Azərbaycanca

Sumqayıtda yaşayan erməni qadın: “Mən daima özümlə qürur duymuşam”

30.10.2012 | 18:45

Milliyət yox , insanlığı axtaraq

 

Hər bir insan Allah yanında bir fərddir, ucadır, əvəzsizdir. Sevdikləri üçün isə təkrarolunmazdır. İnsanı zaman arifləşdirir. Bu həqiqətən belədir. Bir il əvvəl hər hansı bir mövzuya fikrin, gələn il daha fərqli, daha dolğun olur. Bu səbəbdən də insan ruhu ilə doğulur, əməlləri ilə dünyadan köçür. Bugünkü müsahibimiz də erməni ailəsində gözlərini dünyaya açmış, ancaq həyatını azərbaycanlı ailəsi ilə birgə davam etdirəcək olan, Sevda xanımdır.

Sevda xanmla söhbətə başlamazdan əvvəl həyat yoldaşı bizi salamladı. Sonra bildirdi ki, bizimlə müsahibəni əvvəl ona ehtiyat edib deməyib: “ Amma onu deyim ki, ilk dəfədir müsahibə verəcək. Həmişə gizlədib, heç kəsə deməyib. Amma mən başqa cür düşünürəm. Məncə milliyyəti  yox insanlığı axtarmaq lazımdı. Mən xanımımla xoşbəxtəm, onsuz mənim bir anım olmasın. Söhbətinizə müdaxilə etməyimə səbəb də budur ki, onu incidəcək, qəlbinə dəyəcək suallar verməyinizi istəmirəm. Bu neçə illər ərzində onu körpə uşaq kimi qorumuşam. Heç kəs öz doğmalarını, yaxınlarını atıb bu cür hərəkət etməz amma o edib”.

-Söhbət etmək istədiyini görüb elə Sevda xanımın həyat yoldaşına da sual verdik. Bir az özünüz, ailəniz haqda danışın bizə.

-Əhmədov Zakir Əmirxan oğlu. 1958 – ci ildə Kəlbəcərdə dünyaya gəlmişəm. Uşaqlığım İstisuda keçib. Daha sonra ali təhsil almaq üçün Bakıya imtahan verməyə gəldim. Uşaqlıqdan Bakının həsrətiylə yaşayırdım. Sanki, hansısa bir qüvvə məni şəhərə çəkirdi. Atam deyirdi oxumasan heç vaxt Bakını görməyəcəksən. Gecə – gündüz ancaq oxudum. Nəhayət imtahana 3 gün qalmış qağamla (atası-red) yollandıq şəhərə. Bütün yol boyu gözümü bir dəfə də olsun yummadım. Şəhərin hər tərəfini görmək, yaddaşıma həkk etmək istəyirdim. Elə də etdim. Nəhayət, gözlədiyim an, vağzala çatmağa 5 -10 dəqiqə qalmışdı. Nəzarətçi hazırlaşın deyən kimi dimdik durdum. Sanki söz ancaq mənə aid idi. Bizi qarşılamağa xalamla yoldaşı Tofiq əmi gəlmişdi. Xalam Bakıya 2 il idi ki, gəlin gəlmişdi. Sevincdən ucadan qışqırmaq, sevincimi bölüşmək istəyirdim. Bütün uşaqlığım boyu, arzusunda olduğum istəyim reallaşmışdı. Beləcə şəhərin gur işıqları məni daha da özünə bağladı. Addımlarımı asta basırdım ki, daha yaxından izləyim hər şeyi. Beləcə 3 gün şəhəri Tofiq əmimlə istədiyim kimi gəzdim. İmtahan günü hər şey yaxşı oldu. İstədiyim fakultəyə                                                                        daxil oldum. Həmişə deyirəm, deyəcəm də, mən Bakı sevgisinin çörəyini yeyirəm. Çünki, şəhərə olan sevgim, məni kənd həyatına bağlaya bilmədi. Beləcə, sevincək halda qağamla qayıtdıq Kəlbəcərə. Qağam bütün kəndə qonaqlıq verdi. Beləcə dərs açılana kimi günləri sayırdım. Nəhayət gəldim Bakıya.

