Azərbaycanca

Sonuncu uçuş…

30.11.2012 | 12:04

1354262554_qaraknd-vertolyot21 il keçməsinə baxmayaraq, hələ də müəmmalı qalan vertolyot faciəsi

 Sadir Məmmədov: “Bu faciə Qarabağı ermənilərin maneəsiz işğal etməsi üçün Ermənistan tərəfindən təşkil olunmuş bir terror aktı idi”

 Heç bir millət faciədən sığortalanmayıb. Lakin elə faciələr var ki, Tanrının yazdığı qismət payından deyil, insanlardan asılı olur. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, vertolyot  terror aktı  kimi. Hər şey elə buradan başladı. Tarixə dönən 20 noyabr faciəsi də.

Onlar bu səfər zamanı Qarabağ düyününün həll olunacağına böyük ümidlər bəsləyirdilər. Bakıdan Qarabağa yollanan nümayəndə heyəti Ağdama çatdı. Öz dərdlərinə əlac axtaran minlərlə insan meydana – Bakıdan gələnlərin görüşünə toplaşmışdı. Çünki Xocavənd ermənilər tərəfindən yandırılmış, oranın sakinləri yurd-yuvalarından didərgin salınmışdılar. Bu vəziyyətdə onlara həyan olub, təsəlli vermək çox çətin idi.

Ağdamda keçirilən müşavirədə bu və ya digər məsələlərin həlli yolları Bakıdan gələn bir qrup dövlət rəsmisi tərəfindən müzakirə olunur, çıxış yolları axtarılırdı. Az sonra müşavirə bitdi. Elə bil onlar tələm-tələsik qarşılaşacaqları faciəyə can atırdılar. Maşın karvanı Ağdam aeroportuna yan alır. 1991-ci il noyabrın 20-də içərisində 22 nəfər nümayəndə heyətinin olduğu “Mi-8 N72” hərbi vertolyotu göyə qalxır və mənzil başına çatmamış Qarakənd səmasında xüsusi qəddarlıqla vurulur.  Törədilən terror aktı zamanı aşağıda adları göstərilən yüksək vəzifəli  22 dövlət nümayəndəsi həlak olmuşdur:

– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri

– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini

– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru

– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi

– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

– Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant

– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

– Alı Mustafa oğlu Mustafayev – telejurnalist

– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri

– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü

– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü

Hadisədən 21 il keçsə də, ermənilərin terrorçu fəaliyyəti bugün də davam edir.

 

Naməlum məlum həqiqətlər

Hadisənin baş verməsindən sonrakı bəzi məlum həqiqətlər  var ki, onlar hələ araşdırılmır və çoxlarına naməlum olaraq qalır. Bəzi məqamları təqdim edirik. Məsələn, təhqiqatın ilk saatlarında vertolyotun odlu silahla vurulduğu aydın görünsə də, bu barədə məlumat xalqa çox sonralar açıqlandı. O vaxt isə qəzanın vertolyotun dumana düşməsi nəticəsində baş verdiyi bildirilirdi. Digər bir məsələ isə dövlət rəsmilərinin əksər hissəsinin bir vertolyotda təhlükəli zonadan keçməsi ilə bağlıdır ki, bu da uzun müddət müzakirə predmeti oldu. Onları heç bir hərbi vertolyot müşayiət etmirdi. Bu da təhlükəsizlik qaydalarının açıq-aşkar pozulması demək idi. Nəzərə alsaq ki, o vaxtlar erməni yaraqlılarında “Zenit” və “Alazan” raketlərindən başqa heç nə yox idi, vertolyotu vurmaq üçün istifadə olunan istilik raketinin onların əlinə haradan keçməsi də müəmmalıdır. Qaranlıq məqamlardan biri də vertolyotun “qara qutu”sunun yararsız  vəziyyətə salınması idi. Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupunun gəlməsinin mümkünsüzlüyü bu barədə ziddiyyətli fikirlərin meydana çıxmasına səbəb olub. Ən ağrılı məqam isə bu cür şəxsiyyətlərin həlak olmasına baxmayaraq,  bunu törədən ermənilərin cinayət məsuliyyətinə cəlb olunmamasıdır. “Qara qutu”nun taleyi isə hələ də müəmmalı olaraq qalır, yəqin ki, son nəticə istintaq materiallarındadır.

