Azərbaycanca

Silsilə erməni üsyanları və tarixin böyük yalanı (1914-cü ildən sonra)

06.07.2013 | 10:53

1373093256_anar-1Bitlis üsyanları

        Erməni üsyanlarının ən çox alovlandığı bölgələrdən biri də Bitlis nahiyyəsidir. Erməni patriarxının və ideoloqlarının Osmanlı hökumətinə qarşı ən çirkin təbliğatı əsas bu bölgələrdə hiss edilirdi. Üstəlik də bu bölgə Avropanın diqqətini erməni məsələsinə çəkmək üçün ideal yerlərdən sayılırdı.

         Osmanlı dövlətində səfərbərlik elan ediləndən sonra Rusiya tərəfindən bu bölgəyə Vaan Papazyan adlı qatı daşnak təyin olundu. Türk gəncləri səfərbərliyə getsə də, ermənilər orduya əskər verməkdən imtina etmiş, Osmanlı hökumətini tanımadıqlarını bildirmişlər. Bütün bunlar azmış kimi, üstəlik də silahlanaraq 1915-ci ilin yanvar ayında jandarma mühafizə qüvvələrinə basqın etib, onları öldürüblər. Ermənilər Muş ovasında toplaşaraq dövlətin ərazi üzrə nümayəndəsinin və yanındakı polis qüvvələrini atəşə tutdular. Səkkiz saatlıq atışmada doqquz asayış keşikçisi həlak oldu.

         Bitlisdəki rus konsulu İstanbuldakı Rusiya səfirinə göndərdiyi 14 dekabr 1912-ci il 63 saylı raportunda yazır: “ Erməni təxribatlarının yuxarıda göstərilən səviyyəyə gəlməsində Daşnak komitəsinin böyük əməyi vardır. Komitə ermənilərlə müsəlmanlar arasında çarpışmalar çıxarmağa və yaranacaq vəziyyətdən ötrü rusların işə qarışmasını təmin etməyə və bu torpaqların Rus əskərləri tərəfindən ələ keçirilməsinə bütün gücləriylə çalışırlar.

Ərzurum üsyanı

 

Erməni daşnakları I dünya müharibəsindən əvvəl sonuncu konqreslərini Ərzurumda keçirirlər. Bu bölgə onlar üçün son dərəcə əhəmiyyətli və Qafqazdan quru, Batumdan su yolu ilə cəbhəxana daşınması üçün əlverişli şəhər idi.

         1914-cü ilin noyabrında Ərzurum və sancaqlarında erməni quldur birləşmələri evlərə soxularaq müsəlman qadın və uşaqları öldürməyə başladılar. Müsəlman kişilərin əksəriyyətinin ön cəbhədə olmasından istifadə edən ermənilər daha da cəsarətlənirlər. Ordudakı əskərlərin bir çoxu bu hadisələrdən məyus olmuş və ailələrinə kömək etmək üçün döyüş bölgəsini tərk edərək Ərzuruma gəlirlər. Birinci Dünya Müharibəsində Ərzurumun ruslar tərəfindən işğalı sırasında, rus qüvvələrinin komandanı Abgralın 3 mart 1918-ci il tarixində Qafqaz Ordu Komandanlığına göndərdiyi rəsmi raport ermənilərin müdafiəsiz əhaliyə qarşı necə görünməmiş qətliamlar törətdiyinə açıq-aşkar şahidlik edir. Raportda deyilir: “26 fevral 1918-ci ildə milis qüvvlərindən bir qrup, türkləri toplamağa başladı. Məqsədləri dəmiryolu və yolları türklərə təmizlətdirmək idi. Şübhəsiz ki, bu əmr general Andranik tərəfindən verildi. Türklər buna narazılıq etdilər. Və vəziyyətlə bağlı rus ordu rəhbərliyindən yazılı bir əmr gərəkdiyini tələb etdilər. Lakin məlum oldu ki, belə bir əmr yoxdur. Mən dərhal milis qüvvələrin rəisi Faraxyanla əlaqə saxladım və o dedi ki, kamandir yazılı əmr vermə üsulunu ləğv etmişdir. Toplananlar üç qrupa bölündü… Ərzurumdan çıxanda Qars yolu üzərində 70-dən çox türkün cəsədiylə qarşılaşdım. Başlarından, boyun və kökslərindən güllələndikləri və ürək və qarın nahiyyəsindən süngüləndikləri görünürdü…” Raportdan aydın olur ki, ermənilər 3 qrupa böldükləri əhalini ayrı 3 istiqamətdə apararq vəhşicəsinə qətlə yetirib, sağ qalan azlıq — təxminən 250 nəfər isə yalnız güclə və möcüzə sayəsində sağ qalıblar.

