı erkəndən yatağa girirdi. Çörəyi və dolmanı isə yəqin ki, anam postdakılar üçün hazırlamışdı. Yorğan – döşək açılı idi. Bildim ki, hamı bizim məhəllədə qazılmış sığınacağa qaçıb. Mən və bibim qızı da ora qacdıq. Bütün məhəllə burda idi. Qadınlar əllərini göyə qaldırıb Allahdan kömək istəyir, usaqlar ağlasırdılar. Vüqar adlı oğlan qaça – qaça gəldi və “tez olun, Xocalı mühasirədədi. Meşəyə tərəf qaçın” – dedi.

Biz sığınacaqdan çıxdıq. Xocalı üzük qaşı kimi mühasirəyə alınmışdı. Tankların ve tırtırlarin gurultusundan qulaq tutulurdu. Şəhərdə qaranlıq olduğundan onların işığı sanki halə yaratmışdı. Birdən göyə fişəng atıldı və ardınca da raketlərin atışı başladı. Bir anda Xocalı yanan məşələ çevrildi. Biz meşəyə qaçmaq üçün Qarqar çayını keçməli idik. Ayın 25 – nə kimi tam bir həftə boyunca ara vermədən qar yağmış və dəhşətli şaxta düşmüşdü. Çayın suyu buz kimi idi. Buna baxmayaraq çayı kecdik, ama quruya çıxan kimi amansız şaxta əynimizdəki yaş paltarları dəmir kimi qurudub hərəkət etməyə ımkan vermirdi. Mənim ayağımda ıçı tüklü isti çəkmə vardı. Yeriyə bilmədiyimi görüb çəkmələri çıxartdım və atdım. Hamı meşəyə qaçırdı. Tanklar artıq Qarqar çayının o birı sahilində dayanıb meşəni amansızcasına atəşə tuturdular. Hər tərəf qan və meyidlərlə dolu idi. Biz meşə ilə qaçırdıq. Güllələr yanımızdan, qulaqlarımızın dibindən ötüb ağaclara sancılırdı. Mənim dəhşət və qorxudan qulaqlarım batmısdı. Mən ancaq qaçan insanları, alov saçan güllələri, şaqqıltı ilə qırılıb tökülən ağacların budaqlarını görürdüm. Heç bir səs eşitmirdim. Biz meşənin dərinliyinə cumduq. Atam, bibim qızı Gülbahar, bacılarım və onların uşaqları anamla bir yerdə idik.

Birdən Gülbahar yerə sərildi. Güllə onun iki kürəyinin ortasından dəymişdi. Heç kimin ayaq saxlamağa vaxtı yox idi. Bir an dayanamaq ölümə bərabər idi. Heç əsir düşmək haqqında təsəvvürümüz yox idi o gecə. O gecə ölüm bizi addım – addım təqib edir, sanki bizimlə qoşa yüyürürdü.

Yanımızla qaçan adamlar yerə yıxılır, qıvrıla – qıvrıla qalır, bizsə əl – ələ tutub, bir – birimizin ardınca gedirdik. Kətik meşəsi yamac olduğundan irəliləmək qeyri – mümkün idi. Az qala bir metrə çatan qar şüşə kimi donmuşdu. Barmaqlarımızla o qardan yapışmağa çalışır, bir az sürünür irəliləyir və yenidən sürüşüb dağın ətəyinə gəlirdik. Bizim getdiyimiz yerlərdə ardımızca uzun nazik zolaqla qan izləri qalırdı. Səhər açılmaqdaydı. Biz ailəmizlə qalmış, qalan adamları itirmişdik. Asta – asta, ehtiyatla meşədə hərlənir, cıxış yolu axtarır, hara gedirdiksə azərbaycanca adamları səsləyən erməni əsgərləri ilə qarşılaşırdıq. Və gizlənməyə məcbur olurdu. Ağacların altında talada kolluğa adamlar bir – birinə qısılıb oturmuş və donmuşdular. Güllə yarasından köksləri parçalanmış bu adamlar hamısı qohumlar – tanışlar və bir neçə saat bundan əvvələ kimi birlikdə danışıb güldüyümüz insanlar idi. Çox dəhşətli idi və mən bu dəhşəti heç vaxt sözlə ifadə edə bilməyəcəyəm.

