Azərbaycanca

“Şaqat postu ələ keçirildikdən sonra Cəbrayılın qara günləri başladı”

23.08.2014 | 13:35

vaqif-elisoy 1(1)Avqustun 23-ü Azərbaycanın müasir tarixinə qara hərflərlə yazılan tarixdir. Belə ki, 1993-cü ilin bu günü Füzuli və Cəbrayıl rayonları ermənilər tərəfindən işğal edilib və hələ də bu təcavüz davam edir.

 

Həmin dəhşətli dövrü bir daha xatırlatmaq üçün əslən Cəbrayıldan olan və burada ilk müdafiə batalyonunu yaradan Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin üzvü Vaqif Əlisoy “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib.

 

 

 
Vaqif müəllim, ağır da olsa işğal ərəfəsində rayonda cərəyan edən hadisələri nəql edərdiniz?

 

 

 
– Cəbrayıl ətrafında vəziyyət 1993-cü ilin iyul ayından kəskinləşməyə başladı. Bu dövrdə ermənilərin həmin istiqamətə hücumlarını dayandırdıq. Həm də əhalinin şayiələrə əsasən şəhəri tərk etməsinin də qarşısnı ala bildik. Həmin vaxt şayiələr gəzirdi ki, Hadrut rayonuna həmsərhəd olan Füzulunun iki kəndi işğal olunub və erməni silahlı qüvvələri 9-cu kilometr deyilən ərazidən artıq ağır texnikalarla Cəbrayıl istiqamətində hərəkət edir. Keçmiş polk komandiri Ruhulla Babayev, polis rəisi Vaqif Məhərrəmovla birgə hadisə yerinə getdik. Məlum oldu ki, ermənilər tərəfindən sözügedən hərəkətlər müşahidə olunmur. Deməli, yayılan həmin məlumatlar şayiə idi. Cəbrayıl Mülki Müdafiə İdarəsinin rusdilli rəisi də belə bir informasiya yaymışdı ki, ermənilər Hadrut istiqamətindən Cəbrayıla doğru hərəkət edir. Polislər isə onu həbs etdilər. Beləliklə də ermənilərin Cəbrayıla birinci hücumunun qarşısını bildik. Amma həmin ilin avqustun 15-dən hadisələr gərginləşməyə başladı. Qeyd edim ki, bu müddətə qədər Hadrut rayonunun 15 kəndini erməni quldurlarından azad etmişdik. 1992-ci ilin avqustun 15-də ilk dəfə olaraq, “Xocalının intiqamını al” qisası ilə səhər saat 5 radələrində hücumla bir neçə kəndi götürdük və burada 32 nəfər şəhid verdik. Bir ildən sonra avqustun 15-də isə ermənilər Daşbaşı deyilən ərazidən hücuma keçdi. Bu dövrdə dövlət komitəsinin xətti ilə əsir və girovların dəyişdirilməsi prosesinə də rəhbərlik etmişəm. Belə vəhşiliyi ermənilər tərəfindən görməmişdim. O mənada ki, postdan aralıdakı yerdə bir çanta tapılmışdı. Çantanın içində isə müxtəlif narkotik maddələr aşkarlandı. Belə təsəvvür yarandı ki, ermənilər sanki bu maddələri qəbul etdikdən sonra, oradakı əsgərlərimizin cəsədləri üzərində elə bil ki, cərrahiyə əməliyyatı aparmışdılar. Belə qənaətə gəldik ki, bununla ermənilər bizim əsgərlərə psixoloji təzyiq göstərmək, xof yaratmaq istəyib. Cəbrayılda bu rayondan başqa, ölkənin digər bölgələrindən də çoxlu qardaşlarımız şəhid olub. Avqustun 16-də Zəngilan və Qubadlıdan gələn qüvvələrlə bir yerdə ermənilərin vəhşilik etdiyi bu postu geri ala bildik. O zaman Cəbrayıla hücum edən qüvvələr arasında rus qüvvələri də iştirak edirdi. O vaxtlar məlumat verilirdi ki, sovet ordu hissələri Azərbaycanı tərk edir. Amma belə məlum oldu ki, üstümüzə gələn qüvvələr Hadrud sərhəd birləşməsinin xüsusi təyinatlı dəstələri idi. Deməli, o zaman rus birləşmələri çıxmaq adı ilə faktiki olaraq Stepanakertdə yerləşdirilib. Bu qüvvələrə tankın üstündə bizə tərəf gələn podpolkovnik Panteleyev rəhbərlik edirdi. Bu şəxsi 1990-cı ilin yanvarın 20-də həbs olunandan tanıyırdım. Beləliklə, bu zamandan Cəbrayıla doğru erməni hücumları şiddətlənməyə başladı. Təsəvvür edin, Cəbrayıl rayonunun 1988-ci ildən 1993-cü ilin avqustun 20-dək bir metr də olsun ərazisi düşmən tərəfindən işğal olunmamışdı. Əksinə, biz Hadrutun 15 kəndini geri almışdıq. Amma, Hadrudla sərhəddə olan yüksəklikdəki Şaqat postunun rusların hücumu nəticəsində alınaraq ermənilərə verilməsindən sonra Cəbrayılın qara günləri başladı. Çünki, həmin yüksəklikdəki bu postdan Araz çayına qədər olan Cəbrayılın bütün ərazisi ovucun içi kimi görünürdü. Avqustun 18-də Ali Sovetin sədri Heydər Əliyevlə telefonla danışdım və Cəbrayılda gedən prosesləri onun diqqətinə çatdırdım.
Avqustun 21-də Bakıdan İkram Daşdəmirov olmaqla köməyə polis qüvvələri gəldi. Zəngilan və Qubadlıdan da kömək gəlmişdi. Avqustun 23-dən isə başlayaraq şəhərdə top, qrat, minomyot atəşlərindən addım atmaq belə mümkün deyildi. Həmin gün ermənilər üç istiqamətdən, Alpaşa, Xocavənd rayonu və dördyol deyilən ərazilərdən hücum etdilər. Beləliklə, Cəbrayıl şəhəri erməni birləşmələri tərəfindən işğal olundu.

