Azərbaycanca

ŞUŞANIN TURİZM POTENSİALI: FAKTLAR VƏ RƏQƏMLƏR

15.12.2012 | 17:23

1355579833_cvsacomg9qujŞUŞANIN  TURİZM POTENSİALI

 

Şuşa haqqında çox deyilib-yazılıb… İnsanlar, adətən, itirdiyinin gerçək dəyərini onun yoxluğunda daha yaxşı, daha yerli-yataqlı bilib-dərk eləyirlər. Xalqımızın tarixində baş vermiş çoxsaylı olaylara şahidlik eləyən bu alınmaz qalanın hər daşının-kəsəyinin, tarixi-memarlıq abidəsinin, bütün dünyanın marağını cəlb etməyə qadir turizm potensialının – təmiz havasının, müalicəvi bulaqlarının, təbii landşaftının, əsrarəngiz flora və faunasının tədqiqinə indi daha çox ehtiyac duyuruq. Bir faktı da qeyd edib gələcək nəsillərə çatdırmağa borcluyuq ki, vətənimizin çoxlu sayda gəzməli-görməli yerləri olmasına baxmayaraq, nədənsə bütün dövrlərdə hər bir vətənpərvər azərbaycanlının ürəyi məhz bu torpağı, bu şəhəri təkrar-təkrar görüb onu ziyarət eləmək istəyilə çırpınıb. İnsanlar bura müqəddəs məkan kimi baxıb, həmişə onun hüzuruna can atıblar. Bu qəribəliyin tam cavabını Şuşayla ilgili kitablardan heç birində tapa bilmədik…

Öncə Şuşanın tarixi və yerləşdiyi coğrafi şəraitlə bağlı məlumatlara kiçik bir ekskurs edək. Bakıdan 373 km məsafədə yerləşən şəhərin Şuşa adlanmasını tədqiqatçılar buranın təmiz və saf havası ilə əlaqələndirirlər. “Şuşa”nın mənşəyində, etimologiyasında “şüşə” sözünün dayandığını söyləyənlər bunu azərbaycanlıların təmiz havanı “şəffaf şüşə”yə bənzətmələri ilə izah edirlər.

Əsası XVIII əsrin 50-ci illərində Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin yaranması və inkişafı xanlığın qüdrətinin artması ilə əlaqədardır. Lakin Şuşanın yaranmasının dəqiq tarixi ilə bağlı ayrı-ayrı mənbələrdə hamısı XVIII əsrin 50-ci illərinə aid olan müxtəlif versiyalar irəli sürülür. Məsələn “Qarabağnamələr” müəlliflərindən Mirzə Yusif Qarabağının qeyd etdiyinə görə, Şuşa 1752-ci, Mir Mehdi Xəzaninin qeyd etdiyinə görə 1753-cü, Rzaqulu bəy Mirzə Camal oğluna görə 1754-cü, Həsən İxta Əlizadənin təbirincə 1750-ci, Həsənəli Qarabağiyə görə 1754-cü ildə inşa edilmişdir. Mümkündür ki, şəhərin salınması prosesi bir neçə il davam etdiyindən və o dövrdəki inşaat işlərinin sürəti prizmasından bu rəqəmlər də bir-birindən fərqlənir. O da danılmaz faktdır ki, Şuşada həmin dövrdə inşa olunmuş malikanələr və şəhəri iki tərəfdən əhatəyə alan qala divarları dövrümüzə qədər öz möhtəşəmliyini qoruyub saxlamışdır.

…Qalanı inşa etdirən Pənahəli xan əvvəlcə şəhəri Pənahabad adlandırır. Sonradan şəhərə yaxınlıqdakı kiçik Şuşa kəndinin adı verilir. XVIII əsrin axırlarında Şuşa artıq Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilir. Burada sənətkarlıq, xarici ölkələrlə ticarət əlaqələri geniş vüsət alır.

Ölkəmizin təbii-strateji nöqtələrindən birində yerləşən, ən gözəl, ən səfalı guşələrindən olan Şuşa İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və başqa nadir təbiət möcüzələri ilə də məşhurdur.

Dağlar qoynunda, təbii gözəlliklərlə zəngin bu şəhər səyyahların diqqətini tikintilərinin spesifikasına görə də cəlb edirdi. Rus rəssamı V.Vereşşaginin Şuşa barədə fikirlərində oxuyuruq: “Şuşanın evləri düzgün formalı, yaraşıqlı və hündürdür, çoxsaylı qəşəng pəncərələrdən evlərə işıq düşür. Şəhər qayalar üzərində qərar tutur və elə həmin qayalardan çıxarılan daşlardan da tikilmişdir. Bütün küçələrə enli plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

Şuşanın məhəllələrindəki üstüörtülü qalereyalardan, geniş ərazili bazar meydanlarından, şəhərin baş meydanında sıra ilə tikilmiş ticarət köşklərindən, iki mərtəbəli karvansara və qoşa minarəli cümə məscidindən saatlarla danışmaq və elə saatlarla da onların tamaşasına durmaq mümkündü. Eləcə də şəhərin kənarında, Daşaltı dərəsinin yaxınlığında yerləşən, adı daim Şuşa ilə yan-yana çəkilən Cıdır düzü, Cıdır düzündən bir qədər aşağıda “Qırx pilləkən” deyilən dik pilləli,  Daşaltı çayına aparan yoldan söhbət açmamaq olmur. Buradakı “Xəzinə qala” mağarası da Şuşaya təşrif buyurmuş qonaqların tamaşa elədiyi əsas yerlərdən idi.

