Ermənistanın Huyravan əyalətində yataqxanalardan birində iki övladı ilə birlikdə yaşayan Qarabağ müharibəsi veteranı , keçmiş snayper Qalina Navitskaya Ermənistan hakimiyyət orqanlarından narazı olduğunu bildirir. Milliyyətcə latış olan Qalina o zamanlar Ermənistan tərəfdə ”belıye kalqotki” adı ilə tanınan qadınlardan ibarət snayperlər qrupunda Azərbaycana qarşı vuruşmuşdur. Müharibə dövründə ermənilərin yalan vədlərinə inanaraq aldadılan Qalina hazırda heç bir sanitar- gigiyenik şəraiti olmayan kiçik bir otaqda həddən artıq kasıb vəziyyətdə yaşayır. Qalina Qarabağ müharibəsinə könüllü olaraq gəldiyində ermənilər çox təəccüblənmişdilər. O, xristian olduğu üçün ermənilərə köməyə gəldiyini və iki körpə uşağını ac- yalavac qonşularının ümidinə buraxaraq ön cəbhədə vuruşduğunu söyləyir. Müharibənin sonunda ona Qarabağ müharibəsi veteranı adı və müxtəlif imtiyazlar verilsə də, qısa müddət ərzində o özünü unudulanlar sırasında hiss etməyə başlayır. Dövlətdən heç bir yardım almayan Qalina qonşuların yardımı ilə yaşadığını, buna görə də yerli hakimiyyət orqanlarından çox narazı olduğunu bildirir. İndi o, Ermənistanda qaldığına görə çox peşmandır. Baxmayaraq ki, ona 2000 dollar pensiya veriləcəyini vəd etmişdilər. Əksinə, bütün sənədlərini toplayaraq müvafiq orqanlara təqdim etdikdə ondan 2000 dollar rüşvət tələb etdilər. Bədəninin müxtəlif yerlərində bir neçə qəlpənin qaldığına görə iş qabiliyyətini itirən Qalinanın başqa müharibə veteranlarından fərqi ondadır ki, o, bütün şikayətlərinə etiraz edən məmurların sifətini görməmək üçün evdən bayıra çıxmır. Deyir ki, qoy məmurlar gəlib onun yaşadığı şəraiti və vəziyyətini görsünər, bəlkə insafa gəlib onu ağır kasıbçılığın əsirliyindən qurtaralar. Qeyri -rəsmi məlumata görə, hazırda Ermənistanda 20000-ə yaxın Qarabağ muharibəsi veteranı vardır. Artıq 5 aya yaxındır ki, İrəvanın “Azadlıq” meydanında müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün keçirdikləri aclıq aksiyaları, mitinq və nümayişlərə baxmayaraq, hələ də dövlət qurumları tərəfindən buna ciddi reaksiya verilmir. Baş nazirlə görüşdən sonra onlara verilən sözlərə əməl olunmaması veteranları daha da qıcıqlandırır. Veteranların hüququnu qoruyan “Vətən naminə Könüllülər İttifaqı” ictimai təşkilatının: “Müharibə əlillərinin, itkin düşənlərin və həlak olanların ailələrinin sosial problemlərinin aradan götürülməsi” haqqında ölkə rəhbərliyi qarşısında qaldırdığı məsələ də cavabsız qalmışdır.
İsmayıl Tanrıverdi
“KarabakhİNFO. Com“