Azərbaycanca

Şuşa xalçaçılığı

10.02.2014 | 15:22

1392031215_123568Röya Tağıyeva,

 

professor,

sənətşünaslıq elmləri doktoru,

L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru.

Azərbaycanın, həmçinin Qarabağın xalça sənəti qədim köklərə malikdir. Arxeoloji və yazılı mənbələrdən məlum olur ki,  hələ b.e.ə. II minillikdən (tunc dövrü) başlayaraq bu ərazidə xalça sənəti ilə məşğul olmuşlar.

 

X əsr ərəb tədqiqatçısı Əl-Muqəddəsi Qarabağ xalçalarının “… tayı-bərabəri olmayan” gözəlliyi haqqında məlumat verir. X əsrdə ərəb müəllifi Əl-İstahri Bərdədə boyaq otu haqqında, digər müəllif İbn Hakual (X əsr) tünd qırmızı rəng alınması üçün istifadə olunan, hətta Avropaya ixrac olunan qurdlar haqqında yazır.  

 

Şuşa xalça sənətkarları 1867-ci il Paris sərgisindən medallarla, diplomlarla qayıtmışlar. 1872-ci ildə Moskvada keçirilən Politexnik Sərgisində də Şuşa xalçaları yenidən xüsusi nişanlarla təltif olunmuşdular.

 

Boston Ali İncəsənət Muzeyində XVIII əsrə məxsus xalça, Amerikanın məşhur Tekstil Muzeyində tənək yarpaqları ilə haşiyələnən bir neçə nadir xalça, o cümlədən Tekstil muzeyində XVIII əsr Qarabağ kompozisiyaları ilə işlənmiş məşhur “Əjdahalı” xalçaları bu gün də dünya sənətsevərlərini valeh edir.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı 1987-ci ildə yaradılmış və XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan general Mehmandarovun mülkündə fəaliyyət göstərmişdir.

Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədi ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik  nümunələri Şuşa filialına göndərilmişdir.

1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. İşğal ərəfəsində  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əməkdaşlarının fədakar səyi nəticəsində Şuşa filialında mühafizə olunan eksponatlar – 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatları, 39 ədəd zərgərlik nümunələri, 29 ədəd parça və tikmə nümunələri Bakıya gətirilmişdir.

Hal-hazırda  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı məkanından uzaq düşməsinə baxmayaraq fəaliyyətini davam etdirir, Qarabağ bölgəsinə məxsus milli sərvətimizin təbliğini və yaşadılmasını əsas vəzifə hesab edir.

Bu gün Qarabağ xalçaları xüsusi təcavüzə məruz qalır. Erməni işğalçıları tərəfindən mənimsəmək istədikləri Azərbaycan xalçaları, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə məxsus ceşnilərin qorunması, təbliği və tədqiqi sahəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı mütəmadi işlər aparır.

Xilas edilmiş eksponatlar arasında XIX –XX əsrləri  əhatə edən Qarabağın ənənəvi “Şabalıd-buta”, “Bəhmənli”, ”Atlı-İtli”, ”Xanlıq”,  “Çələbi”, “Açma-yumma” çeşnilərində toxunmuş xovlu xalçalar, ulu baba-nənələrimizin  məişətinə daha çox yaxın olan “cecim”,”kilim”,”zili”,”şəddə” texnikasında hazırlanmış xovsuz xalçalar,  bədii tikmə məmulatları, Qarabağın milli geyimləri haqqında təsəvvür yaratmağa imkan verən rəngarəng nümunələri muzey ziyarətçilərinə təqdim edilir.

 Cəmiyyətdə, mədəniyyət aləmində baş verən yeniliklər Şuşa filialına da öz təsirini göstərir. Bu gün muzey əməkdaşları artıq apardıqları işlə kifayətlənməyib,daha geniş məzmunlu qlobal layihələrə imza atmışlar. Muzeydə çox rəngarəng proqramlar, turlar təşkil olunur,  daxili və səyyar sərgilərə gələn qonaqlara, o cümlədən tələbə və məktəblilərə, hərbi hissələrdən gələn geniş tamaşaçı kütləsinə “Azərbaycanın Şuşa xalçaları və onun əsas bəzək elementləri” adlı ekskursiyalar aparılır, kiçik yaşlı uşaqlar üçün “Nənəmin cəhrəsi,babamın dəhnəsi qoruyun bizi”, adlı musigili tamaşalar təqdim edilir, özün rənglə nümunələri, məktəblilərə milli oyunlarımızdan olan “kəndirdartma” oyunu və   xalçalarla bağlı müxtəlif səpgidə əyləncəli oyunlar keçirilir .

Muzeyin Şuşa filialı Qarabağ məktəbinə məxsus xalça nümunələrinin məhz xarici ölkələrdə təbliği məqsədi ilə ABŞ-da fəaliyyət göstərən “Qarabağ Fondu”  ilə əməkdaşlıq edir. Təşkilatın səlahiyyətli nümayəndələri ilə görüşlər təşkil edib, ikitərəfli memerandum imzalayıblar.  Muzeyin Şuşa filialıtərəfindən  təqdim olunmuş Azərbaycan xalça məktəblərini, o cümlədən Qarabağ məktəbini təmsil edən foto şəkillər “Qarabağ Fondu”nun  “Azərbaycan xalçaları” aylığı çərçivəsində keçirilən silsilə tədbirlərdə nümayiş etdirilmişdir.

Şuşa filialı xeyli vaxtdır ki, gələcəkdə çap olunması nəzərdə tutulan “Azərbaycan Xalçası” ensiklopediyasının hazırlanmasında material yığımı və sistemləşdirilməsi işində, həm ulu xalça sənətkarlarının və həm də yeni nəslin görkəmli  xalçaçı rəssamları haqqında  məlumatların toplanmasını təmin etmişdir.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialıMəcburi Qaçqın və Köçkünlər üzrə Respublika Komitəsi,  Dağlıq Qarabağın azərbaycanlı icması, Şuşa İcra hakimiyyəti və Şuşa rayon mədəniyyət şöbəsi ilə  əməkdaşlıq edir, qaçqın və köçkün sənətkarların axtarışını davam etdirir.Unudulmaqda olan Qarabağ məktəbinə məxsus çeşnilərin bərpası yönümündə işlər aparır.

Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsas layihələrindəndir.

Muzeydə Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı ilə bağlı layihə çərçivəsində “Dəyişən zamanda dəyişməyən dəyərlər” adlı Ustad dərslər təşkil olunur. Buna nümunə olaraq muzeydə Şuşanın əjdahalı xalçası olan  “Vərni”-nin toxunma prosesinin təqdim edilməsini misal göstərmək olar.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialınınfəaliyyəti nəticəsində Qarabağ məktəbinə məxsus mini-replika xalçaların məhz Qarabağdan gələn toxucular tərəfindən toxunulması yönümündə aparılan işlərdə unudulmaqda olan ənənələrin bərpası və yaşadılmasına xidmət edən amillərdəndir.

Beynəlxalq miqyasda Qarabağ məktəbinə məxsus xalçaların yaşadılması  təbliğatın prioritet istiqaməti kimi mühüm amildir və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı fəaliyyətində bunu əsas tutur.

“KarabakhİNFO.com”

 

 

10.02.2014 15:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*