Azərbaycanca

SOS!!! Dağlıq Qarabağ dünyada tranzit məkanına çevrilib

22.01.2014 | 17:20

1390396702_narkotik-3Dünya dövlətləri artıq bir-birinə qarşı mübarizədə yeni formalardan və vasitələrdən istifadə edirlər. Artıq hədəf kimi ancaq kombatantları deyil, həm də adi vətəndaşları görürlər. Buna müasir dövrdə “silent war” (sakit müharibə) desək daha düzgün olardı. Dövlətlərin bir-birinə qarşı istifadə etdiyi ən böyük silahlardan biri də narkotikdir. Narkotik cəmiyyətin bütün təbəqələrinə təsir edir və dağıdıcı effektə malik olur və artıq dövlətin demoqrafiyası dağılmağa başlayır. Cəmiyyətin təbii artımı zəifləyir, yeni doğulan nəsil xəstə və zəif olur, gənclərin iş qabiliyyəti və aktivliyi 60-75% geriləyir, cinayətkarlıq və zorakılıq halları dövlətin içində 3 dəfə artır. Narkomaniya ölkənin demoqrafik potensialına, genefonduna, əhalinin sosial statusuna, iş qabiliyyətinə, kriminogen vəziyyətə təsir baxımından dövlətin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir. Buna görə də, dünya narkotrafikində mövcud trendləri qeyd olunan aspektdən dəyərləndirdikdə, səssiz müharibənin cizgiləri görünür.

Bu gün nəzarətsiz zona olan Dağlıq Qarabağ həm də dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilib. Azərbaycan Xüsusi Xidmət Orqanlarının apardığı araşdırmalar, o cümlədən, əməlyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadan ibarətdir. Əgər nəzərə alsaq ki, Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotika ticarətini birbaşa himayə edirlər, onda bu marşrutların həqiqət olma ehtimalı daha böyükdür. Azərbaycan rəsmi nümayəndələri də dəfələrlə Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin rəsmi bəyanatında deyilir: “Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər 7 rayonun ərazisində – milli və beynəlxalq nəzarətdən kənar bu «boz zona»da narkotiklərin becərilməsi, emalı və daşınması təkcə Azərbaycan deyil, bəşəriyyət üçün təhdiddir.”

 

Baş nazirin müavini Əli Həsənov bu məsələnin ciddiliyinə bir daha diqqət çəkir: “O ərazidə külli miqdarda narkotik işğal dövründə artıq 20 ildir əkilir, becərilir, satılır və həmin vəsait hesabına təbii ki, silahlar əldə olunur. Nəinki narkotik əkilir, becərilir, həm də həmin ərazi artıq narkomarşuruta çevrilib.

 

 Demək olar ki, Uzaq Şərqə qədər gedir çıxır, MDB ölkələrinə, Gürcüstana, Rusiyaya, Ermənistanın özünə də daşınır ordan. Bundan əlavə, nəinki narkotik, o ərazidə hətta terror qruplar formalaşdırılır. Təlim mərkəzi yaradılıb. Dünyanın bütün konflikt zonalarına həmin ərazidə hazırlanmış terror qrupları göndərilir“.

Araşdırmalarımız zamanı məlum oldu ki, Ermənistan zabitləri və əsgərləri tərəfindən sifarişlər əsasında Dağlıq Qarabağda yetişdirilən narkotika vasitələri ilk olaraq İrana oradan isə digər ölkələrə aparılır. Artıq bu ərazilər beynəlxalq narkotranzit ərazisinə də çevrilib. Qarabağdan keçən narkotik vasitələr Avropaya, hətta Uzaq Şərqə – Yaponiyaya daşınır. Dağlıq Qarabağda istehsal olunan narkotik maddələr keyfiyyətinə görə, Əfqanıstan istehsalı olan maddələrlə rəqabətə girməyə qadirdir.

11 İqlim qurşağından 9-nun Azərbaycanda olması və dünyada mövcud olan 24 xaş-xaş növündən 20-nin Azərbaycanda və xüsusən də, Dağlıq Qarabağda bitməsi burada istehsal olunan narkotiklərə təlabatı artırır. Qarabağ torpağında bitən narkotik bitkilərdən istehsal olunan narkotik maddələr ruh yüksəkliyi, oyanıqlıq, fiziki qüvvənin artmasının vaxtını uzadır və narkomanın özünə inam və özünüqiymətləndirmə hissini artırır, əqli və fiziki göstəricilərini, cinsi fəallığını yüksəldir. Bu səbəbdən bir çox narkotik alverçiləri məhz ermənilərdən narkotika almağa can atır və Ermənistanın yüksək çinli məmurlarına daha çox  sifarişlər verirlər.

