Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan tərəfi hələ ki, sülh danışıqlarına üstünlük verir. İşğalçı Ermənistansa bunun əksinə olaraq daima sülhü əngəlləyən siyasət aparır. Bu azmış kimi işğal etdiyi Dağlıq Qarabağda separatçılıq fəaliyyəti göstərir, eləcə də bu ərazidə silahlanma işini artırır. Ötən həftə Qarabağdakı qondarma rejimin “müdafiə naziri” Movses Akopyanın silahlanma ilə bağlı çıxışını bu baxımda SOS siqanlı kimi dəyərləndirmək olar. O, Xankəndində keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ silahlanmaqda davam edir və bu baxımdan son iki il kifayət qədər uğurlu olub. “News.am”a görə, Akopyan etiraf edib ki, bu qədər silah indiyə qədər onlara verilməyib. “Bizdə heç zaman indiki kimi silah və hərbi texnika ilə təmin olunma vəziyyəti olmamışdı”- deyə Akopyan bildirib. O, hazırda yeni alınmış texnikanın yerləşdirilməsinin əsas məsələ olduğunu və bu məsələni həll etmək üçün böyük silah anbarının tikildiyini bildirib.
Akopyan alınan silahlar barədə təfərrüatları danışmaq istəməyib. Onun sözlərinə görə, son aylarda diversiya-kəşfiyyat qruplarının daxil ola biləcəyi istiqamətlərdə geniş mühəndis işləri həyata keçirilib və cəbhə istiqamətində yeni piyada əleyhinə minalar yerləşdirilib.
Əlbəttə ki, bu silahların hamısını Ermənistana Rusiya verir. Hələ bu ilin əvvəlindən KİV-lərdə yayılan məlumata görə, Rusiya Ermənistana böyük miqdarda silah-sursat, hərbi texnika vermişdir. Bu sırada zirehli texnika, o cümlədən BMP-3, BMP-2 piyadaların döyüş maşınları, artilleriya qurğuları “Qiatsint-B” topları, hava hücumundan müdafiə və aviasiya vasitələri, çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri, atıcı silahlar, sursatlar və mühəndis əmlakları ötürülüb. Həmin vaxt açıqlanan siyahı son 20 ildə Rusiyanın Ermənistana hədiyyə etdiyi 3-cü kütləvi silah partiyası olub.
“Rusiya əgər xaritədən silinsə Azərbaycan Dağlıq Qarabağı azad edər”
Öz növbəsində Azərbaycan ordusu da yeni müasir silahlara təchiz olunub. BMT-nin Adi Silahlar Reyestrində Azərbaycanın 1992-2012-ci illərdə müxtəlif ölkələrdən 321 ədəd tank, 264 döyüş maşını, 400 artilleriya sistemi və 21295 ədəd raket və raketburaxıcı sistem aldığı göstərilib. Bu dövrdə hərbi aviasiyasını əhəmiyyətli dərəcədə gücləndirən rəsmi Bakı 64 ədəd təlim və döyüş təyyarəsi, 24 döyüş helikopteri əldə edib. Qeyd edək ki, siyahıya Azərbaycanın İsraildən və Türkiyədən son illərdə satın aldığı artilleriya sistemləri və reaktiv yaylım atəş sistemləri, həmçinin pilotsuz uçuş aparatları, eləcə də 2012-ci ildə Rusiya ilə imzalanmış müqavilələr üzrə 2013-cü ilin əvvəllərində çatdırılmasına başlanmış tanklar və döyüş maşınları daxil deyil.
