Azərbaycanca

Saxta erməni təbliğatına həqiqi tarixlə sarsıdıcı zərbə

15.10.2014 | 12:31

141388f3b0ea0b22e6feabbfc7bac0a6Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Azərbaycanın tarix elminin son illərdəki ən böyük nailiyyətlərindəndir

“Prezident İlham Əliyevin müəyyən etdiyi hücum xarakterli xarici siyasət, Azərbaycan reallıqlarını dünya məkanına yayımlayan müasir kanalların yaradılması və daim təkmilləşdirilməsi, ölkədə KİV sektorunun və İnternet məkanının inkişafı çox qısa müddətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji qüvvələr nisbətində özünü göstərmişdir. Lakin hazırda informasiya məkanında uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, bu istiqamətdə hər gün iş aparılmalı, ermənilərin mövqeyinin saxta olması barədə dəlillər gücləndirilməli və konkret tarixi sübutlar təqdim edilməlidir”.

 

Akademik Ramiz MEHDİYEV

 

 

Özünəməxsus milli inkişaf modeli ilə regionun yeni iqtisadi fenomeninə çevrilən, siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində inamlı addımlar atan Azərbaycan son illər həm də sabitləşdirici xarici siyasəti ilə milli mənafelərini təmin etmək əzmində olduğunu təsdiqləmişdir. Diplomatik sahədə qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən respublikamız Cənubi Qafqaz bölgəsindəki iqtisadi və geosiyasi üstünlüklərindən bəhrələnməklə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən müstəqil xarici siyasət yürüdür.

 

 

“İkili standartlara” qarşı informasiya savaşı

 

 

Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini beynəlxalq aləmə çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən respublikamız diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Dünya siyasətinə əsaslı təsir imkanları olan fövqəlgüc dövlətləri indi respublikamızla hesablaşır, mövqeyimizi nəzərə alırlar.
Dövlət başçısının xalqın iradəsinə əsaslanmaqla irəli sürdüyü “hücum diplomatiyası”nın effektiv nəticələri göz önündədir. Bu gün əksər dünya dövlətləri respublikamızın regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət olduğunu yaxşı bilirlər. Sivil birgəyaşayış normalarına uyğun xarici siyasət yürüdən respublikamız indi həm də bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini darmadağın edir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır.
Ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyi “informasiya blokada”sı mərhələsini çoxdan geridə qoymuş Azərbaycan son illər Ermənistanı nəinki iqtisadi və siyasi, habelə ideoloji-təbliğati müstəvidə də əhəmiyyətli dərəcədə üstələmişdir. Hazırda dünyada geniş müşahidə edilən “ikili standartlar”a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ən müxtəlif rəsmi səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə milli elmi elitanın fəallığı da son illərdə nəzərəçarpacaq dərəcədə güclənmişdir.
Prezident İlham Əliyev ölkənin elmi elitasını uydurma erməni təbliğatına qarşı mübarizədə daha fəal və prinsipial olmağa çağıraraq demişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar”.
70 il imperiya buxovları ilə yaşamağa məhkum olmuş Azərbaycan yalnız müstəqillik qazandıqdan sonra öz tarixini obyektiv şəkildə araşdırmaq və sanballı elmi tədqiqatlar aparmaq imkanı qazanmışdır. Xüsusən də son illərdə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə ölkə tarixçiləri bu istiqamətdə dərin elmi araşdırmalar aparmış, xüsusən də erməni qəsbkarlarının azərbaycanlılara və türklərə qarşı son iki əsrdə törətdikləri soyqırımı, terror və deportasiya faktları ilə bağlı xeyli sənədlər aşkara çıxarmışlar.
Lakin etiraf etmək lazımdır ki, bunların heç biri sistemlilik, mövzu əhatəliliyi, faktların orijinallığı və məzmun baxımından Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri akademik Ramiz Mehdiyevin qələmə aldığı tarixi əsərlərlə müqayisəyə gələ bilmir. Ümumiyyətlə, görkəmli filosofun son illərdə gərgin zəhmət, dərin analitik təhlil və elmi düşüncə əsasında qələmə aldığı sanballı əsərlər konseptual əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının mahiyyətinin, habelə milli demokratik tranzitin, modernləşmə prosesində qarşıda duran hədəflərin adekvat dərkinə imkan yaradır. Çağdaş siyasi-fəlsəfi düşüncəni düzgün məcrada istiqamətləndirən, respublikanın keçdiyi mütərəqqi inkişaf yoluna mükəmməl elmi-fəlsəfi yanaşma olan bu əsərlərin ictimai dəyəri həm də onların cəmiyyətdə böyük maraqla qarşılanması, səmərəli polemikalara, diskussiyalara yol açması, yeni elmi araşdırmalar üçün konseptual metodoloji baza rolunu oynaması ilə ölçülür.

