Azərbaycanca

“Sovet əsgərləri qadını tankın altında əzdi”

07.01.2015 | 15:55

10904823_1543456832572002_485172125_n“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalınım növbəti müsahibi müharibə iştirakçısı Növrəstə Yusifovadır.

 

 

 

 

 

 

O, Azərbaycan milli ordusunun ilk snayperçi xanımlarındandır. Erməni silahlı qüvvələrinə ciddi itkilər yaşadıb, Şuşanın, Ağdam kəndlərinin müdafiəsində yaxından iştirak edib. Milli Azadlıq Hərəkatının ilk günlərindən meydanlarda olan bu xanımın ön cəbhəyə getmək arzusu yalnız 1992-ci ilin martında reallaşıb. Söhbət Qarabağ Əllilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifovadan gedir.

 

 

Qısa arayış: Növrəstə Yusifova Bakıda anadan olub. İxtisasca maliyyəçidir. Uzun illər müxtəlif idarə və müəssisələrdə mühasib işləyib. 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. Dəfələrlə fiziki və mənəvi təzyiqlərlə üzləşsə də, yolundan dönməyib. Qarabağda erməni işğalçılarına qarşı başlanmış müharibəyə yollanıb. Erməni hərbi birləşmələrinə qarşı aparılan əməliyyatlarda şücaətlər göstərib.

 

 

“Sovet ordusu Bakıda əsil vəhşilik etmişdi”

 

 

Növrəstə xanım deyir ki, 1988-ci ilin fevralında Qarabağ münaqişəsi başlananda Moskvanın və yerli hakimiyyətin apardığı “xalqlar dostluğu” siyasətinə ümid edirmiş. Lakin Sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər onun inamını sarsıdıb:

 
-1989-cu ilin dekabrında “Azadlıq” meydanını Sovet ordusu mühasirəyə aldı. Rus əsgərləri meydanda oturaq aksiya keçirən insanları vəhşicəsnə döyür, maşınlara doldururdular. Əllərindəki dəyənklərlə adamları amansızcasına döyürdülər. Mülki əhalidən ölənlər vardı. O hadisənin videokadrlarını 2 dəfə ANS-də görmüşəm. Sonralar göstərmədilər. Bizi 6 avtobusa doldurub apardılar. Məni mindirdikləri avtobus beşinci idi. Adam çox olduğundan sıxlıq yaranmışdı, bir ayağımın üstündə dayanmışdım. Bəxtimizdən avtobus “Bakı” mehmanxanasının qarşısında xarab oldu. Avtobusda 6 əli silahlı əsgər vardı. Camaat onlara hücum etdi, qapıları açıb yerə düşdük. Bizi Bayıla aparırdılar. O biri avtobuslara mindirilən adamları gəmiyə mindirib Narginə apardılar. Onların aqibəti məlum olmadı… Sovet ordusu Bakıda əsil vəhşilik etmişdi. Meydan qana bulaşmışdı. Zirehli hərbi maşınlar meydandakı qanı su ilə yumağa çalışsalar da, qan yenə qalmışdı. Bu hadisələrdən sonra Sovet ordusunun Bakıda daha qanlı qırğın törədəcəyi, Milli Azadlıq Hərəkatını daha sərt cəzalandıracağı bəlli idi. Yanvarın 19-da “Azadlıq” meydanında idik. Gecə 12-yə qalmış güllə atmağa başladılar. Yalandan deyirdilər rezin güllələrdi, sonradan döyüşdə olanda da gördüm ki, bu, işıqsaçan güllələr imiş. Camaatı güllələyib, meydanı boşaltdılar. Salyan kazarmasına qədər piyada gəldik. Yolboyu hərbi texnikanın üstündə oturmuş əsgərlər camaata güllə atırdılar. Kimə, hara gəldi atırdılar. Maşınlara, evlərə, küçədən keçənlərə. Səhərə yaxın Sovetski küçəsinə getdim ki, görüm qohumlar salamatdırmı?! “Təzə Pir” məscidinin yanında bir dəhşətli mənzərənin şahidi oldum. Bir gəlin körpəsini həyətdəki oturacağa qoyub paltar sərirdi. Gözü qızmış sərxoş Sovet əsgərləri tankı həyətə sürdülər, qadın tankın altında qaldı. Bizim bir döyüşü oğlan var, “Taksimotornı”da işləyirdi. Deməli, iki maşın gedirmişlər, “Olimp”in yanında birinin tüstüçıxanı səs eləməyə başlayır. Təlaşa düşən Sovet əsgərləri maşını gülləyə tutmuşdular. Sovet ordusunun vəhşiliyinə etiraz edən əhali, tanınmış şəxslər Filarmoniya bağında Kommunist partiyasının biletini yandırır. SSRİ vətəndaşlığından imtina edirdilər. Səhər şəhidləri keçmiş Kirov parkında dəfn etdilər. Dəfndə iştirak etmək üçün mən də getmişdim. Ancaq mollalardan biri mənə “qadın qəbir qazmaz” deyib, icazə vermədi. Bu hadisələrdən sonra mənim Sovet ordusuna, Moskvanın “ədalətli siyasətinə” olan inamım sarsıldı”.