          Görkəmli tədqiqatçı Əhməd Rəfiq “ Qafqaz Yollarında” adlı əsərində Ərzurumdakı hadisələr barədə yazır: “ Yanğın yerindəyəm. Türklərin bu tarixi və fədakar bölgəsi bir xarabalıq vəziyyətində, küçələr və binalar, məscidlər, mədrəsələr, insan cəsədləri ilə dolu, yanmış və yıxılmış evlərin dağıntıları arasında insan kəllələrinə,uşaq başlarına, qol və qıç, gövdə və ayaq parçalarına rast gəlinir…”

         Osmanlı müdafiə qüvvələri tərəfindən sıxışırılan ermənilərin üsyanı yatırılır. Həbs edilən Ərzincandan olan erməni Dikran Papazyan açıq-aşkar etiraf etmişdi ki, “Əgər üç-beş gün daha gecikmə olsaydı, komitədən aldığımız planla Ərzincanı odlara qərq edəcək, bütün türkləri, əskərləri öldürəcəkdik. Lakin hökumət çevik müdaxilə etdiyindən planımız baş tutmadı.”

İsmət Binark, Ermenilerin türklere yapdıkları mezalim ve soykırımın arşiv belgeleri, TBMM Basımevi-Ankara-2007, s, 27

 Ahmet Refik, Qafqaz yollarında hatiralar ve tahasüsler. İstanbul, 1919, 27-28 səh.

Elazığ üsyanları

 

Səfərbərlikdən sonra Elazığda erməni əskərlərinin fərariliyi və müsəlman əhaliyə basqınları geniş miqyas aldı. Elazığda ingilis konsulluğu tərcüməçiliyini edən bir erməni 11 kolordu haqqında bilgi topladı. Bu xəbərlər İstanbuldakı ingilis səfirliyinə gedərkən yolda yaxalandı. Səfərbərlikdən yaralı qayıdan türk əskərlərinin yolda ermənilər tərəfindən vəhşicəsinə öldürüldüyü faktları ortaya çıxdı. Ordunun dərhal işə müdaxilə etməsi sayəsində erməni kilsəsindən və araşdırma zamanı heç bir silahı olmayan ermənilərin evindən təkcə Ərzurum şəhərində 5000-dən çox silah, 300-ə qədər bomba, 40 kiloqrama qədər bomba fitili, 200-dən çox dinamit və 5000 ədəd dinamit misketi tapıldı. Bundan əlavə tanınmış tədqiqatçı Azmi Süslü yazır ki,  Bölgədə təşkil edilən məhəlli silahlı çətələr Qafqazdan gələn könüllülərlə birlikdə şəhərdə və ətrafında təxribat-pozuçuluq hərəkətlərinə yol vermiş və bir sıra vəzifəli asayış keçikçiləri və zabitlər öldürülmüşdür. Dersim (indiki Tunceli) kürd-zaza əşirətlərinin Osmanlı hökumətinə qarşı qaldırılmasına cəhd edilir, Egin və Arapkirdə erməni kilsələri silah depolarına çevrilir. Müharibənin başlaması ilə eyni zamanda ermənilər şəhər və kəndlərdə qətliam və zalımlıqlar törədirlər.

Azmi Süslü, Ermənilər və 1915 Təhcir Olayı. Ankara, 1990, s, 84,s.

Diyarbəkir üsyanları

 

 

Diyarbəkirdə ermənilərin say nüfuzunun olduqca az olmasına baxmayaraq daşnak komitəsinin təhriki ilə üsyana qalxdılar. Rus işğalını asanlaşdırmaq, Türk ordusunun hərəkətini çətinləşdirmək üçün var-gücüylə çalışan komitəçilərlə gərgin atışmalarda üsyan yatırılır və çoxlu sayda cəbhəxana, bomba və fərari əskərlər ələ keçirilir. Ələ keçirilmiş sübutlardan biri də daşnak komitəsinin bildirişi olmuşdur. Bildirişdə yazılır: “ Van tərəfdə ruslar uğurla irəliləsə bütün ermənilər cızılmış plan üzrə üsyana qalxacaq, rəsmi binaları yıxacaq, hökuməti ermənilərin müstəqilliyini tanımağa məcbur edəcək və rus işğalını asanlaşdıracaqlar.”

         Darmadağın edilən erməni quldurları qaçaraq Muş, Kığı, Bitlis, Van, Talori kimi yerlərdən gələn ermənilərlə birləşərək hər tərəfə hücuma başlayır və rastlaşdıqları pərakəndə əskərləri, dinc əhalini qətliama məruz qoyurlar.

         Diyarbəkir ərazisində ermənilərin amansız vəhşiliklərinə dair aparılan tədqiqatın çoxsaylı nəticələrindən birində qeyd olunur: “Mərkəzin şərq nahiyyəsinə bağlı Arzuoğlu və Şanıköy ermənilərinin əlisilah tutan kişiləri öz qəddarlığı ilə tanınmış Hono adındakı quldurun rəhbərliyi altında birləşən Xızır İlyas kəndinə hücumlar edən kişilərin ümumiyyətlə müharibədə olmaqlarından istifadə eədərək, kəndin içində və tarlalarında təsadüf etdikləri bütün qadın və uşaqları Mərsən dərəsinə aparıb orada güllə və xəncərlərlə onları qətlə yetirir, bəzilərini qəssablara şükr ediləcək dərəcədə yırtıcı şəkildə doğrayırlar. Öldürdükən əvvəl namuslarına da təcavüz etmişlər.”