 

 

“Hücum diplomatiyasına” fundamental tarixi-ideoloji dəstək

 

 

45 ildir ki, Heydər Əliyev siyasi kursunun ən sadiq davamçılarından olan, bilavasitə içərisində yaşadığı siyasi hadisə və proseslərin, idarəetmə metodlarının peşəkar planda fəlsəfi-politoloji və iqtisadi təsvirini yaradan akademik Ramiz Mehdiyev gərgin əmək bahasına ərsəyə gətirdiyi əsərlərdə həm də dövlət quruculuğu prosesinin tarixi salnaməsini də yaradır. Bu şərəfli salnamədə ən yeni tariximizin ziddiyyətli məqamları, ictimai-siyasi prosesləri, keçid mərhələləri, transformasiya, inkişaf və sabitlik dövrü fundamental şəkildə araşdırılır. Bu əsərlər konseptual əhəmiyyəti ilə həm də Azərbaycanın müstəqillik illərində keçdiyi çətin və şərəfli yola nəzər salır, yürüdülən siyasətin mahiyyətini elmi cəhətdən əsaslandırır. Əminliklə demək olar ki, gələcək nəsil tədqiqatçılar müstəqillik dövrünü araşdırarkən məhz akademik Ramiz Mehdiyevin dəyərli əsərlərinə dönə-dönə istinad edəcəklər.
Akademik Ramiz Mehdiyev cəsarətli alim və milli təəssübkeş kimi son illərdə Azərbaycanın tarixinin yalnız müasir deyil, digər mərhələlərini də araşdırmış, həqiqətlərə işıq salmışdır. Bu əsərlərdə Azərbaycanın tarixinin müxtəlif mərhələləri, o cümlədən xalqın görkəmli tarixi şəxsiyyətləri ilə bağlı tədqiqatlar geniş əksini tapmış, bəzi ziddiyyətli, mübahisəli məqamlara obyektiv münasibət ifadə olunmuşdur. Bu baxımdan görkəmli alimin Azərbaycanın böyük tarixi şəxsiyyəti Şah İsmayıl Xətaiyə həsr olunmuş “Şah İsmayıl Xətai ali məramlı şəxsiyyət kimi” və “Tarixi idrakın elmiliyinə dair” əsərləri özünün elmi sanbalı, ensiklopedik səciyyə daşıması, məzmunu baxımından nəinki tarixçi alimlərdə, ümumilikdə elmi ictimaiyyətdə böyük marağa səbəb olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin tarixi-politoloji mövzuda qələmə aldığı əsərlərdə Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ermənilərin tarixən Qarabağda məskunlaşdırılmaları, Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq cəhdləri, ümumilikdə, xalqımızın başına gətirdikləri böyük faciə və müsibətlər dolğun əksini tapmışdır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqların birbaşa iştirakçılarından olan, Prezident İlham Əliyevin bu istiqamətdəki diplomatik fəaliyyətinə elmi-nəzəri cəhətdən hərtərəfli töhfə verən akademik həm də görkəmli dövlət xadimi və filosof kimi fövqəlgüc dövlətlərin Azərbaycanın zorla cəlb olunduğu ədalətsiz münaqişəyə ikili standartdan qaynaqlanan münasibətini konkret faktlar əsasında diqqətə çəkmişdir. Xarici auditoriya – istər KİV, istər ictimai, istərsə də elmi dairələrlə sıx təmasda olan akademik Ramiz Mehdiyev haqlı olaraq müasir dünyanın bu problemin tarixi kökləri və yaranma səbəblərindən kifayət qədər məlumatlı olmamasını qeyd etmişdir. Bu baxımdan alimin elmi tədqiqatlarında Qarabağ mövzusu ilə bağlı yer alan maraqlı faktlar, mühakimələr, elmi istinadlar erməni ideoloqlarının təbliğ etdikləri miflərin dağıdılması, saxta təbliğatın ifşa edilməsi, tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin yürütdüyü hücum diplomatiyasına əyani dəstəyin ifadəsi olan bu əsərləri nüfuzlu tədqiqatçının ali dövlətçilik və yüksək vətənpərvərlik missiyası kontekstində tam təbii qəbul etmək lazımdır.
