Azərbaycanca

Sonuncu Xan qızı

15.07.2014 | 09:24

imgresİllərdir ki, şəhərin mərkəzində – Azərbaycan kinoteatrının önündəki oturan heykəl özünəməxsus amiranəliklə gözünü bir nöqtəyə dikib. Qarın, yağışın, tufanın bu heykəlin cizgilərinə zərrə qədər də olsun təsiri yoxdur. O, öz müdrik baxışlarıyla, vüqarlı oturuşuyla, sükunətiylə ətrafdan seçilir. Axı o, xan qızıdır!

Bir neçə il bundan öncə həmin ərazidən – Azərbaycan kinoteatrının önündən keçərkən bir nəfər əcnəbi yaxınlaşıb Natəvan abidəsiylə şəklini çəkməyimi xahiş etmişdi. Əcnəbinin Natavanın heykəlini göstərərək, – “Bu abidəylə şəklimi çək” – ifadəsi xeyli təəccübümə səbəb olmuşdur. “Axı, heykələ abidə deməzlər, yalnız memarlıq tikililəri abidə hesab oluna bilər!” – fikri həmin vaxtlar rassional fikirləşən sənətşünas düşüncəmdən keçmişdir. İndi həmin yoldan keçərkən əcnəbinin dediyi ifadəni daima xatırlayır, onunla razılaşıram. Xurşidbanu Natavan öz şəxsiyyəti, ədəbi fəaliyyəti, təsviri incəsənət sahəsinə verdiyi misilsiz töhfələri ilə mədəniyyət sahəsində abidə yaratdı. Xurşidbanu Natavan abidəsi…

Xan qızı Xurşidbanu Natavan 1830-cu ildə gözəlliyi ilə dünyanı heyrətləndirən Qarabağda dünyaya göz açmışdır. Xan nəslinə mənsub olması onun həm yaradıcılığı, həm də mənəviyyatı ilə, sanki birbaşa bağlı idi. X.Natavan daima ətrafdakılara kömək edir, hər kəsə maddi və mənəvi qayğı göstərirdi. Onun qayğısı təkcə insanlara aid deyildi, eyni zamanda realist rəsm sənətimizin ilk qadın nümayəndəsi kimi Azərbaycan rəssamlığına da böyük töhfə vermişdir.220px-Hurshidbanu_Natavan_with_her_children

Çəkdiyi rəsmlərdə daha çox təbiət təsvirlərini, lirik mənzərələri əks etdirmişdir. Onun yaratdığı təsvirlər müəllifi olduğu qəzəllərin mövzusu, üslubu ilə birbaşa əlaqəlidir. Natavan dekorativ tətbiqi sənətin müxtəlif janrlarında fəaliyyət göstərmişdir. Hazırladığı albomda akvarel boyalarla və karandaşla bir sıra rəsmlər çəkmişdir. Bu rəsmlərdə şam ətrafında pərvanə, gül, bülbül təsvirləri geniş yer tutur. Rəssam-şairə şəhər və dəniz mənzərələrini böyük həvəslə tərənnüm edirdi. Bu rəsmlərdə hər hansı bir yerin dəqiq təsvirindən daha çox, həmin yerin obrazlı ifadəsini göstərmək cəhdi nəzəri cəlb edir. Sözügedən əsərlərdə perspektivin, fəza dərinliyinin böyük ustalıqla təqdim olunması, reallığı və orijinallığı əks etdirmək baxımından təqdirəlayiq hadisədir.

Xurşidbanu Natavan Tiflisdə olduğu zaman müxtəlif füsunkar rəsm tabloları yaratmışdır. Yaratdığı füsunkar tablolara görə Şair Həsən Yüzbaşı onun sənət peşəkarlığını Mani və Behzad kimi böyük rəssamlarla müqayisə edirdi. Təbiidir ki, bu yanaşmada müəyyən mübaliğə mövcud olsa da, ümumilikdə, Həsən Yüzbaşının fikirləri Natavan sənətinə verilən dəyərin göstəricisi kimi əhəmiyyətlidir.
Bakı_NatəvanHazırda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda rəssamın 1886-cı il tarixli albomu qorunub saxlanılmaqdadır. Həmin albomdakı quş, gül-çiçək rəsmləri müxtəlif dövrlərə aiddir. Təsvirlərin arasında “Dağlara yol”, “Məsçidli qala”, “Dəniz kənarı” rəsmləri xüsusilə maraqlıdır. Burada zəngin Natavan dünyasının bütün incəlikləri göz önündədir.

Albomda şairənin karandaşla yaratdığı zərif çiçəklərin də şahidi oluruq. Həmçinin, təsvirlər arasında Natavanın öz xətti ilə yazdığı qəzəlləri görmək olar. Albomun üz qabığı isə Natavanın əl işi olub, muncuqlardan tərtib edilmişdir. Burada qovaq ağacının təsviri sənət baxımından böyük ustalığın göstəricisi kimi diqqəti cəlb edir.

