Azərbaycanca

Şuşanın Lətif Kərimov fenomeni

14.05.2014 | 07:23

1400053105_letif111Böyük filosof Esxilin “Müdrik çox bilən adam deyil, biliyi xeyirli olan adamdır” aforizmi daima məni düşündürür, fikrimdə yeni suallar oyadır. Çox bilən və bu biliyi ətrafa faydalı olan insan hansı mərtəbədədir?! Yəqin ki, dahilik, fitri istedad və əbədi həyat anlayışı elə burdan yaranır…

Universitetdə oxuduğum illərdə Lətif Kərimov fenomeni haqda eşitdiklərim məni bu şəxs barəsində daha ətraflı öyrənməyə sövq etdi. Ustadlarımın –“Lətif müəllim istənilən xalçanı elementlərdən tanıyaraq dövrünü və hansı məktəbə aid olduğunu müəyyən edirdi”-ifadəsi təəccübümə səbəb olmaya bilməzdi. Məgər daima xalçalarda gördüyümüz elementlər, fiqurlar, təsvirlər və.s hansısa sirri daşıyır?! Keçmişdən bu günə qalan sirrləri göstərən bu elementləri oxumaq mümükündürmü? Lətif Kərimovun sehrli, ilməli, dünyası məhz burdan başlayır… Böyük xalçaçı rəssam Lətif Kərimov 1906-cı ildə Şuşa şəhərində dünyaya göz açmışdır. Gələcəkdə tanınmış rəssam olacaq Lətifin inkişafında nəslinin böyük rolu olmuşdur. Nəzərə almaq lazımdır ki, “Allahverənlər” nəsli toxuduqları xalçalarla Qarabağda məşhur idilər. Lətifin təxminən 6 yaşı olanda ailəsi İranın Məşhəd şəhərinə köçür. İranda Mirzə Ələkbər Hüseynzadədən rəssamlığın sirrlərini öyrənərkən xalça sənətinə marağı daha da artır. Bu maraq onda ayrı–ayrı sənətkarların emalatxanasına gedərək ilmələrin sirrini, ornamentlərin üslubunu mənimsəmək imkanını yaradır.   Həmin illərdə o təkcə xalça sənətini deyil, eyni zamanda şərq fəlsəfəsini, ədəbiyyatını, miniatür rəngkarlığı öyrənir. Bu biliklər sonrakı dövrdə ona Azərbaycan xalçaçılıq elminin banisi olacağına kömək edəcəkdi. Bir neçə ildən sonra Azərbaycana qayıdan Lətif Kərimov xalça sənəti sahəsindəki bilik və bacarıqlarını təkminləşdirir, eyni zamanda dövrünün ən böyük xalçaçılarından biri kimi tanınmağa başlayır. Lətif Kərimovun xalçalarında navatorluğun şahidi oluruq. O, bir sıra tarixi hadisələr, yubileylərlə bağlı sujetli xalçalar yaradaraq ornament sənətimizi zənginləşdirmişdir. Bu mənada 1960-cı illərdə kosmosun fəth edilməsi mövzusunda Y.Qaqarinin, G.Titovun portretləri diqqəti cəlb edir. Eyni zamanda “Vaqif” (1968), “Nəsimi” (1971), “Əcəmi” (1976), portret xalçalarında böyük sənətkar milli üslubumuzu ustalıqla göstərə bilmişdir. Lətif Kərimovun müəllifi olduğu xalçalarda həm rəng, naxış, həm də ornament sanki bizimlə danışır, birbaşa ünsiyyətdə olur. Sənətkar doğma Şuşadan aldığı ilhamı böyük ustalıqla öz yaradıclığında əks etdirmişdir. Xüsusilə bədii tikmə sənəti sahəsində L.Kəriovun misilsiz peşəkarlıqla nəqş etdiyi “Süfrə”, “Örtük”, “Mütəkkə”ni nümunə kimi qeyd etmək olar. Lətif Kərimovun xalça sənətimizə verdiyi töhfələrdən biri də üç cilddə hazırlanan “Azərbaycan xalçaları” kitabıdır. Sözü gedən kitabda ayrı-ayrı məktəb və qruplara böldüyü xalçaları dəqiqliklə tədqiq etmiş, dövrünü müəyyənləşdirmişdir. Eyni zamanda xalılarda rast gəlinən bir sıra ornamentlərin mənşəyini izah etmişdir.

