Azərbaycanca

Sarkisyan 14 rəqibindən 7-sini necə sıradan çıxartdı

17.01.2013 | 16:32

1358425265_c74cbbe5-8463-428d-92cf-2993bf2bb97d_mw800Aydın Mirzəzadə: “Sarkisyanın reytinqi yüksək olmadığından prezident seçkilərində saxdalaşdırma olacaq”

 

Artıq Ermənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb. Beləliklə, 2013-cü il prezident seçkilərində iştirak etmək üçün 8 namizədin adı təsdiqlənib. Bunlar fəaliyyətdə olan Ermənistan prezidenti, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sərkisyan, Milli Müqəddərat Birliyinin lideri Paruyur Hayrikyan, Azadlıq Partiyasının lideri, Ermənistanın sabiq baş naziri Hrant Baqratyan, Jaranqutyun (İrs) Partiyası idarə heyətinin rəhbəri, sabiq Ermənistan xarici işlər naziri Raffi Hovhannisyan, “Radio Hay” radiostansiyasının rəhbəri, politoloq Andreas Qukasyan, tanınmamış Dağlıq Qarabağ Respublikasının sabiq xarici işlər naziri Arman Melikyan, Milli Həmrəylik Partiyasının sədri Aram Harutyunyan və əhaliyə tanış olmayan, özünü epik poeziya üzrə mütəxəssis kimi təqdim edən inşaatçı-mühəndis Vardan Sedrakyandır.

Maraqlıdır ki, ilk öncə on beş nəfər prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün MSK-ya müraciət etmişdi. Sonradan S.Sarkisyanın “səyi” nəticəsində onlardan 7-si öz namizədliklərini geri götürdülər. Onların əksəri rəsmi olaraq bunu MSK-ya ödəniləcək 8 milyon dram (20 min dollar) “namizədlik haqqı” ilə bağlı olduğunu bəyan ediblər. Əslində isə 7 namizədin mübarizədən imtina etməsinə səbəb S.Sərkisyanın öz ideyalarını yeritməsi oldu.

Sarkisyan 14 rəqibindən 7-sini necə sıradan çıxartdıBununla  bağlı “KarabakhİNFO.com” millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin fikirlərini öyrənib. A.Mirzəzadə e-jurnalımıza bildirdi ki, müxalifət düşərgəsində də kifayət qədər güclü namizədlər olmasına baxmayaraq, nədənsə bu dəfə onlar cəsarətsizlik göstərərək geri çəkildilər: “Xüsusilə Levon Ter-Petrosyanın geri çəkilməsi, hətta onun rəhbərlik etdiyi Ermənistan Milli Konqresindən heç bir namizədin verilməməsi Sarkisyanın işini asanlaşdırdı”.

Millət vəkilinin fikrincə, namizədlərin sonradan böyük bir hissəsinin qarşısının alınması onu göstərdi ki, Ermənistan bütün rəsmi dövlət resurslarından istifadə edib S.Sarkisyanın hakimiyyətə gedən yolunu daha da asanlaşdırmağa çalışır. Bu gün namizədlərin içərisində nə S.Sarkisyan, nə də digərləri güclü namizəd hesab olunmur. Ancaq bununla belə Ermənistan cəmiyyəti S.Sarkisyanın yenidən növbəti beş il dövlət başçısı olmasında marağını ortaya qoyur. Ancaq  seçkilərdən sonra xalqın küçələrə çıxmayacağına və ona ciddi etiraz etməyəcəyinə heç kəs qarantiya verə bilmir”.

Seçkilərin saxtalaşdırılmasına gəlincə, A.Mirzəzadə dedi ki, Sərkisyanın nüfuzu aşağı olduğundan bu neqativ addım atılacaq: “Nə nazir işlədiyi, nə də ötən beş il ərzində Sarkisyanın reytinqi yüksək olmayıb. Apardığı uğursuz xarici və daxili siyasət,  Dağlıq Qarabağ probleminin həllində tez-tez buraxdığı səhvlər onun zəif cəhətlərindən sayılır. Ötən prezident seçkilərindən sonra küçələrə çıxan xalqın güllə-boran edilməsi onun tərcümeyi-halında qanlı səhifələrdən biri hesab olunur. Sərkisyanın reytinqinin yüksək olmadığını nəzərə alsaq aydın məsələdir ki, seçkilərdə saxtalaşdırma olacaq. Həmçinin bu gün çox sayda erməni Ermənistandan kənarda işləsə də, öz ölkəsində pasport qeydiyyatındadırlar. Bu ölü canlardan da maksimum istifadə ediləcək. Ona görə Ermənistandakı bundan əvvəlki bütün seçkilərdəki kimi bu seçkilərdə də saxtalaşdırmadan danışa bilərik”.