Anam erməni dilini bilirdi. Üstəlik 1918 – ci ildə olan hadisələri ata – anasından eşitmişdi deyə bərk qorxurdu. O, evdən çıxanda qır – qızılını, evdəki pulları qurşağına qoymuşdu. Odur ki, biz erməni əsgərlərlə rastlaşanda tez o pulu, qızılları çıxardıb irəli tutdu və “balalarımı öldürməyin, bunları alın və bizə dəyməyin” – deyib ağladı. Onun dişləri alt – üst protez idi və dişlərinin hamısı qızıl idi. O, tez ağzından protezlərini də çıxardıb əsgərlərə uzatdı. Əsgərlərin biri Şuşa, biri Bakı ermənisi olduğundan bizim dili təmiz bilirdilər. Onlar bizi meşənin qırağına qədər gətirdilər və ordan yola ötürdülər. Amma biz yola çıxarkən arxamızdan bir qatar avtomat atəşi eşidildi. Əvvəl nə baş verdiyini anlamadıq, amma sonra geri çevrildik və anamı qan içində yerdə gördük. Ermənilər gülə – gülə uzaqlaşdılar. Biz ağlaya – ağlaya anamı bir ağacın dibinə qoyub əllərini, ayaqlarını, çənəsini bağladıq. Sonra atam qurumuş kollardan qıyıb onun üstünü örtdü və biz yenidən yola düzəldik

Düz bir həftə meşədə qaldıq. Artıq ayaqlarımı hiss etmirdim. Çılpaq ayaqlarım kollara – koslara ilişib, cırıq – cırıq olmuşdu. Yolu yeridikcə dırnaqlarım bir – bir qopur və qarın üstünə düşürdü. Ağaclardan qurumuş meyvə tapıb yeyir, buz qoparıb ağzımıza atırdıq ki, susuzluğumuz yatsın. Meşədə olduğumuz üçüncü gün kiçik bacım 15 yaşlı Lətafət daha yeriyə bılmədiyini deyib oturdu və gözlərini yumdu. Neylədiksə onu yerindən qaldıra bilmədik. Bacımı da elə orda qoyduq. Anamdan başına bağladığı kiçik bir yaylıq qaldı bizə. Biz onu anamın üstündən yadigar kimi götürdük və bu 20 ildə anamın qoxusunu ondan alırıq. bacımdan isə heç nə qalmadı. Yadigar olaraq heç bir şey götürməyə qıymadıq. Nə barmaqından adi uşaqlıqdan taxdığı üzüyünə, nə əynindəki paltarlardan birini çıxartmağa ürəyimiz gəlmədi. Üstünü – başını düzəltdik. Oturduğu yerdəcə yan – yörəsinə bir az qar yığdıq, saçlarını oxşadıq, üzündən öpdük. Onu son borcumuz belə verərək axirət evinə yola saldıq. Nə ağlamağa, nə dəfn etməyə imkanımız və vaxtımız yox idi. Ölüm arxamızca sürünür, bizi qovurdu. Biz isə bacım Sənəmin iki kiçik qızını cəmi 10 gün əvvəl infarkt keçirmiş indi də ayaq üstündə dayana bilməyən atamı, Rusiyada yaşayan qardaşımızin bizə qonaq gəlmiş 8 yaşlı oğlunu xilas etməli idik. Daha sonrasını xatırlaya bilmirəm. Deyəsən biz yorulub dincəlmək üçün hava qaralanda qar basmış bir divarın yanında oturduq. Səhər açılanda baxdıq ki, bu erməni qəbristanlığının divarıdır. Biz ayağa qalxana erməni əsgərlərı bizi mühasirəyə alıb tutdular. Amma mən heç nəyin fərqində deyildim. Yolun kənarında daşla hörülmüş bulaq vardı. Divardan tutaraq birtəhər özümü o bulağa çatdırdım və su içməyə başladım. Qoca bır erməni eşşəklə bulağa su gətirməyə gəlmişdi. O, mənim özümü suya çatdırıb su içməyə başladığımı görəndə uşaq kimi yerə oturub ağlamağa başladı. Mənim bu bir həftədə dilimə su dəyməmişdi. Soyuqdan və şaxtadan dodaqlarım şişmiş və qaralmışdı. Dilimi tərpətmək istəyəndə şişmiş dodaqlarım partlayır və qan çənəmə axırdı.