Hər zaman aktuallığı və məzmunu ilə cəmiyyətdə ictimai fikrin pozitiv məcrada inkişafına çalışan akademik Ramiz Mehdiyevin hələ 2010-cu ildə işıq üzü görmüş “Gorus 2010: absurd teatrı mövsümü” əsəri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Son dərəcə səhih tarixi mənbələrə, ciddi arqumentlərə əsaslanan alim gərgin zəhmət bahasına ərsəyə gətirdiyi bu tarixi əsərində ermənilərin indiyə qədər səsləndirdikləri iddiaların əsassızlığını sübuta yetirmiş, ələlxüsus da Ermənistan prezidenti Serj Sarkisyanın saxtakarlıqlarına sarkazm ruhunda elmi münasibətini ifadə etmişdir. Əsərlə tanışlıq zamanı Ermənistan prezidentinin Gorusda verdiyi açıqlamalarının reallıqdan tamamilə uzaq olduğu, populist xarakter daşıdığı, tarixi həqiqətləri saxtalaşdırmaq niyyəti güddüyü bir daha aydın görünmüşdür. “Gorus 2010: absurd teatrı mövsümü” əsərinin elmi siqləti, ictimai əhəmiyyəti, ideoloji-siyasi dəyəri həm də onunla səciyyələnir ki, burada ermənilərin cəfəng iddialarına ilk dəfə olaraq sistemli, ardıcıl yanaşma ilə tutarlı cavab verilmişdir. Eyni zamanda bədnam qonşularımızın Azərbaycana qarşı ərazi iddialarının təkcə tarixi, siyasi, coğrafi, antropoloji baxımdan deyil, müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından da əsassızlığı sübuta yetirilmişdir.
Əsərdə toxunulan məsələlərin elmi siqlətini, ideoloji-təbliğati təsir effektivini artıran digər nüans bundan ibarətdir ki, akademik Ramiz Mehdiyev Azərbaycanın haqlı mövqeyini əsaslandırmaq üçün, ilk növbədə, dünyanın nüfuzlu alimlərinə, eləcə də rus və erməni tarixçilərinin əsərlərinə istinad etmiş, açıq elmi polemika yolu ilə Serj Sarkisyanın Gorusda nə qədər qeyri-ciddi, yalan və iftira xarakterli fikirlər səsləndirdiyini göstərmiş, ermənilərin tarixi faktları təhrif etmək, saxtalaşdırmaq cəhdlərini açıq ifşa etmişdir. Əsərdə haqlı olaraq vurğulanmışdır ki, Ermənistan prezidenti elmi ictimaiyyətə tarixi faktları tanınmaz dərəcədə təhrif etmək, tarixi onun dediyi tərzdə yenidən yazmaq, elmi mənbələrə əhəmiyyət verməmək, əvəzində isə mif və uydurmalara əsaslanmağı təklif etmişdir. Ermənistanda böyük təlaşla qarşılanan, erməni ideoloqlarını və tarixçilərini çıxılmaz duruma salan bu əsərə bədnam qonşularımızın tutarlı elmi cavab vermək cəhdləri isə fiaskoya uğramışdır.
“Gorus 2010: absurd teatrı mövsümü” əsəri həqiqətən də Qarabağ probleminin mahiyyətinin öyrənilməsi, münaqişə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində dövlətimizin apardığı diplomatik fəaliyyətə böyük dəstək, elmi təbliğatda dönüş mərhələsi olmuşdur. Beləliklə, akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə tarixinin obyektiv araşdırılması ilə bağlı dəyərli tövsiyələrinə ilk reaksiya verən, erməni mifomaniyasına böyük zərbə vuran nüfuzlu alim kimi sonrakı elmi tədqiqatların da ərsəyə gəlməsini bir növ stimullaşdırmışdır.