 

 

 
21 ildir ki, doğma torpaqdan uzaq düşən bir vətəndaş olaraq, Cəbrayıl rayonu sizin yaddaşınızda necə qalıb?

 

 

 
– Həyatım boyu heç zaman peşmançılıq çəkməmişəm. Amma bir şeyi özümə bağışlaya bilmirəm. Cəbrayılda döyüşlər başlayan günü atamın qəbri üstündə, onu burada qoyub getdiyimə görə hönkür-hönkür ağladım. Cəbrayılda Şəhidlər Xiyabanı vardı. Orada Azərbaycanın bütün bölgələri, eyni zamanda Cəbrayıldan şəhid olan uşaqların xatirəsinə gözəl baryeflər qurmuşduq. Döyüş başlamamışdan uşaqlara bildirdim ki, həmin baryefləri oradan çıxarsınlar ki, şərəfsiz ermənilər gəlib şəhidlərimizin ruhunu təhqir etməsin. Amma bunu yerinə yetirə bilmədiyimə görə çox təəssüf hissi keçirirəm. Cəbrayıllılar onları həmişə hörmətlə xatırlayır. Hazırki zamandan o dövrə nəzər salanda, açıq-aydın görünür ki, o vaxtlar müharibəyə hazır deyildik. Keçən əsrin 80-ci illərin sonlarında ermənilərdə “Kalaşnikov” avtomatı olanda, bizdə tüfəng idi. İstifadə etdiyimiz ratsiyalar kənd təsərrüfatında işlədilən qurğular idi. O zamanlar real hərbi birləşmələrdə qulluq edənləri barmaqla saymaq olardı. Əksəriyyəti tikinti birləşmələrində qulluq edənlərdən ibarət olub. Bütün bunlarla yanaşı döyüşə-döyüşə ordumuz formalaşırdı. Hazırda güclü ordumuz, müasir silahlarımız var, maliyyə baxımından tam təmin olunub. Bu yaxınlarda prezident Qarabağ bölgəsinə səfər etdi. Burada o öz sözünü dedi. 21 ildir dözdük bəsdir. Üzümü beynəlxalq qurumlara tutaraq deyirəm, ya problemi sülh yolu ilə çözün, ya da bu millət torpaqları geri almağa qadirdir. 60 yaşım var, səfərbərlik olsa, yenə də əlimdə silah torpaqlarımızı azad etməyə hazıram və bunu da gözləyirəm.

 

 

 

 

 

 

 

 

Rüfət Sultan

 

 

 
“KarabakhİNFO.com”

 

 

 

 

 

 

 

 

 

 

 

23.08.2014 13:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*