Azərbaycanca

Siyasi arxayınlıq, müdafiəsiz Kəlbəcər, bitməyən erməni təcavüzkarlığı…

02.04.2014 | 18:54

1396449589_1Ermənilər tərəfindən Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal edilməsinin əsas səbəbi önləyici tədbirlərin görülməməsidir.

Həmin dövrdə xaos yaşayan hakimiyyətin siyasi etinasızlığı və xəyanəti nəticəsində demək olar ki, onlar tərəfindən heç bir hərbi-taktiki addım atılmayıb. Atılan addımlar da torpaqların işğalını daha da tezləşdirib. O zamanki təcrübəsiz  dövlət rəhbərlərinin ordunu döyüş bölgəsindən geri çəkib mərkəzdəki siyasi hakimiyyət uğurunda mübarizəyə cəlb etməsi işğal faktının digər səbəblərindəndir. Buna görə müharibə zonasındakı rayonlarımızın sakinlərinin  bütün çağırışları cavabsız qalıb. Bu faktorlar işğal olunan digər rayonlar kimi Kəlbəcər rayonunun da ermənilər tərəfindən zəbt olunmasına səbəb olub. Kəlbəcərdə vuruşan hərbiçilər, eləcə də bu rayonun bir neçə tanınmış şəxslərinin fikirləri də bunu təsdiq edir.

 

1993-cü ildə Kəlbəcərin müdafiəsi uğurunda polkovnik Əzizağa Qənizadənin komandiri olduğu briqada döyüşlər aparıb. Ə.Qənizadə bizimlə söhbətində Kəlbəcərin işğal olunmasının səbəblərini açıqladı: “Bizim briqada Kəlbəcərdə yerləşirdi. Amma 1992-ci ilin sentyabrında “Laçın dəhlizi”ni bağlamaq üçün briqadanı Kəlbəcər rayonundan çıxardıblar və Laçına göndəriblər. Kəlbəcərdə bircə dənə tabor qalmışdı.  O da sərhədçi vəzifəsini yerinə yetirirdi. Yəni bu tabor hər hansı hücumun qarşısını almaq gücünə malik deyildi. 1993-cü ilin fevral ayında Ağdərə rayonunun böyük bir hissəsi işğal olundu. Erməni qüvvələri düz gəlib Kəlbəcər rayonu ilə üzbəüz durmuşdular. İki ay belə bir vəziyyət davam etdi”.

 

 Kəlbəcər niyə müdafiə olunmayıb?

 

Siyasi arxayınlıq, müdafiəsiz Kəlbəcər, bitməyən erməni təcavüzkarlığı...Onun sözlərinə görə, bu zaman Kəlbəcər rayonunda bir dənə də hərbi hissə yox idi: “Bizim o zamanki dövlət rəhbərlərində  belə bir rəy var idi ki, Kəlbəcər rayonu Dağlıq Qarabağa daxil deyil deyə ermənilər bu rayona heç vaxt gəlməzlər. Fikirləşirdilər ki, bu, beynəlxalq qalmaqala səbəb olar. Ona görə arxayın idilər. Görünür, ya tarixi bilmirdilər, ya da təcrübələri yox idi. Mən öz tərəfimdən Müdafiə Nazirliyinə dəfələrlə məktub yazmışdım ki, Kəlbəcər rayonu müdafiə olunmur. Mənim məruzələrim Müdafiə Nazirliyi tərəfindən qəbul olunub. Amma Ali Baş Komandanın arxayın olması onları çaşdırıb”.

 

Polkovnik deyir ki, Müdafiə Nazirliyi Kəlbəcərdə hərbi hisslərin yerləşdirilməsi ilə bağlı qərar qəbul edəndə artıq gec idi: “Müdafiə nazirinin əmri ilə martın 22-də Kəlbəcər rayonunda alay yaradılmalı idi. Bu alayın formalaşması isə haradasa bir ay çəkməli idi. Amma bundan bir neçə gün sonra ermənilər hücuma keçdilər.

Amma mən Laçında öz arxamızı qorumaq üçün 130 nəfərdən ibarət olan bir taboru Kəlbəcərin girişində Çarektar kəndində yerləşdirdim. Amma 70 km məsafə qorunmurdu. Çünki onun qorunması üçün Ağdərə tərəfindən bir alay yerləşdirilməli idi. Döyüşlər başlayanda briqada Laçında yerləşirdi. Biz erməniləri Kəlbəcər rayonuna magistral yoldan buraxmadıq. Ermənilər Kəlbəcərə müdafiə olunmayan sahələrdən hücum etdilər”.

 

Ə.Qənizadə sonradan Bakıdan göndərilən əsgərlərin hərbi təlim görmədiklərini vurğuladı: “Briqada ermənilərlə döyüşə-döyüşə Laçından çıxıb Kəlbəcər rayonuna irəliləməyə başladı. Briqada Kəlbəcər rayonuna çatanda artıq bu rayonun ermənilər tərəfindən işğalı başa çatmaq üzrə idi. Bütün yüksəkliklər erməni hərbi hissələri tərəfindən tutulmuşdu. Ancaq briqada və mülki əhalinin döyüşə qatılması imkan yaratdı ki, 60 min əhalini qoruya bilək, eləcə də onların təxliyyəsini təşkil edək. Biz ermənilərin tutduğu yüksəkliklərə məcbur olurduq ki, aşağıdan yuxarı hücuma keçək. Axıra kimi döyüşdük və 400 şəhid verdik. Əhali çıxandan sonra biz hələ aprelin 5-ə kimi oradaydıq”.

