Azərbaycanca

SOS!!! Bərdə və Tərtər rayonları su altında qala bilər!!!

22.01.2014 | 12:51

1390380646_sarsangXəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Rövşən Abbasov Sərsəng su anbarında mövcud təhlükələr və onun aradan qaldırılması yolları ilə bağlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib.

– Sərsəng su anbarında nə kimi təhlükələr mövcuddur?

 

-Sərsəng su anbarı 1976-cı ildə inşa olunub. Bəndin hündürlüyü 21 metrdir. 120 min hektar torpaq sahəsini suvarmaq üçün nəzərdə tutulub. Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını su ilə təmin edirdi. Amma hal-hazırda su anbarı işğal altında olduğu üçün bu ərazilər susuz qalıbdır, çünki lazım olan vaxtda buraya su gəlmir. Əsasən bu rayonlara su yay dövründə lazımdır, amma ermənilər bu suyu əsasən qış aylarında buraxırlar. Yayda isə bu əraziyə su vermirlər. Onlar yayda bəndi tamam su ilə doldururlar və payız ayında həmin ərazilərə su lazım olmayan bir vaxtda suyu buraxmağa başlayırlar. Əsas təhlükələrdən biri artıq baş verir, Tərtər çayına müxtəlif partlayıcı qurğular atırlar. İkinci bir təhlükə ondan ibarətdir ki, ermənilər istənilən vaxt bu rayonları,  əsasən Bərdə rayonunu selə verə bilərlər.

 

Üçüncü bir təhlükə ondan ibarətdir ki, onlar anbarı doldurub qəflətən anbarın bəndini yararsız hala salmaqla 3-4 rayonu, əsasən də, Bərdə və Tərtər rayonlarını tamamilə su altında qoya bilərlər. Bu cür təhlükələr mövcuddur. Bundan başqa, su anbarına zəhərli maddələr ata bilərlər, suları zəhərləyə bilərlər.

 

– Rövşən müəllim, Sərsəng su anbarında mövcud təhlükəni hansı yollarla aradan qaldırmaq olar?

 

SOS!!! Bərdə və Tərtər rayonları su altında qala bilər!!!    – Sərsəng su anbarında olan təhlükənin aradan qaldırılması hal-hazırda çox çətindir. Nə qədər ki su anbarı düşmən qüvvələri tərəfindən idarə olunur, bu təhlükə mövcud olacaqdır. Əgər su anbarı olmasaydı, çay öz təbii axarı ilə axardı və aşağı rayonlar üçün də daşqın təhlükəsi olmazdı.  Amma hal-hazırda, nə qədər ki mövcud şərait dəyişməyib bu təhlükələr də var.

 

– Sərsəng su anbarının itirilməsinin Azərbaycana vurduğu ziyan hansı meyarlarla ölçülür?

 

– Birinci meyar ondan ibarətdir ki, biz suvarılan torpaqları itirmişik. İkincisi, su anbarını lazım olan səviyyədə idarə edə bilmirik. Su anbarının idarəolunması nədir? Normal halda, məsələn, Mingəçevir su anbarında qış aylarında su anbarı boşaldılır. Çünki yazda Kürün suyunun səviyyəsi artır və yazda Kürün suyu artdıqda su anbara yığılmağa başlayır. Az miqdarda su aşağı rayonlara buraxılır. Aşağı ərazidə yerləşən rayonlar daşqın təhlükəsindən qorunur. Eyni xüsusiyyət Tərtərçay üzərində yerləşən Sərsəng su anbarında da var.

 

Başqa bir hal isə hidroloji terrora məruz qalmağımızdır. Yəni idarəetmə zamanı biz nə edirdik? Yaz vaxtı suyu yığırdıq, yayda isə az-az buraxıb istifadə edirdik. Artıq bu yoxdur. Sərsəng su anbarının idarəetməsi bizim əlimizdə deyil. Ermənilər tərəfindən bir neçə dəfə bu su anbarı tərəfindən hidroloji terror həyata keçirilib. Onlar bunu necə həyata keçiriblər?! Su lazım olan vaxtda suyun qarşısını kəsirlər, su lazım olmayan vaxtda isə suyu buraxırlar. Əsasən, qış aylarında bu rayonların ciddi şəkildə su altında qalma təhlükəsi var. Sərsəng su anbarının itirilməsi ilə böyük bir potensial itirilib. Nəinki Bərdə, Tərtər, digər aran rayonlarının Ağcabədi, Goranboy, Yevlax torpaqları kifayət qədər münbit torpaqdır. Xüsusi ilə Bərdə və Tərtər rayonlarında çox münbit torpaqlar var. Bunlar da Azərbaycanda yetişən kənd təsərrüfatı məhsullarının əsasını təşkil edir. Ərzaq istehsalında bu rayonların rolu əvəzsizdir. Geniş torpaq sahələri susuz qalıbdır.

 

– Sərsəng su anbarındakı mövcud təhlükəni aradan qaldırmaq və Azərbaycanın Sərsəng üzərində hüququnun tanıdılması üçün hansı beynəlxalq qurumlara müraciət edilməlidir?

 

– Sərsəng su anbarı da itirdiyimiz torpaqlarımızın bir hissəsidir. Əgər dövlətimiz ərazimizin işğalı ilə bağlı hansı beynəlxalq təşkilatlara müraciət edibsə, Sərsəng su anbarı ilə bağlı da həmin təşkilatlara müraciət olunmalıdır. Başqa bir tərəfdən isə BMT-nin Fəlakətlər üzrə Xüsusi Agentliyinə, Beynəlxalq Metereologiya Təşkilatına, Ümumdünya Səhiyyə Təşkilatına, BMT-nin İnkişaf Agentliyinə müraciət etmək olar. BMT-nin İnkişaf Agentliyi çalışır ki, kənd yerlərində davamlı sosial-iqtisadi inkişafı təmin etsin. Su anbarı olmadan torpaqları necə suvarmaq olar? Necə sosial-iqtisadi inkişafa nail olmaq olar?

 

Azərbaycan kimi regionlarda davamlı inkişafın əsas meyarlarından biri kifayət qədər suyun olmasıdır. Bərdə, Tərtər, Goranboy, Yevlax rayonları hidroloji terror təhlükəsi altındadır. Bu məsələ beynəlxalq səviyyədə öz həllini tapmalıdır.

 

 

 

 

Sevda Qurbanqızı

 

“KarabakhİNFO.com”

22.01.2014 12:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*