                 

Müxalif  namizəddən boykot çağırışı

Bu arada politoloq Andreas Qukasyan digər namizədlərə seçkiləri boykot etməyi, birlikdə öz namizədliklərini geri çağırmağı təklif edib. BBC bildirir ki, o, namizəd həmkarlarını Ermənistanda “cinayətkar-oliqarx sisteminə qarşı” vətəndaş hərəkatına başlamağa səsləyib: “Birlikdə Ermənistan Respublikaçılar Partiyası tərəfindən hazırlanmış və qabaqcadan müəyyən edilmiş seçki mübarizəsindən çıxmağı və əsaslı dəyişikliklər naminə vətəndaş hərəkatını başlamağı təklif edirəm. Cəmiyyət bizdən, necə deyərlər, ikinci yer uğrunda mənasız mübarizə deyil, konkret hərəkət gözləyir”.

Artıq Qukasyan MSK sədri Tiqran Mukuçyana respublikada azad seçkilərin keçirilməsi ilə bağlı müraciət edib və müddətsiz aclıq elan edib.“Ermənistan Seçki Məcəlləsində prezident seçkilərinin azad keçirilməsi müəyyən edilməyib. Buna baxmayaraq, prezident seçkiləri həqiqi hesab edilməsi üçün azad keçirilməlidir. İctimaiyyətin seçkilərə mövcud inamsızlığı hakimiyyətin əsası kimi xalqın iradəsini sıfıra endirir”, – Qukasyanın bəyanatında deyilir.

Onun sözlərinə görə, Ermənistan vətəndaşının indiyə qədər onun səsvermə hüquqlarının tam təmin edilməsi üçün dövlətin öhdəlikləri barədə lazımi məlumatı yoxdur.

Ermənistanın “lragir.am” saytı isə A.Qukasyanın boykot çağırışını yaxşı ideya kimi qiymətləndirir: “Bu, seçkilərin ümumi saxtalaşdırmasına və S.Sarkisyan tərəfindən səsvermə hüququnun qəsb edilməsinə vətəndaş cavabıdır. Amma çağırış mövcud konsepsiya çərçivəsində edilməmişdi “kim bizimlə, o bizə qarşı” və buna görə reaksiya almadı. Çünki prezidentliyə namizədlər cəmiyyətə təklif edə bilərlər”.

        

Sarkisyan bütün proqressiv ideyaları qəsb edir

Sayt bildirir ki, S.Sarkisyanın siyasi texnoloqları birinci müasirləşdirmənin qlobal tendensiyalarını tutmağı və Ermənistanda onları retranslyasiya etməyi bacardı. “lragir.am”a görə, S.Sarkisyanın opponentlərinə bir yol var ki, bu da onun siyasətinə nəzarət ideyası altında birləşməkdir: “Ona görə ki, kifayət qədər ciddi məsələdir. Görünür, həm xaricdə, həm də Ermənistanda çox az adam ona inanır”.

Qeyd olunur ki, S.Sarkisyanın kursu müəyyən dərəcədə demaqoqluqdur: “Bunu keçmiş beş il ərzində gözəçarpan islahatların olmamasının nəticələrinin yoxluğu təsdiq edir. Çox az hiss olunan dəyişikliklər qeyd etmək olar.Məsələn, söz azadlığı. Amma bu əsasda təsir etmədi. Cəmiyyət ölkədə və iqtisadi siyasətdə qərarların qəbul olunmasına təsir etmək imkanlarını əldə etmədi.

Bildirilir ki, qarşıdakı seçkilər ideologiyaların mübarizəsi kimi S.Sərkisyanın siyasi texnoloqları tərəfindən açıq-aydın nəzərdə tutulurdu: “Hansı ki, Sərkisyan dağıdıcı qələbəni qazanmalı idi. Bunun üçün ilk dəfə siyasi çağırış irəli sürülmüşdü, ancaq ya müxalifət siyasi müzakirəyə hazır olmadı, ya S.Sarkisyan bütün proqressiv ideyaları qəsb etdi. Amma belə mübarizə alınmadı. Seçkiqabağı mübarizədə iştirak etməyə böyük siyasi güclərin liderlərinin imtinası vətəndaş cəmiyyətinə siyasi məsuliyyətin atılması oldu. Maraqldır ki, cəmiyyət bu məsuliyyəti qəbul edəcəkmi? A.Qukayanın irəliləməsi cəmiyyətin xüsusi cavabıdır”.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçkiqabağı kampaniya yanvarın 21-də başlayacaq və fevralın 16-da saat 00:00-da başa çatacaq.