         Diyarbəkir Valiliyinin Osmanlı Daxili İşlər Nazirliyinə göndərdiyi 27 aprel 1915-ci il tarixli məktubunda deyilir:

         Diyarbəkirdə  fərari əskərlərin və silah-sursatların axtarışı zamanı çoxlu sayda silah, cəbbəxana, əskər formaları, partlayıcı maddə tapılıb. Erməni komitəçilərindən yalnız mərkəzdə 1000-dən çox fərari yaxalanıb”

Ermeni Komitelerinin Amal ve Harekatı İhtilaliyyesi, Ankara, 1983, s, 318-319

Sivas hadisələri

 

     Sivas da digər üsyan mərkəzləri kimi ermənilər üçün önəmli şəhərlərdən biri idi. Daniel Çavuş və Murad kimi qaniçən quldur təşkilatı rəhbərləri bu şəhərdə yetişmişdi. Komitəçilər Sivasda kənd-kənd dolaşaraq “Türklərin məşrutiyyətdən, hürriyətdən məqsədləri erməniləri yox etməkdir. Dostluq,qardaşlıq sözlərinə nə badə aldanmayın. Ermənilər azadlıqlarını bomba ilə alacaqlar. Öküzünüzü satın bomba alın” şüarları ilə çıxış edirdilər.

          Keşiş Mkrtıç dəri ticarəti bəhanəsiylə kəndləri gəzib-dolaşır və erməniləri üsyana qalxmağa çağırırdı. Ermənilər ən qısa zamanda bütün gözlənilən uğurlara imza atacaqlarına əmin idilər. Lakin bu zəfərli gün gecikirdi. Bu günü gözləməyə səbri çatmayan Suşehri Pürək kəndinin muxtarı Akop “ Bu silahları hansı gün üçün saxlayırıq” deyə bağıraraq Zara xüsusi təşkilatı Xəlifə Məmuru Nurunu tapancasıyla yaraladı. Beləcə əvvəlcədən hazırlanan təxribat hadisəsi gerçəkləşdi. Lakin tezliklə ermənilərin evlərində axtarışlar aparıldı və 150 tüfəng və 10000-ə qədər cəbhəxana ələ keçdi. Bu hadisə digər erməni kəndlərindəki silahları da meydana çıxardı. Səfərbərlikdən əvvəl, Zara bölgəsində erməni komitə rəislərindən Gəmişli Tanil və quldur tərəfdarları Sakar dağında xarman sürən 12 türkü, Qarahissar savcısı Camal ilə 2 polisi və bölgədə daha bir çox kimsəni öldürüb soydular. Axtarışlar nəticəsində təkcə Zara qəzasında 30 ədət bomba, 45 parça dinamit və müxtəlif silahlar tapıldı.

Kolordu komandanlığından Ordu komandanlığına göndərilən 27 may 1915-ci il tarixli məktubda belə deyilir.

  1. Tokatda bir erməninin evində silah və cəbhəxana tapılmışdır.
  2. Sivasın Qanqal qəzasının Ulaş nahiyyəsində ermənilərdən silah ələ keçirilmişdir.
  3. Suşəhərinin Pürək kəndində yaşayan ermənilər, fevralın 25-də ordan keçən könüllü və silahsız Osmanlı əskərlərinə hücum edərək və atəş açıblar. Bu kənddə aparılan axtarışlarda xeyli silah və və mərmi ələ keçirir, 95 qaçaq əskər və 25 günahkar erməni kişisi yaxalanmışdır.

Sivas Valiliyinin  Daxili İşlər Nazirliyinə göndərdiyi 22-23 aprel 1915-ci il tarixli məktubda  isə deyilir:

“ Vilayət içində ermənilərin toplu olaraq yerləşdiyi yerlər, Şəbinqarahissar, Suşəhəri, Hafik, Divriyi, Gürün, Gemerek, Amasya, Tokat və Merzifondur. İndiyə qədər Suşehrinin türk kəndlərinin civarında mərkəzlə bağlı Olataş nahiyyəsində axtarışlar nəticəsində külli miqdarda silah-sursat və dinamit tapılıb. Erməilərin bu vilayətdən 30 min nəfəri silahlandırdıqları, bunlardan 15 min nəfərin rus ordusuna qatıldığı və digər 15 mininin isə Türk ordusunun uğursuzluğu şəraitində ordumuzu arxadan təhdid edəcəyi yaxalanan müttəhimlərin ifadələriylə dəqiqləşdirir. Daşnak Komitəsi erməni çətə rəisi Muradın sığındığı Tuzhisar kəndinə göndərilən asayış qüvvələrilə ermənilər arasında çarpımalar olmuş, hazırda qaçanlar qovulmaqdadır”.

