Azərbaycanca

“Şuşa işğal edildikdən sonra Laçın müdafiəsiz qaldı”

17.05.2014 | 06:12

1400309187_qezenferİşğal olunmuş hər bir rayon Azərbaycanın ayrılmaz hissəsidir və bunun ağrısını bütün xalqımız çəkir. Etiraf olunmalıdır ki, həmin rayonların sakinləri mənəvi və maddi olaraq bu əzabı daha çox çəkirlər. Çünki onlar birbaşa olaraq o faciəli günlərin şahidi olub, eləcə bu tarixi yaşayıblar. Və gündən-günə torpaq həsrəti onların içindən böyüyür… Biz bir neçə Laçın ziyalısı ilə söhbətimizdə onların mənəvi sızıltılarını bir daha hiss etdik. Onlar üçün 22 il əvvəl baş verənləri xatırlamaq hər halda çətindir. Amma hər xatirə özü bir tarixdir, Laçının işğal tarixi…Çox təəssüf ki, Laçının tarixini xatirələrlə yazırıq… Bu da müvəqqəti olacaq…   Laçının el ağsaqqalı Qəzənfər Hüseynov bizimlə söhbətində 1992-ci ilin mayını qara günlər adlandırdı. Onun sözlərinə görə, Şuşanın işğalı nəticəsində əhalinin və hərbçilərin

Şuşadan kütləvi surətdə çıxması Laçında olduqca pis əhval-ruhiyyə yaratmışdı. Nəticədə müdafiəsiz qalan dinc əhali sürətlə rayondan çıxmağa başladı: “Ermənistan tərəfdən qrad tipli silahlardan Laçının fasiləsiz atəşə tutulması nəticəsində bir neçə binalar dağıdılmışdı. …Fasiləsiz atəşlə şəhərdə bir neçə mühüm əhəmiyyətli obyekt, o cümlədən rayon daxili işlər şöbəsi və mərkəzi xəstəxanası, rabitə qovşağının binaları, bir neçə yaşayış evləri dağıdılmışdı. Dinc əhali arasında ölənlər var idi…”   “… mövqe ancaq Laçın alayının ümidinə qalmışdı”

 

Q.Hüseynov bildirdi ki, Qarabağda məğlubiyyətimizin başlıca səbəbi mərkəzi hakimiyyətin, yəni Moskvanın açıq-aydın ermənilərin separatçılıq hərəkətlərini müdafiə etməsi idi. “Azərbaycanın olduqca aciz rəhbərliyinin hadisələri vaxtında qiymətləndirə bilməməsi və cavab tədbirləri görmək iqtidarında ola bilməməsi də işğala yol açdı”, deyə o əlavə etdi. Həmsöhbətimiz deyir ki, Ermənistan Dağlıq Qarabağı özlərinə birləşdirmək üçün bütün cəbhələrdə hücuma keçmişdi: “Hələ münaqişə hərbi münaqişəyə çevrilmədən bütün günü İrəvan televiziyası açıq-aşkar bu məsələləri müzakirə edirdi. Laçın – Şuşa yolunu öz nəzarətlərinə almaq üçün ekranlardan müxtəlif variantlar səsləndirilirdi. Hər gün Ermənistandan Dağlıq Qarabağa təyyarələrlə silah-sursat daşınırdı”. Q.Hüseynovun sözlərinə görə, o zaman bütün hərbi qüvvələr Laçın – Şuşa Turşsuyu yolundan geri çəkildiyi üçün mövqe ancaq Laçın alayının ümidinə qalmışdı: “Sözsüz ki, yerli alay, həm Ermənistan, həm də Dağlıq Qarabağ tərəfdən olan hücumları qeyri-bərabər şəraitdə dəf etmək iqtidarında deyildi. Həmçinin respublika müdafiə nazirinin Laçın alayının komandiri ilə münasibəti olduqca kəskin idi. O zaman respublikada siyasiləşmə yüksək həddə çatmışdı, ordunun siyasiləşməsi isə bizi böyük faciələrə doğru apardı”. O, Laçın və digər işğalda olan torpaqlarımızın mütləq işğaldan azad ediləcəyinə inanır: “Əminəm ki, bu inam təkcə mənim subyektiv düşüncəmin məhsulu deyil. Bu mücadilədə Azərbaycan dövlətinin haqlı olması və dünya miqyasındakı nüfuzunun gücü şər qüvvələrin inadını qırmağa kifayət edəcək”.

 

“Şuşa işğal olunduqdan sonra Laçını müdafiə etmək mümkün deyildi”   1400309223_zahir

 

Laçınlı fikir adamı, şair Zahir Abbas doğma yurdunun, elinin heç vaxt yadından çıxmadığını deyir: “Laçın işğal olunanda 14 yaşım var idi. İstər sülh, istərsə də müharibə dövrlərini yaxşı xatırlayıram. Təbii sərvətlər, füsünkar təbiət, müalicəvi bulaqlar, hamısı sanki bu gözəl diyarda cəmlənmişdi. Görünür, bu yerlərdə yaşamaq bizlərə qismət deyilmiş. Köməksiz qalan əhali təlim görmüş ordunun qarşısında aciz qalmalı idi və qaldı da. Şuşa işğal olunduqdan sonra Laçını müdafiə etmək mümkünsüz oldu”. Onun fikrincə, mövcud vəziyyətə baxmayaraq işğalın qarşısını almaq olardı: “Çox təəssüf ki, başda oturanlar əyalətdəkilərlə birləşib bir nöqtəyə, bir amala çalışmadılar, hərc-mərclik hökm sürürdü və hərə bir tərəfə çəkirdi. Acı nəticənin ağrısını sadə laçınlılar hələ də yaşayırlar”. Z.Abbas Laçına qayıtmaq ümidinin üzülmədiyini deyir: “Yaşa dolduqca o yerlərə dönmək arzum günü-gündən artır. Və mən inanıram ki, o gün uzaqda deyil”.