Şuşaya şöhrət qazandıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. 1992-ci ildə şəhər işğal olunanda burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq, 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair-rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Gəncə darvazaları, qala divarı…

Azərbaycana böyük ədiblər, rəssamlar, musiqi xadimləri, görkəmli xanəndələr bəxş etmiş, böyük fəxrlə “Şərqin konservatoriyası” adlandırılan Şuşanı dünyanın daim nəzər-diqqətində saxlayan səbəblərdən biri də onun geniş turizm və müalicə potensialıdır. Hələ qədim zamanlardan Şərqə, Azərbaycana səyahətə çıxan avropalı səyyahlar, təbiblər, alimlər, yazıçılar Qarabağı, xüsusilə Şuşanı görməyə can atır, onun təbiətindən və gözəlliklərindən dönə-dönə söz açırdılar. Beləcə, Şərqin konservatoriyası Qərbin nəzərində məxsusi hörmətə və hərtərəfli əhəmiyyətə malik bir diyar kimi ad çıxarmışdı.

Təəssüf ki, ermənilərin bu torpaqlar uğrunda apardığı çirkin və ədalətsiz müharibələr, yaratdıqları konfliktlər buranın istirahət ünvanı olmasını müxtəlif zamanlarda əngəlləyə bilib. Hazırda məhz həmin münaqişənin nəticəsi olaraq nadir gözəlliklər diyarı özünün gerçək mahiyyəti ilə ziddiyyət təşkil edən vəhşi xislətlilərin yaşadığı bir məskənə çevrilib.

 

Davosdan üstün Şuşa

 

Topladığımız məlumatlardan bəlli olur ki, tarixən qonaq-qaralı olan Şuşa şəhərində turizm fəaliyyətinin rəsmi təşəkkülü SSRİ dönəminə – 1935-1936-cı illərə təsadüf edir. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Şuşa şəhərindəki pansionat isə 1964-cı ildə yaradılıb, 1970-ci ildən sanatoriyaya çevrilib. Sanatoriya mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşıb. Bütün keçmiş SSRİ-də məşhur olan Şuşadakı Turşsu Bazası isə 1970-ci ildən turist qəbuluna başlayıb.

Şuşa İstirahət Evinin yaranması ilə bağlı versiyalar da bir-birindən fərqlənir. Təbii ki, bu tarixlərin fərqliliyindən çox, onun mahiyyəti, gərəkliliyi bizi daha çox maraqlandırır. Ancaq məlumat üçün qeyd edək ki, rəsmi məlumatlar bu tarixin 1935-36-cı illərə təsadüf etdiyini təsdiqləsə də, əslən Şuşalı, musiqişünas Firudin Şuşinski 1968-ci ildə qələmə aldığı “Şuşa” kitabında qeyd edir ki, istirahət evi 1932-ci ildə yaradılıb : « Əvvəlcə burada 30 çarpayı var idi. İndi isə  istirahət evinin 15 korpusunda  təxminən 400 çarpayı var. İstirahət evi istifadəyə veriləndən burada dincələnlərin sayı təxminən  60 min nəfərə yaxınlaşıb.  Artıq təkcə yay mövsümü ərzində istirahət edənlərin  sayı isə təxminən 4000 nəfərə çatır. İstirahətə gələnlərə həftədə bir dəfə tarixi yerləri görmək üçün ekskursiyalar təşkil olunur. Axşam kinoteatrda filmlər göstərilir. Tez-tez incəsənət işçiləri, yazıçılar, şairlər, bəstəkarlar və müğənnilərin iştirakı ilə konsertlər keçirilir. Hər yay ölkəmizin (SSRİ-nin – red.) müxtəlif guşələrindən və xarici ölkələrdən minlərlə insan bura dincəlməyə gəlir » .

