Azərbaycanca

Şuşada nələrimizi itirmədik ki?!

08.05.2014 | 11:04

1399548233_7778 may 1992-ci il… Şuşanı itirdik… Bu gün artıq Şuşasızlığımızın 22-ci ilini qeyd edirik. 22 ildir ki, Şuşanın havasına, suyuna, füsunkar, göz oxşayan təbiətinə həsrət qalmışıq. Şuşa həsrətini heç nə ilə ovundura bilmərik. Şuşada itirdiklərimiz tariximizə ciddi şəkildə zərbə vurub. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin”. Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi.

 

Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi. İnzibati mərkəz statusundan məhrum edilməsi Şuşanın sonrakı həyatına ciddi təsir göstərdi. Respublika və vilayət rəhbərliyinin laqeyd münasibəti nəticəsində şəhər özünün əvvəlki görkəmini və şöhrətini itirməyə başladı. Uzun müddət burada nəinki heç bir tikinti-abadlıq işləri görülmədi, əksinə, tarixi-memarlıq abidələrinin bəziləri vəhşicəsinə dağıdıldı. İbrahimxəlil xanın “Xəzinə qayası”nda inşa etdirdiyi saray, hərəmxana, tövlə, hamam və qoşun sığınacaqlarından ibarət kompleksinin dəmir, çərçivələri II Dünya müharibəsi illərində çıxarılıb aparılmış, binalar isə tədricən dağılaraq yararsız hala salınmışdır. Şuşanın tarixi-memarlıq abidələrinin dağıdılması sonrakı illərdə də davam etdirilmişdir. Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun, qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu.

 

XX əsrin 60-cı illərinin əvvəllərində Sovet dövlətinin başçısı N. S. Xruşşovun təşəbbüsü ilə rayonların iriləşdirilməsi siyasətinin həyata keçirilməsindən DQMV-nin erməni rəhbərliyi Şuşaya qarşı istifadə etdi. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N. S. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi. Şuşanın işğalı ilə mədəniyyətimizə vurulan zərbə ölçüyəgəlməz dərəcədə böyükdür. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılaraq talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

 

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Şuşa qayıtmayınca Şuşa niskili bitməyəck … Qəhrəman oğul və qızlarımız Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə canlarını qurban verdilər. 22 ildir ki, onların ruhu hələ də rahatlıq tapmayıb. O zaman rahat uyuyacaqlar ki, Şuşada bayrağımız dalğalanacaq, himnimiz səslənəcək. Yenidən tarixi torpaqlarımıza ayaq basa biləcəyik…

 

Sevda Qurbanqızı

“KarabakhİNFO.com”

08.05.2014 11:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*