– Səyyar müəllim, Qarabağ mədəniyyəti sizin üçün nədir?
Qarabağda doğulub boya-başa çatmışam… Çoxşaxəli, zəngin mədəniyyətə sahib olan bu diyar hər zaman öz ipəyi, xalçası, mədəni nümunələri ilə dünyada məşhur olub. Avropa ölkələri də Qarabağ ipəyindən istifadə edib. Bu ölkələrin qadınları Qarabağ ipəyindən özləri üçün geyim dəsti hazırlayardılar. Qarabağda geyim, davranış, danışıq, musiqi mədəniyyəti hər zaman diqqət önündə olub.. . Bura Rusiyadan da rəssamlar gələrdi. Rəssam Qaqarin bu bölgəyə məxsus geyim əşyalarını çəkib Qarabağ mədəniyyətini dünyaya sərgiləmişdi.
Qarabağın ən füsunkar yerlərindən biri olan Şuşa öz gözəlliyi ilə bura gələnləri vəsf edərdi. Bu torpaq həm də dahilər yetişdirməsi ilə Azərbaycan mədəniyyətində öz sözünü deyib. Azərbaycan mədəniyyətinin böyük klassikləri-Üzeyir Hacıbəyov, Cabbar Qaryağdıoğlu, Fikrət Əmirov və digərləri məhz bu torpaqda dünyaya göz açıb. Təəssüflər olsun ki, Qarabağımız, mədəniyyətin beşiyi sayılan Şuşa hazırda işğal altındadı. Qarabağ mədəniyyətini, atlarını dünya ölkələrində təbliğ etməliyik. Çünki Qarabağ mədəniyyəti, Qarabağ atları Azərbaycanın döyünən ürəyidi.
– Sizcə, Qarabağ mədəniyyəti hazırda necə təbliğ olunur?
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Qarabağ həqiqətlərini dünyaya çatdırır. Qarabağ problemi ilə bağlı silsilə tədbirlər təşkil olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı faciəsi zamanı soydaşlarımızın başına gələn amansız vəhşilikləri dünya ictimaiyyətini çatdırır. Hər bir azərbaycanlı Qarabağ uğrunda mübarizə aparmalıdı.
– Səyyar müəllim, siz şuşalı olaraq Şuşa həsrətini öz yaradıcılığınızda necə əks etdirirsiniz?
Şuşa həsrəti mənim, qanımda canımdadı. Şuşanı unutmaq mümkün deyil. Şuşanın həm faciəsini çəkirəm, həm də gözəlliyini. Məsələn, “Şuşa qalası” adlı rəsm əsərimdə bu qalanın əzəmətini göstərmişəm. “Cıdır düzü” adlı əsərimdə ecazkar gözəlliyə sahib olan Cıdır düzünün şuşalılar üçün müqəddəs yer olduğunu vurğulamışam. Qeyd edim ki, keçmişdə paytaxtdan Şuşaya gələn hər kəs Cıdır düzünə gedərdi. Şuşaya gələn xanəndələr də Cıdır düzünə gedərdilər. Çünki Cıdır düzü səsin açılmasında böyük rol oynayır. Xan Şuşinskinin Cıdır düzündə oturub istirahət etdiyini görmüşəm. Arif Babayev, Flora Kərimova və digər müğənnilər Cıdır düzünün təmiz havasını udmaq üçün tez-tez buraya gələrdilər. Şuşanın gözəl təbiəti, təbii məhsulları, təmiz havası, dup-duru suyu sayəsində Səyyar bu gün gözoxşayan əsərlər çəkir. Şuşa meşəsində xarı-bülbül axtarışında olardım. Meşədə olan xarı-bülbüllər bir-birlərini saf məhəbbətlə sevərdilər. Meşədəki arılar xarı-bülbüllərin bu sevgisinə mane olardılar. Xarı bülbül əsərini də buna görə yaratmışam.
– Çəkdiyiniz rəsm əsərlərində Qarabağ ruhu, təbiətinin qoxusu hiss olunur. Rəsmlərinizin birində Qarabağın görkəmli ziyalıları, mədəniyyət nümayəndələrinin siması görünür. Bu əsərlə nəyi çatdırmaq istəmisiniz?
Əsərdə narahat ruhlardan söhbət açaraq yaradıcı insanların simasını əks etdirmişəm. Rəsmdə Şuşa generalları, Üzeyir Hacıbəyov, Süleyman Rəhimov, Fikrət Əmirov, Əfraisə və Şəmsi Bədərbəyli, o cümlədən mərhum prezident Heydər Əliyevin simasını əks etdirmişəm. Əsərdə həmçinin, Yaqub Mahmudov, Qədir Rüstəmov, Əlibaba Məmmədov, Arif Babayev və digər sənətçiləri bu canlandırmışam. Əsərlərim arasında mənə ən doğma olanı “narahat ruhlar”dı. Müharibə olmasını istəmirəm. Müharibə yox, sülh olarsa ruhlarımız sakitlərşər, rahat olar.
-Səyyar müəllim, yekun olaraq sonda nə demək istərdiniz?
Qarabağ mədəniyyətinin unutmaq mümkün deyil. Sonda sizin rəhbərliyinizə və əziyyəti keçən hər bir kəsə təşəkkür edirəm. “Karabakhinfo.tv” və “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına təşəkkür edirəm. “Qarabağ mədəniyyəti” adlı verilişiniz uzun ömürlü olsun.
Günel Cəlil
“KarabakhİNFO.com”