F.Şuşinski istirahət evinin strukturu və buranı əhatə edən təbii lövhələr barədə də qeydlərini kitaba daxil edib: “İstirahət evinin mərkəzində ağ daşdan inşa olunmuş iki mərtəbəli bina yerləşir. Binanın ətrafı gül kolları ilə əhatələnib. Bu binanın nahar edilən otağı 300 şəxs üçün nəzərdə tutulub. Yeməkxananın pilləkəninin önündə təmiz, şəffaf suyu olan «Xan qızı» bulağı axır. İstirahət evinin öz şəxsi ferması var. Burada təxminən 1000 baş qoyun və 25 baş südlük inək saxlanılır. Bundan başqa, 150 arı ailəsi var. İstirahət evinin  sahəsində böyük bostan və təxminən  3 min meyvə ağacları əkilib ». F.Şuşinski kitabda burada dincələn əcnəbi qonaqların bəzilərinin Şuşa barədə təəssüratlarına da yer ayırıb. Qonaqlardan jurnalist V.Şaxovun yazdıqlarından : «Son illər mən Qafqazın ən yaxşı kurortlarında istirahət etmişəm. Amma Şuşa kimi belə gözəl yerdə olmamışdım. Mən Şuşanın havasına valehəm. Hətta yayın isti günlərində gödəkçədə və papaqda gəzsəm də, tərləmirəm. Mən İsa bulağı və Turşsu bulağına heyran oldum. Cıdır Düzünün gözəlliyinə söz ola bilməz. Nə gözəl xoşbəxtlikdi « Topxanada » bülbüllərin cəh-cəhlərinə qulaq asıb təmiz havada nəfəs almaq. İstirahət evini xüsusilə vurğulayıram, mən istəyərdim ki, istirahətə gələnlərə Qafqazın bütün istirahət mərkəzlərində belə qayğıkeşlik, qonaqpərvərlik göstərsinlər. Şuşa istirahət evində olduğu kimi ».

Moskvadan gələn tələbələr Qalina Milanteva və Lena Kozlova da öz heyranlıqlarını gizlədə bilməyiblər: « 1 saylı Şuşa istirahət evində 24 gün dincəldik. Sevincli günlər idi! « Şuşa günləri »  bizim yaddaşımızda əbədi qalaraq həyatımızda bir kino lenti kimi xüsusi yer tutacaq. Bu gözəlliyin tacı isə Şuşa istirahət mərkəzi oldu. Buranın xüsusi gözəlliyini, təmizliyini, çox dadlı olan Azərbaycan yeməklərini xüsusilə xoşladıq. Biz əmin olduq ki, azərbaycanlılar zəhmətkeş və qonaqpərvərdirlər. Buna görə də yeməkləri   çox dadlıdır. Qarabağ quzularının ətindən hazırlanan « dolma » və « piti »ni,  xurma kimi şirin olan şuşa armudlarını və təbii arı balını əsas vurğulamaq istəyirik. Şuşaya bir daha gəlməyi arzulayırıq ».

1962-ci ildə 2 saylı  istirahət evində yaşamış Kubadan gələn  23 tələbə buranı tərk edərkən ziyarətçilərin kitabında belə qeyd aparmışdılar:

“Kuba xalqı bizim vasitəmizlə bu gözəl yerlərdən,  Sera Maestra dağlarını xatırladan Qafqaz dağlarından cox şey öyrənəcək. Buradan biz Şuşanın böyük tarixini aparırıq. Biz, kubalılar, yaxşı qayğıya və qonaqpərvərliyə, bizi doğma övladları kimi qəbul etmələrinə görə azərbaycanlılara çox minnətdarıq. Bu qayğıkeşlik bizim ürəyimizdə əbədi məskən salacaq ».

“Şuşanın üstünlüyü ondadır ki, bura xəstəliklərdən sonra zəifləmiş adamların öz sağlamlıqlarını bərpa edə bilmələri üçün çox rahat guşədir. Buradakı istirahət evləri böyük kurortun yaradılması üçün əsas baza rolunu oynaya bilər. İndi buranı mümkün gədər genişləndirmək lazımdır” – bu sözlərsə Şuşada istirahət etmiş professor K. Yeqorova məxsusdur.

Musiqişünas « Şuşa » kitabında Şuşada aparılan təmir-abadlıq işlərinə və Şuşada doğulmuş tarixi şəxsiyyətlər – ictimai-siyasi xadimlərin, sənətkarların, hərbçilərin  və s. həyat və fəaliyyətlərinə, eləcə də memarlıq abidələrinin inşası tarixlərinə xeyli yer ayırıb. O, kitabdakı ayrı-ayrı bölümlərdə Şuşanı “Kiçik Paris”, “Qafqazın konservatoriyası”, “İstedadlar vətəni”, “Uzunömürlülər şəhəri” və s. kimi xarakterizə edib.