Sarkisyan 14 rəqibindən 7-sini necə sıradan çıxartdıMilli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, siyasi şərhçi  Aydın Ağayev e-jurnalımıza açıqlamasında bildirdi ki, Petrosyanla Tsarukyan prezidentliyə namizdəliklərini versəydilər Ermənistanda seçkilərin intiriqası diqqəti cəlb edə bilərdi: “Hesab olunurdu ki, bu zaman S.Sarkisyanın vəziyyəti o qədər də yaxşı olmayacaq. Amma bunların heç biri öz namizədliklərini irəli sürmədilər. Tsarukyan özü də çox vədlər verimişdi. O hətta xaricə səfərlər edirdi. Gözlənilirdi ki, o, Avropanın dəstəyini qazana bilərdi. Beləkilə də, Ermənistanda seçki intriqası bir balaca ciddiləşəcəkdi. Amma bu olmadı”.

Onun fikrincə, qalanlarının namizədliklərini verməsi hamısı qurama bir şeydir: “Yəni bu fon yaratmaq üçündür ki, güya çoxnamizədlik şəraiti və rəqabət  olacaq, ciddi mübarizə gedəcək. Heç bir rəqabət və mübarizə olmayacaq. Sarkisyanı artıq indidən prezident kimi görürlər. Ona görə də bu seçkilərə maraq azalıb”.

O qeyd etdi ki, Sarkisyan əvvəl müəyyən qədər seçkilərdən çəkinirdi: “Ola bilərdi ki, ondan əvvəlki prezident Koçaryan müəyyən kombinasiyalar qursun. Tsarukyan da Koçaryanın adamı idi. Orada vəziyyəti elə qurdular ki, Koçaryan, ümumiyyətlə, bu məsələyə yaxın düşmədi”.

A.Ağayev də belə şərait yarandığından seçkilərin saxtalaşdırılacağını düşünür: “Təbii ki, onun namizədliyini istəməyən müəyyən qüvvələr var. Moskvadan bəzi erməni nümayəndələr onun əleyhinə danışırlar. Belə şərait də elektorata təsir edəcək. Elektorat da buna uyğun münasibət götərməyə çalışacaq”.

Sarkisyan 14 rəqibindən 7-sini necə sıradan çıxartdıErmənistanda real seçkidən danşmağın nəinki çətin, bəlkə də mümkün olmadığını deyən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı isə saytımıza açıqlamasında  bu ölkədə Rusiya amilini xüsusi vurğuladı: “Ermənistanda, ümumiyyələ, daxili  və xarici siyasətin formalaşdırlımasını daha çox Rusiya ilə əlaqələndirməliyik. Buna görə orada hansısa bir azad rəqabətdən, seçki mühitindən söhbət gedə bilməz. Çünki azad seçki mühiti ilə indi orada mövcud olan amilləri yan-yana qoymaq bir-birinə təzad təşkil edir”.

A.Aslanlı hesab edir ki, ermənilər hər zaman mənafelərinin həyata keçirilməsi üçün Rusiya ilə əməkdaşlığa üstünlük verirlər: “İstər prezidentliyə namizdlərin sayının azaldılması, istər bundan sonra baş verəcək proseslərin hamısını bu çərçivədə dəyərləndirmək lazımdır. Normal, hətta normalı bir kənara qoyuram, normala oxşar seçki prosesinin keçirilməsini gözləmək çox zəif ehtimaldır. Sanki olmayacaq kimidir. Rusiya istəmədiyi və hansısa bir fövqəladə hadisə baş vermədiyi müddətdə yəqin ki, Sərksiyan hakimiyyəti davam edəcək”.

Mərkəz sədri buna müqavimət göstərmək istəyənlərin olacğını da istisna etmir: “Onlar Sakisyanın ilk dəfə seçildiyi dövürdəki kimi, dinc əhaliyə atəşin açılmasından tutmuş digər qəddarlıqlara qədər cavab alacaq. Yaxud daha güclü olsa 1999-cu ildə parlament sədrinin olduğu şəkildə nəticələr ortaya çıxa bilər. Amma bütün hallarda Rusiya yəqin ki, surprizlərə imkan verməyəcək.

 

Fuad Hüseynzadə                                

 

KarabakhINFO.com

17.01.2013 16:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*