 

 

Erməni milli düşüncəsi yalnız mif yaradıcılığına əsaslanır

 

 

Bu istiqamətdə tarixi tədqiqatlarını davam etdirən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin son aylarda ictimaiyyətə təqdim olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı, həmçinin bu günlərdə dərc edilən “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” əsəri də məzmunu, elmi səviyyəsi, faktların yeniliyi və orijinallığı, istinad mənbələrinin mötəbərliyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda böyük rezonans doğurmuşdur.
Tədqiqatçı alimin Moskvada nəşr olunan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri Azərbaycanın zorla cəlb olunduğu münaqişə ilə bağlı tarixi həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Əsərdə qədim dövrlərdən indiyədək münaqişə ilə bağlı həqiqətləri əks etdirən faktlar, ermənilərin Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarında məskunlaşmaları prosesi, onların bu məqsədlə törətdikləri vandalizm aktları konkret tarixi elmi mənbələr əsasında diqqətə çəkilmişdir.
Ensiklopedik səciyyə daşıyan bu əsər gərgin axtarışların, mükəmməl elmi təhlillərin, mahir tədqiqatçılığın, eyni zamanda, yüksək vətənpərvərliyin və ali vətəndaşlıq duyğusunun təcəssümüdür. Görkəmli akademik böyük zəhmət hesabına ərsəyə gətirdiyi bu əsəri ilə tarixçi alimlərə belə bir mesaj vermişdir ki, Qarabağ mövzusunda sanballı elmi təqdiqatların davam etdirilməsi Azərbaycanın milli mənafelərinin, dövlətçilik maraqlarının diktə etdiyi obyektiv zərurətdir; bu məqsədlə daha da böyük səylər göstərilməli, müxtəlif ölkələrin arxiv materialları tədqiq olunmalı, erməni tarixçilərinin saxtakarlıqları konkret məxəzlər əsasında sübuta yetirilməlidir.
Moskvada nəşr olunmuş monoqrafiyada əsasən xarici dillərdə, o cümlədən erməni dilində olan ilk mənbələrə və elmi əsərlərə istinad edilir, iqtibaslar gətirilir. Beləliklə, görkəmli akademik xarici ölkələrin alimlərinə tarixi həqiqətin ünvanını elə onların öz dillərində olan ilk mənbələrdə və elmi ədəbiyyatda olduğunu göstərir. Əsərdə bədnam qonşularımızın Azərbaycana qarşı ərazi iddialarının təkcə tarixi, siyasi, coğrafi, antropoloji baxımdan deyil, həm də müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından əsassızlığı sübuta yetirilir. Müəllif əsərin giriş hissəsində göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elmi və tədris ədəbiyyatlarında geniş işıqlandırılması zəruridir. Qeyd olunur ki, regionda uzunmüddətli silahlı münaqişəyə gətirib çıxaran motivlərə dair ən müxtəlif, bəzi hallarda isə diametral ziddiyyətli nöqteyi-nəzərləri əks etdirən çoxsaylı tədqiqat işləri işıq üzü görmüşdür: “Hər bir fakt, element, hər bir detal problemin təkamül prosesini müəyyənləşdirir və özündə məntiqi yük daşıyır. Postsovet məkanında ən qanlı münaqişə olan Ermənistan-Azərbaycan münaqişəsinin ilkin təbiətini, səbəblərini və hazırkı konyunkturunu dərk etmək üçün akademik yanaşma labüddür”.
Əsərdə müxtəlif dillərdə olan ilk məxəzlərə, o cümlədən erməni mənbələrindəki çoxsaylı faktlara əsasən ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi” olmaları barədəki saxta uydurmaları alt-üst edilir. Tarixi yaddaşda qanlı izlər buraxan erməni vandalizmini “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində bir daha xatırladan akademik Ramiz Mehdiyev əsas diqqəti elmə məlum olan faktların sadalanmasına yox, özünü bu faktların düzümündə reallaşdıran erməni milli düşüncəsinin yalnız mif sözü ilə dəyərləndirilə biləcək mahiyyətinə yönəltmişdir. Əsərdə göstərilir ki, qədim tarixi kökləri aşkara çıxarmaqla özünütəsdiqə canatma hər bir xalqın milli özünüyaşatma üsullarından biri olduğu halda, bu humanitar yaşam formulu “erməni” etnofakturasının nümunəsində öz etnik varlığını hər cəhdlə qədimləşdirmək yolu ilə etnik üstünlüyə canatma kimi irqçi yaşam üsuluna qədər inkişaf etdirilmişdir. Zamanla erməni xalqını mədəni dünya ilə münasibətlərdə faciəvi duruma salan bu özünüifadə formulu təkcə çağdaş erməni siyasəti üçün xarakterik olmayıb, erməni “tarixinin” bütün dönəmləri üçün aktuallıq kəsb etmiş, həm də sivil dünyanı zaman-zaman erməni antihumanitar yaşam formulunun onun milli sistemi səviyyəsində hərəkətə gəlməsindən özünü qorumağa məcbur etmişdir.
Sanballı tarixi əsər həm də ermənilərin Cənubi Qafqazda yeritdikləri milli siyasətin doğurduğu fəsadları dərindən dərk etməyə imkan verir. Bir daha təsdiqlənir ki, ermənilər regionda (ümumən qovularaq gəldikləri bütün məkanlarda) “göründükləri” andan onun mənəvi mədəniyyət tarixini düşünülmüş şəkildə dəyişdirmək – erməniləşdirmək üçün var gücləri ilə çalışmışlar. Bunun başlıca səbəbi isə onların qədəm qoyduqları hər bir yeni məkanda, o cümlədən Cənubi Qafqazda yad etnos olmalarıdır. Bütün bunlara təkzibolunmaz elmi dəlillərlə münasibətini açıqlayan akademik Ramiz Mehdiyev yazır: “Ermənilər praktiki olaraq yeganə millətdir ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər. Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir”.