Azərbaycanın bu kimi silahlar alması milli ordunun hərbi texnikasının dünya standartları səviyyəsinə yüksəldilməsi kimi başa düşmək olar. Ermənistanınsa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə böyük həcmdə silah partiyalarını yerləşdiməsi isə bəd niyyətdən xəbər verir. Çünki Ermənistan işğalçı ölkədir və hazırda dövlətin başında olan Sərkisiyan hakimyyəti işğalçılıq siyasəti yürüdür. Bütün hallara Ermənistan bu siyasəti Rusiyanın diqtə və vasitəsi ilə həyata keçirir. Bu silahlanmanın da aparılmasında Ermənistanın yox, Rusiyanın məqsədindən danışılmalıdır. Maraqlıdır ki, separatçı rejimi silahlandırmaqda Rusiyanın məqsədi nədir? Politoloq Vəfa Quluzadə e-jurnalımıza açıqlamasında bildirdi ki, silahlanma ilə bağlı informasiyalar inandırıcı deyil: “20 ildir biz eşidirik ki, Rusiya Ermənistanı silahlandırır. Boş söhbətlərdir. Bunların hamısı Rusiyanın Qərəbə təzyiq etməsi cəhdləridir. Ermənistan da, Dağlıq Qarabağdakı sepratçı rejim də bərbad vəziyyətdədir. Rusiya müharibə etmək iqtidarında deyil. Bizim torpaqları işğal edən Rusiyadır. Rusiya əgər xaritədən silinsə Azərbaycan Dağlıq Qarabağı azad edər. Oradakı ermənləri də qovub çıxardar”.
Erməni millətçilər Vəfa Quluzadəyə nə deyiblər?
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini Rusiyanın yaratması açıq aşkar məlumdur: “Erməniləri bizim torpaqlara köçürən, azərbaycanlıları Ermənistandan deportasiya edən də Rusiyadır. Qarabağ bizim torpaqdır. Nə səbəbə Rusiya orda erməni avtonomiyası yaradıb? Erməni yazıq, miskin cındırın biridir. Ruslar onları barmaqlarına dolayırlar. Bu, Rusiyanın müharibəsidir. Rusiya bunu qədarlığa görə etmir. Rusiya imperiyadır. İmperiya maraqlarına görə Rusiya bütün regionu qorxu içində saxlayır. Çar Rusiyası dövründə bütün Avropa Rusiyadan qorxurdu. Sovet Rusiyasındansa bütün dünya qorxurdu. Çünki nüvə silahına malik idi. Ona görə Rusiya Federasiyası çökməyənə qədər bütün dünya təhlükə qarşısında olacaq. Amma artıq çökdürürlər. Rusiya çöksə ermənilər gəlib diz üstə çöküb Azərbaycandan üzr istəyəcəklər. Ermənilər deyirdilər ki, Vəfa müəllim bizlə bu danışıqları niyə aparırsınız, bunu edən ruslardır Ermənilərin tanınmış millətçiləri ilə danışıqlarda onlar bunu mənə açıq deyiblər. Adlarını demirəm. İstəmirəm məndən onlara pislik olsun. Çünki onlar mənə inanıb bunu etiraf ediblər.”.
V.Quluzadə Rusiyanın Amerika Birləşmiş Ştatlarından qorxuduğunu dedi: “Çünki Rusiya ABŞ-dan zəifdir. Rusiya bizim regionda Amerikanın maraqlarına girişə bilmir. Amma söz-söhbət aparır, silah satır. Amma ermənilər o silahı istifadə etmək iqtidarında deyillər”.
O hər hansı müharibə ehtimalını gözləmədiyini vurğuladı: “Cəbhə xəttində atəşkəsin pozulmasının da səbəbkarı Rusiyadır. Biz razılığa gəlmişdik ki, cəbhə xəttindən snayaperlər geri çəkilsinlər. Bir müddət atəşkəs pozulamdı. Ermənistan parlamenti güllələnən ərəfədə Azərbaycan və Ermənistan güzəştli sülhə hazır idi. Ona görə də atəşkəs pozulmurdu, ruslar da bundan şiddətlənməyə başlamışdı. Ermənistan parlamenti güllələndi. İstanbul sammitindən Qarabağ məsələsi çıxarıldı və atşkəs pozulamağa başladı”.
