Azərbaycanca

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevlə SÖHBƏT

01.08.2014 | 11:12

Zaur-AliyevZaur Əliyev 1976-cı ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq” fakültəsinin bakalavr, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərqlənmə ilə bitirib. Hazrda KarabakhİNFO. Beynəlxalq elektron jurnalında baş redaktorun I müavini vəzifəsində çalışır. 2011-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru olub.

 

– Zaur müəllim, Siz bilən məmləkətin orta statistik fəlsəfə doktorunu düşündürən məsələlər içərisində Qarabağ düyününün çözülməsi ilə bağlı məqamlar hansı yeri tutur?

 

 

– Bilirsinizmi, konkret fakt var. Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. XXI əsrdə beynəlxalq hüququn hökmlü olduğu bir zamanda dünyanın gözü qarşısında 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Tarixə nəzər salsaq, görərik ki, bir çox müharibələr zamanı hansısa dövlətlərin əraziləri işğal olunsa da, həmin ərazilərdə yaşayan insanların əksər hissəsi yaşayış yerlərini tərk etməyiblər. Hətta faşistlər də II Dünya müharibəsində işğal olunan ərazilərdə müasir dillə desək , beynəlxalq humanitar hüquq normalarına riayət edirdilər. Kəşmir məsələsinə nəzər salsaq, orada müxtəlif dini təriqətlərin, millətlərin nümayəndələrinin birgə yaşayış imkanlarından yararlandıqlarını görərik. Amma gəlin Ermənistanın işğal siyasətinə baxaq. Qərbi Azərbaycan torpaqlarından 200 min soydaşımız qovuldu, evləri yağmalandı, bu insanlar fiziki və mənəvi təyziqlərə məruz qaldılar. Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 800 minə yaxın sakin zor gücünə, ölümdən dönərək məcburən yaşadıqları torpaqları tərk etməli oldu. Qarabağda əsir düşən insanların başlarına gətirilən qeyri-insanı hərəkətlər onları qorxuya salmışdı və bu adamlar Xocalıda, Qaradağlıda yaşanan dəhşətli olayların təkrarlana biləcəyindən çəkinirdilər. 22 ildən çoxdur ki, azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Ötən dövr ermənilərin o ərazilərdə tam məskunlaşmasına şərait yaratdı. Bu gün biz bu düyünün, ərazilərimizin işğalına yol açan təcavüzün aradan qaldırılması yollarını arayırıq. Təəssüf ki, vasitəçilik missiyası adı altında bəzi dövlətlər öz maraqlarına uyğun siyasət yeridirlər. Rusiya və ABŞ münasibətləri Qafqazda sülhün əldə edilməsini əngəlləyir. Çünki Moskva bir təklif irəli sürəndə Vaşinqton orada özünün maraqlarının təhlükə altında olduğunu görür və prosesi əngəlləməyə çalışır. Yaxud da əksinə. Fransada isə ənənəvi olaraq ermənilərin mövqeyi çox güclüdür. Belə bir mürəkkəb şəraitdə sülh və yaxud müharibə seçimi də çətindir. Biz sülh istəyirik. Lakin bu sülh qarşılıqlı kompromislər olmadan mümkün deyil. Elə sülhün özü də çətin prosesdir. Xocalı, Qaradağlı faciələrinin, eləcə də digər dəhşətli hadisələrin şahidi olan insanlara bir-birlərinə öyrəşmələri üçün xeyli zaman lazım olacaq. Müharibə isə ən son seçimdir. Bu seçim əslində Azərbaycanda bir çox vətəndaşın istəyidir. Fikrimcə, Azərbaycan Qarabağ düyününə yanaşmasında Makedoniyalı İsgəndərin Qordi düyününü çözməsinə oxşar üsuldan istifadə etməlidir. Biz Türkiyənin ötən əsrdə Kiprdə belə addımının müsbət tərəfini gördük. Ümid edirik Qarabağda da eynisinin şahidi olarıq. Bir sözlə, Qarabağ düyününün çözülməsi orta statistik fəlsəfə doktorunu da düşündürən məsələlərdəndir.

 

 

-Sizin fəlsəfə doktorluğuna gedən yolunuzun ən yaddaqalan hadisələri, fərqi yoxdur, müsbət ya da mənfi səciyyəli, hansılardır?

