Azərbaycanca

ŞOK: Gümrü şəhərinin ümidsiz günləri-VİDEO

11.12.2013 | 13:55

1386755497_1988-ci ilin dekabrın 7-də Ermənistanda baş vermiş Spitak zəlzələsi adı ilə tanınan o fəlakətli gündə ən çox ziyan əslində Leninakan (Gümrü) şəhərinə dəymişdi. Özümün də şahidi olduğum o məşəqqətli gündə 200 min əhalisi olan Ermənistanın 2-ci ən böyük şəhəri  Leninakanın küçələri əsl xarabalığı xatırladırdı.       

  Rəsmi məlumata görə zəlzələdə həlak olmuş 24000 nəfərin yarısı bu şəhərdən idi. O zaman bütün dünyanın yardıma gəldiyi zəlzələ zonası qısa müddət ərzində sanki tikinti meydanına çevrilmişdi. Sov.İKP MK- nın tapşırığı ilə zəlzələnin vurduğu ziyanın aradan qaldırılması Ukrayna Respublikasına tapşırılmışdı. Spitak şəhərində yerləşən Baş qərargaha isə Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviç rəhbərlik edirdi.       

     Zəlzələdən 9 ay sonra ata-baba yurdumu tərk edərkən mənə elə gəlirdi ki, qısa müddət ərzində Leninakan və ətraf yaşayış məntəqələri dünyanın ən müasir yaşayış məskənlərindən birinə çevriləcək. Amma bu günlərdə erməni mətbuatını izləyərkən düşündüklərimin əksini gördüm.    

   Fikirləşirdim ki, Ermənistan hakimiyyəti zəlzələnin 25 illiyini 2008-ci ildə olduğu kimi təntənəli şəkildə qeyd edərək, hələ də evsiz-eşiksiz qalmış əhaliyə yeni ümidlər verəcəklər. Çünki, 2008-ci ildə zəlzələnin 20 illiyini təntənəli şəkildə qeyd edərkən, o zamanki SSRİ-nin Baş naziri Rıjkova Ermənistanın Milli qəhrəmanı, V.Yanukoviçə isə Ermənistanın fəxri vətəndaşı adı verilmiş və Spitakın mərkəzi prospektinə onun adı verilmişdi. O zamankı Sov.İKP-nın Baş Katibi M.S.Qorbaçov isə Ermənistan üçün arzuolunmaz şəxs elan olunmuşdu. Baxmayaraq ki, zəlzələnin bütün fəsadlarının aradan qaldırılmasına o göstəriş vermişdi.      

   İndiyə kimi zəlzələ bölgəsində yaşayan əhaliyə ümidlər verən Ermənistan hakimiyyəti bu gün təkcə Gümrü şəhərində 4500 ailənin hələ də daxmalarda və vaqonlarda insanlığa yaraşmayan şəraitdə yaşadıqlarını nəzərə alaraq 25 illiyi qeyd etmək əvəzinə susmağa üstünlük verdi.      

   Ermənistan mətbuatı hazırda 25 il ərzində artıq hakimiyyətdən ümidlərini kəsərək öz imkanları hesabına yaşamaq məcburiyyətində qalan insanlar haqqında xəbərləri daha çox işıqlandırır. Bunlardan birini oxuculara video şəklində təqdim edirik:

Videonun tərcüməsi aşağıdakı kimidir.          Yaşlı bir qadının dedikləri – Zəlzələdən sonra bu günə kimi bu daxmada yaşayıram. Hara şikayət etsəm də, kimə ağız açsam da söz verirlər ki, ev veriləcək. Sonradan söz verənləri axtarsam da tapa  bilmirəm. Elə də burada qalmışıq, ya ev verəcəklər ya da qəbiristanlıqda yer verəcəklər. Amma mən istəyirəm ki, heç olmasa bir otaqlı da olsa ev versinlər ki, mən bu uşaqları orada yerləşdirim. Cavandılar, azdan-çoxdan gün görsünlər.   Dövlətdən bir xahişim budur ki, mənə çatacaq bir otaqlı mənzil qoy mən öləndən sonra bu uşaqlara verilsin. Ev növbəsinə yazıldığım siyahı ilə mənə vauçer verdilər. O da lazımsız bir kağız parçası kimi qaldı evdə. Şəhər merinə nə qədər ərizə yazdıqsa, gəlib baxıb kobud sözlər deyib getdilər. Daha onlara söz deməkdən zəhləm gedir. Daxmanı isitmək üçün dəni təmizlənmiş qarğıdalı kötüyü  və zibillikdən yığdığımız taxta parçaları ilə sobanı yandırıram. Ərzağı isə qonşuluqda olan bəzi insaflı adamlar yardım edirlər. Bəzən də heç bir yardım olunmur. Bir dəfə qonşu uşaqlara paltar gətirmişdi, xahiş etdim ki,mənə də ayaqqabı versin. Bax bu ayaqqabıları da o verib.       

Müxbirlər qonşu daxmalara gələrək qapıda duran yaşlı qadından soruşurlar: -Xala, siz ev növbəsinə yazılmısınızmı?   -Hə, növbəyə yazılmışıq amma hələdə bir xəbər yoxdur. Bax o qarşıdakı bina var. Ordan ev almalıyıq, lakin hələ tikilib başa çatmayıb. Bizim uçmuş evimiz iki otaqlı olub. Böyük oğlum çıxıb getdi, kiçik oğlum isə 2-ci qrup əlildir, onunla birlikdə yaşayıram.    

   Müxbir: -Seda xanım,nə ilə yaşayırsınız?   -Təqaüdlə, oğlumla mən 32min (80$) dram alırıq.       Müxbirlər başqa bir qonşudan necə yaşadığını soruşurlar.   -Uçub-dağılmış evimə bir az pul vermişdilər, o da qurtardı getdi, elə bil külək apardı. 30 il müxtəlif vəzifələrdə çalışmışam. Hər şeyim olub, indi də iş yoxdur. Bir daxma kirayə götürmüşəm, görsəniz dəhşətə gələrsiniz. Sadəcə yola vermək üçün yaşayırıq.     

  Başqa bir qonşu qadın: -Bu məhlədə tək yaşayıram. 83 yaşındayam, gözlərim də görmür. Həddən artıq ağır vəziyyətdəyəm, mənə də ev vermirlər. Bağışlayın ki, daxmaya dəvət edə bilmirəm çünki heç nəyim yoxdur, içərisi bom-boşdur. (Videonun sonu)     

Başqa bir videoda daha dəhşətli görüntülər var: -Yarı uçmuş binanın 5-ci mərtəbəsində dovşanlarla yaşayan ali təhsilli bir kişi. Başqa bir binada tənha və xəstə bir qadın. Ərləri tərəfindən 3-5 uşaqla buraxılmış heç bir yardım almayan qadınlar, ailələrini buraxıb Türkiyəyə “işləməyə” gedən qadınlar haqqında.     

  Nəhayət: -İki məhəllədə istifadəyə verilmiş qazsız, susuz və işıqsız yeni binalarda yaşayan sakinlərin inanılmaz şikayətləri haqqında növbəti yazımızda oxuya bilərsiniz.      

Tanrıverdi İsmayıl

BDU-nun erməni araşdırmaları ETL-in böyük elmi işçisi  

“KarabakhİNFO.com”   

11.12.2013 13:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*