Tibb elmləri üzrə professorlar Hacıbala Bədəlli və Nazim Bədəlovun müəlliflikləri ilə nəşr olunmuş “Azərbaycanın kurort sərvətləri” kitabının “Şuşa kurortu” bölümündə isə bu yerlərin turizm və müalicə potensialının elmi əsasları öz əksini tapır. Mütəxəssislərin qələmə aldığı qeydlər Şuşanın əvəzsiz sanatoriya-kurort məskəni olduğunu elmi əsaslarla təsdiqləyən böyük araşdırmanın nəticəsi təsirini bağışlayır oxucuya. Bölümdən bəzi hissələrlə sizləri də tanış etmək istəyirik: “Şuşa kurortu bölgəsindən tam və hərtərəfli xəbərdar olmaq üçün Tər-tər çayı boyunca qalxan narahat yolla əvvəl Turşsuya, oradan da Şirlan bulağına qədər getməlisən. Turşsuda, Şirlanda çıxan mineral sular böyük müalicəvi əhəmiyyətə malik olub, mədə-bağırsaq, qara ciyər-öd kisəsi xəstəliklərində və tərkibində kifayət qədər dəmir olduğuna görə qan azlığında müvəffəqiyyətlə tətbiq edilə bilər”.

Müəlliflər məşhur Cıdır düzünün özəlliklərinə də rəy verməyi özlərinə borc biliblər: “Burada insan köks dolusu nəfəs alıb, sanki bir boy ucalır. Nəfəs aldığı havanın əsl dadını-tamını Cıdır düzündə başa düşür. Şuşada tədqiqat aparan klimotoloqlar, kurortoloqlar hamısı etiraf edir ki, Cıdır düzünün havası saflığına, təmizliyinə, müalicəvi əhəmiyyətinə görə əvəzsizdir”.

Şuşa kurortunu İsveçrənin məşhur Davos kurortu ilə müqayisə edən professorlar aşağıdakı sətirlərlə bu kurortun bütün çalarlarının nüfuzlu dünya alimləri tərəfindən təsdiqləndiyinə də diqqəti çəkirlər: “Şuşa dəniz səviyyəsindən 1300-1500 metr yüksəklikdə yerləşən orta hün­dürlüklü dağ kurortlarına aiddir. Şuşanın iqlimi qışda nisbətən soyuq (-3°, +4°), yayda sərin, günəşli (+18°) olur. Orta aylıq hərarət yanvar ayında -2,2 dərəcə, iyun ayında +13,3 dərəcə arasında dəyişir. Nisbi rütubətlilik orta hesabla 70-80 faiz arasında olur. Orta illik yağıntı 630-660 millimetrdir. Ən çox yağıntı yay aylarında müşahidə edilir. Şuşada əsən küləklərin sürəti orta hesabla 4-6 metr-saniyə olur. Çox nadir hallarda, təxminən ildə 4-6 dəfə nisbətən güclü (12 metr-saniyə) küləklərə təsadüf edilir. Dumanlı günlərin sayı orta he­sabla ildə 80-dir.

Şuşa kurortunun ərazisi dekorativ və meyvə ağacları ilə zəngindir. Kurort amilləri kompleksinin xüsusiyyətlərinə, havanın saflığına, təmizliyinə və müalicəvi əhəmiyyətinə görə Şuşa kurortu İsveçrənin dünya üzrə məşhur Davos kurortu ilə müqayisə edilə bilər. Qafqaz kurortlarının tədqiqatçısı, iqlim amillərinin xüsusiyyətlərinin mükəmməl bilicisi sayılan V.İ.Fiqurovski Şuşa kurortunun iqlimini İtaliyanın, İsveçrənin, eləcə də Avropanın bir sıra məşhur kurortlarının iqlimləri ilə müqayisəli surətdə öyrənmiş, bir çox parametrlərə görə üstünlüyü Şuşa kurortuna vermişdir”.

“Şuşa kurortu” bölümünün sonunda hər iki alimin Turşsu müalicəvi suyu ilə bağlı qənaətlərinə rast gəlirik. Onlar bu suyun kurlov formulasını (düsturla-red.) açaraq qeyd edirlər ki: “Turşsu kurortunda müalicə olunan xəstələrdə müalicə kursunun axırlarında lipid mübadiləsinin tənzim olunması, hiperxolesterinemiya vəziyyətlərində qanda xolesterinin miqdarının nisbətən azalması aşkar edilir. Bu baxımdan Turşsu kurort yeri aterosklerozlu xəstələrin müalicə və profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Turşsu kurort yerində mineral suyun tərkibində dəmirin olması II-anemiyalı xəstələrin də bura­da müalicə olunmasına imkan verir. Turşsu kurort yeri şəraitində tənəffüs yollarının, ağ ciyərlərin müəyyən xroniki xəstəliklərini də (xroniki bronxit) müalicə etmək olar”.

 

Turizm fəaliyyətinin sonu – 1991-ci il

 

Araşdırmalarımızı, görüşlərimizi, mütəxəssislərlə, Şuşadakı turizm və sanatoriya müəssisələrinə rəhbərlik etmiş şəxslərlə müsahibə xarakterli söhbətlərimizi davam etdiririk.

