Azərbaycanca

Sloveniyanın xarici işlər naziri: BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamələrinə əməl olunmalıdır

16.02.2015 | 18:36

zz   Azərbaycan və Sloveniyanın əməkdaşlıq üçün böyük potensialı var. Xalqlarımız arasında çox yaxın əlaqələr mövcuddur. Əməkdaşlığımız yüksək səviyyədə davam edir və bunu dəstəkləmək lazımdır.

 

 

Bu sözləri AzərTAc-a müsahibəsində Sloveniyanın xarici işlər naziri Karl Erjaveç ölkələrimizin ikitərəfli əlaqələrindən danışarkən deyib.

 

Nazir Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etməyi planlaşdırdığını bildirib. “Düşünürəm ki, bizim hələ istifadə olunmayan potensialımız var. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi təqribən 15 milyon ABŞ dollarıdır və bizim imkanları əks etdirmir. Göstəriciləri artıra bilərik. Energetika, əczaçılıq, avtomobil sənayesi və digər sahələrdə əməkdaşlıq üçün imkanlarımız genişdir”, – deyə K.Erjaveç vurğulayıb.

 

Xarici siyasət idarəsinin rəhbəri bu il Azərbaycan-Sloveniya Hökumətlərarası İqtisadi Komissiyasının yaradılacağını da qeyd edib. O, bu istiqamətdə danışıqlar aparıldığını və yaradılacaq strukturun ikitərəfli əlaqələri lazımi səviyyəyə qaldırmağa xidmət edəcəyini söyləyib.

 

Nazirin dediyinə görə, mədəniyyət və təhsil sahələrində müqavilələrin imzalanması üçün də danışıqlar aparılıb. O, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun Sloveniyaya səfərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

K.Erjaveç siyasi əlaqələrin hazırkı vəziyyətinin Sloveniya dövlətini qane etdiyini deyərək 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyada əfsanəvi Mixaylonun muzey kompleksinin açılış mərasimində iştirakını xatırladıb. “Bu bir daha xalqlarımızın bir-birinə yaxınlığını göstərir. Biz, həmçinin Azərbaycanda səfirlik açmağı düşünürük. Təbii ki, bu bizim büdcəmizdən asılıdır. Səfirliyin açılması ilə bağlı büdcədən maliyyə vəsaitinin ayrılmasına çalışacağıq. İnanıram ki, 2016-cı ildə Sloveniyanın Azərbaycandakı səfirliyi fəaliyyətə başlayacaq”, – deyə nazir bildirib.

 

Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu vurğulayan xarici siyasət idarəsinin rəhbəri Aİ-nin üzvü kimi Sloveniyanın da enerji layihələrində iştirak etməkdə maraqlı olduğunu deyib. Onun fikrincə, Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin daha da intensivləşdirilməsi vacibdir.

Sloveniyanın Azərbaycanda yeni açılan fəxri konsulluğun fəaliyyətinə toxunan K.Erjaveç bu qurumun iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də münasibət bildirən nazir bu probleminin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildirərək, deyib: “ATƏT-in Minsk Qrupunun səyləri vacibdir. Bu münaqişənin həlli ilə bağlı BMT-nin illər öncə qəbul etdiyi qətnamələrə əməl olunmalıdır. Azərbaycan regionda sabitliyin tərəfdarıdır. Ukraynada baş verən hadisələrin şahidiyik. Düşünürəm ki, dünyada sülhməramlı siyasət davam etdirilməlidir. Biz görürük ki, Azərbaycan regionda sülhün təminatçısıdır. Ona görə də vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir”.

 

 

16.02.2015 18:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*