Azmi Süslü, Ermənilər və 1915 təhcir olayı. Ankara,1990 s, 88

 Trabzon hadisələri  

   

         O dövrdə, Türkiyənin əsas ticarət limanlarından biridə Samsun və Trabzon şəhərləri idi. Burada ermənilərin ölkəyə silah keçirmələri üçün əlverişli şərait olduğundan onlar bu fürsətdən kifayət qədər istifadə edirdilər. Bu səbəbdən limanlarda planlı bir komitə təşkilatı qurulmuşdu. Xaricdən xəbər alma və digər ölkələrə də məlumat yaymaq və vermək limanlardan asan həyata keçirilirdi. Giresunda ticarətlə məşğul olan Vahan Badilyan və Kel Artin adlı iki erməni, silahların erməni terrorçularına çatdırlmasını təmin edirdilər. Osmanlı güc məmurlarının axtarış məliyyatları zamanı bir samanlıqdan xeyli sayda tüfəng, mərmi aşkara çıxardaraq müsadirə edildi. Bu hadisə ermənilərin silah qaçaqmalçılığı ilə məşğul olduğunu üzə çıxardı.

         Bu bölgədə iqtisadi cəhətdən üstün olan ermənilər özləri səfərbərlikdən boyun qaçırdıqları kimi müsəlman əhalini dövlətin çağıışlarına məhəl qoymamağa məcbur edirdilər. Giresun limanı rus torpidosu tərəfindən bombalananda ermənilər sevinclərindən hətta bayram keçirirdilər.

Yozqat hadisələri

 

Trabzon hadisələrində olduğu kimi Yozqat şəhərində də erməni təxribatçılığı davam edir və silahlanma iddiların təmin olunması üçün ilkin şərt olaraq qəbul edilirdi. Birinci dünya müharibəsində Yozqatda bir sıra erməni hadisələri ortalığı qarışdırır. Əvvəlcə Boğazliyanın  Orih adlı kəndin erməni əhalisi tərəfindən Çayırşehri kəndinin müxtəlif yerlərinə qoyulan dinamitlərdən birini partlaması nəticəsində bir türk uşağı ağır yaralanır. Buna görə də Orih, Menteşe və İğdeli bölgəsində axtarışlar aparılır xeyli sayda silah-sursat və partlayıcı maddə və komitələrin təbliğat bildirişləri tapılır. Orduya əskər toplamaq üçün kəndlərə gələn jandarma rəislərinə və jandarmalara silahlı hücum təşkil edirlər. Çatkebir kəndi yaxınlığındakı meşəliyə sığınan yüzdən çox erməni qulduru  əskərlərə və yoldan keçən dinc türklərə atəş açırlar. Akdağmədəni qəza mərkəzində isə ermənilər bir neçə dəfə bomba partladır və iğtişaş yaradacaq hadisələr törədirlər. Burdakı komitəçilər digər yerlərdən xəbər almaqla yanaşı həmdə onlarla şifrəli danışıqlar aparırdılar.

İkinci Van üsyanı  

             

Ermənilərin Birinci Dünya Müharibəsi sırasında müxtəlif bölgələrdə çıxardıqları kütləvi insan tələfatı ilə nəticələnən üsyanlarından biri də Van üsyanıdır.  Erməni xalqını ideoloji və hərbi cəhətdən silahlandıran terrorçu partiya və təşkilatlar həm gizli həm də aşkar şəkildə fəaliyyət göstərirdilər. Qriqoryan din xadimləri də bu işdə xüsusi canfəşanlıq edirdi. 1908-ci ildə başlayan bu cür təşkilatlanmanın arxasında çar Rusiyasının dayanmasını Avstriya-Macarıstan imperiyasının Trabzondakı konsulunun raportunda aydın görmək mümkündür. Trabzondakı konsul Moriksin 1914-cü il yanvarın 30-da göndərdiyi raportda yazılır: “ Ruslar, erməniləri üsyana qaldıracaqlar. Bu məqsədlə çoxlu maliyyə sərf edirlər,  iğtişaşçıları gizli şəkildə silahlandırır və onları üsyana sövq edirlər”

         Hadisələrin kəskinləşməyə doğru getdiyi bir məqamda Van valisinin vəkili Cövdət bəy erməni başbilənlərini toplayıb türklərlə ermənilərin tarixən birlikdə yaşaması və gələcək yeni qarşıdurmaların dövlətə, cəmiyyətə vuracağı yaralar barədə müzakirələr aparsa da heç bir nəticə verməmişdir. Ermənilər bundan nəticə çıxartmaq əvəzinə daha da amansız qətllər törədir xüsusilə Mahmudiyyə bölgəsində sakinləri toplu halda qətledərək məscidləri yandırırdılar.