Müasir dövrümüzdə Əlyazmalar İnstitutuyla bərabər Dövlət Tarix və İncəsənət muzeylərində də Natavan irsindən nümunələr saxlanılmaqdadır. Bu mənada həmin muzeylərdə saxlanılan bir neçə muncuqlu bədii tikməni qeyd edə blərik. Yüksək sənətkarlıqla hazırlanmış bu tip tikmələrdən birini Natavan 1858-ci ildə Bakıda qonaq olmuş məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə etmişdir. Əl işinin gözəlliyi və incəliyinə heyran olan Düma onu “ən qiymətli hədiyyə” adlandırır.
X.Natavanın əl işləri hələ yaşadığı dövrdə Rusiyanın bir sıra şəhərində sərgilərdə nümayiş etdirilmişdir. Buna misal olaraq 1882-ci il Ümumrusiya sərgisinin Qafqaz şöbəsi vitrinində qoyulmuş müxtəlif sənət nümunələri içərisində Xan qızının toxuduğu dekorativ nümunələri qeyd etmək olar. X.Natзагруженноеəvan öz dövrünün mədəni, rusca və farsca təhsil almış ziyalısı idi. Bu ziyalılığı onun yaradıcılığında da görmək mümkündür. O, qəzəllərini əruz vəzninin ən oynaq, ahəngdar bəhrlərində, seçmə qafiyələrlə yazmışdır. Onun qəzəlləri klassiklərin yaradıcılığında olduğu kimi fikir vəhdətiylə qafiyə zənginliyinin təmasından yaranmışdır. Şeirlərinin dili xalq dilinə yaxın, sadə və təbiidir. Sadəlik və səmimilik Natavan lirikasının əsas xüsusiyyətlərindəndir ki, bunlar onun şeirlərinə xüsusi bir gözəllik verir. Həmçinin, burada sentimental ruhun hakim olmasının şahidi ola bilərik.
Natavanın sevilməsinin əsas səbəbi peşəkar yaradıcılıq yolu ilə bərabər, həm də insanpərvərlik kimi nəcib hisslərə malik olmasında idi. O, daima yoxsulların, kasıbların qeydinə qalır, onlara maddi kömək göstərirdi.

1872-ci ildə 6 kilometrlik bir məsafədən Şuşaya su kəməri çəkdirərək, şəhər əhalisini su ilə təmin etmişdir. Bu su kəməri Şuşada “Xanqızı bulağı” adıyla məşhurdur. 1885-ci ildə şairənin 17 yaşlı oğlu Mir Abbas vəfat edikdən sonra o, dərin sarsıntı keçirir. Natavanın həyatı pozulur, get-gedə solmağa başlayır. Bu hal şairənin yaradıcılığına da dərin təsir bağışlayır. Şeirlərində itirdiyi əziz oğlundan sonra yaşamaq istəmədiyini, günlərini həsrət və xəyalla keçirməsini qeyd edir. Bu hadisədən pərişan olan şairə 1897-ci ildə 67 yaşında vəfat edir. Xan qızı Ağdamda İmarət adlanan yerdə dəfn edilmişdir.

Natavanın bədii irsinə, şəxsiyyətinə daima maraq və ehtiram göstərilmişdir. Mütəmadi olaraq müxtəlif yaradıcı insanlar tərəfindən Xan qızının fəaliyyətini əks etdirən poemalar, dramlar yazılıb tamaşaya qoyulmuşdur. Bütün bu hallar Natavana yüksək səmimi sevginin göstəricisidir. Bu mənada keçən əsrin 60-cı illərində heykəltəraş akademik Ömər Eldarov Natavanın heykəlini yaparkən, rəssam Maral Rəhmanzadə xahiş edir ki, Xan qızının simasını rəsmin şəxsi obrazında yaratsın. Bu abidə -heykəl hazırda Nizami kinoteatrı önündə illərdir ki, qorunub saxlanılmaqdadır. Ümumilikdə, qeyd etmək lazımdır ki, Natavana ən böyük abidəni xalq öz qəlbində ucaltmışdır…

İstifadə edilən ədəbiyyat:

1. Ə.R.Salamzadə, N.İ.Rzayev, K.C.Kərimov, R.S.Əfəndiyev, N.D.Həbibov. Azərbaycan İncəsənəti. Bakı, 1977
2. Mirzə Adıgözəl Bəy. Qarabağnamə.Bakı, 1989

Fəxri Məmmədli
Sənətşünas-ekspert,
Azərbaycan Rəssamlar İttifaqının üzvü

 

“KarabakhİNFO.com”

15.07.2014 09:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*