Azərbaycanca

Sameh Şükri: Misir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasını istəyir

22.02.2018 | 16:09

Misirə səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və perspektivləri müzakirə edilib. Misir ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə mehriban əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirmək niyyətini diqqətə çatdırıb. Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzünə məruz qalaraq torpaqlarının 20 faizini itirib. BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Lakin Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını hələ də işğal altında saxlayır. Bu gün Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsindədir. Azərbaycanın güclü ordusu var və istənilən zaman erməni işğalındakı torpaqlarını azad etmək iqtidarındadır. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti sülh danışıqlarına və beynəlxalq hüquqa sadiq qalaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

Misirin xarici işlər naziri Sameh Şükri Azərbaycana səfər etmək arzusunda olduğunu nəzərə çatdıraraq dost və qardaş Azərbaycanın uğurlarından məmnunluğunu ifadə edib. Sameh Şükri rəsmi Qahirənin Azərbaycanın sülh addımlarını dəstəklədiyini vurğulayıb. Misirin xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəklədiyini bildirib: “Misir bu münaqişənin beynəlxalq hüquq və Azərbaycan xalqının arzusuna uyğun şəkildə həll olunmasını istəyir”.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinda da fikir mübadiləsinin aparıldığı görüşdə Misirin sərmayələr və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasir və Azərbaycanın Misirdəki səfiri Tural Rzayev də iştirak edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

22.02.2018 16:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*