Politoloqun fikrincə, İran Qarabağda bir şey edə bilməz: “Ona görə ki, Rusiya İrana icazə verməyəcəkdir. ABŞ-ın da bura qarışıb öz bildiyini etməsi hələ mümkün deyil. ABŞ hələ Rusiya, Çin və s. məsələlərlə məşğuldur.Bu artıq elə məsələdir ki, bizim əlimizdən çıxıb. Biz həmişə döyüşə hazır olmalıyıq. Çünki yenə də bizə hücum ola bilər. Amma nəzəri baxımdan hələlik bunlar gözlənilmir. Ona görə ki, bizdə nə hərb, nə də sülh vəziyyətidir”.
“Bölgədə müharibə və ya sülhün kövrək xarakter daşıdığını hamı bilir”
Millət vəkili Zahid Orucsa bizimlə söhbətində Qarabağda silah kütləsinin bütün beynəlxalq kvotaları aşdığını dedi: “Amma bununla bağlı bir neçə dəfə ölkəmiz özünün haqlı narazılıq və etirazlarını bildirib. Amma bu dövür ərzində Ermənistan özünü müfəttişlərin gözündən yayındırmaq üçün əsas ünvan Qarabağı seçib. Bütün rəsmi və qeyri-rəsmi formada alınmış silahlar bura yerləşdirilib, o cümlədən hərbi xunta rejimi özünün müxtəlif vasitələrlə beyəlxalq hüquq subyektiymiş kimi davranışlar sərgiləyib və silah almalarında rol oynayıb. Bununla göstərmək istəyib ki, beynəlxalq dairələrlə yaxşı əməkdaşlıq edir. Bir tərəfdən Azəbaycanla belə rəqabət aparmaq mümkün deyil . Çünki onların ümumi resrusları bəllidir. Separatçı rejimin mülikiyyəti 178 milyon dollardır. Bununla abadlıq-quruculuq işləri, əhalinin sosial ehtiyaclarını qarşılamaq mümkün deyil. Onların idda etdiyi kimi 40 minə qədər ordunu saxlayırlarsa, hərçənd bunun nə qədər yalan olduğu da şübhə doğurur. Yox əgər söhbət başqa gizli mənbələrdən, bağışlanmalardan və digər resruslardan gedirsə, bu miqyasda doğurdan da ermənilər müəyyən işlər görüblər və bölgədə sürətlə silahlanma yarışını məhz onlar doğurub. Azərbaycanın heç hədəfində olmayıb ki, bölgədə bu qədər silah kütləsi toplansın. Çünki ölkəmizin özünəməxsus sosial, tibb, təhsil və s. qayğıları var. Millitaritləşdirmə siyasətini Azərbaycan yox, Ermənistan aparır”.
Millitaritləşdirmənin özünümüdafiə məqsədi daşımadığını deyən Z.Oruca görə bura nəzarətsiz bir sahədir: “Burada təftiş aparmaq da çox mürəkkəbdir. Düşünməyin ki, Ermənistandan və ya hansısa beynəlxalq təşkilatdan kimsə gəlib yoxlaya ki, burada nə qədər silah var? Bu, külli miqdarda qazanc verən bir işdir. Bunun başqa niyyəti yoxdur, yoxsa Qarabağın coğrafi radiusu Azərbaycanın malik olduğu silahlarin vura bilcəyi məsafədən yaxındır. Separatçı rejim heç bir situasiyada Azərbaycanla döyüşü qazan bilməz. Fikrimcə, Ermənistanın silahlanma yarışında Dağlıq Qarabağı özünə ön cəbhə seçməsi gələcəkdə buradakı ermənilərin taleyini zərbə altında qoyur. Bu formada sülhdən uzaqlaşmaqla yenə də Ermənistan uduzacaq”.