         Bundan əlavə 17 nisanda Şatak, Bitlis və Vanın mərkəzində silahlı ermənilər böyük qırğın törədir,məmur və polislər öldürür, dinc türklərin evlərilə yanaşı rəsmi binalar yandırırdılar. Van jandarma tüməninin bir qismı ilə əhalinin silahlı hissəsi bir müddət ermənilərlə vuruşsalar da  üsyanı yatırmaq mümkün olmayır. Əvəzində isə Van  rus və ermənilərin əlinə keçir.

         Van hadisələri barədə Almaniyanın Osmanlıdakı səfiri Vangenhem tərəfindən Almaniya Xarici İşlər Nazirliyinə göndərilən 10.05 1915. ci il tarixli teleqrafda bunları bildirir: “ Van vilayətindəki ermənilər üsyana qalxıblar və müsəlman kəndlərə vəb qalalara hücuma keçiblər. Qaladakı türk qarnizonu 300 nəfər itgi verir. Günlərlə davam edən küçə döyüşləri nəticəsində şəhər üsyançıların və rusların əlinə keçir. Ermənilər rusların tərəfinə keçir və şəhər müsəlmanlarını qətlə başlayırlar…”

         Diqqət çəkən məqamlardan biridə ermənilərin üsyana qalxması və Vanın ruslar tərəfindən işğalının Avropanın bəzi mətbuatında sevinclə qarşılanmasıdır. Belə ki, Parisdə çıxan Le Temps qəzetinin 1915-ci il 13 avqust nömrəsində Van valisi təyin edilən Aram Manukyan barədə yazılır: “Aram bu savaşa rəhbərlik etmək üçün bir daha silaha sarıldı və Vanda üsyançıların başına keçdi. İndi bu vilayəti əlində saxlayan Rusiya, Türkiyəyə qarşı müharibədə parlaq şəkildə iştirak edən erməniləri məmnun etmək üçün  Aramı həmin şəhərə vali təyin etdi.”

         Ermənilərin bu xəyanəti ucbatından Osmanlı ordusunun yükdaşıma yolları kəsilir və əsgərlərə qida və silah daşıyan keçidlər isə vurulurdu. Bu baxımdan Türk ordusu geri çəkilmək məcburiyyəti qarşısında qalır və Ərzurum, Bitlis və Trabzonu ruslar çətinlik çəkmədən işğal edirdilər. Qətledilənlər müsəlmanlar olmasına baxmayaraq, erməni patriarxı, məhz ermənilərin təcavüzə məruz qaldıqlarını iddia edirdi. Türk hökuməti Qərb dövlətlərinin təzyiqinə məruz qalmamaq üçün araşdırma komissiyası təşkil etmiş və nəticədə Sivas, Van, Ərzincan, və Ərzurum nahiyyələrində patrixarxın öldürüldüyü iddia edilən ermənilərin sağ olduğu təsdiqlənmişdir. Komissiya eyni zamanda üsyanın Vanda və Sivasda hələ də davam etdiyini və bu üsyana qarşı hərəkət edəcək nə polis qüvvələrinin nə də ki, silahlı türklərin olmadığı dəqiqləşdirilir.

Şebinkarahissar hadisəsi

1915-ci ildə ermənilərin Osmanlı dövlətinə qarşı silahlı üsyan qaldırmaq üçün əsas bəhanələrdən biridə təxribat və iğtişaşa zəmin yaradan təxribatlar idi ki, bunlardan da biri 5 haziran 1915- tarixli Şebinkarahissar hadisəsidir. Sivaslı Murad (Hamparsum Boyacıyan) adında bir erməni terror təşkilatı rəhbəri, 500 nəfərlik dəstəsilə Şebinkarahissara basqın etmişdir. Türk ordusu Şərq cəbhəsinin təminat yolu buradan keçdiyi üçün bölgənin strateji önəmi var idi. Üsyançı ermənilər bu bölgəni ələ keçirdikləri təqdirdə Osmanlı ordusunun təminat və geri xidmətləri axsayacaq, rus ordusunun irəli hərəkəti daha da asan olacaqdı. Erməni quldurları Şebinkarahahissarın müsəlman məhəlləsini yandırdılar. Qarşılarına çıxan bütün insanları işgəncə verərək öldürdülər. Əskərlərə və ictiami asayışı təmin etməyə gələn dəstələrə hücum etdilər. Belə olan təqdirdə digər yerlərdən bölgəyə əlavə güc yeridilir və Şebinkarahissarda erməni üsyançıları qovulur.

         Sivasdakı 10-cu cəbhə komandanlığından başkomandanlığa göndərilən 15 haziran 1915-ci il tarixli məktubda hadisə belə təsvir edilir:

“ Ordan burdan toplanan 500 -ə qədər erməni silahlılarının Şebinkarahissarda qədim qalaya sığınaraq üsyan etdikləri öyrənilir. Asayış qüvvələri ilə silahlı quldurlar arasında çarpışmalar olduğu Sivas Valiliyindən bildirilir.”