 

 

Utopik ideyalar Ermənistanın tam iflasını tezləşdirir

 

 

Əsərdə erməni etnik elementi Qafqaz milli landşaft sistemi üçün tamamilə yad element kimi xarakterizə edilir. Məhz yadlığın doğurduğu bu həqiqət ermənilərdən Qafqazın avtoxton türk milli yaddaşına hər zaman total-sistemli müdaxilə tələb edir. Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri, əslində, ermənilərə hər bir etnosun milli genetik sxemlərinin bir ilahi yazı olduğunu, pozulmazlığını sübut edir, tarixin “qalan vaxtını” antihumanitar erməni formulu əsasında deyil, ümumbəşəri normalara uyğun yaşamaq, nəticə çıxarmaq üçün bir şans olduğunu göstərir. Əsərdə haqlı olaraq vurğulanır ki, ermənilər heç vaxt Cənubi Qafqazda avtoxton (yerli) əhali olmamışlar. Həmçinin vurğulanır ki, ermənilərin tarix elmi mifləşdirilmiş yalana, böhtana, iftiraya və faktların saxtalaşdırılmasına yer olmadığı tarixi prosesin obyektivliyini üzə çıxarır.
Kitabın ən maraqlı cəhəti burada ermənilərin Dağlıq Qarabağ və Azərbaycan ərazilərində tarixən məskunlaşmaları prosesinin konkret elmi məxəzlər, dəlil və sübutlar əsasında isbata yetirilməsidir. Hazırda da davam edən bu təcavüzkar siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçiləri və ideoloqlarının uydurduğu “dənizdən-dənizə böyük Ermənistan” dövləti qurmaqdır. Əsərdə bütövlükdə türk dünyasına qarşı yönəlmiş bu iftira kampaniyasının əsassızlığı tarixi faktlar əsasında təsdiqlənir. Müəllif qeyd edir ki, ermənilərin Cənubi Qafqazda peyda olmaları IV əsrdə Bizansla Sasanilər imperiyası arasında müharibələrlə əlaqədardır: “Həmin vaxt Kiçik Asiyanın qəbilələrinin növbəti miqrasiyası baş vermişdir. Bundan sonra ermənilər iri transformasiyalar dövründə, monqolların hücumu nəticəsində Səfəvilərlə Osmanlı imperiyaları arasında müharibələr zamanı kiçik qruplarla Cənubi Qafqaza gəlmişlər”.
Əsərdə vurğulanır ki, hələ 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrındən sonra – 1849-cu ildə İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülmələrinə başlanılmışdır. Beləliklə, soyqırımı, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İran və Osmanlı imperiyasından 57226 nəfər erməni köçürülmüşdür. Kitabda göstərilir ki, bu köçürmə siyasəti ilə ermənilərin ön Asiyada uzun əsrlər sürən miqrasiya prosesinə özünəməxsus nöqtə qoyulmuşdur: “Bu, Qafqazın və əsasən Şimali Azərbaycanın xristian etnosu ilə zəbt olunması planını rəhbər tutan Rusiya imperiyasının həyata keçirdiyi məqsədyönlü və sistemli şəkildə təşkil olunmuş köçürülmə siyasəti sayəsində baş vermişdir. Bu minvalla 1825-1926-cı illərdə Rusiya-İran müharibəsi zamanı 18 min erməni ailəsi Qarabağa köçürülür və qədim Azərbaycan-türk torpaqlarında yeni kəndlər – Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və digərləri yaranır”.