Bizi Pircamal kəndinə donuz fermasına gətirdilər. Yolda atam bizi əsir götürən erməni əsgərlərindən xilas etmək istədi, amma onu əvvəl döyüb avtomatın qundağı ilə üzünü – gözünü parçaladılar və güllələdilər. Biz Pircamalda 3 gün qaldıq. Burdakıların əksəriyyəti uşaqlı qadınlar idi. Onları Ağdamın Xalq Cəbhəsinin fəalları dəyişəcəkdi. Bu üç gündə həyatda nə qədər dəhşət vardısa hamısını gördük. Bizi saxladıqları otağın taxta ilə kəsilmiş o biri tərəfındə kişilər vardı. Orda Əhməd adlı mesxeti türkü vardı, onu yanımızda aparıb başını kəsdilər. Onun başını kəsən adamın qardaşı Xocalının müdafiəçiləri tərəfindən öldürülmüşdü. Faiq Əlməmmədov və qardaşı Namiqi orda döyür, işgəncələr verir və deyirdilər ki, “Qarabağ erməni torpağıdır” – desin. Onlar isə “Qarabağ Azərbaycan torpağıdır” – deyir, erməni əsgərlərini söyür və üzlərinə tüpürürdülər. Buna görə də Faiqi döyə – döyə öldürdülər, Namiqin isə öldüsündən – qaldısından xəbərimiz olmadı. Onu və daha bir neçə kişini seçib Xankəndinə apardılar. Meşədə xalamoğlu Niyaməddin Məmmədovu itirdik. Şərqiyyə Usubova, Zərifə Xəlilova və onun əri Qacay dayının meyidlərini görmüşdüm. Özümün isə iki bibim Afilə və Sürəyya ailələri ilə birlikdə tamamilə yoxdular. Ailənin heç bir üzvündən bugünə kimi xəbər yoxdu. Bibimin yeznəsi Əkbər Quliyev və qızı Sevinc öldürüldü. Məhruzə xalanın meyidini görmüşdüm. Bütövlükdə isə 25 – dən çox yaxın qohumum öldürülüb. Xalam Gözəl nəvəsi Sərvər və Zahid oğlu Sərdarla birlikdə qətlə yetirildi. Əmim Kərəm də meşədə qaldı. Oğlu Mehdidən bu günə kimi xəbər yoxdu. Məhruzə xalanın bacısının əri vardı Qulu oğlu ilə birlikdə kirvəmizin oğlu Eldar öldürüldü. Malik adlı qonşumuz yaralı idi, sonra eşitdim ki, onu da gətirə bilməyiblər. Bizim qonşu sığınacağa gəlib, “qaçın” – deyən Vüqar adlı oğlan və Nənəş xala adlı qonşumuzun Araz adlı oğlunu da əsir almışdılar. Sonra eşitdik ki, əvvəl ətini diri – diri kəsib, sonra da başını bədənindən ayırıblar. Xalamın gəlini Kifayət də meşədə ölənlərin arasında idi.

Bizi Ağdamın sərhədinə gətirib dəyişməyə başladılar. Yanımızda Ramilə adlı bir gəlin vardı. Bacım Sənəm yanındakı uşaqlardan birini ona verdi ki, ilk olaraq uşaqlı gəlinləri istəyib Azərbaycan tərəfi. Qoy elə bilsinlər ki, onun da uşağı var. Mən isə elə bir haldaydım ki, onsuz da ermənilər mənə əsir götürüləndə belə diqqət yetirmirdilər. Üz – gözüm şişib parçalanmış, ayaqlarım dizə kimi şişib qaralmışdı. Bir təhər öz Azərbaycanlılarımızın yardımı ilə maşının yanına kimi gəldım. Köhnə üstüaçıq bır “uaz” maşın idi. Ağdamdakı döyüşçülərimiz bir neçıə zənci və xaricdən gələn “boevik” öldürmüşdülər, indi bizi onlarla dəyişəcəkdilər. Biz maşına minəndə üstü – başı qan içində olan bir erməni bizə yaxınlaşdı. “Hardansınız?” – deyə soruşdu. Heç kim dillənmədi. O, israrla bizim hardan olduğumuzu soruşur və avtomatını üstümüzə tuşlayıb söyür və ağlayırdı. Mən belə başa düşdüm ki, Xocalı işğal ediləndə onun dostunu öldürüblər və indi o, bizi avtomatla güllələmək istəyir. Mən bu qədər qadın və uşaq öldürülməsin deyə özümü irəli verib “Xocalıdanam” – dedim. Amma mən “Xocalıdanam” – deyən kimi o vəhşi ayağındakı qalın əsgər çəkməsi ilə belimin ortasına bir təpik ilişdirdi. Mən huşumu itirdim. Sonra biz bir təhər gəlib Xalq Cəbhəsinin döyüşçülərinin dayandığı yerə çatdıq. Vəziyyətim pis olduğu üçün məni vertolyotla Bakıya gətirdilər. Bir neçə gün sonra gözlərimi açanda hər iki ayağımın da amputasiya olunduğunu bildim. Intihar etmək istədım. Daha yaşamağa, bu bir neçə ayda yaşadıqlarıma dözməyə gücüm qalmamışdı. Bu qədər dəhşət və itki məni elə gücdən salmışdı ki, bir qurtum su içmək istəyim də qalmamışdı. Ağlaya da bilmirdim. Sadəcə uzanır və düşünürdüm. Amma sanki beynim də donmuşdu. Biz bacım və qızları eynı palatada yatırdıq. Bacım Sənəm və onun 3 yaşlı qızının da ayaq barmaqlarını kəsdilər. Mən tam 4 il xəstəxanaları gəzdim. Tam 4 il insan həyatının nə olduğunu unutdum. Yerimək nədi, ayaq üstə durmaq nədi artıq unutmuşdum. İndi isə sanki həyatım yenidən başlanır.

22.05.2012 13:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*