         Sivas Valiliyinin 3 kolordu komandanlığına göndərdiyi 18-19 haziran 1915 tarixli mesajda isə belə deyilməkdədir: “ Şebinkarahissar üsyanının yatırıldığı ermənilərdən 800-ə qədər qadın, kişi və uşağın qalaya sığındığı, üsyançılardan 200-ə qədərinin silahlı olduğu bildirilir”

Adapazarı və İzmit hadisələri

 

 Həmin illərdə erməni üsyanları Türkiyənin bir sıra bölgəsində olduğu kimi Adapazarı və İzmitdə də davam etmişdi. Bu şəhərlərdə ermənilərdən Osmanlı asayış keşikçiləri tərəfindən çoxlu sayda silah və sursat ələ keçirildiyin eşidən Çengilər, Soloz, Orxanqazi, Gəmilik, Bilecik bölgələrində çoxdan hazırlanmış və hazır vəziyyətdə dayanan erməni terror təşkilatlarının üzvləri yerli əhaliyə hücum etməyə başladı. Hökuməti və güc strukturlarının diqqətini özlərinə çəkməklə cəbhədə vuruşan türk hərbi qüvvələrini zəiflətmək, onları belə desək məşğul etməyi hədəf tutan ermənilər bu üsulla istəklərini daha rahat şəkildə həyata keçirmək iqtidarında idi. Ən son model silahlarla silahlanmış erməni təşkilatları İzmit və Adapazarından qaçan quldurlarla birləşərək, 60-70 nəfərlik qruplar halında daha iç regionların əhalisi üzərinə hücuma keçirdilər.Onların başında baş keşiş vəkil Barkef adlı erməni, onun köməkçisi Sokpas, Bursa erməni məktəb müdiri, kilsənin tərgibi və digər din xadimlərinin iştirakı dəqiqləşdirilmişdir.

Adana hadisələri

 

Adana vaxtılə erməni quldurlarının ən çox təxribat hazırladıqları və həyata keçirdikləri Türkiyə şəhərlərindən bölgələrindən biridir. Bu bölgə Aralıq dənizinə, Suriyaya həmdə İraq cəbhələrinə çox yaxın olduğundan ermənilərin burada hazırladıqları üsyan və təxribat planları digər bölgələrdəki üsyanlara çox təsir göstərirdi.

 

         1915-ci il fevralın 1-də iki erməni İsəndərun körfəzində bir düşmən gəmisinə sığınaraq özlərinə verilən nümayəndəlik vəzifəsindən istifadə etdilər. Fevralın 2-də Dördyol ermənilərindən Abraham Salcıyan, Artin və Bedros adlarında üç erməni də limandakı düşmən gəmilərinə sığınaraq Türk ordusunun bəzi məxfi planları barədə məlumatları çatdırdılar. Fevralın 24-də Köşgər Torosoğlu və Akop müəllim adı ilə tanınann şəxslər də düşmən tərəfindən Kiprdən gətirilərək İskəndəruna çıxarıldılar. Həmin bu şəxlər düşmən qərargahından aldıqları təlimatlarla bilikdə sahildə yaxalandılar. Düşmən gəmilərinə sığınan bir çox ermənilər yaxalanaraq məhkəməyə verildi.

 

         Bununla erməni quldurlarının Osmanlının ən strateji nöqtələrinə necə yayıldıqları aydın oldu. Eyni zamanda Saimbəyli, Dörtyol, Kozan və digər qəzalarda saysız-hesabsız silah, bomba, dinamit, xəritə və bayraqlar aşkar olunaraq müsadirə olundu. Saimbəyli qəsəbəsində qayalıqlar üstündə yerləşən erməni monastrında din adamları və erməni quldur təşkilatları tərəfindən bölgədə yerləşdirilmiş 200 kq qədər barıt tapılaraq götürüldü.


Sakarya, Em. Tümg. İhsan-; Belgelerle Ermeni Sorunu, Gnkur. Basımevi, Ankara 1984, s. 239-240.

 

Urfa hadisəsi

 

Erməni quldur təşkilatları Urfada da öz faəllıqları ilə seçilirdi. Onlar terror təşkilatı yaradıb və erməni gənclərini ora cəlb edirdilər. 1895-ci ildə Urfa üsyanında günahkar qismində həbs edilir və Məşrutiyyənin elanından sonra əfv edilərək Türkiyəyə qayıdan və özünü keşiş kimi tanıdan bir şəxs İstanbul Erməni Patriarxlığı tərəfindən Urfaya göndərilir. Çox keçmir ki, keşiş ermənilərin üsyanını planlaşdırır və üsyançılara silah və cəbhəxana tədarükü görülməsini tapşırır. Urfadakı ermənilərin hazırlığına ruslar da dəstək verərək və üsyançılara səkkiz – on ilə qədər kifayət edəcək qida ötürülür.  Vanın rus qoşunları tərəfindən işğalı erməni təbliğatçılarının üsyana təhrik etmə cəhdlərini daha da sürətləndirir və onlar erməni əhalisinə rusların bir neçə aya Urfaya çatacağını inandıraraq üsyana təhrik edirdilər.

