Azərbaycanca

Sevgi düsturu

16.04.2013 | 12:30

  1374568924_v.qaziMübariz İbrahimova

 

     Qarabağın işğaldan qurtulması üçün hərbçilərin, siyasətçilərin, iqtisadçıların, hər kəsin öz düsturu ola bilər. Mənimsə əminliyim ondadı ki, Qarabağa zəfər yolumuz onu dəli bir eşqlə sevməkdən keçir.

Qarabağı sevməyi heç kimə qadağan edə bilməzsən, erməniyə də. Bu gün o, iki aşiqi olan gözəl kimidi.

Bu “aşiq-məşuq” davasında sevgisi daha çox olan udacaq!

Qarabağ onu daha çox sevənin olacaq!…

Qarabağı təkcə daş kimi, dağ kimi, meşə kimi, bulaq kimi yox, anan kimi, balan kimi, səni havalandıran yar kimi, Allahın kimi – Vətən bunların hamısının məcmusudu – sevməklə alacaqsan! Sevənlər üçün “sevmək”lə “ölmək” iç-içə sözlərdi, sinonim kimi. Onların qarışığından İlahi Eşq yaranır. Vətən sevgisi həmin o İlahi Eşqdi. Yerdə qalanların pafos qarışığı var.

Vətəni sevmək (ölmək) Allaha obaşdan edilən duaya, şirin yuxu görən körpə balanın təbəssüm qoxuyan üzündən öpməyə, başını dizinə qoyduğun ananın titrək barmaqları ilə saçını qarışdırmasına, məsum bir qızın qəfil baxışından içində başlayan təlatümə bənzəyir.

Bütün sevgilərin bir səsi var – pıçıltı! Ana balasına laylanı, bəndə Allahına duanı, aşiq məşuquna sevgisini pıçıltı ilə deyir.

Bütün sevgilərin bir dili var – sükut! Sevgi dilə gətiriləndə bitir, dəyişib başqa şey olur. Gün işığı görən, “proyavka” olmamış foto lenti kimi…

Mübariz İbrahimov Vətəni sevməyin düsturunu göstərdi. Heç kimə heç nə demədən. Sevgisini dilinə gətirmədən, eləcə “…artıq ürəyim dözmür” yazdı. Sonra sakitcə durub Vətəni sevməyə getdi. Vətəni sevməyə gedənlər qayıtmır, o da qayıtmadı. Beləcə, İlahi Eşqə qovuşdu!

Vahid Qazi

16.04.2013 12:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*