Əvvəlcə layihənin icrasına yardım məqsədilə müxtəlif təşkilatlara ünvanladığımız məktublara ilk rəsmi cavab göndərmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının bəzi arqument və rəqəmlərini nəzərinizə çatdıraq. Cavab məktubunda qeyd olunan bilgilərə görə, Azərbaycanın Qarabağ bölgəsində adıçəkilən Şuranın nəzarətində və balansında olan ilk turizm müəssisələrinin əsası 1971-ci ildə fəaliyyətə başlamış Xankəndi (keçmiş Stepanakert-red.) Səyahətlər və Ekskursiyalar Bürosu (SEB) və 1972-ci ildə istifadəyə verilmiş Şuşa “Şəfa” Turist Bazası ilə qoyulub. Lakin Turizm və Ekskursiyalar Şurası Qarabağda turizm təyinatlı obyektlərin tikintisini, bütövlükdə bölgənin turizm potensialından istifadə olunması prosesini sonralar yüksələn xətlə davam etdirib. Ardıcıl olaraq 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar Bürosu, 1986-cı ildə Ağdam Səyahətlər və Ekskursiyalar Bürosu, 1988-ci ildə isə Ağdam “Şahbulaq” Turizm Bazası məhz bu Şuranın balansında yaradılıb.

Qarabağ hadisələri başlayana qədər həmin turizm müəssisələri normal qaydada fəaliyyət göstərərək həm turistlərin qəbulu, onlara mədəni, iaşə və digər xidmətlərin göstərilməsini, həm də paralel qaydada yerli və Qarabağa qonşu rayonların əhalisinin turist səyahətlərini yüksək səviyyədə təşkil edə bilib.

Turizm və Ekskursiyalar Şurasının cavab məktubunda Şuşa və Ağdamdakı turist bazalarının əmlak dəyəri barədə də məlumatlar yer alıb. 1998-ci ilin qiymətləndirmələrinə görə, Şuşa Turist Bazasındakı əmlakın ümumi dəyəri 2761,6 min manat, Ağdam Turist Bazasında isə 227,6 min manat təşkil edib.

Şuşada ümumi ərazisi 2 hektara yaxın olan “Şəfa” Turist Bazası eyni zamanda 130 turistə xidmət göstərə bilirmiş. 1990-cı ildə isə 200 yerlik korpus inşa olunub. Lakin ermənilərin başladığı işğalçı müharibə səbəbindən burada turist qəbulunu gerçəkləşdirmək mümkün olmayıb, sonralar isə ərazi tamamilə işğala məruz qalıb.

Turizm və Ekskursiyalar Şurasının rəsmi rəqəmlərinə görə, təkcə 1990-cı ildə Şuşa Turist Bazası 1.178.910 rubl, Şuşa SEB 106.357 rubl, Ağdam Turizm Bazası 1.904 rubl, Ağdam SEB 103.789 rubl həcmində turizm-ekskursiya xidməti göstərib. Ancaq təəssüf ki, bu rəqəmlər turist müəssisələri tərəfindən təqdim olunan son göstəricilərdir. 1991-ci ildən etibarən həmin turist müəssisələri öz fəaliyyətlərini dayandırmağa məcbur olublar.

Şuranın cavab məktubunda Ağdam rayonunda mövcud olmuş turizm fəaliyyətini əks etdirən məlumatlara da yer ayrılıb. Məqamı düşdükcə bu barədə də məlumat verəcəyik.

 

Şuşanı indi beynəlxalq  turizm mərkəzinə çevirmək olardı

 

Bütün söhbətlərdə, görüşlərdə həm özümüz, həm də təbii ki, müsahiblərimiz Şuşa itkisinin mənəvi çalarlarına toxunmadan ötüşə bilmirdik. Şuşadakı “Şəfa” Turist Bazasına 1974-cü ildən rəhbərlik etmiş Valeh Kazımovun söhbət zamanı necə kövrəldiyini təsvir eləyib çatdırmaq mümkünsüz görünür. Bəlkə də onun keçirdiyi hissləri ata-ana və ya başqa doğma insan itkisi ilə müqayisə etmək olar, bəlkə daha ağır, daha acı, daha yaxın bir itki ilə… Hər halda bu layihənin yaratdığı imkanlar çərçivəsində belə bir Azərbaycan ziyalısı ilə tanışlığımızdan qürur duyduq.

Valeh Kazımov bildirdi ki, Şuşa “Şəfa” Turist Bazası 1972-ci ildə fəaliyyətə başlayıb. İki il sonra, 1974-cü ildən bazaya o rəhbərlik edib. Baza əvvəlcə ildə 6 minə qədər, sonradansa 11-12 min nəfər turisti qəbul edə bilirmiş. Söhbət o vaxtın imkanları baxımından yay mövsümündəki turist qəbulundan gedir.

