Azərbaycanca

Şuşanı həmin vaxtı müdafiə etmək, indi azad etməkdən asan idi

10.05.2013 | 13:22

1368177123_sunasi-babayev-31992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. 

Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Həmin hadisələrdən 21-il ötür.   Müsahibimiz Qarabağ veteranı, polis kapitanı Sunasi Babayevdi.

 

–      Sunasi müəllim, əvvəlcə özünüz barədə bizə məlumat verin.  

 

–      Mən Babayev Sunasi Cümşüd oğlu, 11 noyabr 1961-ci ildə Şuşada anadan olmuşam. Ü. Hacıbəyov adına Şuşa orta məktəbini bitirmişəm. Varonej Texnologiya Universitetini və Azərbaycan Bədən Tərbiyyəsi Universitetini sərbəst güləş üzrə bitirmişəm.  

 

–     Siz Şuşanın müdafiəsi zamanımı döyüşə başladınız?

 

  –      Xeyr, mən 1988-ci ildən artıq mübarizəyə qoşulmuşdum. Həmin vaxtı mən Şuşa orta məktəbində müəllim işləyirdim. Biz kənd sakinlərindən qruplar təşkil edib, posta dururduq. Bununla bağlı ermənilər mitinqlərə başlamışdılar və hadisələrin qızışmasına təkan verirdilər. Ermənilər Kərkicahan qəsəbəsinə hücümlar edirdilər və biz də bununla bağlı onlara köməyə gedib, onların hücumlarının qarşısını alırdıq.  

 

–      Siz məktəbdə müəllim işləyə-işləyə bu qədər işin öhdəsindən necə gəlirdiniz?  

 

–       Bu hadisələrdə nəinki mən, hətta mənim şagirdlərim, namuslu, qeyrətli qadınlar da bu mübarizəyə qoşulmuşdular. Çox vətənpərvər uşaqlar idi, və o, uşaqlar hər dəfə mənə müraciət edirdilər ki, onları da postlara yazım. Onlardan şəhid olanlar da oldu, döyüş əməliyyatlarına evdən gizlin qaçıb gedənlər olurdu. 1990-cı ildə artıq 20 yanvar hadisələrindən sonra fövqaldə vəziyyət elan olunduqdan sonra, Qarabağda da fövqaladə vəziyyət elan olundu. Həmin vaxtlar da biz artıq müəyyən qədər silah əldə etmişdik. O, silahlar da az idi, posta 10 nəfər gedirdik, 10 nəfərin birində silah olurdu.  1990-cı ildən sonra hadisələr daha da qızışmağa başladı. Hər dəfə Kərkicahan da atışma olanda köməyə getdiyimizi duyan ermənilər, rus əsgərləri ilə bizim yolumuz kəsirdilər. Biz onlara köməy üçün piyada meşəylə gedirdik, bu da çox gec olurdu. Kərkicahan sakinləri çox qəhrəman idilər, və bizim də köməyə getməyimiz onları daha da ruhlandırırdı. Alqış sədaları göyə qalxırdı.  

 

 

–      Bəs necə oldu siz polis işçisi kimi fəaliyyət göstərməyə başladınız?  

 

1368177689_sunasi-babayevl1–      Mənim döyüşdə çox fəal iştirak etməyim, idmançı olmağım mənim polis işləməyim üçün imkan verirdi. 1992-ci ilin sentyabr ayında mənə SSR Daxili İşlər Nazirliyi tərəfindən leytenant rütbəsi verildi və sahə müvəkkili kimi işləməyə başladım. Sonra yenə döyüşlər olurdu, amma hər gün yox. Elə vaxt olurdu bir həftə döyüş olmurdu. Döyüşlər olanda da düşünürdük ki, sovet ordusu bu münaqişəni sakitləşdirəcək. Biz onlara inanırdıq və heç ağlımıza gəlmirdi ki, torpq iddiası edən ermənilərə onlar arxa çıxacaqlar. Biz sonradan hiss etdik ki, artıq sovet ordusu da bu münaqişənin olmasında maraqlıdı və biz tək qalmışıq. Biz məktəbdən teleqramlar vururduq, Qarbaçova, BMT-ə və başqa qurumlara ki, fikirləşirdik ki, beynəlxalq qurumlar bu münaqişənin qarşısının alınmasında bizə köməklik eləyərlər. Amma təsüflər olsun ki, onlar da bu hadislərə heç bir reaksiya vermədilər.  