       1894 ildə Osmanlıda doğulanların səfərbərliyə alınması  ilə eyni vaxtda Zeytun, Sasun,  Diyarbəkir bölgələrindən qaçan erməni əskərlər də təxribatçılara qoşulur və Urfanın 7.5 kilometrliyində Gərmiş kəndində və avqustun 19-da Urfa mərkəzində ilk üsyanlar başlayır.Urfa hadisəinin etəsi günü Tellülebyaz-Urfa-Siverek yolunda işləyən xidmət taborunun ermənilərdən ibarət hərbçiləri xəyanət etmiş və qarşılaşdıqları türk əskərlərini və işçiləri öldürmək istəmiş lakin bir nəticə əldə etməmişdilər. Bundan sonra həmin yerdə çalışan erməni bölüyün erməni əskərləri mühafizə məntəqələrindən ələ keçirdikləri silahlarla Yedək Subay İbrahim Hilmiyi qətlə yetirmiş və dörd asayış keşikçisi və kəndxudanı yaralamışlar.

         1915-ci il avqustun 28-dəki bu olaydan sonra müvəqqəti sükut olur, lakin 19 sentyabr 1915-ci ildə ermənilər tərəfdən yenidən atəş səsləri eşidilir və bu olayın araşdırmaq üçün erməni məhəllələrinə girən asayış qüvvələrinə atəş açır və bir keşikçi şəhid olur, ikisi yaralanır. Xəyanətkar erməni quldurları müdafiəsiz türk evlərinə daxil olur və xeyli sayda dinc sakini, cümlədən 10 yaxın qadını qətlə yetirirlər. Üsyandan sonra erməni çətələrinin başçıları yenə digər bölgələrə qaçmağı bacarır. Qanlı təxribatın bitməsi 16 oktyabr 1915-ci ilə aid 7664 saylı şifrəylə 4-cü Ordu Komandanlığına məruzə edilir. Sakarya, Em. Tümg. İhsan-; Belgelerle Ermeni Sorunu, Gnkur. Basımevi, Ankara 1984, s. 240-243

 

Fındıqcıq hadisəsi

 

Erməni üsyan və qanlı təxribatlarının ard-arda gəlməsi dövlətə hər dəfəsində kifayət qədər güclü dirəniş göstərilməsi və dinc sakinlərin hədəfə alınması ilə nəticələnirdi. Bütün bu üsyanların sistemli təşkili və dağıdıcı xarakteri haidəslərin vahid nöqtədən idarə olunmasını sübut edir. Belə üsyan və təxribat hadisələrindən biri də Fındıkcıq hadisəsidir. Zeytundan və Maraşdan türk ordusunun həmlələrinə tab gətirməyib qaçan erməni quldur birləşmələri türk kəndlərinə basqınlar təşkil edir və çoxsaylı günahsız müsəlman əhalinin qətliamını həyata keçirirdilər. Bu dəfə  600 silahlı quldur erməni Maraş şəhəri ilə Baxça qəsəbəsi arasındakı Fındıkcıq kəndində toplanıb və üsyana qalxırlar. Bu kəndin yaxınlığındakı dörd türk kəndi ermənilər tərəfinədn yandırılır. Üsyan bölgəsinə asayiş qoruyan dəstə gözlənilən nəticə əldə edə bilməyirlər. Bundan sonra İslahiyyədən 132-ci piyada alayı və Bələndəki bir piyada taboru, bir dağ top tağımı asilərin üzərinə göndərilir və üsyan yatırılır. Üsyan nəticəsində 10-dan çox türk kəndi yandırılaraq və 2 minə qədər insan vəhşicəsinə öldürülür.

Musa Dağı hadisəsi

 