 
Yanvar qırğınından sonra Növrəstədə Qarabağda azğınlaşmış ermənilərə qarşı döyüşmək hissi güclənir. Bir neçə dəfə könüllü olaraq Qarabağa getmək cəhdi baş tutmur: “1991-ci ildə Əfqanıstan müharibəsinin veteranları könüllü olaraq yığıldı. Bu birləşmə “I Şıxov batalyonu” adlanırdı, mən də elə bildim ki, bu, Şıxovda yerləşir. Şıxova getdim, soraqlaşdım, tapa bilmədim. Polis məntəqəsinə getdim, batalyonun yerini soruşdum, məndən “təxribatçıdır” deyə şübhələndilər. Bir neçə saat bölmədə saxladılar.

 

Ancaq izah etdim ki, döyüşə getmək istəyirəm, batalyonu tapa bilmirəm. 1992-ci ildə “II Şıxov batalyonu” yarandı. Keşmiş döyüşçüləri yığırdılar. Yanvar ayında eşitdim ki, onların qərargahı Binəqədidədir. Binəqədidə Könüllülərin Şurası yaranmışdı, onlara yaxınlaşdım. Mühafizə buraxmadı. Məni aparmaq istəmirdilər. Xocalı hadisəsi baş verəndən sonra dayanmadım, əl çəkmədim onlardan. Bir dəfə martın əvvəllərində müdafiə naziri Şuraya gəlmişdi. Qəfil irəli yerdim, dedim ki, könüllüyəm, cəbhəyə getmək istəyirəm, aparmırlar. Dedi, həll edərəm. Ancaq yenə məni çağırmadılar. Martın 17-də təkrar nazirin qarşısını kəsdim, bu dəfə şuraya tapşırdı, məni cəbhəyə aparmağa razılıq verdilər. Şurada deyirdilər ki, gedəcəksən orduya, uşaqların diqqəti yayınacaq. Dedim ki, narahat olmayın, elə edəcəm ki, uşaqlar mənim varlığımı hiss etməyəcəklər… Novruz bayramından 1 gün sonra Müdafiə Nazirliyinin həyətinə toplaşdıq. Mənim barəmdə əmr vardı. Mənə dedilər ki, hər hansı problem yaranarsa, sizi geri qaytara bilərik. Bizi ordan Laçın yolu ilə Şuşaya gətirdirlər. Soruşdular ki, nə bacarırsan, dedim ki, atıcılıq kurslarına getmişəm. Atıcılığa həvəsim gənclik illərində yaranmışdı. Könüllü Vətənpərvərlər Cəmiyyətinin xətti ilə keçirilən atıcılıq yarışında ikinci nəticə göstərmişdim. Birinci yeri yəhudi balası tutmuşdu. 1975-ci ildə isə keçirilən yarışlarda isə birinci olmuşdum…Yaxınlarımdan mənim cəbhəyə getməyimə etiraz etmədilər. Kiçik qardaşım hərbçi idi. Simferopolda Ali Sərhəd Məktəbini bitirmiş,Əfqanıstanda xidmət etmişdi. Ordudan sonra könüllü olaraq Qarabağa yollanmışdı. Biz bir-birimizdən xəbərsiz Qarabağda xidmət edirdik. Övladım yox idi, əvəzində döyüşçüləri öz qardaşım, balam hesab edirdim…

 

 

10912589_1543456835905335_939322852_n

Martın 24-də dedilər ki, snayperimiz yoxdu, sənə avtomat verə bilərik. Ermənilərdən iki snayper tüfəngi qənimət götürülmüşdü. Mənə dedilər ki, onlardan biri zədələnib. Tüfəngi yoxmalaq üçün Üçmıx adlanan yüksəkliyə getdik. Götürüb o zədəli tüfəngi yoxladım. Gördüm ki, yararsızdır. Batalyon komandiri vardı-Tofiq Oğuz, o, öz beşatılanını mənə verdi. Ermənilərdən qənimət götürülən o snayperin görüntü cihazını beşatılanın üstünə taxdıq. Onunla mən başladım Cıdır düzü, Üçmıx, Nəbilər postunda keşik çəkməyə”.

 

 
Çətin iqlim şəraitinə baxmayaraq Növrəstə ordu həyatına tez uyğunlaşır, əsgər və zabitlərin hörmətini qazanır. Özəllikə gənc əsgərlərə qayğı göstərən Növrəstə xanım deyir ki, əsgərlər də onun xətrini istəyir, “xala qızı” deyə müraciət edirmişlər: “Düzdür, əsgərin yeməyi vaxtında verilirdi. Ancaq aldğım maaşa ərzaq alır, əsgərlər üçün ev xörəkləri bişirirdim. Bəzən paltarlarını tikir, yuyurdum. Evdən uzaq gənc əsgərlərə ana qayğısı lazım olduğunu bilirdim. Yaralı əsgərlərin yarasını da sarımışam, iynə də vurmuşam. Diş də çıxarmışam…Çalışırdım ki, onlar xidmətin çətinliyinə rahat alışa bilsinlər. Həm də çalışdığım o idi ki, gərəkli olduğumu bilsinlər və məni geri qaytarmasınlar”. Hədəfi sərrast nişan alan Növrəstə, qısa zamanda xidmət bölgəsində böyük nüfuz qazanır. Onu digər batalyonlar aparmaq istəsələr də, Şuşanın komendantı Tofiq Oğuz buna razı olmurdu: “Atdığım güllələrin heç biri boşuna getmirdi.