 

 

– Bu çox əziyyətli yoldur. Azərbaycanda elm strategiyası tam müəyyənləşdirilməyib. Əslində bu gün elmdən nə tələb edilir, onu heç kəs bilmir. Biz əyani doktoranturaya qəbul ediləndə 3 il ərzində dissertasiya yazaraq və 6 məqalə çap etdirərək asanlıqla müdafiə edəcəyimizi düşünürdük. Lakin elmdə bürokratik əngəllərin çoxluğunun şahidi olduq. AMEA-da siyasi elmlər üzrə doktorant olan şəxs müdafiə üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, BDU-ya və ya ən pis halda birdəfəlik şura alaraq MEA-nın İnsan Hüquqları İnstitutuna müraciət edə bilərdi. Təssəvvür edin, hər üç müəssisəyə müraciət etdim. Bürokratiya ilə üzləşdikdə elmdən qaçmaq istəyirdim. 4 elmi kitab və 50 elmi məqalə, o cümlədən xaricdə 12 məqalə dərc etdirməyimə baxmayaraq, müdafiə edə bilmirdim. Araşdırdığım mövzu üzrə elmi işləri mənə rəyə göndərən elmi müəssisələr müdafiə etməyim üçün aşılması mümkün olmayan səddlər qoyurdular. Hətta dissertasiyamı başqa bir şəxsə təqdim etmişdilər. 2006-cı ildə müdafiə etmək hüququm olduğu halda, 2011-ci ildə buna nail ola bildim. Sağ olsun AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə. Dəyərli ziyalı olan İlham müəllim instututa direktor təyin ediləndən sonra bütün süni əngəllər aradan qaldırıldı. Gənclərə geniş imkanlar açıldı və hüquqları pozulan bütün alimlərin problemləri çözüldü. Hazırda elmlər doktorluğu üzrə Qarabağ mövzusunda elmi iş hazırlayıram.

 

 

– Qarabağ həqiqətlərini dünya auditoriyasına çatdıran, özü də bu ağır missiyanı uğurla həyata keçirən karabakhinfo.com elektron jurnalında çalışırsınız…

 

 

– Mən karabakhinfo.com beynəlxalq elektron jurnalı ilə müəllif kimi əməkdaşlıq edirdim. Özüm diasporla bağlı bir təşkilatda çalışırdım. Karabakhinfo.com jurnalının baş redaktoru, yazar Zaur Qəriboğlu ilə sosial şəbəkədə dost idik. Bilirdim ki, Karabakhinfo.com beynəlxalq elektron jurnalı vətənpərvər bir insanın, AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ideyasıdır. AVCİYA-nın Qarabağla bağlı həyata keçirdiyi tədbirlərdə bir neçə dəfə iştirak etmişdim. Jurnalın redaksiyasına qonaq gələndə Zaur müəllim Qarabağla bağlı informasiya müharibəsinin aparılmasında daha yaxından iştirak etməyi və mənə özünün müavini kimi işləməyi təklif etdi. Fikirləşmədən təklifi qəbul etdim. Dərhal İçərişəhərdə olan böyük bir ofisdən imtina edib, Zaur müəllimin yanına gəldim. Virtual dostuluğumuz real dostluğa çevrildi. Zaur müəllimin Qarabağa olan sevgisi, vətən həsrətinin inanılmaz dərəcədə yüksək olması mənim onunla dostluğumu daha da gücləndirdi. Hazırda karabakhinfo.com ermənilərin baş ağrısına çevrilmiş bir saytdır. 10 dildə faliyyət göstərməsi onun hədəflərini genişləndirir. Karabakhinfo.TV ideyasını həyata keçirdik. İnşallah, inanıram ki, torpaqlarımız tezliklə geri alınar və karabakhinfo.com bu şad xəbəri bütün dünyaya yayar.

 

 

-Ordumuzun düşmən ordusunu susdurmaq qüdrətinə malik olduğuna inanırıq. Amma hələ ki, düşmən tərəfindən az qala hər saat pozulan atəşkəs rejimi hökm sürür. İnformasiya müharibəsində isə atəşkəs olmur. Erməniliyin bizlərə qarşı gecəli-gündüzlü işləyən elektron resursları ilə mübarizədə necədir vəziyyətimiz?

