Azərbaycanca

“Suriya ermənilərinin Türkiyədən keçərək Ermənistana getməsinə qətiyyən imkan vermərik”

19.04.2013 | 11:06

1366354899_mmmm– Türkiyə ilə Azərbaycan arasında formalaşan dövlət ənənəsinə görə yeni prezident, Məclis sədri, hökumət başçısı, nazir Şimali Kipr Türk Cümhuriyyətindən sonra Azərbaycana səfərə gedir. Yəqin bu ənənəyə siz də sadiq qalacaqsınız.

– Əlbəttə. Azərbaycan mənim canımdır, başımdır, başımın üstündədir. Azərbaycan bizim qardaşımızdır. Möhtərəm Əliyevlə çox gözəl dostluğumuz var. İstanbul valisi ikən hörmətli Əliyevi xanımıyla birlikdə burada 2 dəfə  qonaq etmə şərəfinə nail oldum. Daha əvvəl məni Azərbaycana dəvət etmişdi, gedə bilmədim. Ancaq bu dəfə daxili işlər naziri kimi gedəcəyəm. Yaxın günlərdə Gürcüstana 1 günlük səfərim nəzərdə tutulub, dedilər ki, oradan Azərbaycana gedərsənmi? Mən dedim ki, Azərbaycana bir günlüyə getmərəm, ən azı 3 günlüyə gedərəm. Orada çox dəyərli dostlarım var, ona görə də ilk fürsətdə Azərbaycana gedəcəyəm. Biz tək millət, iki dövlətik. Azərbaycan deyincə ürəyimin bir tərəfi “tap-tap” edir, o da Azərbaycana olan sevgimizdir.

 

    – İllərdən bəri iki ölkənin daxili işlər nazirlikləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğu məlumdur. Əlaqələrin daha da güclənməsi üçün siz nələr düşünürsünüz?

 

– Bizim münasibətlərimiz nazirliklər arasındakı əlaqələrdən daha da irəlidədir. Hörmətli prezidentimizin, hörmətli baş nazirimizin qardaş Azərbaycanın prezidenti ilə gözəl əməkdaşlıqları var. Bu gözəl münasibət, əlbəttə ki, nazirliklər arasındakı əlaqələrdə də öz əksini tapacaq. Azərbaycanın daxili işlər naziri olan hörmətli həmkarımla birlikdə biz də bu münasibətləri ən yüksək nöqtəyə gətirəcəyik. Azərbaycanla təhlükəsizlik, təhsil və bütün digər sahələrdə əməkdaşlığımız davam edəcək. Bu əməkdaşlığı nə qədər çox genişləndirsək, bizim üçün o qədər böyük şərəfdir.

 

    – Bilirsiniz ki, təxminən 25 ildən bəri Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamaqdadır…

 

– Təəssüf ki… Qarabağ problemi bizim ürəyimizdə bir yaradır.

 

    – Son vaxtlar Suriyadan qaçan ermənilərin bir qisminin Türkiyə ərazisindən keçərək Ermənistana, oradan da işğal altındakı Azərbaycan torpaqlarına getmələrinə dair iddialar ortaya çıxır. Bu barədə sizin məlumatınız varmı?

 

– Keçənlərdə mən də bu barədə iddia eşitdim. Məsələnin araşdırılması üçün təlimat verdim. Azərbaycanlı qardaşlarımızın qəti şəkildə bunu bilməsini istəyirəm: dövlət siyasəti kimi bizim belə bir məsələni dəstəkləməyimiz və belə bir şeyə göz yummağımız əsla mümkün deyil. Bu, bizim qardaşlığımıza da, dövlətlərimiz arasındakı münasibətlərimizə də uyğun gəlməz. Sizə də məlumdur ki, Suriyada bir faciə yaşanır, oradan 10 minlərlə, 100 minlərlə insan canlarını qurtarmaq üçün özünü Türkiyəyə atıb. Hal-hazırda çadırlarda və konteyner şəhərciklərində 191 min qaçqın var, 200 min nəfərə yaxın qaçqın isə Türkiyənin müxtəlif şəhərlərində məskunlaşıb. Onların etnik mənşəyini bilməyimiz mümkün deyil. Bizə dedilər ki, bir neçə uşaq və böyük olub. Əgər Suriyadakı ermənilərin belə bir siyasəti varsa, biz də bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Belə bir şeyə bizim fürsət verməyimiz mümkün deyil. İşçilərimə lazımi təlimatı verdim ki, əgər belə bir şey olarsa, qarşısının alınması üçün nə lazımdırsa, onu etsinlər.

 

    – Son aylarda Türkiyədə önəmli proseslər yaşanır. 30 ildən bəri Türkiyənin başının bəlası halına gələn separatçı terrorun bitirilməsi üçün radikal addımlar atılır. Bu məsələdə sizin nazirliyinizin üzərinə də önəmli vəzifələr düşür. Terrora qarşı mübarizədə Azərbaycanla əməkdaşlığınız barədə danışmağınız mümkündürmü?

