Azərbaycanca

“Sehrli xalat” filmində ermənilərin cavabı verilib

18.06.2014 | 09:15

1403100007_sehirli-xalat“Sehrli xalat” filminə Əlisəttar Atakişiyev 1964-cü ildə quruluş verib. Bəstəkarı Arif Məlikov, quruluşçu operatoru Teyyub Axundovdur. Əsas rollarda Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Yusif Şeyxov, Solmaz Hətəmova, Azər Qurbanov oynayır. Film nağıl janrında çəkilib və uşaqların sevimli filmlərindən biridir. Bu filmdə diqqətimizi cəlb edən maraqlı məqamlardan biri də rejissor və ssenaristin sovet dövründə, ermənilərin o zaman güclü imkanlara malik olmasına baxmayaraq yer alan sətiraltı mənalardır. Məlumdur ki, o zamanlar ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün bir sıra ənənəvi üsullar və prosedurlar işlədirlər:

 

– intellektual fırıldaqçılıq və plagiatlıq bir coğrafi ərazidə yaşayan qonşu xalqların mədəni ənənələrinin yaxınlığı ilə izah edilir;

– birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında tirajlanır və yayılır;

– Azərbaycanın ədəbi folklor nümunələri və digər əsərlər erməni transkripsiyasına çevrilir, maddi daşıyıcılara köçürülür və saxlanmaq üçün fond və arxivlərə veriləndən sonra oradan «qədim erməni əsərləri» kimi çıxarılır və daha çox xarici dillərə tərcümə edilərək yayılır. Bir sözlə, əqli oğurluq, erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi.

– Azərbaycan folkloru əsərlərindəki süni surətdə erməniləşdirilmiş personajlara həsr olunmuş “tədqiqat əsərləri” nəşr olunur və “elmi işlərdə” erməni şəklinə salınmış bu və ya digər Azərbaycan mədəniyyət nümunəsinin erməni mənşəyinin və ya ona ən azı erməni təsirinin sübut olunması üçün saxta dəlillər yapışdırılır və s.

 

 

Söz açdığımız “Sehrli xalat” filmində belə bir səhnə var:

Rəşid xanın sarayına düşəndən sonra xanı da götürüb geri qayıtmaq istəyir. Bunun üçün onların hər ikisi xalata bürünür və aralarında belə bir dialoq olur:

 

Rəşid: – Çitrakuta, çitrakuta, işvara!

Xan: – Çitraxuda, çitraxuda, işvərə!

Rəşid: – Ayravana…

Xan: – İrəvana gedirik?

Rəşid: – Yox ey!…

 

 

Burada İrəvan sözünün təsadüfü olmadığına əminik. Çünki filmdən sonra rejissora və ssenaristə edilən təyziqlərdən sonra belə bir açıqlama verilib: “Burada heç də İrəvandan söhbət getmir, xan sadəcə olaraq “Ayravana” sözünü “İrəvan” kimi başa düşüb”

 

“Sehirli xalat” filminin rejissoru Ə.S.Atakişiyevə Ermənistandan məktub yazılır. Bir erməni tamaşaçısı filmdə səslənən sözə münasibətini, daha doğrusu etirazını bildirmişdi. Burada keçmişdən gələn Xanın pionerdən “İrəvana gedirik?” soruşması erməninin şəstinə toxunubmuş. Məktubda yazılmışdı: “Siz nəyə görə filmdə Yerevanın adını çəkmisiniz? Bunun sizə, filmə nə dəxli var? Məgər ayrı şəhərin adını çəkə bilməzdinizmi? Elə Azərbaycanın özündə o qədər şəhər var ki”.

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bu hadisə ilə bağlı maraqlı bir məqama toxunur. Aydın müəllim yazır: Məktubu oxuyan Ə.S.Atakişiyev bir an susub, sonra dedi: “İstəyirəm bu tamaşaçıya bir tutarlı cavab yazam.” Onun iş otağında oturub erməni tamaşaçısına tutarlı bir cavab yazdıq. Yazdıq ki, ermənilər sonradan İrəvan xanlığına, Qarabağa köçüb bu yerlərdə yurd salıblar. Lap sonralar sovet hökumətinin başçıları tərəfindən Zəngəzur, Göyçə də onlara verilib. Halbuki bu torpaqlar əzəldən Azərbaycanın olub.

Göründüyü kimi o zamanlar ermənilər Azərbaycanın əzəli torpaqlarını öz adlarına çıxmaqla yanaşı öz işğalçı siyasətlərini də aşkar biruzə verirdilər.

 

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı

 “KarabakhİNFO.com”

18.06.2014 09:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*