 

O deyir ki, Kəlbəcərin Murov istiqamətində dördə bir hissəsini müdafiə etmək olarmış: “Kəlbəcərin əhalisi bizim arxamıza keçə bilsəydi onları qoruya bilərdik. Bundan sonra rayonun bu hissəsini saymaq olardı. Sonra Bakıdan gələn qüvvələrlə yenə hücuma keçib Kəlbəcər rayonunun ərazisini geri qaytara bilərdik.

 

“Rayonların işğal səbəbləri elmi-tədqiqat institutlarında araşdırılmalıdır”

 

Siyasi arxayınlıq, müdafiəsiz Kəlbəcər, bitməyən erməni təcavüzkarlığı...Bakı Dövlət Universitetinin professoru, Kəlbəcər ağsaqqallarından olan Şahlar Əsgərov e-jurnalımıza bildirdi ki, Kəlbəcərin işğalı günlərini xatırlamaq çox çətindir: “Heç bir kəlbəcərli o ağır günləri yaddan çıxara bilmir. Dövlət quruluşu dəyişəndə alt ilə üst yerini dəyişir. Şübhəsiz, Kəlbəcərin işğalı səriştəsizlik ucbatından baş verdi. Buna görə də çox itkilərimiz oldu. Əgər ulu öndər Heydər Əliyev əvvəldən dövlət rəhbərliyində olsaydı güman etmək olardı ki, bu proseslər baş verməzdi. O zaman sistemli idarəçiliyin olmaması torpaqların işğalına gətirib çıxardı”.

 

Onun fikrincə, rayonların işğal səbəbləri elmi-tədqiqat institutlarında araşdırılmalıdır: “Bu rayonun işğalına gedən səbəblər çoxdur. Hakimiyyətə idarəetmə təcrübəsi olmayan insanlar gətirilirdi. Burada mülki əhali heç nə edə bilməzdi. Hər bir rayonda rəhbərlər primitiv düşüncəli insanlar idilər. Bu insanların düşüncəsində ümumixalq mənafeyi çox az yer tuturdu”.

 

“Kəlbəcərin işğalı ermənilərin təcavüzkar siyasətinin davamı idi”

 

Siyasi arxayınlıq, müdafiəsiz Kəlbəcər, bitməyən erməni təcavüzkarlığı...Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov da bizimlə söhbətində həmin dövrdə ordunun Kəlbəcərdə tamam azaldıldığını qeyd etdi: “Kəlbəcərdən qoşunların Laçın istiqamətinə köçürülməsindən sonra qəzetlər yazırdı ki, Kəlbəcər işğal oluna bilər. Bundan başqa bir il altı aydan çox Kəlbəcərdə işıq yox idi. Kəlbəcərdə həyat tamamilə nəzarətsiz idi. İnsanların ümidləri azalmışdı. Ordu demək olar ki, çıxılmaz vəziyyətdə idi. Ordunun hansısa gücü yox idi ki, Kəlbəcər əhalisini müdafiə etsin. O zaman Kəlbəcərə baş nazir Pənah Hüseynov gəlmişdi. Kəlbəcərdən olan aktivlər onunla görüşmək istəyirdilər.  Amma heç kim onların fikirlərini eşitmədi. Çox etinasız münasibət göstərildi. Kəlbəcər rayon icra hakimiyyəti də çox dağınıq bir vəziyyətdə idi: həm yerli əhalinin ittihamlarına cavab verirdilər, həm də respublika rəhbərliyinə çatdırırdılar ki, Kəlbəcərin vəziyyəti ağırdır. Yəni onların da səsini ciddi eşidən yox idi. Xüsusən Ağdaban faciəsindən sonra insanlar tamam ruhdan düşmüşdülər”.

Onun sözlərinə görə, Kəlbəcərin işğalı ermənilərin təcavüzkar siyasətinin davamı idi: “Nə etsəydilər Kəlbəcəri qorumaq mümkün olmayacaqdı. Ermənilər Dağlıq Qarabağı təcrid etmək üçün Kəlbəcərdən yolu nəyin bahasına olursa olsun açmalı idilər. Sadəcə Azərbaycanın o vaxtki hərbi rəhbərliyi bu taktikanı nəzərə almadı. Onlar Kəlbəcərə hərbi qüvvəni vaxtında  çatdırmadılar. Hakimiyyət davası, həmçinin Sürət Hüseynov və Əlikiram Hümbətovun dəstələrindəki başıpozuqluqlar, biganəlik, kifayət qədər müdafiə qabiliyyətinin olmaması  Kəlbəcərin işğalına gətirib çıxardı”.

 

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

 

02.04.2014 18:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*