Düşmənə nifrət hissi gözümü tutmuşdu. Yaşım da keçmişdi, itirəcəyim heç nə yox idi. 40 yaşımı da Şuşada keçirdim. Yadımdan da çıxmışdı. Qərargah rəisi vardı-Mehman Mustafayev, bir də gördüm məni çağırdı. Gördüm, balaca məclis düzəldiblər, dedi ki, bu gün sənin ad günündür. Mənə hədiyyə verdi… Həmin Mehman Mustafayev dedi ki, bu qızı verin, aparaq. Hər gün döyüşdəyik, bizimlə olsun. Tofiq Oğuz vermədi ki, bizə də lazımdı. Hətta döyüş əməliyyatlarında fərqlənməyə görə məzuniyyət verirdilər, mən o məzuniyyətdən də imtina etmişdim”. Şuşanın, Ağdamın özünümüdafiəsində fəallıq göstərən, bir neçə düşmən texnikasını, onlarla canlı qüvvəsini məhv edən Növrəstə dəfələrə Milli Ordu rəhbərliyini fəxri fərmanı ilə təltif edilib.

 

 
Ölkədə yaşayan siyasi xaos və başıpozuqluğun ordu quruculuğuna və müdafiə hərəkatına mənfi təsiri Şuşada da özünü göstərirdi. Növrəstə Yusifova deyir ki, Qarabağ müharibəsində məğlubiyyətin əsas səbəbi bəzilərinin dediyi kimi Azərbaycan əsgərinin döyüşə bilməməsi, yetərli zabit kadrların olmaması ilə bağlı deyildi: “Azərbaycanın lazımi qədər döyüşən oğulları vardı. Əfqanıstan müharibəsi keçmiş zabit və əsgərlərimiz ermənilərə qan uddururdu. Yeri gəlmişkən, Əfqanıstan könüllülərinin xidmətini danmaq olmaz. Onlar yüksək səviyyəli zabitlər idi. Onlar olmasaydı, bəlkə ərazi itkilərimiz daha çox olardı. Azərbaycan əsgərinin, zabitinin cəsarəti də vardı, döyüş əzmi də, təcrübəsi də. O zaman çatışmayan vahid komandanlığın, nizami ordunun və siyasi birliyin olmaması idi. Bakıda hakimiyyət uğrunda mübarizə cəbhədə də öz mənfi təsirini göstərirdi”. Şuşanın düşmən əlinə keçməsi xəbərini Bakıda alan Növrəstə ağır mənəvi zərbə alır. Onun Bakıya göndərilməsi də müəmmalıdır. Deyir ki, mayın 3-də onu ezamiyyətlə Bakıya göndərirlər: “Mayın 9-da Xankəndinə hücum edib, şəhəri almalı idik. Plan elə hazırlanmışdı ki, Faşizm üzərində Qələbə gününü Xankəndində qeyd edək. Kim hardan gedəcək, hansı mövqedə olacaq, hamsısı müəyyən olunmuşdu. Mayın 3-də Tofiq Oğuz məni sübh tezdən çağırdı, ezamiyyə vərəqəsini uzatdı ki, qol çək, təcili Bakıya gedirsən. Mən getmədim. Mayın 6-da Tofiq Oğuz mənə dedi ki, getməsən, səni tribunala verəcəklər. Buşlatımı, çəkmələrimi əsgərlərə verib gəldim. Bakıda, ayın 8-də eşitdim ki, ermənilər Şuşanı alıb. Çox sonralar, daha dəqiqi keçən il bilmişəm ki, ermənilər orda olduğumu bilir, məni ələ keçirməyə çalışırmışlar. Şuşanın təhlükədə olduğunu bilən mərhum Tofiq Oğuz da bilərəkdən məni Bakıya göndərib ki, ermənilərin əlinə keçməyim”.

 

 

 

N.Yusifova deyir ki, Şuşanı qoruyub saxlamaq olardı.
Torpaqlarımız işğal altında olsa da, keçmiş döyüşçü nikbindir. Azərbaycan ordusunun çox güclü olduğunu deyən N.Yusifova inanır ki, qədim Azərbaycan şəhəri Şuşa küçələrində yenidən addımlamaq, orda şəhid olmuş döyüşçü dostlarını ziyarət etmək ona nəsib olacaq.

 

 

 

 

 

 

Elman Cəfərli
“KarabakhİNFO.com”

 

 

07.01.2015 15:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*