Artıq tələbəydim. Yeni insanlar, yeni həyat qarşımdaydı, sevinirdim. Beləcə maraqlı günlərin sayı artırdı. İlk dəfə yaşıdlarımla bir yerdə toplaşacaqdım. Yeni ili qeyd edəcəkdik. Elə xanımım Sevdanı da bu şənlikdə tapdım. Necə deyərlər “bir könüldən, min könülə” vuruldum.

Ailə qurduq ta o gündən bir yerdəyik. Peşman da deyiləm. Bu dəqiqə on azərbaycanlı ailəsindən səkkizində söz – söhbət var. Amma biz Sevda xanımla bu neçə illik evlilik həyatımızda bir dəfə də olsun sözümüz söhbətimiz olmayıb. Deyirlər ev sözsüz, dəyirman susuz olmaz. Amma mən deyim, ev sözsüz olur. O da qadın sayəsində. Dırdır  qadın varsa söz olmayan yerdən də eşib söz çıxaracaq. O, çox yaxşı qadındır. Gözəl anadır, etibarlı dostdur, sevimli gəlindir. Bu yetərli deyilmi bir insan haqqında  pis və ya yaxşıdır demək üçün?

-Zakir müəllimə təşəkkür edib Sevda xanımla söhbətimizə başladıq. Sevda xanım, necə hiss edirsiniz özününzü yoldaşınız sizin haqda bu cür gözəl sözlər dedi?

-Əlbəttə ki, xoşbəxtəm.

-Neçə ildir Bakıda yaşayırsınız?

-Mən 1964 – cü ildə Naqxorit kəndində anadan olmuşam. Ali təhsilimi Bakıda Dillər Univeristetində almışam. 19 yaşımda Bakıya gəldim və 26 ildir ki, şəhərdəyəm. Atam, anam və bacım burda yaşayırdı. Sonradan müharibə oldu və təbii ki, onlar getməli oldular. Ancaq mən….

-Necə oldu ki, Zakir bəylə ailə qurmaq qərarına gəldiniz, valideynlərinizin buna münasibəti necə idi?

-Normal. Heç bir qadağa qoymadılar və bizim qərarımıza hörmət etdilər. Bakını tərk edəndə valideyinlərim çox istədilər ki, mən də gedim ancaq mən ailəmi tərk etmədim. Çünki, həyat yoldaşımı sevirəm övladlarımı ondan da çox. Ailə müqəddəsdir.

-Müharibənin başlanacağını necə təsəvvür edirdiniz?

Ağlıma belə gəlməzdi bu yaşananlar. Bakı erməni, rus ilə dolu idi. Azərbaycanlı tək – tük olardı. Onlar da rus dilində danışırdılar heç ayırd etmək olmurdu. Amma sonra aləm dəydi bir – birinə. Onu da deyim ki, tarixə nəzər salanda görürəm ki, Azərbaycan daima diqqət mərkəzində olub. Hər zaman onu parçalamaq, dağıtmaq, sərvərlərini pay –puş etmək əsas fikirləri olub. Düzdür zaman –zaman qalib də çıxıb Azərbaycan bu savaşlardan. Amma çox heyif ki, gözəl olanlarını əllərindən zorla da olsa alıblar düşmən tərəf. Amma mən inanıram ki, Azərbaycanın uzaqgörən Prezidenti olan Cənab İlham Əliyev bu gözəl diyarları, çayları, dağları xalqına bir daha nəsib edəcək. Çünki, həqiqətən xalq olaraq azərbaycanlılar əvəzsiz millətdir.

-Bu günədək ətrafınızdakı azərbaycanlıların sizə münasibəti necə olub?

-Hər zaman pis olub. Ancaq mən daim özümlə qürur duymuşam. Çünki, bir qadın üçün nə lazımdır ailəsi tərəfindən sevilmək, qəbul edilmək. O da ki, şükür Allah mənə nəsib edib. Artıq mən bu camaatın psixologiyasına öyrənmişəm. Təzə – təzə olanda bir az cırnayırdım. Sonra sağ olsun Zakir məni başa saldı. Sonradan heç fikir belə vermədim. O mənə lağ edən azərbaycanlı kişisi və ya qadınının çoxusu heç Füzulinin, Kəlbəcərin, Ağdamın işğal günlərini bilmirlər amma mən bilirəm. Torpağa sevgi deməklə olmur. Yaşatmaqla yaranır. Acını yaşamalısan ki, danışa biləsən.