 

Laçının işğalının qarşısını necə almaq olardı?

 

1400309297_ersadHəmsöhbətimiz Ərşad Hüseynov 1992-ci ilin fevral ayından Laçın Özünümüdafiə Alayının döyüşçüsü olub. Onun fikrincə, Şuşa və Laçının işğalına “əməlli-başlı” hazırlıq gedirdi: “Əks təqdirdə düşmənin Şuşaya, daha sonra Laçına hücum edəcəyi barədə kəşfiyyat məlumatları ola-ola Laçın Özünümüdafiə Alayının buraxılması və yüzlərlə döyüşçünün öz evinə yola salınması baş verməzdi. Şuşaya edilən hücumadək burada və Laçında olan hərbi birləşmələrin döyüş qabiliyyətini sarsıdan, əməlli-başlı pərakəndəlik yaradan xeyli proseslər baş vermişdi. Bu barədə çox yazılıb. Sadəcə bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, sanki o vaxt respublikaya rəhbərlik edən şəxslər həlledici vəzifələri olaraq Laçının müdafiəsini yox, Laçının əhalisini qısa müddətdə köçürərək oranı düşmənə təslim etməyi görürdülər. Məsələn, Şuşanın işğalından 1-2 gün sonra televiziyada daxili işlər nazirinin keçirdiyi bir müşavirəni göstərirdilər. Müşavirədə nazir şəxsən müxtəlif rayonların avtobazalarının müdirlərinə zəng edərək bütün avtomobillərin Laçına göndərilməli olduğunu deyirdi. Bir sözlə, həmin dövrdə aşkar xəyanət, bəzilərinin isə bilərəkdən və ya bilməyərəkdən həmin xəyanətə verdiyi dəstək Şuşa və Laçının itirilməsi ilə yekunlaşdı. Sözsüz ki, Şuşanı və Laçını ordu müdafiə etməli idi. Özü də bu ordu elə təşkil edilməli idi ki, onun hər hansı qayğısı, problemi olmasın. Təəssüf ki, belə olmadı. Ordunun mülki əhali ilə möhkəm bağlılığı saxlanıldı. Çünki həmin ərazilərdə döyüşənlərin əksəriyyəti yerli əhali idi. Ən böyük yanlışlıq isə onda oldu ki, düşmən hücuma keçən vaxtı mülki əhalinin kütləvi sürətdə köçürülməsi başlandı. Nəticədə əlində silah olanların xeylisinin başı öz ailə-uşağına qarışdı. Bu isə ümumi döyüş hazırlığına, xüsusən əsgərlərin əhval-ruhiyyəsinə çox pis təsir etdi. Amma ən azından 100 il bundan əvvəlki kimi edilməli idi. O vaxt yalnız döyüş gedən ərazidə olan kəndlərin mülki əhalisi qonşu kəndlərə köçürülmüşdü. Hamı da bilirdi ki, qabaqda düşməndir, bir az arxada isə onun ailə üzvləridir. Bax bunun nəticəsində Sultan bəyin və Xosrov bəyin rəhbərliyi ilə laçınlılar o vaxt düşmənə layiqli cavab vermişdilər. Digər tərəfdən, Laçına və Şuşaya kömək adı ilə gələrək yarı yoldan qayıdanlar, yaxud da heç bir səbəb olmadan döyüş mövqeyini tərk edərək qaçanlar ciddi çaşqınlıq və xaos yaratmışdılar. 1992-ci ilin yayında baş verən döyüşləri təhlil edəndə, daha sonra o vaxtkı prosesləri, düşmənin qüvvələrini yada salanda məlum olur ki, Şuşa və Laçını uzaqbaşı 1000 nəfərlə illər uzunu müdafiə etmək olarmış. Amma bunun əksi baş verdi. Sanki hansısa sehrli bir qüvvə Şuşa və Laçını müdafiə edəcək qüvvələri iflic vəziyyətinə saldı. Nəticə isə göz qabağındadır”. Ə.Hüseynov deyir ki, hər bir azərbaycanlı torpaqları necə azad etmək üçün özünə hesabat verməlidir: “Bu fikir, ideya, məqsəd heç vaxt bizi tərk etməməlidir. Sözsüz ki, ölkənin ərazi bütövlüyünü təmin etmək dövlətin vəzifəsidir. Bu işi müvafiq hakimiyyət orqanları təşkil etməli, buna beynəlxalq və daxili zəmin yaratmalı, münasib bir vaxtda isə istənilən üsulla bunu həyata keçirməlidir. Amma unutmaq olmaz ki, dövlət mücərrəd bir şey deyil. Dövlət elə bizik, insanlardır. Bizdə vətənin ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz iradə və zəruri israr olarsa, buna nail olacağımız qaçılmazdır. Ona görə də hər bir fərd və bütövlükdə cəmiyyət əsas vəzifəsi olaraq bunu görməli, özünü və ətrafındakıları bu məqsədə nail olunmasına yönəltməlidir. Tarixdə belə faktlar çox olub. Amma sonda həmişə iradəsi güclü olanlar, öz istəyində israr edənlər, bunun üçün hər şeyə gedə bilənlər qalib olublar. Hər bir laçınlı azərbaycanlı belə bir iradəni ortaya qoya bilsə, biz öz evlərimizə dönəcəyik”.

 

 Fuad Hüseynzadə

“KarabakhİNFO.com” 

17.05.2014 06:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*