 

1400053372_letif333Xüsusilə “Çərxi fələk”, “Buta”, “Əjdaha” və s. kimi element və ornamentlərin məhz türklərə məxsus olduğu ideyasını əsaslandırmışdır. 1930-cu illərdə mütəxəssis kimi “Azərxalça” Elm İstehsalat Birliyində fəaliyyət göstərmişdir. O illərdə bir sıra bölgələrimizdə xalça məktəblərinin açılmasında böyük rolu olmuşdur. Onun yaradıcılığında şərq ab–havası, azərbaycançılıq, Qarabağ məkfurəsi duyulur. Məhz bunun nəticəsində rəssam 40-cı illərdən təkcə respublikamızda deyil, eyni zamanda digər dövlətlərdə də şöhrət qazanmışdır. Lətif Kərimovun Firdovsinin 1000 illik yubileyinə həsr etdiyi xalçası 1934 –cü ildə Parisdə Ümumdünya sərgisində böyük rəğbətə səbəb olmuşdur. 1937-1939–cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi tərtibat təqdirəlayiqdir. Həmin illərdə Lətif Kərimov tanınmış rəssamlarımız K.Kazımzadə, İ.Axundov və digərləri ilə Nizami Gəncəvinin yubileyinə həsr olunmuş bir neçə xalça hazırlamışdır. Bu xalçalarda Nizami “Xəmsə”sinə daxil olan obrazlar, epizodlar təsvir olunur. İstər xalçaçı rəssam kimi, istərsə də tədqiqatçı kimi fəaliyyəti nəzərə alınaraq 1950–ci ildə Lətif Kərimova sənətşünaslıq namizədi dərəcəsi verilmişdir. Onun Azərbaycan elminə verdiyi böyük töhfələrdən biri də “Azərbaycan xalçası“ monoqrafiyasıdır. 1961 –ci ildə 1- ci cildi işıq üzü görən bu elmi əsər sənətkarın 40 illik axtarışlarının nəticəsidir. L.Kərimovun fəaliyyəti çox şaxəli olmuşdur.1970- ci illərdə Bakıda xalça muzeyinin açılmasını reallaşdırmışdır. Bu muzey indiki dövrdə də fəaliyyətini davam etdirməkdədir. Həmçinin, qeyd etmək lazımdır ki, böyük xalçaçı rəssam uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İndiki dövrdə bir sıra tanınmış, peşəkar xalçaçı rəssamlar məhz L.Kərimov məktəbinin layiqli davamçılarıdır. Lətif Kərimovun yaradıcılığında, vurduğu ilmələrdə, doğma Şuşanın sanki ruhu səsləşir. Hər elementdə, ornamentdə babalarımızın qoruduğu ənənə duyulmaqdadır. Bu ənənə eyni zamanda sənətşünaslıq nöqteyi-nəzərindən də əhəmiyyət kəsb edir. Xalçalarımızın başqa adla təqdim edildiyi zamanda məhz Lətif Kərimovun fəaliyyəti mübarizə ruhu kimi səsləndi. Əvvələr xalça bəzək elementi, yerdə -divarda istifadə olunan məişət əşyası kimi istifadə olunurdusa, Lətif Kərimovun yaratdığı nümunələr ilə xalça sənət səviyyəsinə qalxdı. Müxtəlif orden və fəxri adlarla təltif olunan böyük ustad Londondakı “Viktoriya və Albert”, İstanbuldakı “Topqapı”, Vaşinqtondakı “Toxuculuq” muzeyinin elmi məsləhətçisi, eyni zamanda bir sıra beynəlxalq konfransların iştirakçısı olmuşdur. Ümumilikdə qeyd etmək lazımdır ki, Lətif Kərimovun fəaliyyəti, istiqaməti Azərbaycan incəsənətində yeni mərhələyə səbəb olmuşdur.Böyük sənətkar 7 xalça məktəbini üslub xüsusiyyətlərinə görə ayırmışdır. Rəssamın bu və ya digər xidmətləri unuldulmamışdır. Hazırda bir sıra sənətşünaslar Lətif Kərimov irsini araşdırır, elmi məqalələr və əsərlər yazırlar. Həqiqi sənətkarlar öz dövrünü qabaqlamaqla yanaşı gələcək nəsillərə də böyük sənət sərvəti miras qoymuş olurlar. Bu mənada istənilən xalçada biz Lətif müəllimin ruhunu, nəfəsini duyuruq. O, hər ilmədə, hər ornamentdə bizimlə birgədir…

 

İstifadə olunmuş ədəbiyyat:

1. КОВРОВЫХ ДЕЛ КУДЕСНИК. Журнал “İRS”. № 5(23), 2006

2. Rasim Əfəndi.Azərbaycan İncəsənəti .Bakı.2007

 

Fəxri Məmmədli

Sənətşünas-ekspert, Azərbaycan Rəssamlar İttifaqının üzvü  

“KarabakhİNFO.com” 

14.05.2014 07:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*