Qışda isə kənardan turist qəbulu dayandırılır, yalnız yerli əhaliyə xidmət davam etdirilirmiş. İstirahətə gələn turist kontingentinin hansı coğrafi məkanları daha çox əhatə etdiyini soruşduq. Həmsöhbətimiz məlumat verdi ki, bazaya keçmiş SSRİ-nin hər yerindən, hətta Kamçatka, Saxalin kimi ucqar nöqtələrindən belə, turistlər gəlirmiş. Eyni zamanda Türkiyə, Almaniya, Polşa kimi xarici ölkələrdən də vaxtaşırı turistlər qəbul edirmişlər.

Əvvəlcə 130 yerlik korpusla fəaliyyətə başlayan turbazanın gəlirləri hesabına sonradan burada daha 200 yerlik korpus tikilib. Bundan əlavə, bazanın 5 nəfərlik 6 kotteci də olub. Baza əməkdaşları üçünsə 8 mənzilli daha bir yaşayış evi inşa edilib.

Turbazanın böyük üzgüçülük hovuzu, yay kinoteatrı, yüksək səviyyəli, səliqə-sahmanlı yeməkxanası fəaliyyət göstərirmiş. Turistlərin gəzintisi üçün xüsusi marşrutlar seçilirmiş. Onların Soyuq bulağa, İsa bulağına, Şəmil bulağına, Səkili bulağına, Daşaltı çayına, “Qırx pilləkən”ə, Turşsu yaylağına, Topxana meşəsinə, İbrahim xanın qəsrinə, Xan qızı Natəvanın qəsrinə, Sarıbabaya, Şırlan bulağına, Kirs dağına, eləcə də Şuşanın 242-dən artıq tarixi abidələrinə ziyarəti təşkil olunurmuş. Turistlərin Ağdama səyahətləri də unudulmazmış.

Valeh Kazımov turbazanın gəlirləri və bu xüsusda ermənilərə qalmış varidatımızın bir hissəsi barədə də bizi məlumatlandırdı: “Bir yollayışın qiyməti günlərin sayına görə 75-105 rubl civarında dəyişirdi. Respublikaya xeyli gəlir gətirirdik. 8 dəfə Respublikanın Qırmızı Keçici Bayrağını almışdıq. Qarabağ müharibəsi başlamazdan bir neçə il əvvəl öz gəlirlərimiz hesabına daha bir 200 nəfərlik korpus inşa etdik, amma istifadə edə bilmədik. İçinin avadanlığı ilə  qaldı ermənilərə. Korpus yüksək səviyyəli təmir olunmuş, o dövrün ən müasir mebelləri ilə təmin edilmişdi”.

Şuşa “Şəfa” Turist Bazasına rəhbərlik eləmiş Valeh Kazımovla söhbətimizdə Şuşanın turizm potensialının daha bir özəlliyi üzə çıxdı. Bu, Şuşa təbiətinin səxavəti, bərəkəti ilə bağlı məlumatdır. Turbazanın rəhbəri qida təminatının böyük hissəsini öz yardımçı təsərrüfatlarında təbii şəraitdə yetişdirdiklərini söylədi: “Yardımçı təsərrüfatımız Xəlfəli kəndində yerləşirdi. İstifadə etdiyimiz kartof, soğan, xiyar, pomidor, kələm, göy-göyərti, bəzi ət məhsulları oradan gətirilirdi. Bu məhsulları yetişdirmək üçün Səkili bulağın suyu yardımçı təsərrüfata çəkilmişdi. Ona görə turistlərimiz də ekoloji baxımdan təmiz, keyfiyyətli və faydalı qida rasionu ilə təmin olunurdu”.

Şuşasız Azərbaycana təkcə turizmlə bağlı dəyən mənəvi və maddi ziyanı hesablamaqla qurtaran deyil. Valeh müəllimin sözlərinə görə, hələ o dövr üçün istirahətə gələn 10-12 min turistin hər biri Ağdam bazarından ən azı bir xalça almadan getmirdi. Bazara baş çəkmək üçün özləri təkrar-təkrar avtobus tələb edirmişlər. Bu, ölkəmizin xalq sənəti ənənələrinin başqa respublikalarda təbliğinə də imkan verirdi. Ölkənin bundan götürdüyü mənfəətin ümumi miqyasını isə tam şəkildə hesablamaq imkan xaricindədir. Həm maddi, həm də mənəvi mənada.

