Azərbaycanca

SSRİ-nin süqutundan sonra Cənubi Qafqazda gedən geosiyasi proseslər və erməni diasporasının desturuktiv fəaliyyəti

15.07.2013 | 10:53

1373870960_talehTaleh CƏFƏROV

      XX əsrin sonlarında beynəlxalq münasibətlər sistemində bir sıra mühüm hadisələr baş verdi. Xüsusilə, ABŞ-la SSRİ arasındakı soyuq müharibənin getdikcə aradan qalxması, eləcə də SSRİ daxilində milli zəmində münaqişə ocaqlarının yaranması Cənubi Qafqaz regionuna da öz mənfi təsirini göstərdi. Yetmiş il totalitar rejimin boyunduruğu altında yaşamağa məhkum edilmiş Cənubi Qafqaz ölkələrində (Gürcüstan, Azərbaycan) xalq kütlələrinin mövcud rejimin əleyhinə yönəlmiş çıxışləri getdikcə bütün ölkə ərazisini bürüdü. Milli-azadlıq hərəkatının gündən-günə genişlənməsi, narazı kütlələr tərəfindən müxtəlif səpkili şüarlar səsləndirilməsi bütövlükdə SSRİ-nin süqutunu daha da sürətləndirirdi. İstər Vilnusda baş verən siyasi gərginlik, istər Tbilisi hadisələri, istərsə də Dağlıq Qarabağda milli zəmində münaqişənin alovlanması, ardından Bakıda 20 yanvar hadisələrinin törədilməsi bütövlükdə SSRİ-nin artıq siyasi gücünün bitdiyindən xəbər verirdi. Yaranmış vəziyyətin olduqca ağır olması və gündən-günə gərginləşməsi, eləcə də kənar qüvvələrin təsirlər, nəhayət 1991-ci ildə SSRİ-nin süqutuna gətirib çıxardı. Nəticədə SSRİ-nin tərkibində olan dövlətlər öz müstəqilliyini elan etdilər. Cənubi Qafqaz ölkələri də bu dövlətlər sırasında idi.

       Məlum olduğu kimi, bəhs olunan dövrdə Cənubi Qafqazda siyasi vəziyyət olduqca ağır idi. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha da gərginləşməsi, müharibə gedən yerlərdə dinc əhalinin qətlə yetirilməsi, Ermənistanda daşnaqlarla digər erməni siyasi birlikləri arasında gedən gərgin mübarizə, ölkənin üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət, əhalinin kütləvi şəkildə digər ölkələ köçü, Gürcüstanda vətəndaş müharibəsinin alovlanması, həmçinin tərkibi erməni silahlı birləşmələrindən ibarət “Baqramyan” terrorçu təşkilatının Abxaziyada törətdikləri vəhşiliklər və dinc gürcü əhalisinə qarşı cinayətkar əməlləri Cənubi Qafqazda vəziyyətin dramatik həddə çatdığından xəbər verirdi. Belə ki, 1991-1994-cü illərdə Abxaziyada abxaz separatçılarına məxsus silahlı birliklərin sayından daha çox ermənilərin burada yaratmış olduqları “Marşal Baqramyan adına Erməni Ordusu”, “Qrunk Erməni Ordusu”, Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərində istefada olan general Henrik Bağdasaryanın yaratmış olduğu “Erməni Kazak Ordusu”, Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyünə qarşı isə “Erməni Gənclərinin İntiqamçı Ordusu” müharibələrdə iştirak edirdilər. Bu hərbi birləşmələr Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri vəhşilikləri paralel olaraq Gürcüstana qarşı tətbiq edirdilər. Belə ki, Qarabağın işğalı ilə yanaşı, ermənilər Samtsxe-Cavaxetiyada erməni muxtariyyəti yaratmaq, sonradan bu əraziləri Ermənistana qatmaq təşəbbüsü ilə çıxış edir, mərkəzi hökumətə tabe olmurdular. Ermənilər, bir qayda olaraq, rəsmi Tbilisinin qoşulduğu beynəlxalq layihələrdə iştirakının əleyhinə çıxırdılar. Xüsusilə, ermənilər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə, Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilişinə qısqanclıqla yanaşırdılar. Çünki bu yol Türkiyənin Qafqaza, Rusiyaya və Mərkəzi Asiya respublikalarına çıxışını təmin edən ən qısa nəqliyyat dəhlizi rolunu oynayır. Bununla Türkiyə regiondakı mövqelərini bir qədər də möhkəmləndirməkdədir. Eyni zamanda ermənilər Rusiya bazalarının Gürcüstan ərazilərindən çıxarılmasında açıq-aşkar  naraharlıq hissi keçirirdilər. Çünki rus bazaları istər Axalkalakidə, istərsə də ermənilərin kompakt şəkildə yaşadığı Samtsxe-Cavaxetiyada ermənilərin qarantı rolunu oynayırdı. Qeyd etmək lazımdır ki, Gürcüstanın Azərbaycanla birgə həyata keçirdiyi iqtisadi və sosial layihələrin biləvasitə ermənilərin kompakt yaşadığı ərazilərdən aparılması bölgəyə rəsmi Tbilisinin təsir imkanlarını daha da gücləndirir.

