Azərbaycanca

Sanksiyalar, qiymət artımı və Rusiyanın verəcəyi qərar

27.11.2012 | 11:30

???????????????????????????????Ermənistandakı mövcud siyasi və sosial-iqtisadi vəziyyət insanlara ölkədən getməkdən başqa çıxış yolu qoymur. Ölkədəki durumun getdikcə ağırlaşacağı, inflyasiyanın yüksələcəyi barədə cari il üçün verilən proqnozlar öz təsdiqini tapır. “Aykakan jamanak” qəzeti yazır ki, 2012-ci ilin ilk on ayı ərzində 1 milyon 880 min insan Ermənistanı tərk edib, ölkəyə gələnlərin sayı isə 1 milyon 791 min nəfər olub.

Qəzetin Ermənistan Dövlət Miqrasiya Xidmətinə istinadən dərc etdiyi xəbərə görə, mənfi saldo 88 min 241 nəfər təşkil edib. Yəni, ölkədən gedib qayıtmayanların sayı ötən ilin müvafiq dövründə təxminən 81,5 min nəfər olub.

Sanksiyalar ölkəyə ciddi ziyan vurur

Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların təsiri Ermənistanda da özünü büruzə verir. “Fars” xəbər agentliyinin məlumatına görə bu sanksiyalar Ermənistanda, xüsusən, kənd təsərrüfatı və emaledici sənayelərə ciddi ziyan vurub.

Yerli informasiya vasitələrinin məlumatına görə, ölkədə bir çox müəssisələr artıq öz fəaliyyətini dayandırıb. Bunun əsas səbəbi ondan ibarətdir ki, bu ölkəyə xammal əsasən İrandan gəlir, lakin sanksiyalar ucbatından İranın özündə də is­tehsal prosesi zəifləyib. Ermənistandakı müəssisələrin sahibləri bildiriblər ki, başqa ölkədən xammal gətirmək üçün 30-40 gün gözləmək lazımdır, buna görə də malların qiyməti dəfələrlə artır, keyfiyyət isə, əksinə, azalır.

Ermənistan İstehsalçılar və İş Adamları Birliyi ölkənin baş naziri Tiqran Sarkisyana müraciət edərək, bu acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək istəyiblər.

Ermənistan İranın bu ölkəyə bəzi məhsulların ixracına qoyulmuş qadağanı aradan qaldırmağa səy göstərir. Noyabrın 6-da Ermənistan hökuməti Xarici İşlər Nazirliyinə problemin həlli üçün İranla danışıqlara başlaması barədə göstəriş ver­sə də, hələ ki, məsələ həllini tapmayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan prob­lemin həlli üçün hansı addımların atıldığını və danışıqların hansı mərhələdə olduğunu açıqlamaq istəmə­yib.

Qeyd edək ki, İrandan 52 adda məhsulun xaricə, o cümlədən də, Ermənistana ixracına qadağa qoyulub. İranın bu qadağaları nə vaxt qaldıracağı məlum deyil. İrandan Ermənistana ixracına qadağa qoyulmuş məhsullar sırasında polietilen, polipropilen, polistirol məhsulları da var.

Qiymətlər artacaq

Ermənistan mətbuatı yazır ki, bu kritik dönəmdə ölkədə yenə də unun qiyməti bahalaşıb. Qiymət artımının əsas səbəbi isə idxal edilən unun gömrük rüsumunun qalxmasıdır. “Aykakan jama­nak” qəzetinin yazdığına görə, artıq bu həftədən başlayaraq unun bir tonunun rüsumu 110 dollara qalxıb.

Bu addım Ermənistan büdcəsini, her necə olursa-olsun, doldurmaq üçün atılır. Çünki Ermənistan borc içində boğulur və hətta onun iq­tisadiyyatını dəstəkləyən Rusiya belə artıq borc vermir. Xaricdən gələn ianələr isə ifrat yoxsuluq içində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün kifayət eləmir.