27 mart 2004-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Pənahlı Xudam başda olmaqla, narkotik vasitələr daşıyan və satan cinayətkar dəstə aşkar edildi. Ağır Cinayətlərə dair İşlər üzrə Respublika Məhkəməsində məsələyə baxılarkən, aydın olmuşdur ki, bu vasitələr ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazilərindən İrana gətirilərək, oradan Azərbaycana keçirilmişdir.

Pənahlı Xudam bildirmişdir ki, işğal edilmiş Qarabağ ərazisində məskunlaşmış əfqanlar ermənilərlə birlikdə orada narkotik xassəli bitkiləri əkib becərərək, onlardan narkotik vasitələr istehsal edirlər və bu maddələr təkcə Azərbaycana deyil, başqa ölkələrə də göndərilir (Mənbə: N.Hacıyev «Dağlıq Qarabağ tarixindən sənədlər» kitabından)

Politoloq Rövşən Novruzoğlu yazır ki, işğal olunmuş ərazilərimizdə – Dağlıq Qarabağ torpaqlarında narkoplantasiya sahibi olan “Bubi” beynəlxalq narkoticarət qrupunu ABŞ-ın Florida ştatında geniş hərbi düşərgələrə malik, bilavasitə erməni narkobaronları yaradıblar.

Oğuz Müstəqil Araşdırmaçılar Qrupunun eksperti Anar Turanın araşdırmasına görə, WikiLeaksin narkoticarətlə bağlı yaydığı məlumatlarda işğal altında olan Azərbaycan torpaqları daxil olmaqla Ermənistan ərazisinin narkotik maddələrin daşınmasının əsas platformasına çevrildiyi qeyd olundu. Saytın ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi hesabatlarına əsaslanan məlumatında o da vurğulanırdı ki, həmin narkotik alverindən Ermənistanın hazırkı hakimiyyətində təmsil olunan məmurlarla yanaşı, müxalifətdə dayanan eks-prezident Levon Ter-Petrosyanın  da payı var. Ermənistanın güc strukturlarının da birbaşa narkobizneslə məşğul olduğu və qazancın xeyli hissəsinin silah-sursat alqısında istifadə olunduğu inkarolunmaz həqiqətdir.

Bu ilin 17 yanvarında Dağlıq Qarabağdan 927 kiloqram narkotik maddə ilə dolu yük maşınlarının İranla sərhəddə saxlanması, Azərbaycanın nəzarətində olmayan ərazilərdə plantasiyaların olma faktını bir daha təsdiq edir. ( www.regnum.ru)

Ermənistanın DİN nəzdində yaradılan “MAK” qrupu Dağlıq Qarabağda apardığı əməliyyat zamanı 5 ton narkotik bitkilər müsadirə edərək, guya bununla bağlı məsələlərə son qoyub açıqlamasına baxmayaq, ekspertlər hesab edirlər ki, bunlar aldadıcı manevrlərdir. Elə müsadirə olunan bitkilərin “MAK” qrupu tərəfindən satışıa çıxarıldığı barədə erməni müxalifət mediası özü yazır.

Azərbaycanın  həyata keçirdiyi məntiqli xarici siyasət nəticəsində artıq dünyanın nüfuzlu təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanıyır və işğal altında olan ərazilərdən narkotik maddələrin daşınmasında tranzit kimi istifadə olunduğunu bilir. Artıq ABŞ Dövlət Departamenti də faktı qəbul edir. Dövlət Departamentinin ötən illərdəki hesabatlarının birində bu fakt öz əksini tapıb.  “Narkotiklərə Nəzarət Strategiyası 2010A” adlı illik hesabatda bildirilirdi ki, Azərbaycan Əfqanıstandan və Orta Asiyadan, həmçinin də İrandan Rusiya və Avropaya narkotik daşınan yolun üzərində yerləşir. Hesabata görə, Əfqanıstanda istehsal edilmiş narkotik maddələr Azərbaycana əsasən üç yolla keçirilir: Orta Asiyadan Xəzər dənizi ilə, İrandan birbaşa və işğal edilmiş zonada nəzarət edilməyən ərazilərdən. İran yolu ilə narkotiklərin 95 faizi daşınır. Buradan Rusiyaya keçirilən narkotiklər sonra da Avropaya ötürülür.

Zaur Əliyev ,

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru . 

“KarabakhİNFO.com”   

 

22.01.2014 17:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*