       Son zamanlar Gürcüstanla yanaşı Azərbaycanın da sürətlə inkişaf etməsi Cənubi Qafqazda hər iki dövlərin ortaq maraqlardan çıxış etməsi təqdirəlayiq haldır. Çünki hər iki ölkənin ərazi bütövlüyünün kobud şəkildə pozulması, Gürcüstanda Abxaziya və Cənubi Osetiya problemi, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının erməni silahlı birləşmələri tərəfindən zəbt edilməsi bötövlükdə regionda sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxardı. Dərhal Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edildi. Təssüflər olsun ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinə Ermənistan dövləti məhəl qoymamış, əksinə işğal olunmuş ərazilərdə çoxlu sayda narkotik plantasiyalar salınmış, eləcə də radiaktiv tullantılar basdırılmışdır. Bununla yanaşı işğal olunmuş ərazilərdəki tarixi və mədəni abidələrin dağıdılması və eləcə də erməniləşdirilməsi sürətlə aparılmaqdadır. Bununla ermənilər guya bölgənin abarigen xalqı olduqlarını bir daha sübut etməyə çalışırlar. Sirr deyil ki, erməni diaspor təşkilatları bu istiqamətdə geniş təbliğat kompaniyası aparmaqdadır. Gürcüstanda “Gürcüstan Erməniləri Birliyi”, “Gürcüstan Erməni Kilsələri Şurası”, “Gürcüstan Erməni Ziyalıları Birliyi”, “Gürcüstan Erməni İşadamları Birliyi”, “Gürcüstan Erməni Qadınlar Birliyi”, “Gürcüstan Erməni Cavax İctimai Hərəkatı”, “Şarl Aznavur adına Erməni Gənclər Birliyi” və digər diaspor təşkilatları dövlətin çökdürülməsi istiqamətində aktiv iştirak etməkdədirlər. Gürcüstanla yanaşı ABŞ-da, Kanadada, Fransada, Rusiyada, Avstraliyada, Polşada, Rumıniyada və digər dövlətlərdə erməni diaspor təşkilatları nəinki Gürcüstanın, eləcə də Azərbaycanın və Türkiyənin əleyhinə beynəlxalq miqyasda “barbar”, “vəhşi” imici formalaşdırmaqdadırlar. Digər tərəfdən də diasporanın xüsusilə antitürk fəaliyyəti əsas etibarilə Azərbaycandakı mədəni və tarixi abidələrin ermənilərə məxsusluğu, alban kilsələrinin bilərəkdən erməniləşdirilməsi kimi iyrənc əməllərə əsaslanır. Erməni diasporasının destruktiv fəaliyyəti bununla bitmir. Diaspora həmçinin I Dünya müharibəsinin ən şiddətli vaxtlarında erməni millətçi ekstremistlərinin müharibə gedən ərazilərindən çıxarılaraq digər ərazilərə köçürülməsini bütün dünyaya soyqırımı kimi təqdim edilməkdə israrlıdir. Bununla yanaşı baş vermiş hadisə nəticəsində ermənilərin guya 1,5 milyon nəfərinin bilərəkdən məhv edilməsi kimi qondarma iddialar da yer almaqdadır. Lakin bu əsassız iddiaların heç bir elmi əsası yoxdur. Gürcüstan və Azərbaycan alimlərinin birgə fəaliyyəti nəticəsində ermənilərin əsassız torpaq iddialarının, onların vəhşi əməllərinin sübuta yetirilməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində çoxlu sayda elmi əsərlər işıq üzü görməkdədir. Bununla yanaşı Dağlıq Qarabağda və Samtsxe-Cavaxetiyada ermənilərin digər ərazilərdən köçürülərək məskunlaşdırılması işi həyata keçirilməkdədir. Bu çox təhlükəli bir məsələdir. Erməni diasporasının beynəlxalq maliyyə resursları bu istiqamətdə bütün güclərini səfərbər etməkdədirlər. Onların əsas məqsədi Ermənistanın ərazilərini qonşu dövlətlərin əraziləri hesabına genişləndirmək və gücləndirməkdən ibarətdir. Bu ilk baxışdan absurd görünür. Lakin Azərbaycanın son illərdə artan iqtisadi imkanları və Gürcüstanın iqtisadi cəhətdən güclənməsi ermənilərin bu istəklərinin birdəfəlik üstündən xətt çəkəcəkdir.

                                         İstifadə olunmuş ədəbiyyat

                                                 

1. Bondo Arveladze “Daşnaq xisləti”, Hürriyyət qəzeti, № 208 (1852), 26-29 oktyabr 2009

2. T. Qasımova “Gürcü meydanı, erməni minası”, Pegion plus jurnalı, № 3(3), 27 mart 2006, səh. 12-16

3. F. Axundov “Heç bir saxtakarlıq ermənilərin gəlmə olması faktını gizlədə bilməyəcək”, Region plus jurnalı, № 3(3), 27 mart 2006, səh. 7-8

4. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi “Ermənistan və Gürcüstan arasında soyuq savaş”, “Təzadlar” qəzeti, 12-14. 02. 2009, səh. 12

5. Ənvər Börüsoy “Qondarma “erməni soyqırımı”nın beynəlxalq maliyyə resursları”, “Türküstan”qəzeti, 12-18 dekabr 2010, səh. 10

Taleh CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi

“KarabakhİNFO.com”

15.07.2013 10:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*