Bir ailənin faciəsi

Faciə qurbanlarının yaxınlarının dərdini bir ailənin timsalında oxuculara göstərməyə çalışacağıq. Müsahibimiz “Dövlət teleradio” şirkətinin kinooperatoru, Milli Qəhrəman Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə Şahbazova ilə məlum hadisə barəsində danışdıq. Söhbətə başlayandan qurtarana qədər göz yaşlarını saxlaya bilməyən Nəsibə xanım 21 ildir ömür-gün yoldaşının yoxluğu ilə heç cür barışa bilməməsindən və hadisəyə olan biganə münasibətdən söz açdı: “Əvvəllər ildönümü dövlət səviyyəsində həyata keçirilirdi. Hamı yığılırdı televiziyanın həyətinə, oradan da Fəxri xiyabana gedirdik. İllər keçdikcə hər şey adiləşdi. Son 5 – 6 ildir faciəyə olan münasibət elə bil soyuyub. Mən artıq bununla razılaşmışam. İldönümü ərəfəsində 1 – 2 telekanalda qısa bir süjet hazırlanır ki, o da hər il eynilə təkrarlanır. Onu deməliyəm ki, bu insanlar unudulmağa layiq deyillər”.

N.Şahbazova həyat yoldaşının adının əbədiləşdirilməməsi məsələsinə də toxundu: “Bu barədə bir dəfə söhbət oldu, mənə dedilər ki, ancaq kiçik dalanlar qalıb ki, o da milli qəhrəmanın adına layiq deyil. Bundan sonra isə əbədiləşdiriləcəyinə inanmıram. İstəsələr edərlər. Amma hazırda Lerik rayonunun Kələvəz kənd orta məktəbi Fəxrəddinin adını daşıyır”.

“Onun ruhu başımın üstündədir

Bəzi qeyri-rəsmi məlumatlarda hadisə baş verən vaxt orada bir çobanın, sonra isə həmin ərazidə “Niva” markalı avtomobilin də göründüyü bildirilirdi. Müsahib bu deyilənlər barəsində məlumatlı olduğunu vurğuladı: “Hadisə yerində azərbaycanlılardan əvvəl kimsə var imiş. Bəzi məlumatlara görə, hətta həlak olanların çoxu sonradan öldürülüb. O vaxt bir çoban qəzanın baş verdiyinin şahidi olmuşdu. Birdən fikirləşirəm ki, bu işi araşdırmaq doğrudanmı heç kəsə lazım deyil? Həlak olanların ailələri içərisində ən fəal olanları Tofiq İsmayılovun bacısı Elmira xanım və Osman Mirzəyevin həyat yoldaşı rəhmətlik Solmaz xanım idi. Onlar da işin açılması yönündə nə qədər çalışsalar da, sonra gördülər ki, heç bir nəticə yoxdur. Biz istəsək də, heç nə edə bilmərik. Bu işin özəyini tapmaq üçün müvafiq qurumlar çalışmalıdır”.

Nəsibə xanım dövlət tərəfindən həmişə maddi dəstək gördüklərini etiraf etdi: “Hələ 5 – 6 il bundan əvvəl müəyyən səbəblər üzündən işdən çıxdım. O qədər fikirləşirdim ki, görəsən, necə dolanacağıq? Bir ay keçməmiş ölkə başçısı Milli Qəhrəman adı alanlara prezident təqaüdünün verilməsi ilə bağlı fərman imzaladı.

Bu cür məqamlar mənim həyatımda çox olub. O, (Fəxrəddini nəzərdə tutur – N. Q) heç vaxt qoymayıb korluq çəkək. Mənə elə gəlir ki, onun ruhu həmişə başımın üstündədir. Biz onun yoxluğunu heç vaxt qəbul etməmişik”.