O, Qərbin və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu düşünür: “Beynəlxalq dairələr 90-cı illərdə konfliktlə bölgənin dağıdılmasını və xarici güclərdən asılı vəziyyətə düşməsini istəyirdilər. İndiki gerçəklikdə status-kvonu qoruyub saxlamaq, qurulmuş transmilli layihələrin təhlükəsizliyini təmin etmək və fayda götürmək, Azərbaycanı başqa xarakterli beynəlxalq layihələrə qoşmaq, həmçinin bölgədə bizim gücümüzdən istifadə etmək niyyəti üstünlük təşkil edir. Bu mənada sülh hamı üçün hələ ki, sərfəlidir. Geosiyasi savaşın xarakterindən asılı olaraq tərəflərdən biri lokal səviyyəli toqquşmaları istəyə bilər. Bu da özünü göstərib. Məsələn, xanım Klintonun bölgəyə səfəri zamanı Ermənistan açıq şəkildə provakasiyalara getdi və bu, Rusiya və ABŞ-ın maraqlarına qarşı demarş cəhdi kimi qiymətləndirildi. Bu baxımdan hələ ki, sülh məsələsində bir balans var. Amma şərait kövrəkdir, ortada ayırıcı qüvvə yoxdur. Bufer zona mövcud deyil. O cəhətdən bölgədə müharibə və ya sülhün kövrək xarakter daşıdığını hamı bilir”.
“Sülh danışıqlarında irəliləyiş yoxdursa, tərəflər obyektiv olaraq silahlanmaya başlayıb”
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu ilə həmsöhbət olarkən bu günləri həm Azərbaycanın, həm də Ermənistanın silah aldığını diqqətə çatdırdı. Onun fikrincə, hər iki ölkə Cinah sazişinə riayət etmir: “Birinci Ermənistan bu sazişi pozaraq silah alıb və Dağlıq Qarabağda yerləşdirib. Bu baxımdan bir tərəfdən sülhdən danışılır, digər tərəfdən silahlanma sürətlə gedir. Bu da ondan xəbər verir ki, sülh danışıqlarında irəliləyiş yoxdur. Yəni masa üzərindəki plan yerindəcə qalıb. ATƏT həmsədirləri də danışıqları irəli aparmaq üçün heç bir fəaliyyət göstərmilər. Sülh danışıqlarında irəliləyiş yoxdursa, tərəflər obyektiv olaraq silahlanmaya başlayıb. Bu da bölgədə vəziyyəti bir qədər də gərginləşdirib”.
Onun fikrincə, Rusiya istəmir ki, silah yarışında Azərbaycan Ermənistanı üstələyə: “Azərbaycan milyardalarla dollar silaha pul sərf edir. Amma Ermənistanın bu imkanı yoxdur. Ona görə də Rusiya öz silahlarını Ermənistana peşkəş verir. Burda Rusiya əsas amildir. Rusiya Ermənistanın arxasından çəkilsə bu məsələ çox qısa zamanda həll oluna bilər. Bunun da Ermənistana xeyiri olacaq. Çünki münaqişə həll olunsa, kommunikasiya xətləri açılacaq. Ermənistan gəlcəkdə müəyyən layihələrə qoşulacaq. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşacaq. Amma bu da Rusiyanın maraqlarına uyğun deyil. Çünki Rusiya sonra Ermənistanı itirə bilər. Ona görə Rusiya Ermənistanı itirməmək üçün bu ölkəyə təzyqini artırır və Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil”.
E.Şhinoğlu da Qərbin bölgədə müharibə vəziyyəti yaratmaq marağının olmadığını dedi: “Amma Rusiyanın təxribatından danışa bilərik. Çünki Rusiya Ermənistanın işğalçı siyasətini dəstəkləyir. Amma müharibənin də Rusiyaya xeyir gətirəcəyini düşünmürəm. Çünki qonşu Dağıstanla müharibə Rusiyaya qədər təsir edə bilər. Amma hər halda müahribə ehtimalı olarsa, İran və Rusiyadakı müəyyən dairələr Azərbaycanın təhlükəsi üçün istifadə edə bilərlər. Ona görə mən həmişə deyirəm ki, müharibənin necə nəticələnəcəyi heç kimə bəlli deyil. Bu, Azərbaycana müəyyən təhlükələr vəd edə bilər. Çünki Azərbaycan tək Ermənistanla savaşmayacaq. 90-cı illərdəki kimi Ermənistan-Rusiya hərbi birliyinə qarşı savaşacaq. O ki qalda atəşkəsin pozulmasına, bu cəbhə xəttində həmişə olur və günümüzün reallığıdır”.
Fuad Hüseynzadə
Karabakhinfo.com