Kitabda, həmçinin qeyd olunur ki, ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-nin süqutu zəminində cərəyan edən proseslərdən öz maraqlarına uyğun bəhrələnən erməni ideoloqları Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmişlər. Vətənpərvər və milli ideallara bağlı bir şəxsiyyətin – ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna, informasiya savaşına başlamışdır. Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürməsi və qondarma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması azərbaycanlıların növbəti dəfə kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələnmişdir. 1988-ci il noyabrın 22-dən 28-dək Ermənistanın 22 rayonunda sırf soydaşlarımızın yaşadığı 170, habelə ermənilərlə qarışıq 94 yaşayış məntəqələri azərbaycanlılardan tam təmizlənmişdir. Nəticədə 250 minədək azərbaycanlı Ermənistandan qovulmuşdur.
Akademik Ramiz Mehdiyev “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində bütün bunlarla yanaşı, Ermənistanın ötən 25 ildə heç nəyə nail olmadığını da xüsusi vurğulayır. Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ separatçı rejimini ötən illərdə heç bir dövlət tanımamışdır. Əksinə, bu gün aparıcı dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar belə nəzarətsiz zonaların sivil dünyanın təhlükəsizliyi üçün ciddi problemə çevrildiyini açıq etiraf edirlər. İqtisadi və hərbi cəhətdən güclənən Azərbaycanın danışıqları imitasiya xatirinə aparmadığını, prosesdə pozitiv dönüşün yaranmayacağı halda rəsmi Bakının hərbi varianta əl ata biləcəyini Ermənistan rəhbərliyi də yaxşı dərk edir. Hələliksə Prezident İlham Əliyevin son illərdə münaqişənin həlli istiqamətində yeritdiyi siyasət Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirməyə, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etməyə, ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməyə yönəlmişdir.
Təcavüzkar ölkə özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlamışdır. Ermənistanın xarici borcları getdikcə artır, ölkədə sosial-iqtisadi tənəzzülün qarşısının alınmaması əhalinin vəziyyətinin pisləşməsi ilə müşahidə olunur. Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan getdikcə bu ölkənin for-postuna çevrilir, bütün strateji əhəmiyyətli müəssisələrini itirir. Yoxsulluğun səviyyəsinə görə MDB-də liderliyi əldən verməyən Ermənistan siyasi sahədə də ciddi problemlərlə üz-üzədir. Hakimiyyətə gəlmiş erməni elitası “böyük Ermənistan” barədə utopik layihəni reallaşdırmaq naminə sosial qrupların əksəriyyətinə, demokratik quruluşa deyil, millətin birliyini təmin etmək və onun mənafelərini reallaşdırmaq vəzifəsindən üz döndərərək güc rıçaqlarını və resurs bazasını öz əllərində cəmləşdirmiş bir ovuc işbazın və siyasətbazın maraqlarına arxalanır.

 

 

Dəqiq tarixin mükəmməl istinadı

 

 