 

–       Bildiyimiz kimi Şuşa rayonu Xocalı rayonundan sonra işğal olundu. Bəs Xocalı hadisələrini necə xatırlayırsınız?  

 

–        Xocalı hadisələri vaxtı mənim hər günüm postlarda keçirdi. Xocalı hadisələri zamanı bizə heç bir adam deməmişdi ki, Xocalıya kömək lazımdı. Xocalı hadisəsini mən posta olan zaman mənə məlumat verdilər.  

 

–       Şuşa rayonuna hücumlarda da ermənilərlə birgə 366-cı motoatıcı alayı iştirak edirdi?  

 

1368177695_sunasi-babayev2–        Bəli, 366-cı motoatıcı alayı bizim döyüş nöqtələrimizə çox güclü zərbələr endirirdi. Şəhərdəki, yaşayış obyektlərini vurur, insan itkilərinə səbəb olurdu. Ümumiyyətlə ermənilər bu müharibəyə hazırlaşmışdılar. Onlar yaxşı silahlanmaqlarına baxmayaraq, biz də olan vətənpərvərlik hissi zəif silahla onların müqaviətini qıra bilirdi. Şuşanın işğalı zamanı mən orda deyildim, ağır yaralanmışdım və məni Bakıya gətirmişdilər.  

 

–       Bəs siz necə oldu yaralandınız?  

 

–       Mən gecə Qaybalı postunda növbədə olmuşdum, və gündüz gəlmişdim istirahətə. Çünki, yuxusuz idim. Gəldim evimə və evdə də heç kim yox idi, ailəmi Bakıya yollamışdım. Nə qədər yuxusuz olsam da evdə tək olmağım məni darıxdırdı və mən iş yerimə polis şöbəsinə getdim. Özüm də yorğun idim, ac, susuz neçə gün idi, bir şey yeyə bilmirdim. Şöbənin növbətçi hissəsində yoldaşlarla söhbət edirdim. Bu zaman ermənilər tərəfindən şöbənin həyətinə qrat mərmisi düşdü və şöbənin binasının bir tərəfini yararsız hala saldı. Biz yoldaşlarla birlikdə hərəmiz bir tərəfə çəkildik. Polis şöbəsinin həyətində müdafiəyə çəkilib növbəti qrat mərmisinin düşəcəyini gözləyirdik ki, arada yaranan fasilə zamanı burdan çıxaq. Çünki, növbəti hədəfin məhz polis şöbəsinin binası olacağına əmindik. Amma heç bilmədim ki, necə oldu. Növbəti qrat mərmisinin düşməsi nəticəsində mən sol ayağımdan çox ağır yaralandım. İş yoldaşlarım Sadıq Hüseynov və Nizami Məmmədov şəhid oldular. Onlar Azərbaycan Milli Qəhramanlarıdı. Bizi sağ qalmış yoldaşlar oradan çıxardılar.  

 

–       Ayın neçəsi idi?  

 