Daha bir qanlı hadisə Musa dağı kimi tanınan Nur dağ silsiləsinin ətəklərinə yerləşən ərazidə baş verir. Verfel adlı yəhudi tərəfindən “Musa dağında 40 gün” kitabı Amerikadakı ermənilər tərəfindən guya onlara edilmiş zülm kimi təqdim olunur və əsərə bədii film çəkilir. I Dünya Müharibəsində ermənilərin növbəti siyasi hoqqası kimi dəyərləndirilən bu Musa dağı hadisəsini General Fəxrəddin Türkan belə izah edir: “Birinci Dünya Müharibəsində Antanta dövlətlərinin İskəndərun sahilərinə çıxacağı barədə sözlər yayılandan sonra Samandağ bucağında yaşayan yeddi erməni kəndi əhalisi hökumətə vergi verməkdən imtina edir, TSK-nın ehtiyacı üçün gərəkli olan yardımı etməmiş və üsyan qopararaq Musa dağına çəkilirlər. Hökumətin əmrlərinə tabe olmaları üçün onların yanına məmurlar göndərilsə də ermənilər razılığa gəlməyirlər. Çarəsiz qalan Albay Qalib Musa dağından enən yolları nəzarətə götürür və özü dağa çıxaraq son dəfə ermənilərlə xəbərdarlıq etmək istəyir, lakin dağda heç bir erməniyə rast gəlməyir. Təqiblər nəticəsində məlum olur ki, ermənilər dənizə doğru uzanan bir yamac vasitəsilə Ağdənizə endikləri məlum olur… Araşdırma aparıldıqda İskəndərun sahillərinə nəzarət saxlayan bir Fransız hərb gəmisinin Musa dağından enən erməniləri öz tərkibinə daxil etdiyidə məlum olur. Heç bir qanlı insident olmasa da ermənilər bu olaydan öz siyasi məqsədləri üçün istifadə edir və Amerikada bu məsələylə bağlı hətta film də çəkdirsələr də hadisədə ermənilərə zülm edilməsi barədə söyləilənlərin uydurma olduğu üzə çıxır “

Adapazarı hadisələri

 

Rus donanması Qaradəniz sahillərini top atəşinə tutduğu zaman, bölgədəki ermənilərin ruslara satıldıqları dəqiqləşdirilir. Xüsusilə, Adapazarındakı ermənilər, “Ruslar Qaradəniz sahillərinə bir neçə günə qədər əskər çıxaracaqlar, buralara gələcəklər, ondan burada bir Türk də qalmayacaq” deyə xəbərlər yayır öz soydaşlarını təxribata sürükləyirdi. Bu arada hökumət də boş durmamış, araşdırma aparmış və bölgədən xeyli partlayıcı maddə, tüfəng, tapanca və keşikçi paltarları, dinamitlər müsadirə edilmişdi. Adapazarı və İzmitdə yaxalanan təxribatçı quldurların ifadələrində ruslar Sakarya vadilərinə gəldiyi vaxt bu silahlar Türk qoşunlarına və dinc əhalisinə qarşı istifadə ediləcəkdi. Bir qism ermənilər isə Türk əskər paltarlarını geyinərək ordunu daxildən vuracaqdılar. Ermənilərin planları aşkar olandan sonra çətə başçıları Yalova, Bursa bölgələrinə qaçır və burda rastlaşdıqları türkləri soyur və öldürürlər.

         Göründüyü kimi erməni üsyanlarının ardıcıl xarakter daşıması və öz amansızlığı ilə fərqlənməsi burada bir sualı açıq aşkar meydana çıxarır : Soyqırımı, qırğın, yoxsa müdafiə? Əlbəttə ki, faktlar birmənalı şəkildə sübut edir ki, bu gün erməni soyqırımı kimi təqdim edilən olaylar tamamilə saxtadır və orada öldürülən ermənilər sadəcə türklərin özünü  müdafiəsi zamanı həlak olanlardan başqa bir şey deyildir. Türk dövləti istənilən dövlətin atacağı addımları atıb, erməni terror qruplarının dinc türk əhalisinə qarşı hücumlarının qarşısını almaq üçün güc tətbiq edib və bəzi çətələri zərərsizləşdiribdir. Halbuki, dinc türklərlə müqayisədə ermənilərin itgiləri daha az olubdur. Bunu  bütün tarixi sənədlər təsdiqləyir. Tarix təhrif oluna bilər, lakin öz həqiqətini tam “dəfn edə” bilməz. Bunu etmək tarix boyu heç kəsə müyəssər olmayıb.

Mənbələr:

Ahmet Refik, Qafqaz yollarında hatiralar ve tahasüsler. İstanbul, 1919, 27-28 səh.

Azmi Süslü, Ermənilər və 1915 Təhcir Olayı. Ankara, 1990, s, 84,s.

Ermeni Komitelerinin Amal ve Harekatı İhtilaliyyesi, Ankara, 1983, s, 318-319

Sakarya, Em. Tümg. İhsan-; Belgelerle Ermeni Sorunu, Gnkur. Basımevi, Ankara 1984, s. 239-240

Em. Tümg. İhsan-; Belgelerle Ermeni Sorunu, Gnkur. Basımevi, Ankara 1984, s. 240-243

İngilis Mavi Kitabı (Blue Book),( Turkey), No:6 (1894), s,57

İsmət Binark, Ermenilərin türklere yapdıkları mezalim ve soykırımın arşiv belgeleri,  Ankara-2007,s, 12

    Anar TURAN,

  “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və idarə heyətinin üzvü,

AMEA-nın dissertantı

“KarabakhİNFO.com”

 

 

06.07.2013 10:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*