“Turizmin müstəqil Azərbaycanda və ümumiyyətlə müasir dünyada inkişafı kontekstində indi Şuşada nələr yaratmaq olardı?” sualımızın cavabında Valeh müəllim dedi: “Yaxşı olar soruşasınız ki, indi nələri yaratmaq olmazdı… O zamanın inzibati idarəçilik qaydalarına görə, bütün layihələr mütləq Moskvada təsdiqlənib mərkəzlə razılaşdırılmalıydı. Əks halda heç bir işin, layihənin icrasına qərar vermək mümkün deyildi. Ermənilərin yaratdıqları əngəllər də bir yandan… Onlar daim buradakı turizm, sanatoriya obyektlərinin Stepanakertə (Xankəndinə-red.) salınmasına çalışırdılar. Hələ 1953-cü ildə akademik Mirəli Qaşqay onlara demişdi: “Tutaq ki, turizm obyektlərini Stepanakertdə inşa etdirdiniz, suyu da boru ilə çəkdirdiniz, bəs Şuşanın havasını necə bura gətirəcəksiniz?..” Amma onlar yenə də öz xudbin niyyətlərindən əl çəkmək istəmirdilər. İndiki müstəqil Azərbaycanda isə Şuşanı bütün dünyanın diqqətində olan turizm mərkəzinə çevirmək olardı”.

Valeh Kazımov tez-tez Şuşaya istirahətə, gəzməyə gələn Azərbaycanın görkəmli söz, sənət adamları, ictimai-siyasi xadimləri – Firudin Şuşinski, Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Kamran Məmmədov və digərləri ilə görüşlərindən, xatirələrindən danışaraq Şuşalı günlər üçün çox darıxdığını söyləyib söhbəti kövrək notlarla tamamladı.

“Sanatoriyada xəstəyə kimyəvi dərman vermirdik”

Tibb mütəxəssisləri Hacıbala Bədəlli və Nazim Bədəlovun qeydlərindən nəzəri məlumatların bir hissəsini diqqətinizə çatdırdıq. Ancaq nəzəriyyə başqa, praktik iş başqa… Ona görə də uzun müddət Şuşa Sanatoriya-Kurort Birliyinin baş həkimi işləmiş Zərifə Əsədovanı aradıq.

Zərifə xanımla söhbətimizin bir sıra gərəkli detallarını bura qeyd eləməyi lazım bildik. Düşünürük ki, bu yazılar erməni quldurlarının qanlı hərb meydanına çevirdiyi Şuşa torpağının, Şuşa təbiətinin əzəmətini, bu əzəmətlə yanaşı, insan həyatı üçün sağlamlaşdırıcı önəmini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqla Qarabağ konfliktinin həllində az da olsa rol oynaya bilər. Ən azı informativ mübarizədə həqiqətlərin ictimailəşdirilməsi baxımından.

Zərifə Əsədova  316 yerlik Şuşa istirahət evlərinə və 1000 yerlik sanatoriyaya rəhbərlik edib. 1936-cı ildə pansionat kimi yaradılan, sonradan sanatoriyaya çevrilən bu obyekt şəhərin Sovet küçəsində yerləşib. İkimərtəbəli istirahət evləri və üçmərtəbəli iki korpusdan ibarət 1000 nəfərlik böyük sanatoriyanın 1 müalicə korpusu, böyük yeməkxanası, kino zalı, konsert meydançası olub. 1983-cü ildə isə respublika səviyyəli bir neçə təşkilatın payçılığı əsasında 540 yerlik daha bir korpus istifadəyə verilib.

Zərifə xanımın xatırlamasına görə, sanatoriyaya bir yollayışın dəyəri əvvəlcə 135 rubl, 540 yerlik korpusun istifadəyə verilməsindən sonra isə servisin gücləndirilməsi ilə əlaqədar 160 rubl təşkil edib. Sanatoriyada mədə-bağırsaq və tənəffüs yolları xəstəlikləri müalicə olunurmuş. Müalicəvi bulaq suları sanatoriyaya borular vasitəsilə çatdırılırmış. Sanatoriyaya ilboyu həm Azərbaycandan, həm Rusiyadan, həm də başqa keçmiş müttəfiq respublikalardan qonaq gəlirmiş.

Ancaq 1988-ci ildən turist və pasiyentlərin təhlükəsizliyinə təminat vermək mümkün olmadığından sanatoriyaya qəbul dayandırılıb. Azərbaycan Səhiyyə Nazirliyinin Cıdır düzündə tikməyə başladığı istirahət evinin inşası da bu səbəbdən yarımçıq qalıb.

Zərifə Əsədova Şuşanın təbii-müalicəvi xüsusiyyətlərindən də söz açdı:

“Bronxial-astma xəstələri Şuşaya gələndə əvvəlcə yaxşı hərəkət edə bilmirdilər. Çünki Şuşa dağda – eniş-yoxuşda yerləşir. Ancaq 15-20 gündən sonra onlar sərbəst hərəkət etməyə başlayırdılar. Biz müalicədə kimyəvi tərkibli dərmanlardan çox fizioterapiya üsulundan istifadə edirdik. Xatırlayıram ki, Odessadan gəlmiş bir qadın putyovka müddətində necə sağaldısa, öz xahişi ilə ikinci müddətə də qaldı. O vaxt bizim özümüzə belə xəstələrə yeni yollayış yazmaq səlahiyyəti verilmişdi. Növbəti il o qadın yenidən Şuşaya sanatoriyaya gəldi və dedi ki, bir il müddətində bir dəfə də astması tutmayıb. Əslində Şuşanın rütubətsiz havası özü də müalicə üçün kifayət edirdi. Başqa bir faktı deyim. Valideynləri nə qədər təkid eləsə də Azərbaycanın rayonlarının birindən gətirilmiş 10 yaşlı uşağa dərman vermədim. Ancaq təmiz hava və massajla onu müalicə edib sağaltdıq”.

