Azərbaycanca

Şuşanın köksündə gül əvəzinə tikan bitir

08.05.2014 | 09:06

1399535361_30Şuşa-Azərbaycan mədəniyyətində mühüm rollardan birinə malik olan şəhər… Mədəniyyət, elm-incəsənətin vətəni olan bu şəhər Azərbaycanda xalça istehsalının da mühüm mərkəzlərindən biri hesab edilirdi. XIX əsrin sonlarında dünya bazarlarında Azərbaycan xalçalarına tələbatın artması Şuşada bu sənətin daha da inkişaf etməsinə səbəb oldu. Şəhərdə hər il ümumi dəyəri 50 min rubla bərabər olan xalça məmulatı istehsal edilirdi. Şuşa xalçaları bədii xüsusiyyətlərinə görə iki böyük qrupa – ornamentli və süjetli xalçalara bölünürdü. Əsasən, XVIII-XIX əsrlər üçün xarakterik olan ornamentli Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi. Şəhərdə boyaqçılıq, gön-dəri məmulatı istehsalı və metalişləmə sənətləri də yüksək inkişaf səviyyəsinə çatmışdı. Şuşalı boyaqçılar müxtəlif növ bitkilərdən istifadə edərək 50-yə qədər rəng və rəng çaları almağı bacarırdılar.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən 8 boyaqxananın illik istehsal gücü 69500 rubla çatırdı. Elə həmin dövrdə şəhərdə 200 nəfərə yaxın sənətkar gön-dəri məmulatı istehsalı ilə məşğul olurdu. XIX əsrin sonlarında Şuşada 78 nəfər zərgər müxtəlif növ baş, boyun, sinə, qulaq, bel, qol və barmaq üçün zərgərlik məmulatları hazırlayırdılar. Zəngin və şanlı tarixi keçmişə malik olan şəhər ətrafındakı qədim yaşayış əraziləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Elmin, mədəniyyətin, incəsənətin vətəni olan Şuşa torpağında bu gün gül əvəzinə tikan bitir…sanki həyat sönüb. Bu sönüklük Sovet hakimiyəti qurulduqdan sonra yarandı. Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar.

 

1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurdulub dağıdıldı. Əhalinin sayı təxminən, 50 il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi. XX əsrin sonlarında da Şuşa özünün ən çətin dövrünü yaşadı. 1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal prosesində və işğaldan keçən 20 il ərzində Şuşanın tarixi-memarlıq abidələri erməni vandalları tərəfindən amansızcasına dağıdıldı. Və bu gün də dağıdılmaqda davam edir. Yer üzündə hələ də ədalət bərpa olunmayıb, hələ də əzəli torpaqlarımız düşmən tapdağından xilas edilməyib. Qərb ölkələri xristian qardaşlığına əsaslanaraq dünyada haqq-ədaləti bərpa etmək istiqamətində əsaslı, proseslərdə dönüş yarada biləcək addım atmaq niyyətində deyil. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl edilmir. Bu istiqamətdə aparıcı rol oynaya biləcək, lakin bu vaxtadək heç bir iş görməyən ATƏT-in Minsk qrupunun da rolunu qeyd etməliyik. Artıq 22 ildir ki, Azərbaycan bütün dünyaya car çəkərək əzəli torpaqlarının geri qaytarılmasını tələb edir. Lakin heç bir beynəlxalq təşkilat ölkəmizin, qaçqın-köçkünlərimizin hayqırıq, imdad səsinə səs vermir. Çox acınacaqlıdı… düşmən tapdağı altına düşən torpaqlarımıza bu gün yalnız və yalnız şəkillərdən, çəkilən video kadrlardan boylana bilirik. Zər qədrini zərgər bilər…Ermənilər ki, zərgər deyildi, necə Şuşanın qədrini biləcəkdilər? Axı bu torpağı onlar əkib-becərməyiblər. Axı onların əsli-kökü Şuşaya bağlı deyildi. Özünkü olmayan, xalqı böyük vəhşiliklərə məruz qoyaraq işğal etdikləri yad bir diyarda nə edə bilərdilər ki… Bu torpaq Xan Şuşinski, Üzeyir Hacibəyovlar kimi əvəzsiz xəzinələri dünyaya bəxş edib…Bu gün onların ruhunun uyuduğu Şuşa düşmən tapdağı altındadı. Burada 22 ildir ki, erməni terrorizmi davam edir.

 

1399535562_19Mədəniyyətdən xəbəri olmayan mənfur düşmənlərimiz böyük tarixə malik abidələri yerlə-yeksan edib. Erməni tapdağı altında olan bu torpaqlara artıq 22 ildir ki ayaq basabilmirik. Nə havasından uda, nə ləziz suyundan dada, nə də ki, oylaqlarında, əsrarəngiz təbiətində gəzə bilirik…Ruhumuz, qəlbimiz Şuşa üçün acıyıb…həm də necə. Bu gün 20 yaşlı gənc haqqında eşitdiyi, şəkillərdən heyran olduğu bu diyarı addım-addım gəzmək istəyir. Bunun üçün düşünmədən canını belə verməyə hazır olan Azərbaycan vətəndaşları gec ya tez Şuşanı geri qaytaracaq. Şuşada axıdılan qanlarımız, ana, körpə balaların tökdüyü göz yaşları yerdə qalmayacaq. Gec ya tez güclü ordusu, iradəsi olan Azərbaycan xalqı Şuşa da daxil olmaqla digər itirilən torpaqlarını geri qaytaracaq…Nəyin bahasına olursa-olsun. Bu gün rahat uyumayan Üzeyirlər, Xan Şuşinskilərin də ruhu sakitləşəcək…Şuşanı başdan-başa gəzəcəyik…22 illik həsrətə nə vaxtsa son qoyulacaq. Bəlkə də gələn ilin bu günü Şuşada bayrağımız dalğalanacaq, Xan Şuşinskinin sədaları göylərə ucalacaq…

 

Nigar Məhərrəm

“KarabakhİNFO.com” 

08.05.2014 09:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*