Akademik Ramiz Mehdiyev “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində vurğulayır ki, Ermənistan prezidenti indi daha çox öz hakimiyyətinin hayında olduğu üçün münaqişə ilə bağlı mövcud “status-kvo”nun saxlanılmasına səy göstərir. Lakin bu vəziyyətin özü işğalçı ölkəni iflic vəziyyətindən çıxmağa qoymur. İqtisadiyyata yönəldilməli olan xərclər işğalçı ordunun, separatçı rejimin saxlanılmasına sərf edilir. Ermənistanda sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişmədiyini, insanların aclıq və səfalət içində yaşadığını müxtəlif beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Hakim rejimin bütün səylərinə rəğmən, ölkədən köçüb-gedənlərin sayı durmadan artır.
Müəllif Ermənistanın yaşamaq üçün perspektivsiz ölkə olmasını da konkret faktlar əsasında vurğulayır: “Yerevanın seçdiyi model müasir dövrün tələblərinə və bütövlükdə Ermənistan əhalisinin istəyinə uyğun gəlmir, özü də təkcə ona görə yox ki, o öz mahiyyətinə və mənasına görə aktual deyildir. Bu model cari ictimai reallıqlardan uzaq olmaqdan əlavə, həm də hakimiyyət ilə xalqın həmrəyliyini təmin etmir. Məntiqi nəticə ölkənin demoqrafik cılızlaşması oldu. BMT-nin və Ermənistan Səhiyyə Nazirliyinin statistikasına görə 2013-cü ildə bu respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfədən çox azalıb. Belə ki, 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq doğulub. Bu göstəriciyə əsasən, Ermənistanda əhalinin azalma miqyası haqqında da nəticə çıxarmaq olar”.
Kitabda, həmçinin Dağlıq Qarabağ ermənilərinin milli “özünütəyinetmə” hüququnun əsassız olduğu konkret faktlarla göstərilmişdir. Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini – Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
Əsərdə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının beynəlxalq hüquq baxımından əsassızlığı da sübuta yetirilir. Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, hazırda mövcud olan dövlətlərin sərhədləri “kim əzəldən harada yaşamışdır və kim haraya köçmüşdür” prinsipi ilə müəyyənləşmir. Eyni zamanda, başqa dövlətin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə qəsd etmək, işğal yolu ilə gedərək onu özününküləşdirmək dövrü çoxdan geridə qalmışdır.
Dövlətin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı millətlərin öz müqəddəratını təyin etməsində başlıca şərtdir. Heç bir dövlətin hazırkı siyasi birliyi və ərazi bütövlüyü separatçılıqla bölüşdürülə bilməz. Eyni zamanda, unutmaq olmaz ki, Dağlıq Qarabağda separatçı erməni rejimi formalaşanadək burada əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil ediblər. Həmin muxtar vilayətdə rusların və digər millətlərin nümayəndələri də yaşayıblar. Belə olan halda, həmin ərazidə yalnız ermənilərin öz müqəddəratını təyin etmək kimi iddia ilə çıxış etməsi yolverilməzdir. Eyni zamanda, oradakı ermənilərin “Dağlıq Qarabağ xalqı” kimi qələmə verilməsi tamamilə absurddur. Azərbaycan Prezidenti bu reallıqdan çıxış edərək gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı erməni icması ilə yanaşı, azərbaycanlı icmasının da maraqlarının və təhlükəsizliyinin əsas götürülməsini vacib sayır.
Ümumilikdə, kitabda o da vurğulanır ki, sülh danışıqlarını görüntü xatirinə davam etdirmək niyyətində olmadığını dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı hələlik prosesləri təmkinlə izləyir və nizamlanma prosesinin dalana dirənmədiyi qənaətindədir. Ermənistan yaranmış fürsəti düzgün dəyərləndirib konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, münaqişənin güc tətbiqi ilə həlli Azərbaycan üçün qaçılmaz varianta çevriləcəkdir. Ölkə rəhbərliyinin bu qətiyyətli mövqeyi həm də xalqın milli maraqlarını sonadək müdafiə etmək əzmindən qaynaqlanır.
Əsərin sonunda müəllif ümidvar olduğunu bildirir ki, erməni milli elitası bu millətin ən savadlı hissəsi kimi perspektivdə qarşılarına barbar vəzifələr deyil, səmərə, xeyir gətirən, öz xalqının daha yaxşı gələcəyinə ümid doğuran məqsədlər qoymaq üçün özündə qüvvə tapacaqdır. Çünki 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanandan sonra yaranmış ayırıcı xətt heç vaxt Azərbaycan tərəfindən yeni dövlətlərarası sərhəd kimi tanınmayacaq! Buna görə Ermənistan elə özünün mənafeyi üçün ilkin mövqelərə qayıtmalı, kompromis yanaşmalara razılıq verməlidir. Əks halda, vəziyyət daha da radikallaşacaq və regionda sabitliyi pozan tərəf sülhə məcbur ediləcəkdir.

 

 

 

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”

 

 

15.10.2014 12:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*