 

17 pioner düşərgəsi, 1 dispanser…

 

Şuşada respublika və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə tabeli 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşirdi. Ən böyük şəhərlərdə belə, bu sayda məktəb düşərgələri olmayıb. Şuşanın təkrarsız təbiəti, təmiz havası düşərgə layihələrinin buraya salınmasında böyük rol oynayıb. Çünki məktəblilərin yay tətilinə çıxdığı aylarda Şuşanın təbiəti möcüzəvi şərait yaradırdı. Həm sağlamlıq, həm də istirahət baxımından.

İndi bütün strukturu dağılmış pioner düşərgələri barədə təfsilatlı məlumatlar toplaya bilməsək də, Şuşa İxtisaslaşmış Uşaq Sanatoriyasının sonuncu baş həkimi işləmiş Məmməd Hacıyevlə görüş imkanı əldə etdik. Məlum odlu ki, adıçəkilən sanatoriya 1939-cu ildən fəaliyyət göstərirmiş. İlk vaxtlarda sümük vərəmi ilə mübarizə sanatoriyası kimi ixtisaslaşıb. Sonradan sanatoriyanın profili genişləndirilib, yerlərinin sayı artırılıb və burada bütün növ vərəmə yoluxmuş uşaqların müalicəsinə başlanılıb.

Məmməd Hacıyevin dediklərindən: “Sanatoriya o zamankı Kalinin küçəsində, Xurşudbanu Natəvanın ev muzeyində, üçmərtəbəli binada yerləşirdi. 1979-cu ildən oranın baş həkimi mən olmuşam. Hər il 800-1000 vərəmli uşağı qəbul edib müalicəsini başa çatdırırdıq. Azərbaycanın bütün regionlarından vərəmli uşaqları bizim sanatoriyaya gətirirdilər. Mən bu sanatoriyada sağalmayıb geri dönən məktəbli görmədim. Natəvanın ev muzeyinin də bir otağında şairəyə aid vəsaitlər vardı. Xəstələri onlarla da tanış edirdik. Üstəlik uşaqlar müalicə müddətində Şuşa məktəblərində təhsil alırdılar. Dərsdən sonra müəllimləri dəvət edib onların dərslərini hazırlamasına da yardımçı olurduq”.

Baş həkimdən aldığımız məlumatlara görə, düşmən işğalı altında qalmış həmin muzey-binanın əmlak dəyəri təxminən 1,5 milyon rubl təşkil edir. Müalicə xəstələr üçün pulsuz nəzərdə tutulduğundan sanatoriyanın bütün xərclərini Azərbaycan Səhiyyə Nazirliyi ödəyirmiş. Bir vərəmli uşağın gündəlik xərci 2-2,10 rubl (90 qəpik dərman, 1 manat 20 qəpik yemək) həcmində olub.

 

Ev turizmi

 

Ev turizmi anlayışı əksər bölgələrdə indi-indi tərəqqi tapır. Şuşada isə ev turizmi hələ ötən əsrin ortalarından yaranmağa başlayıb. Şuşa şəhəri, eləcə də rayonun Xəlfəli və Turşsu kəndlərinin əhalisinin bir qismi hələ o zamandan ev turizminə maraq göstərirmiş. Təxmini hesablamalara görə, 2 min ailədən artıq rayon sakini mənzillərini turistlərə kirayəyə verməklə məşğul olurmuş. Nəticədə bu istiqamətdə formalaşan xidmət sahəsi də inkişaf edirmiş.

Bundan başqa,  turizm sahəsinin inkişafının rayon mədəniyyət müəssisələrinin gəlirlərinə də müsbət təsir etdiyini yaddan çıxarmaq olmaz. Belə ki, daimi qonaq bolluğuna uyğun fəaliyyət göstərən kinoteatrlar, rəsm qalereyaları, klublar, mədəniyyət evlərinin bir qismi turistlərə pullu xidmət göstərməklə ailə büdcələrinə əlavə vəsait cəlb edə bilirdilər.

 

 

“ŞUŞA  VƏ AĞDAMIN TURİZM POTENSİALI: FAKTLAR VƏ RƏQƏMLƏR”  kitabından. Kitab Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən  “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsi çərçivəsində Söz Azadlığını Müdafiə Fondunun əməkdaşları tərəfindən  tərtib olunub.

 

“KarabakhİNFO.com”

15.12.2012 17:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*