Azərbaycanca

“Şuşasız qalmaq yetim qalmaq kimi bir şeydir”

08.05.2014 | 06:39

 

1399555988_0000Artıq Şuşanın işğalından 22 il ötür. 22 ildir ki, tarixən alınmaz saydığımız Şuşa qalası bizdən alınıb. İşğal təkcə torpaqlarımızın itirilməsində deyil, bu hadisələrin şahidi olmuş, o zaman uşaq olan və çox-çox sonralar doğulan körpələrin həyatında da silinməz iz buraxıb. Sanki təkcə torpaqlarımızın deyil, bədənimizin, ruhumuzun da bir hissəsini itirmişik. Bu itkinin əvəzi yoxdur. Yurudumuzdan başqa heç nə o boşluğu doldura bilməz. Bu gün doğulan hər bir Azərbaycan vətəndaşı tam deyil, ruhən yarımçıq doğulur və böyüyür. Hər ilin müxtəlif aylarında təqvimdəki qara işğal günlərimiz qəlbimizə saplanan qılınc yarasıdır. İldönümlərində yaranın ağrısı sızıldadır bizi, sonra nisbətən yüngülləşir. Növbəti ay yenə…. Amma əsla keçmir.

 

Atalarımız torpaq itkisinin canlı şahidi olmuşlar. Nə qədər ağır olubsa belə bunu onlar yaşayıblar. Bu gün universitet tələbəsi olan gənclərin bir qismi o vaxt ana qucağında olan körpə, bir qismi isə heç doğulmamışdı. “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq Şuşadan olan gənclərlə Şuşa haqqında danışdıq.

 

Şuşalı bir gənc Şuşanı necə xatırlayır? Ana yurdun işğalı mənəvi dünyasına necə təsir edib? Evsiz, eşiksiz qalmaq, hər şeyi bu mənada yenidən başlamaq həyatınızda hansı çətinlikləri yaradıb?

 

 

 

Anar Həsənov Şuşanın bir an olsun xatirindən çıxmadığını deyir : “Şuşa mənim başlanğıc nöqtəmin başlaya bilməməsidir. Gənclik hələ yaşamadığım bir həyat, işğalla bağlı görmədiyim günlərdi. Bu gənclik mənim üçün daim evimə qayıtmaq arzusu ilə keçib. Hər mühitə tez adaptasiya olduğum üçün proseslər mənə bir o qədər də ağır təsir etməyib. Evsiz-eşiksiz insan bir ömür boyu hər yağış damcısının evinin damına yox, öz başına yağdığını düşünür. Şuşa bir an olsun belə xatirimdən çıxmır…”

 

Elnur Cəfərli deyir ki, Şuşasız qalmaq yetim qalmaqdı: “Şuşasız qalmaq yetim qalmaq kimi bir şeydir. Çox təsir edir mənə. Uşaqlığımı, yəni işğala qədərki dövrü Şuşada yaşamışam. Oranı tərk etməyimizdən 22 il ötür… Bu ağrını hər günümdə hiss edirəm”.

 

 

 

Nənə-baba, ata-analarının danışdıqlarına əsasən Şuşanı xatirində canlandıran İqrar Səfixanov deyir ki, onu ən çox yurd-yuvasını bircə dəfə də olsa görə bilməmək ağrıdır: “Şuşanı görməmişəm. O vaxt mən hələ doğulmamışdım.  Ata-anamız, nənə-babalarımızın söylədiklərinə əsasən Şuşanı xəyalən canlandırmışıq. O torpağı yalnız xəyallarımızda canlandırırıq. Şuşanın işğalı Şuşanı görməyən gənclərə də “qaçqın” damğasını vurub. Bu damğadan daha çox bizi öz yurd-yuvamızı görməmək, torpağımıza ayaq basa bilməmək incidir”.

 

 

 

Etibar Paşayev işğalın vurduğu maddi və mənəvi ziyandan danışır. O deyir ki, mənəvi ziyan ölçüyə gəlməz dərəcədə böyükdü: “Şuşanın işğalı hər bir məcburi köçkün ailəsi kimi bizim ailəyə də mənəvi, həm də maddi ziyan vurub. Maddi ziyanı şükürlər olsun ki, qismən aradan qaldıra bilmişik amma mənəvi zərbələrin əvəzi heç vaxt ödənilə bilməz”.

 

 

 

Şuşanı tərk edərkən hələ körpə olan Qafur Ağazadə də bu ağrı-acı ilə inildəyir: “Müzakirə mövzusu vətən olanda mənim üçün hər şey dəyişir. Əfsuslar olsun ki, vətən deyəndə içimiz göynəyir. İndi bəlkə kimlərsə düşünə bilər ki, bu nə deyir. Şuşa işğal olunanda bu körpə uşaq idi. Necə ola bilər ki, Şuşa haqqında nəsə düşünə bilsin? Amma əsla belə deyil. Düzdür, Şuşadan çıxanda mən bələkdə körpə idim. Vətənpərvər ailədə böyümüşəm. Atam hətta bizim bəzən ləhcəmizlə deyil, ədəbi dildə danışmağımıza belə acığı tuturDU. Ona görə bu addım vətəni unutmaqdır…Yunanıstanda təhsil almışam. Hər zaman Qarabağla bağlı aktiv olmuşam. Səfirlik tərəfindən tərifnamələr veriblər. Bilirsiniz, vətən elə mövzudur ki, onun haqqında saatlarla danışmaq olar. Mən arzu edirəm ki, növbəti il torpaqlarımızı geri qaytaracağıq. Öz doğma yurdumda sizə vətənimlə bağlı danışım”.

 

 

 

Şuşanı tərk edərkən 4 yaşı olan Vüsal Qədirovun yaddaşında isə şəhid əmisi və silahlardan açılan atəşin işıqları qalıb: “Şuşadan çıxanda cəmi 4 yaşım var idi. Yaddaşımda Şuşada şəhid olmuş əmim Qədirov Telman Manaf oğlu qalıb. Bir də gecə vaxtı silahlardan açılan atəşlərin işıqları….. Bu gün Şuşasız yaşamaq çox çətindi. İnsan mənəvi cəhətdən sarsılır. Şuşadan çıxdıqdan sonra hər şeyi yenidən başlamalı olduq. Bu da həddindən artıq çətin oldu…”

 

 

 

 

 

Mehman Həsən

 

 “KarabakhİNFO.com”

 

 

 

 

 

08.05.2014 06:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*