–       1992-ci il martın 29-u idi. Artıq səsə Şuşa sakinləri də gəlib topalaşmışdılar. Onlar bizi yaxınlıqdakı Şuşa mətbəsinə gətirdilər. Bir az özümə gəldikdən sonra, dostlarla birgə ayağımı sarıdıq. Ayağım topuqdan aşağı üzülmüşdü dəridən sallanırdı və oradan Şuşa xəstəxanasına gətirdilər. Şuşa xəstəxanasında Batinkanı ayağımdan kəsib çıxardılar və xəstəxananın baş həkimi Rabiq həkim mənim yaralarımı sarıdı. Məni oradan Bakıya yola saldılar. Məni Travmatologiya İnistutuna gətirdilər. Ağır əməliyyatlar keçirdim. Az qaldı ki, ayağımı kəsələr, amma həkimlərin səyi nəticəsində ayağım kəsilmədi. Sonra məni yolladılar Ukraynanın Kiyev şəhərinə və orada iki dəfə ağır əməliyyat keçirdim. Altı ay Kiyev şəhər xəstəxanasında yatdım. Sonra Bakıya gəldim on ay arxası üstə yatdım. Tərpənə bilmirdim. Bir az özümə gələn kimi ayağımda ağrılar başlayırdı. Sonra Türkiyədə bir əməliyyat keçirdim. Oradan da Almaniyaya getdim və Almaniyada da iki əməliyyat keçirmişəm. Ümumilikdə 22 əməliyyat keçirmişəm.  

 

–        Sizin yaralanmağınız imkan vermədi ki, siz Şuşanın işğalı zamanı döyüşlərdə iştirak edəsiniz. Amma bizə məlumdu ki, sizin orada kifayət qədər döyüşçü yoldaşlarınız var idi. O, döyüşçü yoldaşlarınız Şuşanın işğal olunması barədə sizə hansı məlumatları verdilər?  

 

1368177733_sunasi-babayev-4–        Həmin gün mən orada olmasam da, həmişə özümü orada hiss eləyirəm. Çünki, ilk gündən bu hadisələrin içində idim. Gəzmədiyim yer qalmamışdı. Artıq yanvar, fevral aylarında əhalini maşınlarla şəhərdən çıxarmışdılar. Bunları təşkil eləyən adamlar gərək kişiləri qoymayaydılar çıxmağa. Qadınları, uşaqları çıxaranda əli silah tutan kişilər qalmalıydı. Bunu dövlət təşkil eləsəydi, kişilər qalardı döyüşməyə, ailələri isə Bakıda yerləşdirilərdi. Amma bu belə deyildi, başsız qadını, uşağı hara yollamaq olardı? Həmin vaxtı rabitə əlaqəmiz də sıfır vəziyyətində idi. Amma buna baxmayaraq, hər batalyon ayrı-ayrılıqda qeyrətlə döyüşürdülər. Ermənilər Şuşaya Xankəndindən gələn şosse yolundan hücum eləmişdilər. Bir yolu tutmaq bizə problem olmuşdu. Amma əslində biz bir yolu tuta bilərdik axı. Ermənilər Xocalıya yeriddikləri texnikanın az bir hissəsini Şuşaya yeritmişdilər. Əslində Xocalının əhalisi az, ərazisi düzənlik. Şuşanın isə, əhalisi çox, ərazisi dağlıq idi, yəni Xocalıya nisbətən Şuşaya hücum etmək daha çətin, müdafiə etmək isə daha asan idi. Bizim tərəfdən Şuşada döyüşən könüllülərə məlumat veriblər ki, şəhəri və şəhərətrafı əraziləri hava qüvvələri vasitəsi ilə bonmbalıyacağıq. Siz şəhərdən çıxın! Sonra yenə şəhərə qayıdarsınız! Bax, bu yolla Şuşa işğal olundu.  

 

–       Biz sizin evinizin divarlarında Qarabağla bağlı rəsmlər və yazılar görürük. Adam hiss edir ki, döyüşçü evindəsən.  

 

–       İki oğlum və bir qızım var. Böyük oğlum Cümşüd hal-hazırda kursantı 4-cü kursda oxuyur. Özü də rabitəçi olacaq. İkinci oğlum Elçibəy Lənkəranda hərbi xidmətdədi. Qızım isə ali məktəbə hazırlaşır. Mən vətənə olan sevgimi övladlarımda da aşılayıram. Mənim arzumdu ki, torpaqlarımız düşmən tapdağından azad olunsun.  

 

 

 

Vasif Əlihüseyn

“KarabakhİNFO.com “

10.05.2013 13:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*