Azərbaycanca

“Təbriz 20 Yanvar faciəsini kədərlə qarşıladı”

09.12.2014 | 17:10

БезымянныйBəzən belə pessimist fikirlərə rast gəlirik: “Qarabağ Azərbaycan Respublikasının problemidir, nə Qarabağ itkisi, nə Xocalı yarası, nə Şuşa niskili bizdən başqa heç kimi maraqlandırmır. Hətta bəziləri “cənublu, türkiyəli iş adamı İrəvanda iş qurur, biznesini genişləndirir, bizim dərdimiz onları maraqlandırmır” deyirlər.

 

 

Ancaq qürbətdə yaşayan soydaşlarımızı dinlədikcə, bu cür fikirlərin yanlış olduğunu görüb belə bir fikrə gəlirsən ki, dövlətlərin, rəsmilərin mövqeyi, danışığı və ya susması hələ xalqarın, toplumların mövqeyi, istəyi deyil.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının müsahibi Aslan İsabəyli də Kanadada yaşayır. Bakıya 90-cı illərdə gəlib və ali təhsilini burda alıb. Əslən Arazın o tayından-Xiyavdandır(Meşkin). Müsahibimizin sözlərinə görə bu cür təsəvvürlər yanlışdı, Arazın o tayında işğalçı ermənilərin xislətini daha yaxşı tanıyır, münaqişənin kökünü daha yaxşı bilir, Qarabağı da sizdən heç də az sevmirlər:

 

 

-Bizim əslimiz qarabağlıdır. Atam şuşalı, anam Gorus tayfasındandır. Gorus adını “gör” və “iz” sözlərinin birləşməsi kimi mənalandırmışıq: Gorus obası Qaçaq Nəbinin oylağı idi. “Qaçaq Nəbi” dastanında da Gorusla bağlı belə bir parça var:

 

 

Qazamatdan görünür Gorusun dağı,
Ah çəkməkdən qalmadı qəlbimin yağı.
Mənim bu günümə gələsən, Nəbi
Qazamat dalını dələsən, Nəbi!

 

 

Gorus hündürdə yerləşirdi. El arasında belə bir inam vardı ki, Gorusdan-Görizdən düşməni izləyir, pusurlar…

 

 

Arazdan o tayda Qarabağ niskili hər zaman hiss edilib. Sovet dönəmində “Araz” radiosu ilə yayılan konsert proqramlarına, günorta “Muğam saatı”na, axşam “Bulaq” verilişinə qulaq asarkən böyüklərimizin necə kədərə batdığını hiss edərdik. Bizim evdə Sovet Azərbaycanında yayımlanan ana dilində teleradio verilişləri böyük bir mənəvi aclıqla dinlənilirdi. Bizim kənd Meşkinin (Xiyav) Qaraqaya kəndi idi. Babam həmişə Qaraqayadan Qarabağa boylanırdı. Ordan Qarasu axırdı. Yer və su adlarında Qara kəlməsi də (Qaraqaya, Qarakənd, Qarasu, Qarabağ) vətən torpağının bütöv olduğunu göstərir. Qarabağa Güney Azərbaycanda həmişə qeyrət qalası, güvənc yeri kimi baxılıb. Hələ Sovet dövründə biz Azərbaycan elləri, özəlliklə Qarabağ haqqında böyüklərimizdən eşitmiş, bu diyarın qədim Azərbaycan torpağı, türk yurdu olduğunu bilirdik. Rəsmi təbliğat SSRİ-də olduğu kimi bizdə də ayırmağa, bölməyə, yadlaşdırmağa xidmət edirdi. Ancaq xalqın qan yaddaşı var. Xalq çox müdrikdi-dostunu, düşməni tanıyır…

 

 

-Demək, onillərlə aparılan imperiya təbliğatı ictimai şüurda bütöv xalq fikrini dağıda bilməyib…

 

 

-Əlbəttə. Bu xalqın dərdi-səri bir olub. Xalq təbrizli ermənilərin Güneydə törətdiyi qırğınlar zamanı onun köməyinə çatmış şuşalını, yerli zülmkarların əzdiyi kəndlilərin dadına yetmiş zəngəzurlunu necə unuda bilərdi? Hər iki tayda oxunan bayatılar, şikəstələr var ki, başdan-başa qəmdi, niskildi. Bu, eldən-elə sürünən xalqın niskilidi, kədəridi. Nə etsən də bu xalqı ayırmaq olmaz. Təbrizli, ərdəbilli azərbaycanlı Qarabağ dərdini unuda bilməzdi, Şuşa itkisinə laqeyd qala bilməzdi.

