Azərbaycanca

Şuşasız 22 il

08.05.2014 | 09:30

1399528107_27Mavi, dumanlı səması, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan. Sovetlər dönəmində Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı müqəddəs bayrağımızın bu cür vəsf olunmasında Şuşada məşhur Cavanşirlər sülaləsinin nəsil daşıyıcılarından olan Xan Şuşunski və Şuşalı dahi Üzeyir bəy Hacıbəyovun böyük rolunun olması təsadüfi deyil. Şuşa alınmaz qala statusunu daşıyan strateji şəhər idi. Şuşanı işğalda saxlamaq istəyənlər çox olub, şah Qacardan tutmuş Rus imperatorlarına qədər. Lakin onlar Şuşada çox az müddətə qala biliblər, çünki Şuşa məğlub olmağı sevməyən qala idi. Şuşalılar öz torpaqlarında kimlərinsə ağalığına göz yuma bilmirdilər. Bu torpaq tanrının Azərbaycana və dünyaya bəxş etdiyi cənnət idi. Sıldırım qayaları, gözəl təbiəti vardı. Şuşanın havası bütün dərdlərin davası idi. Şuşa nağıllarda deyilən Gülüstani-İrəm idi. Şəhərin simvolu- Xarı bülbülü yad etməsək olmaz. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb.

 

Deyirlər ki, Xan qızı İranda yaşayanda bu güldən gətizdirib, lakin əkdiyi gül bitməyib. Çünki İran onun vətəni deyildi. Bir çox yerlərdə əkilsə də solğun, küskün olan Xarı Bülbülün canı Şuşa torpağında, havasındadır. Şuşa təkcə qalalar şəhəri deyil, həm də muzeylər məskəni idi. Şəhərdəki tarix, xalça, daş sənətkarlığı, dərman bitkilər, Qarabağ tarix muzeyi, adları sadalanan dahilərin ev-muzeyləri və oradakı eksponatlar sözün əsl mənasında, təkcə tariximizin deyil, həm də milli mədəniyyətimizin aynası və müdafiə məkanı idi. Nə yaxşı ki, Allah insana yuxu bəxş edib. 22 illik həsrətimizə yuxularımızda belə olsa çata bilirik. Şuşanın dolanbac küçələri, Üzeyir bəyin ev-muzeyi, Xan qızı Natəvanın imarəti, Vaqifin məqbərəsi, Qala divarları, qədim məscidləri, türbələri, bulaqları, xan çinarları, məhəllələri, Cıdır düzü, Topxana meşəsi hər bir şuşalının yuxusuna qonaq gəlir. Biz yuxumuzda olsa belə oranı gəzirik, dolanırıq, suyundan içib, havasın uduruq.

 

1399528207_777Heç insan yuxudan oyanmaq belə istəmir. Yuxuda belə ölüb ruhumuzun Şuşaya getməsini Tanrıdan diləyirik. Amma qorxuruq. Çünki Şuşasız narahat bu dünyanı tərk edən ruhumuz Pənahəli xana, Üzeyir bəyə, Cabbar Qaryağdıoğluna, Mir Möhsün Nəvvaba və yüzlərlə Azərbaycan tarixinə adları qızıl hərflərlə yazılan şuşalılara nə cavab verəcək. Onların qınaq dolu baxışları bizə yönələrək ölü sükutla soruşsalar: “Necə oldu biz Şuşanı min bir əzab-əziyyətlə qurub yaratdıq, siz isə onu qoruya bilmədiniz?”-sualının ağırlığını dərk edib onların üzünə necə baxacğımızı düşünürük. Şuşanın işğalından 22 il ötdü. Bu 22 il ərzində Şuşanı unutdurmaq olmadı, unutmaq olmadı. Şuşa müharibədən əvvəl qarabağlıların idisə, bu gün Şuşa bütün dünya azərbaycanlıların müqəddəs şəhərinə çevrilib. Şuşa bizim qibləmizə çevrilib. Çünki Şuşa bütün azərbaycanlıların ən ağrılı yeri və itkisidir. İnanıram, 8 may tarixi təqvimimizdə qara haşiyədən çıxacaq. Biz Şuşaya qayıdacağıq. Oranı yenidən quracağıq. Çünki Şuşa bizim yolumuzdur-qələbə yolumuzdur.

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com” 

08.05.2014 09:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*