Sonuncu uçuş...
“Faciəni törədən ermənilər idi”

Tarix dəqiqliyi, dürüstlüyü sevdiyi üçün gizlin heç nə qalmır. İllər keçsə belə fakt faktlığında qalır və nə zamansa həqiqət çılpaqlığı ilə üzə çıxır. 20 noyabr faciəsi gizlin tərəfləri ilə açılması mürəkkəb olan və illər ötməsinə baxmayaraq, ətrafında hələ də məlumatsız insanların yaydığı şayiələrin dolaşdığı hadisədir. Müsahibimiz  “Mi-8 N72” hərbi vertolyotuna minəcək şəxslərin içərisində olan və özünün də getməli olduğu uçuşdan sabiq daxili işlər naziri mərhum Məhəmməd Əsədov tərəfindən “sən qal, yer yoxdur” deməsilə  son anda qalan  Sadir Məmmədovla hadisənin bəzi qaranlıq məqamlarına aydınlıq gətirməyə çalışdıq. Qeyd edək ki, həmin dövrdə Dağlıq Qarabağda baş verən hadisələrin iştirakçısı olmuş Sadir Məmmədov 1988-ci ildən 1992-ci ilədək Şuşa Şəhər Polis İdarəsinin rəisi, Dağlıq Qarabağda vilayət Daxili İşlər İdarəsinin rəis müavini kimi yüksək vəzifələrdə çalışıb, Qarabağ müharibəsində ən qaynar nöqtələrdə düşmənə qarşı döyüşüb. Hazırda Bakı Slavyan Universitetinin müəllimi, hüquq elmləri namizədi və istefada olan polis polkovnikidir.

“Artıq 21 noyabr 1991-ci il tarixində hadisə yerinin müayinəsi üçün gedən istintaq-əməliyyat qrupunun siyahısını mən tərtib etmişəm. Yaxşı yadımdadır, iclasda Osman Mirzəyevin yanında əyləşmişdim. Vertolyot 14 nəfərlik olduğu üçün pilot  daha çox  adamın getməyə hazırlaşdığını görüb deyinirdi. Hamı kimi mən də vertolyota qalxdım. Əyləşmək istəyəndə mərhum Məhəmməd Əsədov məni aşağı salaraq dedi, düş aşağı adam çoxdu. Beləliklə, son anda vertolyotdan düşən mən olmuşam. Heç getmək istəyən də çox deyildi. Mənim arxamca yalnız İslah Paşayev gəlmək istəyirdi Məndən başqa heç kim olmayıb, şahidlər də var”.

Faciə baş verəndən sonra hadisə barəsində də ilk olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə  telefon vasitəsilə S. Məmmədov məlumat verib: “Hadisə yerinə ilk olaraq gedən də mən olmuşam. Həmin vaxt vertolyot yanırdı deyə, istidən yaxınlaşmaq olmurdu. Amma mərhum Tofiq İsmayılovun cəsədi vertolyotdan xeyli aralıda idi.

12 nəfərin cəsədinin kimliyi açıq-aydın tanınırdı, 3 nəfər bir az çətin tanınırdı, 7 nəfərin kimliyini isə ekspert təyin etdi. Hadisə yerində mən olmuşam və Vahid istintaq-əməliyyat qrupunu hadisə yerinə mən və Vilayət komendantının müavini Kuşnerik bir yerdə aparmışıq. Çoxları Polyaniçkonu da bu məsələdə günahlandırırlar, amma onun bu məsələdən xəbəri yox idi. Çünki hadisəni törədən ermənilər idi və sonradan elə Polyaniçkonun özünü də  Osetiyada ermənilər qətlə yetirdi. Bu faciə də ermənilərin əli ilə həyata keçirilmişdi.  Özü də bu faciə Qarabağı ermənilərin maneəsiz işğal etməsi üçün Ermənistan tərəfindən törədilmiş terror aktı idi. Terror zamanı generallar Jinkin, Kovalyov, Sergey İvanov, Serikov, Lukaşov, Koçerov da həlak olmuşdular. Kovalyov, Jinkin və Koçerovun cəsədlərinin Rusiyaya  aparılması mənə tapşırıldı. Baxmayaraq ki, bu təhlükəli idi, tapşırığı yerinə yetirdim”.

S.Məmmədov faciədən öncə Tamerlan Qarayevin də bu barədə məlumatlı olması ilə bağlı xəbərlərə aydınlıq gətirdi: “Bu Tamerlan Qarayevə qarşı qərəzli  kampaniya idi. Çünki mərhum Tofiq İsmayılovun başçılığı ilə komissiyanın  Qaradağlı-Xocavənd yaşayış məntəqələrinə getməyindən heç Tamerlanın xəbəri olmadı. O, həmin vaxt Xocavənd camaatı ilə “Rayon Soveti”-nin binasının 3-cü mərtəbəsində söhbət aparırdı.”

Naibə Qurbanova

“KarabakhİNFO.com”

 

30.11.2012 12:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*