 
Çünki,

Əzizinəm, Qarabağ
Şəki, Şirvan, Qarabağ
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz, Qarabağ.

bayatısı xalqın dilinin əzbəri idi. Uşaqlar bu bayatının, xalqın bütövlüyünü tərənnüm edən digər şeirlərin, mahnıların ruhunda böyümüşdü.

 

 

Qarabağ haqqında ecazkar təsəvvürlərimiz vardı. Hesab edirdik ki, hündür dağların üstündə yerləşən Qarabağ şəhərlərində, dağ yamaclarında məskunlaşan Qarabağ ellərində hündür, igid adamlar, gözəl, xanım- xatın qızlar, gəlinlər yaşayır. Qarabağ atları haqqında əfsanələr dolaşırdı. “Qarabağ şikəstəsi” Xiyavda sevgi ilə dinlənən muğam idi. Yaqubun şaqraq, döyüşə səsləyən zənguləsi, Qədirin kədər dolu segahları çox sevilirdi. Bu, indi də belədir… Yeri gəlmişkən deyim ki, mən Azərbaycanın paytaxtı Bakı şəhərində konservatoriyanın muğam şöbəsində, Arif Babayevin sinfində təhsil almışam. Məndən soruşanda ki, – Kim olacaqsan? – deyirdim ki, Bakıya gedəcəm, muğam ustası olacam, Şuşaya gedib, “Qarabağ şikəstəsi” oxuyacam. Qarabağa getmək qismət olmasa da, muğam təhsili almaq nəsibim oldu…

 

 

– Qarabağ münaqişəsinin başlaması sizə necə təsir etdi?

 

-1988-ci ildə Xankəndində aksiyalar başlayanda Təbrizdə də mitinq olmuşdu. Bizə xəbər gəldi ki, Təbrizdə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə aksiya keçirilib. O vaxtdan Bakıda, Şəkidə olan narahatlıq eynilə bizim canımızda idi. Təbriz 20 Yanvar faciəsini kədərlə qarşıladı, yasa batdı. 40 gün Arazın o tayında şadlıq edilmədi.

 
Şuşa işğal olunanda Bakıda idim. Bu xəbəri 2 gün sonra aldıq. Amma ertəsi gün Tehrandan zəng edən qardaşım ağlamsınaraq “Deyirlər Şuşanı kafirlər alıb, orda nə düşünürlər?” dedi. Gözlərim doldu, cavab verə bilmədim… Bu hadisədən sonra utandığımdan evlə əlaqə saxlamadım. Şuşanın işğalı xəbəri əslən quzeyli anamı xəstəxanaya salmışdı.

 
Mənə elə gəlir ki, Şuşanın işğalı Azərbaycan Respublikası vətəndaşında hansı depressiyanı yaratdısa, hansı təsiri buraxdısa, Təbriz, Dərbənd. Borçalı azərbaycanlısına da eyni hisləri yaşatdı.

 

 

-Dünya azərbaycanlılarının, xüsusilə də güneylilərin münaqişənin gələcəyi ilə bağlı düşüncələri nədir?

 

 

-Güney Azərbaycanda Qarabağın Azərbaycana qaytarılacağına, Şuşanın yenə türk ərənlərinin oylağına çevriləcəyinə inam az da olsa ölməyib. Ötən yay Türkiyədə olarkən güneyli ağsaqqal bir müəllimlə görüşdüm. Aramızda Qarabağla bağlı kiçik bir dialoq oldu: “Soruşdu ki, nə deyirlər, Qarabağımzın taleyi necə olacaq? Ümidli sözlər dedim, ürəkləndirdim. Dedim ki, ordumuz çox güclüdür, əmin ol, düşməndə bir qarış torpağımız qalmayacaq. Məni qucaqlayb kövrəldi və dedi:

 

 

– Ay oğul, mən də bilirəm düşməndə torpağımız qalmayacaq. Bu xalqın anaları yenə Səlcuqlar, Xətailər doğacaq. Bizim oyanmağımız çox sərt olur. Arzu edirəm ki, biz oyanana qədər iş işdən keçməsin. Mən əminəm ki, Azərbaycanın hər sahədə özünü göstərən intibahı, güclənməsi tez bir zamanda dövlətimizin dünya siyasətindəki mövqeyini də gücləndirəcək və biz doğma torpaqlarımızı düşməndən geri ala biləcəyik. Qarabağ bütün dünya azərbaycanlılarının namusudur. Mən inanıram ki, regionda yaşanan tarixi hadisələr bizim xeyrimizə nəticələnəcək, torpaqlarımızı işğal etmiş, buna yardımçı olmuş dövlətlər özləri rəzil günə qalacaqlar”.

 

 

Elman Cəfərli
“KarabakhİNFO.com”

 

 

09.12.2014 17:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*