Azərbaycanca

“Siqareti yandırıb boynumuzun kökündə söndürürdülər”

17.02.2014 | 17:43

1392644057_qaradagli-faciesi_nQaradağlı kəndi Azərbaycanın Xocavənd rayonunda yerləşir. Qaradağlı əhalisi 800 nəfərdən bir qədər çox olan  Qarabağ kəndidir. 1988-ci ildən başlayaraq, kəndin həyatında dəyişikliklər baş verir, əfsuslar olsun ki, bu dəyişikliklər heç də müsbət xarakter daşımırdı.

 1992-ci il fevralın 17-də baş verən Qaradağlı faciəsi zamanı əsir düşmüş Tapdıq Tağıyev fikirlərini “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ilə bölüşüb.

-Tapdıq bəy, işğaldan əvvəl Qaradağlıda vəziyyət necə idi?

– Kəndimiz işğal olunmamışdan əvvəl kənd camaatı sakit yaşayırdı. Kəndimiz dağın ətəyində yerləşirdi, çox gözəl mənzərəsi var idi. Kənd camaatının güzəranı da yaxşı idi.

Tapdıq Tağıyev hadisələrin başladığı tarixi bu cür xatırlayır:

“Hadisələr 1988-ci ildən başlamışdır. Hadisələr getdikcə daha da qızışırdı. Kənd camaatının da heç bir silah-sursatı yox idi, hər kəs əliyalın idi. Kəndimizi mühasirəyə almışdılar, heç bir yerə çıxa bilmirdik. Hərdənbir vertolyot gəlirdi, ərzaq gətirirdi. 1992-ci il fevralın 17-də kəndimiz dörd bir yandan atəşə tutuldu. Əhalini amansızcasına qırırdılar. Çox az adam canını qurtara bildi. Bizə heç bir silah-sursat yardımı gəlmirdi. Bir dəfə avtomat gətirib verdilər, onda da artıq gec idi. Camaat ov tüfənglərindən istifadə edirdi.

Qaradağlıda baş verən hadisələr bir gecədə baş verən faciə deyildi. Ayın 14-dən başlayaraq, kəndimizi mühasirəyə aldılar. Mənimlə birlikdə təkcə bizim olduğumuz yerdə 10-12 nəfər əsir vardı. Onlardan biri orada olarkən rəhmətə getdi”.

2 ay əsirlikdə olan Tapdıq müəllim əsirlik həyatını çox acınacaqlı şəkildə danışır:

 

“Əsirlərə çox ağır işgəncələr verirdilər. Əsirlikdə olanların günlərinin necə keçməsi hamıya bəllidir. Əsirləri döyürdülər, müxtəlif formada ağır işgəncələrə məruz qoyurdular. Siqareti yandırıb boynumuzun kökündə söndürürdülər. Qadınları və kişiləri bir yerdə deyil, ayrı-ayrı yerlərdə saxlayırdılar. Bir-birimizi görmürdük. 1 gün ərzində bir tikə çörək verirdilər. Allahın suyunu da vermirdilər. Yağış yağandan-yağana  su içə bilirdik. Bizimlə Azərbaycan, rus və başqa xarici dildə danışırdılar. Amma bizim kəndə girənlər xaricilər idilər. Onların çoxu xaricdən gəlmələr idi. Eləsi var idi ki, bizim dilimizi çox gözəl bilirdi”.

2 ay əsirlikdə qaldıqdan sonra bizi Ağdamda erməni əsirləri ilə dəyişdirdilər.

Tapdıq müəllim yaşadığı acınacaqlı hadisələri danışdıqca təngnəfəs olurdu. Bəllidir ki, səhhətindəki problemlər əsirlik həyatının izləridir. Müsahibimizdən səhhətini xəbər aldıq:

“Mən indi də müalicə alıram. Danışığıma fikir versəniz danışanda təngnəfəs oluram. Ürəyimdə problem var. Çox danışa bilmirəm. Müalicəmlə bağlı da heç bir yerə müraciət etməmişəm. Prezidentə təşəkkürümü bildirirəm, yaşayışımız yaxşıdır, sakit şəkildə yaşaya bilirik. Allaha çox şükür ki, əmin-amanlıq şəraitində yaşayırıq. O zamanlar heç bir yerə çıxa bilmirdik”.

– Əsirlikdə olarkən hansı hissləri keçirirdiniz?

Əsirlikdə olanda sabaha sağ çıxıb-çıxa bilməyəcəyimizi bilmirdik. Allaha ümid edirdik ki, bircə burdan sağ-salamat çıxa biləydik. Əsirləri çox pis şəkildə döyürdülər. Orada bir nəfəri  o dərəcədə döymüşdülər ki, səhər açılanda həmin insan artıq rəhmətə getmişdi. Əsirlikdən qayıdanda mən artıq yeriyə bilmirdim. Məni qucaqda gətirdilər. Ayaqlarım tutulmuşdu. Bədənim bütünlüklə şiş idi. Əsirlikdən qayıdandan sonra mən 4 ay yeriyə bilmədim. Məndə əsirliyin fəsadları yenə də qalmaqdadır.

– Yenidən Qaradağlıya qayıtmaq istərdinizmi?

Bu gecə alınsa, bu gecə qayıdaram. Kaş, öz yurdumuza, elimizə, obamıza qayıda biləydik. Düzdür, bütün Azərbaycan bizim Vətənimizdir. Amma doğulduğumuz torpaq bambaşqadır. O torpaqlara qayıtmağı kim istəməz ki?!

Sevda Qurbanqızı

 

“KarabakhİNFO.com”

 

17.02.2014 17:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*