 

 

– Mən diaspor sahəsi üzrə mütəxəssisəm. 15 ilə yaxındır bu mövzu üzərində işləyirəm. Tədqiqat obyektlərimdən biri də erməni diasporunun fəaliyyətidir. Ermənilər XIX əsrin sonlarından informasiya müharibəsinə başlayıblar. İlk hədəf kimi Türkiyəni seçən ermənilərin informasiya müharibəsində hazırda ən böyük hədəfi bizik. Azərbaycan haqqında onlar çoxsaylı saytlara malikdirlər. Bizim isə onların qarşısında duruş gətirə biləcək saytlarımızın sayı azdır. Bunların sırasında karabakhinfo.com, 1905.az, karabakh-doc.azerall.info, virtualkarabakh.az, karabakh.az, qam.az, therealstoriesofkarabakh.com, azerbaijanfoundation.az və barmaqla sayıla biləcək digər bloq və saytların adlarını çəkmək olar. Bir fakt deyim, ermənilər azerichild.info adlı sayt açıblar. Və bu saytda Azərbaycan nağıllarında, uşaq mahnılarında və digər folklor nümunələrimizdəki mifik obrazların guya ermənilərə qarşı düşünülmüş qədim plan olduğunu iddia edirlər. Nə qədər gülünc olsa da, dünyada belə yalanlara inananlar var. Bizim gücümüzlə onları müqayisə etmək olmaz. Lakin tam səmimi deyirəm, karabakhinfo.com və 1905.az qısa zaman ərzində bu səddi yara bildi. Ermənilərin nüfuzlu Panarmenian.net saytı yazır ki, niyə bütün beynəlxalq təşkilatlar karabakhinfo.com beynəlxalq elektron jurnalına istinad edir? Onlar bizim saytı Azərbaycan hökumətinin yeni təbliğat mexanizmi sayırlar. Dəfələrlə bizə haker hücumları ediblər. Nəticəsiz qalıbdır. Elektron poçtumuza, facebook ünvanımıza söyüşlər yazırlar. Deməli, düz yoldayıq. Nahaq yerə HƏDƏFİMİZ QARABAĞDIR şüarını seçməmişik ki…

 

 

– İnformasiya müharibəsində oxucu ordusunun da üzərinə yük düşür. O cümlədən, gənclərin. Gənclərin bu mövzuya marağı haqqında ali məktəb müəllimi kimi nə deyə bilərsiniz?

 

 

– Mən 10 ildən çoxdur ali məktəblərdə müəllim kimi çalışıram. İstiqamətindən asılı olmayaraq dərs proqramlarıma Dağlıq Qarabağla bağlı mövzular daxil edirəm. Mövzu barədə suallarıma aldğım bəzi acınacaqlı cavablar sayəsində gənclərimizin Qarabağ mövzusuna bələd olmadıqlarının şahidiyəm. Təsəvvür edin, Dağlıq Qarabağla sərhəd rayonlarının birinin vəzifəli şəxsinin övladı imtahan zamanı atasının çalışdığı rayonun da işğal olunduğunu deyib. Yevlax, Kürdəmir, hətta Gəncənin də erməni silahlı qüvvələrinin işğalı altında olduğunu deyən gənclərimiz var. Bu çox acınacaqlıdır. Bunun əsas səbəbi isə Azərbaycanda daxili informasiya sisteminin çox zəif olmasındadır. Bu işdə ən böyük məsuliyyət Azərbaycan televiziyalarının üzərinə düşür. Onlar bir balaca şou biznesdən ayrılıb, milli məsələlərə diqqət yetirsələr, gənclərimizin bu sahədə bilgilərinin artmasına nail olmaq olar.

 

 

-Və sonda, 1905. az portalına tövsiyələrinizi bilmək istərdik.

 

 

– 1905.az saytının yaranması zərurət idi. Biz illərdir ermənilərin soyqrım siyasətinin qurbanları ola-ola bu barədə dünyaya əsl həqiqəti çatdırmaqda çətinlik çəkirdik. Tutarlı faktları bir yerə toplayıb real hadisələri göstərə bilmirdik. Bu sayt bir növ ensklopedik məlumat mənbəyidir. BMT-nin Təhlükəsizlik Şurasının işçi dillərində olması saytın xüsusi özəlliyidir. Azərbaycanlıların soyqırımı barədə real faktlar isə mühüm əhəmiyyət kəsb edir. Biz bir komandayıq. Hədəfimiz bəlli, siyasətimiz məlum. İnanıram AVCİYA ailəsi olaraq biz birlikdə erməni təbliğat maşınını susdura biləcik.

 

– Uğurlar.

 

 

1905.az.

01.08.2014 11:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*