Təbii ki, indi əsas qida məhsulu olan çörəyin qiyməti artacaq. Yerli ekspertlər də dəfələrlə yeni ilə kimi ərzaqların qiymətinin artacağı barədə xəbərdarlıq ediblər. Deməli, artıq start verildi. Digər ərzaq məhsullarının – ət, süd, yağ və başqalarının da qiymətinin artacağı sürpriz olmayacaq.

Qərarı ruslar verir

Ermənistanın idxal etdiyi qazın qiymətinin də taleyi aydın deyil. Ermənistan hökuməti Rusiya təbii qazına olan qiymətlərlə bağlı informasiyanı gizlətməkdə günahlandırır. Ermənistanda bu ölkənin Rusiyadan aldığı təbii qazın qiyməti ilə bağlı mübahisə yaranıb.

Ölkə mətbuatında təbii qazın qiymətinin 3 dəfə artdığı ilə bağlı məlumatlar yayılıb. Hətta vəziyyət o yerə çatıb ki, ölkənin baş naziri məsələyə qarışaraq məlumatları təkzib etməyə başlayıb.

Hamıya gün kimi aydındır ki, Ermənistanın 95 faiz təbii qazla təchizatı Rusiya və İrandan həyata keçirilir. Bu təbii qazın qiymətinə isə qonşu ölkələr tərəfindən qoyulan qiymət, ölkə iqtisadiyyatına olduqca böyük təsir göstərir.

Belə ki, 2005-ci ildə Ermənistan Ru­siyadan 1000 kubmetr qazı cəmi 56 dollara alırdı. Ermənistan Statistika Xidmətinin məlumatına görə, hazırda bu qiymət 1000 kubmetr üçün 245 dollar təşkil edir. Baxmayaraq ki, 2011-ci ildə bu rəqəm 180 dollar idi. İran isə bu ölkəyə qazın 1000 kubmetrini bu gün 180 dollara satır.

Ermənistanın sabiq baş naziri, hazırda parlamentin müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü, deputat Qrant Baqratyan isə bütün bu yaranan qalmaqalda inhisarçı “Arm Rosqazprom” şirkətini günahlandırıb.

Erməni deputatın sözlərinə görə, bu inhisarçılığın Rusiya şirkətinə verilməsində birbaşa olaraq hakimiyyət günahkardır: “Faktiki olaraq, bu gün Ermənistana qazı hansı qiymətdə verilməsini ruslar qərar verir. İn­di də ruslar təbii qazın qiy-mətini artırmaq qərarına gəliblər. Onlar bunu edə bilməyəcək”.

Sarkisyan yenidən prezident seçilməyəcək

Ekspertlər deyir ki, hakimiyyətin qazın real qiymətini gizlətməsinə səbəb, gələn ilin fevral ayında keçiriləcək növbəti prezident seç­kilərinə qədər hazırkı prezi­dent Serj Sarkisyanın hakimiyyətdə saxlamaq cəhdidir. Bu templə davam etsə, gələn il Sarkisyan yenidən prezident seçilməyəcək. Ölkədəki mövcud ağır sosial-iqtisadi durumu yaxşılaşdırmaq əvəzinə ölkə rəhbərliyi hərbi xərclərini artırmağa üstünlük verir.

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun sözlərinə görə, 2008-ci ildə dünya iqtisadi böhranından sonra özünə gələ bilməyən Ermənistan buna baxmayaraq, hərbi xərclərini artırır: “Ermənistanda hərbi xərclər dövlət büdcə xərclərinin 15-16 faizini təşkil edir ki, bu da kiçik bir dövlət üçün həddən artıq böyük bir göstəricidir. Ermənistan xa­rici ianələr hesabına yaşayır. Ötən il Ermənistana 8 milyard və bu il isə 2 milyard dollar vəsait transfer olunub”.

SAM rəhbəri, həmçinin, əlavə edib ki, seçkiqabağı cəbhədə təxribatların sayının artığı müşahidə olunur və bu, Ermənistanda insanların diqqətini mövcud problemlərdən yayındırmağa, işğalçı generalları vətənpərvər kimi göstərməyə yönəlib.

Cabir

“Səs”qəzeti

 

 

27.11.2012 11:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*