-Qarabağ müharibəsində günahı hansı ölkədə görürsünüz?

Bu məsələ nə sizin, nə də ki, mənim baş açacağım bir məsələdir. Ancaq istəməzdim belə olsun. Siyasətdən başım yaxşı çıxsa da, heç zaman başımı bu məsələlərin həllində yormuram. Çünki, əbəsdi. Nə izah  nə lüğət lazımdır bu sualın cavabına. Bir fakt var, ermənilərin torpaq acgözlüyü. Gözlərinin daim orda – burda olması. Xaraktersiz insanlar kimi heç bir zaman özlərini tapmamalarıdır. Daim oğurlamaq fikri onları bu vəhşilikləri törətməyə qədər gətirib çıxartdı.

-Gələcəkdə Azərbaycan əraziləri işğaldan azad olandan sonra iki dövlət arasında əlaqələr bərpa edilsə, Ermənistana qayıtmağı düşünürsünüzmü?

-Bilirsiniz, birdəfəlik əsla  yox. Heç elə bil orda doğulmamışam. Ailəmi görsəm kifayətdi. Ora məni heç bir qüvvə aparmır. Düşünürəm ki, mənə lazım olan hər kəs yanımdadır. Bu mənə bəsdir. Guya ora belə gözəldir hələ arzu edəsən də? Yox. Sizi inandırım ki, dünyanın düz vaxtı ora bərbad gündəydi, o ki qaldı indi. Zəlil günə qoyublar özlərini.

-Ailəniz haqqında bir az danışardınız.

Anamın adı Lilya, atamın adı Narek idi. Bacımın adı isə Laura. Mənim adım isə o zamanlar Kardaşyan olub. Ancaq məktəbdə müəllimlər bizi adımızla deyil, soyadımızla çağırırdılar. Amayan deyə müraciət edirdilər.

Bilirsiniz mən heç zaman boğazdan yuxarı nəsə deyə, edə bilmirəm. Ya varam, ya da ki, yox. Bakıdayamsa, adımı dəyişmişəmsə, ailəmi seçib xoşbəxtəmsə kimisə inandırım deyə and – aman etməyəcəyəm. Onsuzda internetdən oxuyuram. Fikirlərə hər zaman hörmətlə yanaşmışam. Sadəcə bilmək lazımdır ki, hamını eyni cərgədə düzüb, eyni gözlə baxmazlar. Hər millətin, hətta hər rayonun, kəndin pisi də var yaxşısı da. Bir evdə beş uşağın hərəsi bir tərbiyədə olur. Valideyn tərbiyəni hamısına eyni aşılayır, amma kim necə qavrayacaq söhbətidir. Eləcə də millətlər arasındakı fərq. Mən üç qız övladı böyüdürəm. Onlara düzgün yol seçmələri üçün ancaq başa salıram. Bu pisdir və yaxud bu yaxşıdır deyib inadımı yeritmirəm. Öz ixtiyarlarına buraxıram. Oxumaq, hər bir şeydən xəbərdar olmaq lazımdır ki, əyrini – düzdən seçsinlər. Böyük qızım Fatimə ədəbiyyat müəlliməsidir, hal-hazırda orta məktəbdə dərs deyir. İkinci qızım Xədicə pediatriya fakültəsində təhsil alır, axırıncı kursdadır. Sonbeşiyim Zəhra isə inşallah sağ salamat bu il bitirib ibtidai sinif müəllimi olacaq. Mənim vəzifəm bu üç övladın təlim- tərbiyəsini düzgün idarə etməkdir. Hər bir ana – ata milliyyətindən asılı olmayaraq cəmiyyət üçün yararlı fərd tərbiyə etsə heç erməni- müsəlman söhbəti də etməzlər.

 

Aysel Talıblı.

 

KarabakhİNFO.com

 

30.10.2012 18:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*