 

– Bilirsiniz ki, bugünkü toplantımızın mövzularından biri də terrora qarşı mübarizə idi. Terror sərhədləri aşan beynəlxalq suç halına gəlib. Ona görə də bir ölkədə olan hadisə başqa bir ölkəyə də avtomatik şəkildə təsir edir. Təəssüf ki, terror çox vaxt bizə qonşu ölkələrdə özünə yuva salıb oradan Türkiyəni narahat etdi. Təbii ki, bizim Azərbaycanla çox önəmli sazişlərimiz var. Azərbaycanın düşməni olan heç kəs Türkiyədə özünə yer tapa bilməz, Türkiyənin düşməni də Azərbaycanda özünə yer tapa bilməz. Bu məsələdə bizim Azərbaycanla önəmli anlaşmalarımız var. Bizim ortaq düşmənlərimiz varsa, onlara qarşı mübarizə edəcəyik, bizim qayəmiz budur. Bizim bir-birimizdən şübhəmiz yoxdur, ancaq istər Azərbaycana, istərsə də bizə düşmən olanlar varsa, onlara qarşı birgə mübarizə aparmalıyıq ki, bu işlərin altından çıxa bilək. Aramızda birlik və bərabərlik var. Hal-hazırda Türkiyə çözüm prosesini yaşayır. 30 ildən bəri Türkiyə terror bəlasıyla qarşı-qarşıyadır. Bu prosesdə Türkiyədə görüləcək çox iş var, onun da öhdəsindən gələcəyik. Terror bəlasından xilas olandan sonra daha böyük məsafələr qət edəcəyik.

 

    – Son 10 ildə Türkiyə istər beynəlxalq təşkilatlarda, istərsə də regionda bir çox təşəbbüsün öncüsü oldu. Türkiyə ilə dini və dili eyni olan ölkələr bir tərəfə dursun, dini və dili bir olmayan ölkələrlə yaxın münasibətlər yaradıldı, bunun ən yaxşı örnəyi qonşu Gürcüstandır. Bölgədə sadəcə Ermənistan Türkiyənin bu təşəbbüslərinə müsbət cavab verməyərək həm işğalçı siyasətini davam etdirir, həm regional əməkdaşlıq proseslərinə daxil olmur. Bu barədə nə demək istərdiniz?

 

– Bütün qonşularımızın bizimlə sülh şəraitində yaşamalarını, problemlərini demokratik yollarla həll etmələrini istəyirik. Onların da öz qonşularının haqlarına, onların ərazi bütövlüyünə sayğı duymalarını gözləyirik. Düşmənçilik siyasətindən heç kimə bir fayda gəlməz. Biz keçmişdə Ermənistana əlimizi uzatdıq, qonşu kimi əlimizdən gələn təşəbbüsləri göstərdik, ancaq Ermənistanın yanaşması bizim kimi deyil. Təxmin edirəm ki, vaxt keçdikcə Ermənistan da məsələlərə bizim kimi yanaşaraq qonşuları ilə münasibətlərini yoluna qoyacaq. Ancaq onların üzərində diasporanın təzyiqi də var. Təəssüf ki, tarixçilərin həll etməsi lazım olan məsələləri gündəlik məsələlər kimi təqdim edirlər, düşmənçiliyi körükləyirlər. Düşmənçiliklə heç yerə varılmaz, indiki dönəm düşmənçiliklərin körükləndiyi dönəm deyil, dostluqların və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi lazım olan bir dönəmdəyik. Ermənistan da bunu etməlidir. İnşallah, bu məsələdə düzəlmə olacaq.

 

    – Hörmətli nazir, Gürcüstana səfərinizin məqsədi oradakı həmkarınızla tanışlıq xarakteri daşıyır, yoxsa yeni əməkdaşlıq sazişləri imzalayacaqsınız?

 

– Yox, Gürcüstana 1 günlük səfərimin məqsədi EXPO üçün dəstək istəməkdir. Azərbaycandan EXPO üçün dəstək istəməyə gərək yoxdur. Azərbaycan bizim qardaşımızdır və bütün beynəlxalq platformalarda Türkiyəyə həmişə dəstək verir. Azərbaycanda da EXPO-ya dəstək məsələsini xatırladacağam. Amma mənim Bakıya səfərimin əsl məqsədi dəyərli həmkarım olan daxili işlər naziri ilə görüşmək, möhtərəm prezident Əliyevə nəzakət ziyarətində bulunmaq olacaq. Bundan başqa, mənim Azərbaycanda çox dəyərli iş adamları dostlarım var. Bilirsiniz ki, mən 7,5 il İstanbul valisi olmuşam, o vaxtdan  tanıdığım iş adamları dostlarım var. Səfər zamanı onların da qonağı olmaq istəyirəm.

 

 

apa.az

19.04.2013 11:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*